Azərbaycanın xarici siyasəti
2025-ci ildə
Rasim Musabəyov: "8 avqust Vaşinqton
görüşü cari ildə ölkəmizin əldə
etdiyi əsas nailiyyətdir"
2025-ci il başa çatmaq üzrədir. Bu il ərzində
Azərbaycan xarici siyasətində mühüm nailiyyətlər
əldə etdi. Ölkəmiz bir sıra regionlarla, dövlətlərlə
münasibətlərini daha da inkişaf etdirdi, möhkəmləndirdi,
beynəlxalq platformalarda daha güclü mövqeyə sahib oldu.
Mərkəzi Asiya, Yaxın Şərq regionları Azərbaycanın
xarici siyasət xəttində mühüm yer tutmağa
başladı. Amma təbii ki, ilin ən vacib, hətta tarixi
hadisəsi 8 avqust Vaşinqton sammiti oldu. Azərbaycan və Ermənistan
liderlərinin ABŞ Prezidentinin vasitəçiliyi ilə
baş tutan görüşü Cənubi Qafqazda
sülhün, təhlükəsizliyin əsasını
qoymuş oldu. Düzdür, Vaşinqton sammitinə qədər
məhz Azərbaycanın təşəbbüsü, səyləri
ilə sülh istiqamətində bir sıra vacib addımlar
atılmışdı, sülh sazişi layihəsinin bəndləri
tam olaraq razılaşdırılmışdır. Amma Ermənistan
tərəfinin prosesi ləngitməsi, Azərbaycanın son
şərtlərinin yerinə yetirilməsində konkret
davranmaması münaqişənin hərtərəfli həllinə,
münasibətlərin normallaşmasına və davamlı
sülhə nail olmağa imkan vermirdi.
8 avqust sammiti isə qalan bütün məsələlərin
razılaşdırılması ilə nəticələndi.
Tərəflərin Trampın şahidliyi ilə Birgə Bəyannamə
imzalamaları Cənubi Qafqazda münaqişəyə birdəfəlik
son qoydu. Həmçinin ATƏT-in Minsk qrupunun
buraxılması öz həllini tapdı. Zəngəzur dəhlizi
- TRİPP layihəsinin həyata keçirilməsi ilə
bağlı razılaşma əldə olundu.
Vaşinqton görüşü Azərbaycan-ABŞ
münasibətlərində də yeni bir mərhələnin
başlanğıcını qoydu. Belə ki, Tramp 907-ci
düzəlişi aradan qaldırdı. 2023-cü ilin
sentyabrında Qarabağdakı separatçı rejimin
süqutundan sonra Bayden administrasiyasının Bakı ilə əvvəlki
münasibətlərin davam etməyəcəyini bəyan etməsi
və "Azadlığa Dəstək Aktı"nın
907-ci düzəlişi çərçivəsində Azərbaycana
qarşı sanksiyaları bərpa etməsi münasibətlərdə
böhranlı vəziyyət yaratdı, Vaşinqton ölkəmizə
qarşı qərəzli münasibəti ilə sülh
prosesində rol almaq imkanını da faktiki olaraq itirmiş
oldu.
Vaşinqtonda Azərbaycan və ABŞ arasında əldə
edilmiş mühüm nailiyyətlərdən biri də
Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması
ilə bağlı oldu. Artıq bu istiqamətdə işə
başlanılıb. Strateji tərəfdaşlıq
formatı bir çox vacib sahələri -
qarşılıqlı sərmayə, ticarət, enerji,
bağlılıq, tranzit, süni intellekt, müdafiə sahəsində
kontraktlar, terrorizmlə mübarizə və s. əhatə
edir.
