Fikirləri əks, taleləri eyni
oldu
Birinci Türkoloji
qurultay nümayəndələrinin izi
Qazaxıstan heyəti Birinci Türkoloji qurultayda
Ərazisinin az qala 3 milyon kvadratkilometr (indi 2 724,9
kv.km.) olmasına baxmayaraq, 1926-cı ildə Qazaxıstan hələ
sadəcə RSFSR-nin tərkibində Muxtar Respublika idi.
Doğrudur, o zaman əhalisinin indikindən təxminən on dəfə
az olduğunu da unutmamalıyıq. Amma bir məsələ də
var ki, məşhur ifadədə deyildiyi kimi, xalqların
böyüklüyü onların ərazisinin
ölçüsü və əhalisinin sayı ilə deyil, bəşəriyyətə
verdiyi diqqətəlayiq şəxsiyyətlərlə müəyyən
edilir.
Torpaqlarından Böyük İpək Yolu keçən,
VI yüzillikdə ərazisində tarixi Türk
Xaqanlığı yaranan, azadlığını və
dövlətçiliyini qorumaq üçün dəfələrlə
qanlı savaşa girən, Kenesarı xan, Alixan Bukeyxan, Abay
Kunanbayev kimi şəxsiyyətlər yetirən qazax xalqı əsrlər
boyu üzləşdiyi basqı və təzyiqlərə
baxmayaraq, bütün zamanlarda
böyüklüyünün fərqində
olmuşdu. Ucsuz-bucaqsız
çöllərdə, əksəriyyəti at belində
böyüyən qazaxların azadlıq ruhunu boğmaq, əvvəl
çarizm, sonralar isə sovet idarəçiliyinin
bürokratik qəliblərinə pərçimləmək
mümkün olmamışdı.
Bu azadlıq ruhu Birinci Türkoloji qurultayda iştirak
etmək üçün 1926-cı ildə Qazaxıstandan
Bakıya gəlmiş nümayəndə heyətinin tərkibində,
müzakirələrdə iştirakında, məsələlərə
açıq, prinsipial münasibətində, sərbəst
davranış və xarakterində də özünü
aydın şəkildə büruzə vermişdi.
Qurultay haqda dəyərli tədqiqat əsərinin
müəllifi, filologiya elmləri doktoru, Xankəndi
universitetinin dosenti Elçin İbramovun ilkin mənbələr
əsasında dəqiqləşdirdiyinə görə, qazax
heyətinin tərkibinə 5 nəfər
("Türkoloqların birinci qurultayı - repressiya olunan və
güllələnənlərin qurultayı" əsərinin
müəllifi, qırğız alimi, prof. Baybolat Abıtov
iştirakçıların milli-regional tərkibindən
danışarkən Qazaxıstanın 3 nəfərlik heyətlə
təmsil olunduğunu iddia edir. Bu yanlış məlumat bir
sıra digər kitab və məqalələrə də yol
tapıb) daxil idi. Sübut üçün çox uzağa
getmək lazım deyil. Tarix həmin şəxslərin
adların qoruyub. Birinci Türkoloji Qurultayda Qazaxıstanı təmsil
edənlər Əhməd Baytursunov Nəzir Törəqulov,
Eldes Omarov, Bilal Sileyev və Əziz Bayseidov idilər. Sonuncunu
çıxmaq şərti ilə ilk dörd nəfər
Qurultayın əksər iştirakçıları kimi sovet
cəza maşınının dişləri arasında məhv
olmuşdular. Amma Ə.Bayseidov da təqib və cəzadan tam kənarda
qala bilməmişdi. Həyatının 15 ilini çar
dövrünün katorqasından daha dəhşətli olan
NKVD həbs düşərgələrində
keçirmişdi. Beşinin də ən böyük
suçu öz xalqını, türklüyü sevmələri,
insanlığa və qardaşlığa xidmət etmək
niyyətləri olmuşdu.
Onların adları XX əsr qazax elm və mədəniyyətinin
tarixində layiqli yeri tutur.
