Nazim Rzayev
- möcüzələr yaratmış sənətkar
Bitməkdə olan 2025-ci il bir sıra yubileylərlə
əlamətdar oldu. Həmin sırada Nazim Rzayevin 100 illik
yubileyi diqqətsiz ötüşmədi. Bu münasibətlə
Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında görkəmli dirijor, Azərbaycan Dövlət
Kamera Orkestrinin ilk baş dirijoru və bədii rəhbəri,
Xalq artisti Nazim Rzayevin anadan olmasının 100 illik yubileyinə
həsr olunmuş konsert keçirilmişdi. Konsertdə Qara
Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri
çıxış etmiş, orkestri dirijor Əyyub Quliyev məharət
və xüsusi şövqlə idarə etmişdir. Konsertin
solistləri violin ifaçısı Elvin Hoca Qəniyev və
metso-soprano Aytac Şıxəlizadə olmuşdur.
Konsertin əsas ideyası və məqsədi Azərbaycan
musiqi mədəniyyətində silinməz iz qoymuş Nazim
Rzayevin zəngin yaradıcılıq irsini xatırlamaq, onun Azərbaycan
musiqi tarixində rolunu bir daha vurğulamaq idi. Bu baxımdan
proqramın məzmunu və seçilmiş əsərlər
xüsusi dramaturji məntiqə əsaslanaraq tərtib
edilmişdi.
Konsertin giriş sözü sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət
xadimi, professor Zümrüd Dadaşzadəyə həvalə
olunmuşdu. Zümrüd xanım
çıxışında Nazim Rzayevin sənətkar
obrazını 60-cı illər musiqi mədəniyyəti
kontekstində təqdim edərək, onun Azərbaycan musiqisi
üçün əfsanəvi şəxsiyyət olduğunu
qeyd etdi. Çıxış zamanı dirijorun həyat və
yaradıcılıq yolu, təhsili, tutduğu vəzifələr
və onun dirijorluğu altında səslənmiş Azərbaycan
musiqisinin şah əsərləri və dünya musiqisi əsərləri haqqında ətraflı məlumat
verildi.
Konsertin proqramı Hendelin 3 saylı "Su üzərində
musiqi" süitası ilə açıldı. Barokko
dövrünə aid bu əsərin proqramın əvvəlində
səsləndirilməsi təsadüfi deyildi. Məlum
olduğu kimi, Nazim Rzayev öz fəaliyyətində barokko
musiqisinə xüsusi önəm vermiş və həmin
dövrün nadir ifa olunan nümunələrini kamera orkestrinin
repertuarına daxil etmişdir. Orkestr Hendelin musiqisini üslub
xüsusiyyətlərinə uyğun olaraq yüngül
faktura, aydın frazirovka və balanslı dinamika ilə təqdim
etdi.
Proqramın növbəti əsəri Feliks Mendelsonun
violin və orkestr üçün re minor konserti oldu. Bu əsərdə
solist kimi Elvin Hoca Qəniyev çıxış etdi. Solistin
ifası yüksək texniki məharəti ilə
yanaşı, dərin bədii duyum və emosional zənginliklə
seçilirdi. Elvin Hoca Qəniyevin səhnə
davranışı, bədən plastikasının musiqi ilə
vəhdəti onun əsəri bütöv şəkildə
qavradığını açıq şəkildə
nümayiş etdirirdi. İfa dinləyicilər tərəfindən
böyük rəğbətlə qarşılandı.
Solistin alqışlara cavab olaraq proqramdan kənar Antonio
Vivaldinin "İlin fəsilləri" silsiləsindən
bir hissəni ifa etməsi konsertin emosional təsirini daha da
gücləndirdi.
Qeyd edək ki, E.H.Qəniyevin bu gecədə
iştirakı təsadüfi deyildi. Onun babası, müqtədir
musiqiçi Sərvər Qəniyev Azərbaycan Dövlət
Kamera Orkestrinin ilk konsertmeysteri və solistlərindən
olmuş, 80-ci illərdə Nazim Rzayev Türkiyədə
yaradıcılıq ezamiyyətində olarkən orkestrə
bir müddət rəhbərlik etmişdi.
Konsertin davamında Qara Qarayevin "Mən sizi
sevirdim" və "Gürcüstan təpələrində"
romansları səsləndi. Bu əsərlərin proqramda yer
alması da dərin simvolik məna daşıyırdı.
Fikrət Əmirovla bahəm, Qara Qarayev Azərbaycan Dövlət
Kamera Orkestrinin yaranmasının əsas təşəbbüskarlarından
biri olmuş, Nazim Rzayev isə bu romansları məhz kamera
orkestri üçün işləyərək onlara yeni nəfəs
vermişdir. Solist Aytac Şıxəlizadənin ifası səs
tembrinin zənginliyi, mətnin emosional dərinliyinin incə
şəkildə çatdırılması və orkestr ilə
harmonik vəhdəti ilə seçilirdi.
Bakıda ilk dəfə ifa olunan Adam Veselovskinin "Mələklərin
mahnısı" əsərinin səsləndirilməsi
konsertə xəfif kədər aşılanmış lirik
notlar gətirdi və proqramın üslub rəngarəngliyini
artırdı. Ardınca
Çaykovskinin "Gün hökm sürür"
romansı ifa olundu ki, bu da proqramın lirik xəttini daha da
gücləndirdi.
Konsertin sonuna yaxın dirijor Əyyub Quliyev qısa
çıxış edərək Nazim Rzayev irsinin Azərbaycan
musiqi mədəniyyəti üçün əhəmiyyətini
vurğuladı və bu irsin davamlı şəkildə tədqiq
olunmasının vacibliyini qeyd etdi. Konsert Fikrət Əmirovun
"Min bir gecə" baletindən "Şəhrizadın
bayramı" və final səhnəsinin ifası ilə
yekunlaşdı. Həmin musiqi parçasının ifası
da təsadüfi deyildi. Bəllidir ki, məhz Nazim Rzayev
"Min bir gecə" baletinin ilk musiqi rəhbəri
olmuşdur. Bu möhtəşəm final proqramın ideya və
emosional kulminasiyası oldu.
Ümumiyyətlə, konsert həm əsər
seçimi, həm ifa səviyyəsi, həm də ideya
yükü baxımından yüksək bədii dəyərə
malik idi. Gecə Nazim Rzayev şəxsiyyətinin və irsinin
layiqincə anılması ilə yanaşı, Azərbaycan
musiqi həyatında kamera orkestrinin rolunu bir daha nümayiş
etdirdi. İfaçılara və orkestrə gələcək
yaradıcılıq fəaliyyətlərində uğurlar
arzulayır və ümid edirik ki, Nazim Rzayevin zəngin irsi
bundan sonra da layiqincə yaşadılacaqdır.
Fəxriyyə MƏMMƏDOVA