Rəfiqəm, Kalaşnikov və
Çexovun Annası
Esse
"Əgər müharibə olmasaydı, yəqin
ki, kənd təsərrüfatı sahəsində yeni
texnikaların layihəsini hazırlayırdım. Mənim nə
günahım var ki, almanlar müharibəyə
başladılar" (Mixail Kalaşnikov).
Rəfiqəmin sevgilisi sevmir onu. Dəfələrlə
xəyanət edib, həmişə də incidir. Ancaq hər
ayrılıqdan sonra boş bir bəhanəyə
bürünüb alır könlünü. Gözəl-göyçək
qızdır, özü də çox mülayim xasiyyəti
var. Oğlansa qədrini bilmir ki, bilmir.
Rəfiqəmin iş sarıdan da bəxti gətirməyib.
İllərdir qədirbilməz müdirin əlinin altında
qəpik-quruşa işləyir. Halbuki günü bu gün
şeytanın qıçını qırıb, oradan
uzaqlaşsa, işdən çox iş var ona. Üç dildə
sərbəst danışır, üstəlik, universiteti də
qırmızı diplomla bitirib.
Sanki belə olmalı imiş kimi də yaşayır.
Xoşbəxt deyil, ancaq etiraz edəcək cəsarəti də
yoxdur, daha doğrusu, söykənə biləcəyi bir səbəbi.
Çünki sahib olduğu məziyyətlərdən xəbərsizdir.
Çoxdur belə adamlar. Onların sayəsində bir
həqiqəti özüm üçün yəqin etmişəm:
Dəyərli olmaqdan daha vacibi bu dəyərin fərqində
olmaqdır. Yoxsa çantandakı qızıl külçədən
xəbərsiz gümüş dilənəcəksən.
Həyatda nəyə qadir olduğunu bilmədən nəyə
layiq olduğunu da anlamırsan.
Məhz bu həqiqətə varandan sonra sənə əyan
olur ki, özündən nə istəməlisən,
başqalarından nə. Başqaları... Özünlə
sual-cavabın bitəndən sonra kənardakılarla
haqq-hesabın başlayır. İnsan həm də özü
öyrədir yan-yörəsinə ona qarşı necə
davranılmalı olduğunu. Əlbət, kənardakılar
da bizi yanılda bilər. Bu səbəbdən
özümüzü yalnız başqalarının
arşını ilə də ölçməməliyik.
Qarşındakı yanlış insandırsa, sənin
doğruların da gözə görünmür. Leyliyə Məcnun
gözü ilə baxmaq da var axı.
Bir yanğınsöndürəndən royalla
skripkanın fərqini soruşanda cavab verir ki, royal daha
çox yanır.
Kəsəsi, hər şey o məşhur deyimdəki
kimi insanın özündə başlayıb özündə
bitir. Bu yolda ən önəmlisi qızıl ortanı
tapmaqdır.
Dəyərin şkalasını olduğundan çox
götürəndə də yanlış yollarda yorulmağa
məhkum qalırsan. Qeyri-reallığın diktəsi səni
uduzacağın müharibələrə sürükləyir.
Qazın qartal olmaq xəyalı kimi. Budda deyirdi ki, arzularınızdan
muğayət olun.
Bəs niyə belə taleyüklü məsələdə
yanılır adamlar?
Yəqin hər taledə bu sualın cavabı müxtəlifdir.
Kimi əzəldən dəyərsiz olduğuna inanmağı
seçir, kimi də buna inandırılır. Yanlış
adamların qoyduğu travmalar insandan nələr alır, nələr.
Dəyərsizlik insana yalnız fədakar,
fağır obrazı biçmir, həm də yanlış istiqamətlərə
yönəldir. Bunun ən gözəl nümunələrindən
birini Çexovun "İt gəzdirən xanım" hekayəsində
görürük.
Ərini Qurovla aldadan Anna bədbəxtliyinə səbəb
axtarır. Bu dialoq isə onun faicəsinin icmalıdır:
"Qadın dilləndi:
- Heç yaxşı olmadı. İndi mənə hörmət
eləməyənlərdən birincisi elə siz
olacaqsınız.
Nömrədəki stolun üstündə qarpız
vardı. Qurov bir dilim kəsib, tələsmədən yeməyə
başladı. Sükut ən azı yarım saata qədər
uzandı.