Qazax nümayəndə heyətinin, elə də digər
heyətlərin rəsmi başçıları
vardımı? Kimsə lokal qruplara rəhbərlik səviyyəsində
olsa da, rəsmi status daşıyırdımı? Suala cavab
vermək çətindir. Çünki qurultay sənədlərində
bu barədə heç nə deyilmir. Qazax dostlarımıza gəldikdə
isə yaşına, nüfuzuna, milli hərəkatda
iştirak stajına, yaradıcılıq təcrübəsinə,
nəhayət, əlifba islahatı məsələsinin
gündəlikdə əsas yerdə dayandığı
qurultaya "öz əlifbası" ilə gəlməsi baxımından, heç
şübhəsiz, görkəmli maarifçi, pedaqoq,
dilçi-türkoloq, publisist, tərcüməçi, siyasi
xadim - "Alaş" qazax
milli hərəkatının liderlərindən biri, nəhayət,
Qazaxıstan Muxtar Respublikasının ilk xalq maarifi
komissarı Əhməd Baytursunov (soyadının Baytursun və
Baytursunulı versiyaları da mövcuddur) ən azı qeyri-rəsmi
rəhbər, yaxud ağsaqqal sayılırdı.
Qazaxların məşhur Arqın tayfasından olan
Əhməd Baytursunov 1873-cü ildə Turqay əyalətində
doğulmuşdu. Hələ yeniyetmə yaşında ikən
ailəsinin və soyunun timsalında xalqının
düşdüyü həqir vəziyyətin biri-birindən
acınacaqlı mənzərələrini
görmüşdü. İki sinifli rus-qazax məktəbini
bitirib təhsilini əsası maarifçisi İbray
Altınsarin (1841-1889) tərəfindən qoyulan 4 illik müəllimlər
məktəbində davam etdirmişdi. On beş ilə
yaxın Kustanay, Aktyubinsk, Karkarlinsk qəzalarının
aullarında müəllimlik etmişdi. 40 il əvvəl
xalqı üçün eyni addımı atan azərbaycanlı
həmkarı Həsən bəy
Zərdabi kimi Əhməd Baytursunov millət işi
üçün mübarizəyə qəzet nəşri ilə
başlamışdı. 1913-cü ildə Birinci Rusiya Dövlət
Dumasının üzvü Alixan Bökeyxanov və
yazıçı Mirjakub Dulatovla ilə birlikdə doğma
xalqın adını daşıyan "Qazax" qəzetini təsis
etmişdilər. Nəşr tezliklə bütün
qazaxların tribunasına və səsinə çevrildi. Qəzetin
redaktoru və ən fəal müəllifi Əhməd
Baytursunov özü idi. Yazı və
çıxışlarında yalnız ana dilində
danışan, təhsil alan, bu dildə ədəbiyyat yarada
bilən xalqın müstəqil
həyata iddiaçı olması fikrini müdafiə edirdi.
Çar Rusiyasının süqutu ərəfəsində
Əhməd Baytursunov "Alaş" qazax milli
partiyasının yaradıcılarından və 1917-1919-cu illərdə
fəaliyyət göstərmiş Alaş Orda hökumətinin
rəhbərlərindən biri idi. Hərəkatının məğlubiyyəti
və əfvi-ümumidən sonra siyasi fəaliyyətini
artıq bolşevik rejiminin tərəfdarı kimi davam etdirmək
məcburiyyətində qalmışdı. Müxtəlif rəhbər
orqanlara seçilmişdi. XX əsrdə ilk qazax dövlətinin
ilk xalq təhsil naziri - maarif komissarı olmuşdu. Siyasi
ambisiyalardan uzaq idi. Sadəcə elmi-bədii
yaradıcılıqla, pedaqoji fəaliyyətlə məşğul
olmaq, yeni həyat yoluna çıxmaq istəyən xalqına
kömək etmək istəyirdi.
Amma vaxtı çatanda keçmişini yadına salmışdılar.
1929-cu ildən başlanan yeni həbs "Odisseyası"
1937-ci il dekabrın 7-də Üçlüyün qərarına
əsasən həyatına son qoyulması ilə başa
çatmışdı. Şəxsinə qarşı
"xalq düşməni" ittihamının irəli
sürülməsində Alaş Orda hərəkatı ilə
bir sırada Bakı Türkologiya Qurultayındakı fəal
iştirakının, əlifba ilə bağlı məsələdə
rəsmi sovet ideologiyasına zidd mövqeyinin də rolu
vardı. Çünki sovet rejiminin artıq keçmişin
qalığı kimi hökmünü verdiyi köhnə
hürufatı ən azı özünün
yaratdığı "jana emla" ("yeni imla"), yaxud
da "Baytursunun ərəb əlifbası" versiyasında
müdafiə və mühafizə
etməyə çalışmışdı.