Bundan əlavə, Azərbaycanla Mərkəzi Asiya
arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə
qoydu. Ölkəmiz cari ilin noyabrında Mərkəzi Asiya
Dövlət Başçılarının 7-ci Məşvərət
Görüşündə bu platformaya tamhüquqlu əsasda
qoşuldu. Prezident İlham Əliyev Məşvərət
Görüşündə çıxışı
zamanı bildirdi ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri
arasında münasibətlər xüsusi xarakter
daşıyır, ölkələrimizi çoxəsrlik ortaq
tarix, mənəvi və mədəni irs, qardaşlıq,
dostluq, həmrəylik birləşdirir: "Biz bu əlaqələri
nəinki qoruyub saxlamışıq, həm də onlara strateji
tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş
etmişik... Bu gün Azərbaycan və Mərkəzi Asiya
Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici
bənd və körpüdür. Orta Dəhlizin
inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət
kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi,
gömrük prosedurlarının
sinxronlaşdırılması və rəqəmsallaşdırılması
üzrə birgə səylər yükdaşımaların həcminin
artırılması, iqtisadi dayanıqlılığın
gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın
inkişaf etdirilməsi üçün geniş imkanlar
açır".
Göründüyü kimi, Azərbaycan geniş
regionda mühüm bir aktora, sülhün, təhlükəsizliyin
qarantına çevrilib.
Milli Məclisin deputatı Rasim Musabəyov
"525"ə şərhində 2025-ci ili qiymətləndirib,
həmçinin növbəti il üçün əsas
gözləntilərini açıqlayıb. Onun sözlərinə
görə, 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan
liderlərinin görüşü, ABŞ Prezidenti Donald
Trampın iştirakı ilə Birgə Bəyannamənin
imzalanması, sülh sazişi mətninin paraflanması cari
ildə ölkəmizin əldə etdiyi əsas nailiyyətlərdir:
"Bunun nəticəsində ATƏT-in Minsk qrupu da ləğv
edildi, faktiki olaraq sülh müqaviləsinin imzalanması
istisna olmaqla təminatlı şəkildə Azərbaycan-Ermənistan
münaqişəsinə son qoyuldu. Dövlətlər müəyyən
balans yaratmalıdırlar ki, təhlükəsizlikləri
möhkəm olsun, heç bir dövlətdən asılı
vəziyyətə düşməsinlər, ən yaxın
ölkə ilə belə münasibətlər bərabər
şəkildə saxlanılsın. Hesab edirəm ki, bunu Azərbaycan
çox uğurlu şəkildə həyata keçirir.
Türkiyə ilə Azərbaycan müttəfiq dövlətlərdir
və biz müttəfiqliyimizi möhkəmləndiririk.
Çin ilə hərtərəfli strateji tərəfdaşlıq
bəyannaməsi imzalanıb, həyata keçirilir. ABŞ-la
strateji əməkdaşlığa dair layihə üzrə
iş gedir. Cənab Prezident ABŞ-la münasibətləri
kifayət qədər yüksək səviyyəyə
qaldırıb. Tramp iştirak etdiyi və Azərbaycan
Prezidentinin də olduğu bütün tədbirlərdə hər
zaman ona istinad edir, ölkəmizin uğurlarından
danışır, Prezidentin liderliyini dilə gətirir. Bu, əslində
Azərbaycanın dövlət kimi mövqelərini xeyli
möhkəmləndirir".
R.Musabəyov əlavə edib ki, Azərbaycan Pakistanla,
Yaxın Şərqdə İsraillə, Qətər, Birləşmiş
Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı
ilə münasibətlərini möhkəmləndirib:
"İranla gərginlik aşağı salınıb, bunun
nəticəsində də mövqelərimiz güclənir.
Bunlar hamısı Azərbaycanın böyük diplomatik
uğurlarıdır. Ona görə ki, biz bu dövlətlərlə
nə müharibə apamışıq, nə onları nəyəsə
məcbur etmişik. Bunlar düzgün qurulmuş beynəlxalq
münasibətlərin, diplomatiyanın nəticəsidir.
Bütün bunlar çox vacibdir. O balansı ki, Azərbaycan
yaradıb, Mərkəzi Asiya dövlətləri anlayırlar
ki, Azərbaycansız onların dünyaya
çıxışı çox məhdud olacaq. Azərbaycan
Mərkəzi Asiya platforması beşliyinə altıncı
tamhüquqlu üzv olaraq daxil oldu. Bunlar hamısı ölkəmizin
artan əhəmiyyətini göstərir".
