Səmalara baxma dayanacağı
Esse
İlin sonunda hesabatlar paylaşılır. Hərdən
hansısa xırda detal bir illik "yaddaş
kartımızın" böyük bir qismini zəbt edir. Bu
xırda xatirənin ucundan tutub haralara istəsən, gedə
bilirsən. İllərin gətirdiyi yorğunluq bəzən
qısa bir təbəssümlə, bəzən uzun-uzun
dalmalarla, bəzən də başını qaldırıb səmalara
baxanda çəkdiyin "Ah!" nidasıyla keçib gedir.
Yeni illə bağlı yaddaşımı qurdalayanda ən
köhnə milad xatirələrimin üç-dörd
yaşıma təsadüf etdiyini görürəm.
Rusiyanın Penza şəhərinin qar altında qocalan Alenovka
kəndində, "mən də burdayam" ədasıyla səmada
qürrələnən Günəşin ilıq
şüalarının canımızı isitdiyi ayazlı
dekabr günlərində bəzəmişəm ilk şam
ağacını.
O günlər haqqında yalın xatirələrim
çox azdır. Hamısında da şam ağacı, azərbaycanlı
müğənnilərin və meyxana şənliklərinin
kasetləri qarşısında oturub deyə-gülə saat
on ikini gözləyən böyük bir ailə, rus
vodkasının qızartdığı çöhrələr,
anlamadığım bir dildə zarafatların
qovaladığı qəhqəhələr, ayaqlarımı
atanda göz qaraldan bəyazlıqda itib-batdığım
qalın qar və əmimin sınıq-salxaq "Jiqulu"si
var. Yeni il mənim üçün həm də məktəbəqədər
uşaqlıq xatirələrimin əsas mündəricatı,
ilk qəribliyin yeganə bəzəkli xatirələridir.
Yeni ildən bəhs edən rus filmlərinə baxanda
elə bir doğmalıq bürüyür ki canımı, o
günləri niyə bu qədər az
xatırladığım üçün özümü
danlayıram. Ürəyim o qədər sürətlə
döyünür ki, elə bilirəm, yerindən
çıxacaq, əllərimdən tutub məni də yenidən
Alenovkaya, böyük əmimin o isti evinə aparacaq. Sonra birdən
məyusluq, qəhər ballı tort kimi tıxanıb
boğazımda qalır. İndi həmin ev yoxdur, əmim də
tək qalıb, o kənddə də (əmimin dediyinə
görə) daha əvvəlki kimi qeyd edilmir bayram. Elə bil,
böyüdükcə təkcə günlər,
yaşadıqlarım məndən qopub uzaqlaşmır, həm
də sürətlə parça-parça olub həyatın
mən bilmədiyim səmtlərinə səpələnirlər.
Məndən xeyli böyük olan qonşu qızı
və qardaşı gəlib bizim də şam
ağacını bəzəyər, mənim də yerimə
Şaxtababaya məktub yazardı. O yaşımda danışa
bilirdimmi, anlaya bilirdimmi, xatırlamıram. İndi də sadəcə
o qızın və qardaşının çöhrəsi
yadıma düşür. Görəsən, nə
yazırdılar Şaxtababaya? Nə istəyirdilər mənim
yerimə ondan? Bəs görəsən, istədikləri
şeyləri gətirmişdimi Şaxtababa? Bu yaşımda
belə şeyləri fikirləşmək bir yazının
sentimental dozasını artırmaq üçündür, əlbəttə.
Çünki özümü üç yaşlı Rəvanın
yerinə qoyub belə sadəlövh cümlələr yazandan
sonra yadıma düşür ki, saat dörddə-beşdə
küçəmizdə gəzən Şaxtababa qiyafəsindəki
Andrey əmi axşam bizim süfrəmizdə tikanlı xiyar
turşusuyla araq içirdi. Əlbəttə, o nə mənim,
nə Maşanın (qonşumuz), nə də onun
qardaşının məktubunu oxuyurdu, şam
ağacının altından da zərfləri o
götürmürdü.
Beş yaşımda ilk dəfə Azərbaycanda, kəndimizdə
qeyd elədiyim Yeni ildə isə nə Şaxtababa var idi, nə
də mənim ona əvvəlki inamım. Anamın bəzədiyi
şam ağacının yanıb-sönən
işıqlarını isə eyni həyəcanla izləyirdim.