Günahsız repressiya qurbanlarının əsas bəraət
dalğası XX qurultaydan sonra, 1956-1957-ci illərə təsadüf
etsə də, Əhməd Baytursunova yalnız 1988-ci ildə bəraət
verilmişdi. Bu gecikmiş qərar müəyyən mənada
Qorbaçovun qazax xalqı qarşısındakı tarixi
cinayətinin "qan bahası" kimi də dəyərləndirilə
bilər.
Əhməd Baytursunovdan fərqli olaraq qazax heyətinin
ikinci skripkası adlandıra biləcəyimiz Nəzir Törəqulov
yeni rejimin yetirməsi idi. 28 yaşında Türküstan
kommunist-bolşeviklər partiyası Mərkəzi Komitəsinin
katibi, bir il sonra isə Türküstan MİK sədri
seçilmiş, Türküstan MSSR xalq maarifi komissarı
olmuşdu. Redaktorluğu altında rejimə xidmət edən
mühüm nəşrlər buraxılmışdı. Bir
sözlə, hələ 30 yaşına çatmamış Mərkəzi
Asiyanın böyük bir ərazisini əhatə edən yeni
dövlətin rəhbərliyində bacarıqla
çalışmışdı. İrəli çəkilərək
Moskvaya aparılan qazax gənci 1922-1925-ci illərdə
Sentrizdatın - Şərq xalqları mərkəzi nəşriyyatı
idarə heyətinin sədri, Şərqşünasların
ümumittifaq elmi asossiasiyası rəyasət heyətinin
üzvü, N.Nərimanov adına Şərq xalqları
institutunun rektor müavini olmuş, yerli və mərkəzi əhəmiyyətli
bir sıra nəşrləri redaktə etmişdi. Statistik məlumata
görə, Sentrizdata rəhbərliyi dövründə
SSRİ xalqlarının 50-dən çox dilində milyonlarla
nüsxə kitab nəşrinə nail olmuşdu. Təbii ki,
bu nəşrlərin böyük əksəriyyəti
ideoloji-təbliğat xarakteri daşıyırdı.
Əlifba islahatı sahəsində fəallığı
ilə seçilirdi. Türk yazısını ərəb
qrafikasından latın əlifbasına keçirilmək məsələsi
ilə məşğul olan ümumittifaq komissiyasının rəhbərlərindən,
yeni türk əlifbası (yanalif) layihəsinin müəlliflərindən
biri kimi Birinci Türkoloji Qurultayın mötəbər
iştirakçılarından sayılırdı.
SSRİ rəhbərliyi 1927-ci ilin dekabrında onun həyatını
dəyişən bir qərar vermişdi - Nəzir Törequlov
Hicaz, Nəcd və birləşdirilmiş ərazilər
krallığına (indiki Səudiyyə Ərəbistanı)
daimi nümayəndə - səfir təyin edilmişdi. Fəaliyyət
sahəsinin yeniliyinə baxmayaraq, burada da özünü
göstərə bilmişdi. Neçə yüz illik təcrübəyə
malik Britaniya diplomatiyası ilə gərgin siyasi rəqabətdə
Səudiyyə Ərəbistanı krallığında sovet
maraqlarını ön plana çıxarmışdı.
1932-ci ildə Baş nazir olan gələcək kral Feysəl
ibn Əbdül Əziz əs-Saudu Moskvaya rəsmi səfərə
gətirmişdi. SSRİ ilə Səudiyyə arasında
siyasi, iqtisadi, mədəni əməkdaşlığın
etibarlı təməli atılmışdı. Bəlkə də
Törəqulovun diplomatik missiyası yarıda qırılmasaydı,
Sovet İttifaqı hətta ölkənin tükənməz
neft sərvətinin əsas istehsalçısına də
çevrilə bilərdi. Amma 1936-cı ildə Nəzir
Törəqulov, az sonra xələfi Kərim Həkimov geri
çağırıldı. Növbəti il başlanan
"böyük terror" ikisi üçün də faciə
ilə nəticələndi. Yeddi il ərzində son dərəcə
çətin şəraitdə, obrazlı şəkildə
"Sandunov hamamının buxar kamerasına" bənzətdiyi
Səudiyyə Ərəbistanında vətənə xidmət
edən Nəzir Törequlov 1937-ci il oktyabrın 3-də "vətən
xaini" kimi güllələndi.