Azərbaycanın beynəlxalq miqyasda aktor kimi
mövqeyinə və roluna gəlincə, R.Musabəyov deyib
ki, ölkəmizin qarşısında qlobal arenada iddialar
dayanmır: "Bizim dövlətimizin belə bir iddialarla
çıxış etməyə və öz
resurslarını lazım olmayan istiqamətə sərf etmək
kimi məqsədi yoxdur. Əksinə olaraq, Azərbaycan
düzgün nöqtələrə öz imkanlarını
yönəltdiyi halda bir dövlət kimi hörmət
qazanır, bizimlə hesablaşırlar. Bir müddət əvvəl
Misirdə Qəzza ilə bağlı Yaxın Şərq
sülh konfransı keçirildi. Ora ABŞ Prezidenti tərəfindən
dəvət alan liderlərin sayı elə də çox
deyildi. Azərbaycan lideri həmin konfransa dəvət aldı.
Çünki anlayırlar ki, Azərbaycan töhfə vermək
imkanındadır. Bizim qloballıq iddiamız yoxdur, amma ətrafımızda
Rusiyanın Azərbaycanla hesablaşması, Mərkəzi
Asiya ölkələri ilə müttəfiqliyin qurulması,
İranı Azərbaycanla hesablaşmağa sövq etmək və
s. bunlar hamısı nəticədir. Təbii ki, Azərbaycan
üçün birinci növbədə lazımdır ki, təhlükəsizliyimiz
təmin olunsun. Bizimlə qonşu olan dövlətlər bu
gün dünyada söz sahibi olan dövlətlərdir.
Çin, ABŞ, Rusiya, Avropa İttifaqı Azərbaycanla bizim
maraqlarımız ətrafında hesablaşırlar. İndi
kim qlobal siyasəti necə qurur, bu, onun öz işidir, bizim
ona imkanlarımızı sərf etməyə dəyməz.
Ancaq təsirlərimiz təbii ki, genişdir, baxmayaraq ki,
Qoşulmama Hərəkatında sədrliyi təhvil
vermişik, lakin orda sözümüz də, liderliyimiz də
mövcuddur. Bu da müəyyən təsirləri saxlamaq
imkanları verir".
Növbəti ildə Azərbaycanın hədəf və
məqsədlərinin nədən ibarət olacağına gəlincə,
deputat deyib ki, bunlar dəyişməyərək, eyni qalacaq.
Ona görə ki, Azərbaycanın hədəfləri
uydurulmayıb, ölkəmizin geosiyasi durumundan irəli gəlir:
"Yəni biz qarşımızda mücərrəd
hansısa hədəflər qoymuruq. Konkret Azərbaycanın təhlükəsizliyini
möhkəmləndirən və iqtisadi
inkişafımıza, mədəni əlaqələrimizə
xidmət edən hədəflər var. Həmin hədəflər
qalır və onlar rasionaldırlar, yəni Azərbaycanın
milli maraqlarına cavab verirlər, buna görə də davam
edəcək. Sadəcə olaraq prioritetlərin
sıralanmasında dəyişiklik ola bilər. Hesab edirəm
ki, bu gün Azərbaycan öz siyasətində daha çox Mərkəzi
Asiya və Yaxın Şərqi önə çəkir. Ona
görə ki, uzun müddət Azərbaycanın siyasəti
daha çox Cənubi Qafqazda cəmləşmişdi. Müəyyən
mənada Rusiya ilə münasibətlər və
Avropayönümlü idi. İndi isə Azərbaycan Mərkəzi
Asiyaya üstünlük verir. Cənab Prezidentin son səfərlərinə
diqqət yetirəndə böyük hissəsi həm
Yaxın Şərqə, həm də Mərkəzi Asiya
dövlətlərinə həyata keçirilib. Türkiyə
təbii, ənənəvi olaraq müttəfiqimizdir. Prezident
bəyan etdi ki, biz özümüzə başqa ailə
axtarmırıq, bizim ailəmiz Türk ailəsidir. Azərbaycan
bu ailənin möhkəmlənməsində
düşünürəm ki, öz fəaliyyətini davam
etdirəcək və daha da gücləndirəcək".
Pərvanə
525-ci qəzet .- 2025.- 26 dekabr (№238).- S.5.