Qurov soruşdu:
- Mən sənə niyə hörmət eləməməliyəm?
Nə danışdığını heç özün də
bilmirsən.
O:
- Qoy Allah günahımdan keçsin! - dedi və
gözləri doldu. - Dəhşətdi.
- Sən elə bil özünü təmizə
çıxarmağa çalışırsan.
- Nəylə
özümü təmizə çıxarım? Mən
ağılsız, rəzil qadınam, özüm özümə
nifrət edirəm və bəraət haqqında fikirləşmirəm.
Mən ərimi aldatmadım, mən özümü
aldatdım. Özü də indi yox, xeyli vaxtdı
aldadıram".
İlk baxışda bu dialoq qadının vicdan əzabı
çəkməsinə yozula bilər. Ancaq bütöv hekayə
ilə tanış olanda Anna Sergeyevnanın psixoloji portreti sənə
bütün səbəbləri göstərir. Xüsusilə
də hekayənin əvvəlində Qurovun onun haqqında
dediyi bu cümlə: "Qadın ömründə bəlkə
də birinci dəfəydi ki, tək qalırdı, elə
şəraitə düşmüşdü ki, mənasını
özünün də anlamadığı sirli bir məqsədlə
onun dalınca düşürdülər, ona nəzər
salırdılar, onunla söhbət edirdilər".
Bəli, Anna məhz dəyərsizlikdən əziyyət
çəkirdi. Nə ərini sevirdi, nə də ondan istədiyi
sevgini görürdü. Hələ üstəlik,
özünü də sevmirdi, inanmırdı. Yoxsa niyə
sevgilidən hörmət görüb təsdiq olunmağa bu qədər
ehtiyac duysun ki?
Şəxsi münasibətlərdə dəyər qavramı
insanın özü və ətrafındakılarla daha
çox bağlı olsa da, ictimai məsələlərdə
vəziyyət bir qədər fərqlidir. Çünki burada
şəxsin özündən asılı olmayan onlarca faktor
həlledici amilə çevrilir.
Məsələn, Azərbaycanın kino sahəsində
itirilən doxsanlar nəsli var. Daha doğrusu, gəncliyi bu illərə
təsadüf edən nəsil. Onlarla müsahibələrim
zamanı daim bir nisgil hiss edirəm. Layiq olduğu dəyərə
yanlış zaman ucbatından vara bilməyən adamlar...
Hansı ki, onlar yaraşıqlı, qıvraq,
qısası çılğın gənci oynamalı olduqları
yaşda nə kino çəkən vardı, nə bu haqda
düşünən. Bəlkə də həmin aktyor,
aktrisaların ifasında neçə-neçə uğurlu
rollar görə bilərdik. Düzdür, indi də vəziyyət
güllük-gülüstanlıq deyil. Ancaq bugünki gündə
ağır doxsanlardan fərqli olaraq kino çəkmək daha
əlçatandır. Həmin aktyorlar isə
arzuladıqları baş rolun ya anasını oynaya bilərlər,
ya xalasını.
Məsələyə daha bəşəri baxsaq,
Kalaşnikov kimi xeyli nümunələrə rast gələrik.
Maraqlıdır, həqiqətən də, Mixail
Kalaşnikovun produktiv dövrü müharibəyə
düşməsəydi, kənd təsərrüfatındakı
layihələri ilə biz onu bu gün tanıyacaqdımı?
Məsələ çox sadədir, o, lazım olan məqamda
lazım olan şeyi edib layiq olduğu dəyəri
almışdı.
Başa düşülmək üçün
doğru zamanla yanaşı, doğru yerdə, sənin qiymətini
dərk edəcək insanlarla əhatələnmək
lazımdır. Əlbəttə ki, həqiqətən dəyər
daşıyıcısısansa...
Kəsəsi, əgər sənin məramın bu
qısa ömrü xoş yaşamaqdırsa, nə müharibələrə
ehtiyac var, nə dolaşıq yollara. Qiymətini bilən
üç-beş adamla da gününü gün edə bilərsən.
Dəyər görmədiyi ünvanda məskən salmaq
insanın özünə qarşı etdiyi ən
böyük haqsızlıqdır. Mənim rəfiqəmin
etdiyi kimi...
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 26 dekabr (№238).- S.11