Xəbəri eşidən kral Feysəl o dərəcədə
sarsılmış və qəzəblənmişdi ki,
SSRİ ilə diplomatik əlaqələri kəsmək qərarı
vermişdi. Yeni sovet səfiri aqreman ala bilmədiyi
üçün 1938-ci ildə Ciddədəki
missiyasını bağlamaq lazım gəlmişdi. Kral 1975-ci
ildə vəfat etsə də, 30-cu illərdə qoyulan
qadağa yalnız 1990-cı ildə aradan
qaldırılmışdı. İki günahsız səfirin
qətli SSRİ-yə çox baha başa gəlmişdi.
Sovet rejimi ərəb dünyasının ən zəngin və
nüfuzlu ölkəsində dayaqlarını itirmişdi.
Bir haşiyə: Diplomat kimi Nəzir Törəqulovun
həyat yolu və fəaliyyəti ilə 2017-ci ildən sonra
maraqlanmağa başlamışdım. Bir dəfə
Budapeştdəki qazax həmkarım Nurbax Rüstəmov məni
səfirlikdə keçirilən tədbirə
çağırmışdı. Məlum oldu ki,
Qazaxıstanın macar dostlarına, qazax ədəbiyyatının,
mədəniyyətini bilicisi və təbliğatçısı
kimi tanınan bir neçə nəfər macar diplomatına,
ictimai xadim və ziyalıya Qazaxıstan XİN-in Nəzir
Törəqulov medalı təqdim ediləcək.
"Yaxşı fikirləşiblər - deyə
düşündüm. - Bizdə niyə olmasın?" Dərhal
XİN-ə, Prezident Administrasiyasına Cümhuriyyət diplomatı, Paris
Sülh konfransında Azərbaycan nümayəndə heyətinin
başçısı Ə.Topçubaşovun adını
daşıyan medal təsis etmək,
ölkəmizin dostlarını bu medalla
mükafatlandırmaq haqda təklif hazırladım Təbii
ki, cavabsız kağızlar dənizində itib-batdı.
Nazirlə, administrasiya rəhbəri ilə şəxsi
görüş və söhbətlər, onları
inandırmaq cəhdləri də bir səmərə vermədi.
Eldes Omarov (1892-1937) ictimai xadim, publisist, pedaqoq, tərcüməçi
kimi tanınırdı. Təhsilini Orenburqdakı müəllimlər
seminariyasında almışdı. Əhməd Baytursun və
Mirjakub Camalovun təsiri ilə gənc yaşdan mətbuatla
yaxından maraqlanmış, "Qazax" qəzetinin fəal
müəlliflərindən biri kimi nüfuz
qazanmışdı. Alaş Orda hökumətinin
mövcudluğu dövründə ana dilində dərsliklər
hazırlayan komissiyanın tərkibində
çalışmışdı. Tibb məktəbləri
üçün nəzərdə tutulan qazax dili dərsliyi
öz orijinal əsəri idi. Bir sıra digər fənlərə
- xüsusilə də dəqiq elmlərə və təbiət
elmlərinə dair dərslikləri isə alman və rus dillərindən
tərcümə etmişdi.
1926-1929-cu ildə Daşkənd Pedaqoji İnstitutunda və
Orta Asiya Universitetinin şərqşünaslıq fakültəsində
çalışmışdı. Birinci Türkoloji qurultayda
çıxışında karyerası, yerli hakimiyyətlə
münasibətləri üçün problem
yaşayacağını bildiyi halda birmənalı şəkildə
müəllimi Ə.Baytursunovun mövqeyində
dayanmışdı. Yəni qazax yazısının ərəb
əlifbasına əsaslanmalı olduğu fikrini müdafiə
etmişdi.