İllər keçdikcə bəzənən şam
ağacları, şaxtababalar, uşaqların ona şeir
oxuması məni həyəcanlandırmırdı və
başa düşürdüm ki, Alenovkada həmin il keçənilkindən
daha sönük bir bayram keçib.
Necə ilişib qalıbsa o kənd ağlımda, elə
bilirəm, İsa Məsih o kənddə doğulubmuş.
Şaxtababalar da dünyanın dörd yanına həmin
qarlı kəndin küçələrindən uçan
marallarına minib gedirlər. Qar qızları, qar adamları
həmin kəndin yaxınlığındakı sıx
meşəlikdən çıxırlar. Həmin meşə
də mənin uşaqlığımın ilk qorxusudur.
Əmimin həyat yoldaşı mənim həmin meşədən
qorxduğumu anlayanda orada pərilərin və əsl
şaxtababaların yaşadığını demişdi.
Demişdi ki, şaxtababalar küknar ağaclarının
altından xoşbəxt günləri dünyaya paylamaq
üçün çıxırlar. Əmimin həyat
yoldaşı rus idi. Yəqin danışdıqları da bir
slavyan mifiydi.
İndi onun dediklərini xatırlayanda bir gün
gözəl günlərin bol-bol yazılacağı təqvimlərin
şaxtababalarla gələcəyinə inanıram.
Dünyanın ən gözəl bənövşələri
bir gün yanvar qarının altından cücərəcək.
Və biz onları bu qaranlıq dünyanın sülh günləri
üçün toplayacağıq.
Beş yaşım olsa və Şaxtababaya inansam, ona
yenə məktub yazardım. Yazardım ki, bu il dünyanın
heç bir yerində müharibə olmasın. Uşaqlar
ölməsin. Ağlamasın uşaqlar. Bu arzunu başqa necə
ifadə edirlər, bilmirəm. Hər yerdən
uşaqların gülüş səsləri gəlsin.
Uçuşan raketlərin yerini qitədən qitəyə
uçan çərpələnglər əvəz eləsin.
Mərmi səsinə oyanan uşaqlar yeni il
mahnılarının zərif notlarına diksinsinlər.
Böyüklərlə işim yoxdur, onlar onsuz da
Şaxtababaya inanmırlar, bayram da onlar üçün ancaq təqvimdə
iş saatlarının olmadığı gündür,
başqa heç nə. Amma uşaqlar üçün bayram,
onun atributları başqa mənalar daşıyır axı.
Materialistlərin dediyi kimi, həqiqətən, dünya bizim
enerjimizlə, sözlərimizlə, arzularımızla idarə
olunursa, qoy bu qoca kainat qulaqlarını ancaq uşaqların
dualarına şəkləsin. Əminəm ki, onun da
üzü güləcək.
Soyuq olsa da, başımızı qaldıranda səmada
günəşi görək. Qara buludlar ancaq tarlaları
suvarmaq üçün topalaşsın. Külək əlimizdəki
yelqovanı oynatmaq üçün əssin. Qar küknar
yarpaqlarında özünə yuva qurmaq üçün
yağsın. Hər şey ümidin təcallası kimi
düşsün dünyaya.
Bu il yaxşı, pis, nəğməli, nəğməsiz
günləri ilə qaldı tarixin əvvəlki səhifələrində.
İki böyük müharibənin güllə səslərinə
vida etmədən üçüncü haqqında
danışırlar səliqəli geyinmiş politoloqlar. Rəqəmlərin
statistikasından mətn uydurub uşaqlara qorxulu
nağıllar danışırlar. Danışmasınlar! Bu
il yaxşı olmayan hər şeydən uzaq düşsün
dünya! Özünə gəlsin, ruhuna qar təmizliyi versin!
Yadıma gəlir ki, böyüdükcə
Şaxtababa nağıllarına inanmadığımız
üçün özümüzü böyümüş və
xoşbəxt hiss edirdik. "Əsl kişi"
olmağımız Şaxtababa nağıllarını
ifşa etməyimizlə başlamışdı. Bu gün isə
anlayıram ki, gözəl günlərin açarı elə
inancların saflığında, ilkinliyindədir. Əgər
dünya bir il gözəlləşəcəksə, mən yenidən
günəşli günlərin carçısı
şaxtababalara inanmağa, ona məktub yazmağa, onu gözləməyə
hazıram.
Rəvan
525-ci qəzet .- 2025.-
26 dekabr (№238).- S.13.