1930-cu illərdə Qazaxıstan Dövlət
universitetinin dosenti vəzifəsində çalışan
Eldes Omarov öz dövrünün geniş bilik dairəsinə
malik vətənpərvər ziyalılarından
sayılırdı. Təsadüfi deyil ki, Alixan Bökeyxanov
Əhməd Baytursunova məktubunda onu "qazax ədəbiyyatının
bilicisi" kimi xarakterizə etmişdi. Səken Seyfullin isə
xatirələrində yazmışdı ki, "əksəriyyətin
fikrincə, o, bilik və erudisiya baxımından Əhməd
Baytursunovdan geri qalmır".
Adi bir ehtiyatsızlıq (və heç şübhəsiz,
adının NKVD-nin qara siyahısında olması) həyatının sonunu gətirmişdi.
58-ci maddə ilə, yəni "xalq düşməni"
kimi həbs edilmiş müəllim həmkarının
günahkar olmasına şübhə ilə yanaşan və
bunu dilə gətirməkdən çəkinməyən
Eldes Omarov özü də tezliklə məhbəsə
atılmış, Üçlüyün qərarı ilə
eyni maddə əsasında 1937-ci il dekabrın 1-də güllələnmişdi.
Türkoloji qurultayın digər qazax nümayəndəsi
Bilal Suleyev (1893-1937) yazıçı, dramaturq, jurnalist və
pedaqoq idi. Milli-azadlıq hərəkatının
iştirakçısı, Alaş Orda hökumətinin gənc
fəallarından biri kimi tanınırdı. Təhsilini
Ufada, məşhur "Qali" mədrəsəsində
almışdı. İctimai fəaliyyət yolu "Qazax" qəzetindən,
Orenburda nəşr olunan "Şuro" jurnalından
keçmişdi.
Çoxsaylı bədii-publisist əsərlərindən
qırmızı xətlə keçən mövzu
maarifçilik idi. Yalnız savadlı xalqın tarixinin,
dilinin, mədəniyyətinin keşiyində
dayanacağına, keçmişini qoruyacağına, gələcəyinə
sahib çıxacağına inanan Bilal Suleyev onlarla ibtidai və
orta təhsil müəssisəsinin, eləcə də müəllim
hazırlayan pedaqoji texnikum və seminariyaların
açılmasına nail olmuşdu. İlk milli universitetinin
qurulması sahəsində də rolu və xidmətləri
vardı.
Müasir qazax tədqiqatçısı Gülnar Mukanova
Moskva arxivlərinin sənəd və materialları əsasında
Bilal Suleyevin həyatının bəzi az öyrənilmiş
səhifələrinə, eləcə də Birinci
Türkoloji qurultayında iştirakına işıq
salmışdır. Onun yazdığına görə,
latın əlifbasına keçid məsələsi
müzakirə olunan zaman Baytursunovun mövqeyində dayanaraq
"...mən kommunist kimi həqiqətən
inanmadığım bir işin dalınca kor-koranə gedə
bilmərəm" - deyə sadəcə partiya direktivi əsasında
əlifbanın dəyişməsi məsələsinə
şübhəli münasibət bildirmişdi. Bununla da yerli
partiya rəhbərliyinin, birinci
katib Qoloşekinin gözündən
düşmüşdü. Maraqlıdır ki, Azərbaycanda və
Orta Asiyada repressiya maşını fərqli işləmişdi.
1937-ci ildə bizim ölkədə balta necə deyərlər,
kökündən vurulduğu halda Qazaxıstanda proses bir qədər
fərqli şəkildə getmişdi. Yəni bəzi
"müqəssirlər" bir neçə dəfə həbs
olunub sonra azadlığa buraxılmışdılar. Həmkarları
kimi, Bilal Suleyev
üçün də 1930-cu illər permanent həbs dövrü
olmuşdu. Repressiyaların pik həddinə
çatdığı 1937-ci ildə isə ən ağır
cəzaya - güllələnməyə məhkum edilmişdi.
Qazaxıstan heyətinin beşinci üzvü Əziz Bayseyidov (1893-1955) qazax, ümumən türk
ziyalılarına qarşı total terror siyasətinin həyata
keçirildiyi fırtınalı illərdən nisbətən
az itki ilə (iki dəfə, üst-üstə 13 ilə
çatan həbs cəzası alsa da, hər halda həyatını
itirməmişdi) xilas ola bilmişdi. Haqqındakı məlumatlardan
1920-ci ilə qədər İstanbulda səkkiz illik müəllimlər
seminariyasını bitirdiyini, bir neçə xarici dil
bildiyini, Qazaxıstanın müxtəlif əyalətlərində
pedaqoq və təhsil təşkilatçısı kimi
çalışdığını öyrənmək
mümkün oldu. Birinci həbsindən əvvəl, 1935-ci ilə
qədər Şərqi
Qazaxıstan vilayətinin Semipalatinsk şəhərində
avtomobil nəqliyyatı texnikumunun direktoru vəzifəsində
çalışmışdı.
lll
Qurultayın qazax iştirakçılarının rol
və xidmətlərini qiymətləndirməklə
yanaşı, Qazaxıstan heyətinin ağır
artilleriyasının obrazlı şəkildə desəm, səngərin
əks tərəflərində dayanan Əhməd Baytursunovla
Nəzir Törəqulov olduğu xüsusi qeyd edilməlidir. Hər
ikisi SSRİ XKS-nin sərəncamı ilə yaradılan Təşkilat
Komitəsinin üzvü idi. Fevralın 26-da keçirilən
ilk iclasda Ə.Baytursunov həm də Rəyasət heyətinə seçilmişdi.
Amma bir məsələ vardı ki, iki görkəmli qazax
ziyalısı ərəb əlifbasına münasibətdə,
xüsusən də onun latın qrafikası ilə əvəzlənməsi
tam əks mövqelərdə dayanırdılar: Törəqulov
latınçı, Baytursunov isə
qismən ərəbpərəst idi.
O, 1912-ci ildə ərəb qrafikası əsasında
əsas özəlliyi ərəb yazısının qazax
dilinin fonoloji xüsuyyətlərinə adaptasiya edilməsindən
ibarət olan və 1912-1927-ci illərdə geniş istifadə
edilən "Baytursunov əlifbasını"
yaratmışdı". Bu əlifbada çoxsaylı dərsliklər,
qəzet və kitablar nəşr olunurdu. Qazaxıstanda
yalnız sovet hakimiyyətinin ilk yeddi ili ərzində əhalinin
savadlılığı 2 faizdən 22 faizə yüksəlmişdi.
"Baytursunov əlifbasını" öyrənənlər
ərəb əlifbasında çap olunmuş kitab və qəzetləri
də oxuya bilirdilər. Yəni qədim ədəbi-mədəni
irsə bələdliyin davamlılığı təmin
olunmuşdu. Ə.Baytursunov əlifba məsələsinin
Qazaxıstanın qarşısında kəskin şəkildə
dayanmadığı qənaətində idi.
Ona görə də təbii ki, rus alim həmkarlarını
deyil, rus idarəçilərini, bolşevik
ideoloqlarını nəzərdə tutaraq deyirdi: "Biz hələ
də qoyun və buzovlarla bir yerdə qaldığımız
çalalarda boğuluruq. Əgər kömək etmək istəyirsinizsə,
bu qurultayın keçirildiyi saray kimi binalar tikin. Onda bizə
kömək etmiş olarsınız. Əgər buna qadir
deyilsinizsə, sadəcə danışmaqla bizə kömək
edə bilməzsiniz. Ya da bu işdən özünüz
üçün bir mənfəət
güdürsünüz. Əgər öz əlifbanız
olduğu halda geridə
qalmısınızsa, bizi də bu məsələyə
qatmağa nə lüzum var?" Sonuncu cümlə ilə
qazax maarifçisi necə deyərlər, baltanı
kökündən vurmuş və gələcək "millətçilik"
ittihamı üçün zəmin
hazırlamışdı. Doğrudan da türk xalqlarına
"gün ağlamaq" fikrinə düşən Rusiya sadə,
asan əlifbasının olmasına baxmayaraq, kütləvi
savadsızlıq içində boğulurdu. Hətta Lenin
1897-ci ildə yazdığı "İmperializm kapitalizmin ən
yüksək mərhələsidir" əsərində rus
mujikləri ilə müqayisədə qadınlar da daxil Kazan
tatarlarının daha savadlı olduqlarını etiraf
etmişdi.
Əhməd Baytursunov qurultay tribunasından digər
"təhlükəli tezislər" irəli sürməkdən
də çəkinməmişdi. Məsələn,
qurultayın martın 4-də keçirilmiş 12-ci
iclasındakı çıxışından gətirdiyim
aşağıdakı sitatda olduğu kimi: "Əlifba
yalnız səsin düzgün, texniki cəhətdən rahat əks
olunmasını təmin etməlidir. Mövcud ərəb əlifbası
bizim üçün kifayət qədər işləkdir və
ideal sayılır. Latın əlifbasının
üstünlükləri hələ sübut edilməyib; təklif
olunanlar əsasən uydurmadır. Əsas diqqət mədəni
güc və imkanların artmasına, dərslik və təhsil
vasitələri ilə təmin etməyə yönəlməlidir,
çünki xalqın inkişafı üçün əlifba
yalnız vasitədir, məqsəd deyil". Yaxud:
"Əlifbanın dəyişdirilməsi məsələsi
yalnız o halda ortaya çıxa bilər ki, o, işləməsin,
ya da ümumən mövcud olmasın. Amma bizim əlifbamız
var. Deməli, başqa əlifba axtarmağa ehtiyac yoxdur.
Əlifbamız pis olsaydı, bu, başqa məsələ
olardı. Həm də müqayisə zamanı hələ
heç kim latın əlifbasının hansısa
üstünlüyünü sübuta yetirə bilməyib.
Latınpərəstlər bu haqda danışanda yalnız
uydurmalar söyləyirlər".
Ə.Baytursunov zərurət nəticəsində kiril
əlifbasında istifadə etmiş və onu öz dillərinin
tələblərinə uyğunlaşdırmış
türk xalqlarının (məsələn, çuvaşlar,
yaxud Şimali Qafqaz və Sibir türkləri) yazı sistemlərinin
latın əlifbasına keçirilməsi fikri ilə
razılaşmırdı. Bunu məntiqsizlik hesab edirdi:
"Əvvəldən rus əlifbasından istifadə edənlər
latın qrafikasına keçirlərsə, bunu anlaya bilmirəm.
Niyə? Bunun mənası nədir? Buna nə ehtiyac var? Bu, sadəcə
ikiqat xərc və əziyyətdir. Bu, mənasızlıqdır.
Onsuz da onlar rus dilini və rus əlifbasını öyrənməli
olacaqlarsa, onları başqa bir əlifbanı da öyrənməyə
məcbur etməyin nə mənası var?"
Ə.Baytursunov əlifba islahatını, ilk növbədə
isə latın əlifbasına keçidi "sehrli
çubuq", yaxud "möcüzə" saymaq fikrindən
uzaq idi. O, belə xəyallara dalmaqdansa, daha çox dərslik,
metodik vəsait, oxu kitabları və s. yaratmaqla cəmiyyətdə
maarif və mədəniyyətin pilləvari şəkildə
yayılmasına dəstək verməyə
çağırırdı.
Qurultayın 3 mart 1926-cı il tarixli iclasında
"Əski ərəb əlifbası tarix tərəfindən
məhkum edilib, birdəfəlik və həmişəlik rədd
olunub" bəyanatı ilə çıxış edən
Nəzir Türyakulov indiki mərhələdə rəqabətin
yalnız iki yazı növü - islah olunmuş ərəb əlifbası
ilə latın əlifbası arasında getdiyini
vurğulamışdı. O, haqlı olaraq qeyd edirdi ki,
"Əlifba məsələsi təkcə texniki problem
deyil; həm də mədəni, maarifçilik və ictimai əhəmiyyətə
malikdir. Latınlaşdırma yalnız sübutlarla və
sınaqlarla dəstəklənməli, fikirlər
yarımçıq qalmamalıdır. Əsas məqsəd
xalqın oxu və yazı prosesini asanlaşdırmaq, mədəni
inkişafı sürətləndirməkdir".
İslah olunmuş ərəb əlifbası ilə
bağlı tənqidi qeydlərini daha çox bu məsələdə
israrlı mövqe tutan tatar nümayəndə heyətinə,
xüsusən Qalimcan Şərəfə ünvanlayan Nəzir
Törəqulov ad çəkmədən "Baytursunov əlifbasının"
funksionallıqdan uzaq olduğunu xatırlatmağı da
unutmamışdı. Əlifbaya sadəcə yazı vasitəsi
deyil, elmi düşüncənin, texnoloji tərəqqinin, hətta
əməyin səmərəliliyinin göstəricisi kimi
baxan natiq ərəb əlifbasının təbii inkişaf
imkanlarının tükəndiyini, texniki və pedaqoji
baxımdan müasir tələblərə cavab vermədiyini əsaslandıraraq
latın qrafikasına keçidin qaçılmaz olduğunu
qurultay tribunasında təntənəli şəkildə elan
etmişdi.
Ə.Baytursunovun tənqidi mülahizələrindən,
N.Törəqulovun təqdirlərindən asılı olmayaraq
Birinci Türkoloji qurultay latın əlifbasına keçidlə
bağlı tarixi qərarını vermişdi. Fikrimcə,
qazax heyətinin hər iki tanınmış üzvü
öz qənaət və mülahizələrində səmimi
idilər. Ürəklərinin səsini, sözünü
çatdırmağa, inanclarını bölüşməyə
çalışırdılar. Sadəcə qəribəsi
odur ki, əks fikirlər, zidd mövqelər onların eyni faciəli
taleyi bölüşməsinə qətiyyən mane ola bilmədi...
lll
Başqırd əsilli türk humanisti, türk birliyi
ideyasının atəşin tərəfdarlarından biri Zəki
Vəlidi Toğan (1890-1870) bolşevik Rusiyası ilə
müstəqillik uğrunda mübarizə aparan Polşa
arasında ölüm-dirim savaşının getdiyi 1920-ci
ilin may ayında azərbaycanlı məsləkdaşı
Axund Yusif Talıbzadə vasitəsi ilə Fransaya, Alaş Orda
hökumətinin keçmiş naziri Mustafa Çokay
oğluna göndərdiyi məktubda xəbərdarlıq edərək
yazırdı ki, "Sovet hökuməti Lehistanda müharibəni
öz xeyrinə başa vursa, zənnimcə, yeni bir mədəniyyət
siyasəti uyğulayacaq. Bu siyasətin əsasında isə
Rusiya türklərini müştərək əlifba və
dildən məhrum edib biri-birindən ayırmaq məqsədi
dayanır. Bundan ötəri də onların min ildən
çox istifadə etdikləri ərəb əlifbası
latın qrafikası ilə əvəz olunacaq. Zəki Vəlidi
latıncılıq kampaniyasının da keçici mahiyyət
daşıyacağını bildirərək
yazmışdı: "Latın hürufatı əlbəttə,
rus hürufatına keçmək üçün bir intikal
(keçid - V.Q.) vasitəsi olaraq kullanılacaq".
Sovet Rusiyasını tərk etməzdən əvvəl
başqırd lideri şəxsən tanıdığı və
dəfələrlə görüşdüyü Leninə 20
fevral 1922-ci il tarixində yazmışdı: "Artıq
anlaşılıb ki, siz velikorus arkadaşlar hansı bir millətin
dili, imlası ilə uğraşmağa
başladınızmı, tam rus oluncaya qədər o millətin
yaxasını buraxmayacaqsınız".
Təbii ki, ərəbpərəst deyiləm. Yüz
il əvvəl vidalaşdığımız ərəb əlifbasına
yas saxlamaq niyyətindən də uzağam. Amma bu fikirdə bəlli
bir həqiqət payı olduğunu da qəbul etməliyik.
Türk xalqlarının maarif və mədəniyyət xadimləri,
siyasətdən uzaq ziyalılar əlifba islahatından
müasirləşmə və tərəqqisi
üçün, zamanla ayaqlaşma üçün istifadə
etməyə can atdığı halda siyasətçilər,
Kremlin milli məsələ ekspertləri həmin xalqları
müştərək tarixi keçmişdən və bir-birləri
ilə sıx mədəni mübadilədən məhrum etmək
imkanını da nəzərdən
qaçırmırdılar. Birinci Türkoloji qurultayda
latın qrafikası əsasında ümumi türk əlifbasının,
yaxud ortaq türkcənin bərqərar olması
baxımından heç bir əməli addım
atılmaması bunun əyani sübutu idi.
Sarayevo, dekabr, 2025-ci il
Vilayət QULİYEV
525-ci qəzet .- 2025.- 26 dekabr (¹238).- S.8-9.