Kamal Abdulla:
"Yaradıcı şəxs kimi 2025-ci il mənim
üçün uğurlu oldu"
XALQ YAZIÇISI, AKADEMİK KAMAL ABDULLANIN YARADICILIQ
HESABATI BARƏDƏ
Bildiyiniz kimi, dekabrın 4-ü Azərbaycan Dillər
Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal
Abdullanın 75 yaşı tamam olub. Bununla əlaqədar
olaraq, yaxın vaxtlarda həm ölkə daxilində, həm də
xaricdə yerləşən müxtəlif universitetlərdə,
eləcə də mədəniyyət ocaqlarında Kamal
Abdullanın yaradıcılıq hesabatı ilə
bağlı silsilə elmi-mədəni tədbirlər
keçirilib.
Bu tədbirlərlə bağlı açıqlama
verən Xalq yazıçısı 2025-ci ilin sonlarına
yaxın əsərləri əsasında
hazırlanmış tamaşalar barədə söhbət
açıb: "Bu yaradıcılıq hesabatı ilə
bağlı məni təbrik edən bütün nazirliklərə,
qurumlara, təşkilatlara, dostlara öz dərin təşəkkürümü
bildirirəm. Həqiqətən də, 2025-ci il, xüsusən,
ilin sonları bir yaradıcı şəxs kimi mənim
üçün uğurlu oldu. Bakıda, Naxçıvanda,
Füzulidə, Qazaxda dörd müxtəlif əsərimin
tamaşası hazırlanıb tamaşaçılara təqdim
edildi. Onların hər biri xüsusi səmimiyyət və
qayğı ilə hazırlandı. Həmin teatrların rəhbərliklərinə,
tamaşların rejissorlarına və aktyor heyətinə dərin
təşəkkürümü bildirirəm".
Akademik həmçinin bu il nəşr edilən bir
sıra kitablar barədə söhbət açıb:
"AMEA-nın müxbir üzvü, professor, yaxın dostum
Rafiq Əliyevlə birgə qələmə
aldığım, qeyri-səlis məntiq nəzəriyyəsinin
yaradıcısı, dünya şöhrətli azərbaycanlı
alim Lütfi Zadənin xatirəsinə həsr olunan
"Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq"
kitabı məşhur, dünyanın ən böyük elmi nəşrlərindən
biri "Springer" nəşriyyatında çap olundu.
İngilis dilində oxuculara təqdim olunan kitab Dədə
Qorqud və qeyri-səlis məntiq sahəsində aparılan
ilk tədqiqat əsəri kimi böyük maraqla
qarşılandı. Bundan əlavə, Rafiq Əliyev və
Türkiyənin keçmiş təhsil naziri Ziya Səlcuqla
birgə qələmə aldığımız
"Uşaqlar üçün qeyri-səlis məntiq"
kitabı "Qanun" nəşriyyatında çap edildi.
Kitab qeyri-səlis məntiqin banisi, dahi Azərbaycan-amerikan
alimi Lütfi Zadənin arzusunu həyata keçirmək məqsədini
güdür. Görkəmli alim bu nəzəriyyənin ən
ümumi şəkildə məktəblərdə tədrisini
arzu edirdi".
Qeyd edək ki, qeyri-səlis məntiq prinsipləri xalq
yaradıcılığına, dastana ilk dəfədir ki, tətbiq
edilən kitabın "Springer" nəşriyyatında
çap olunması Azərbaycan ədəbiyyatının,
folklorunun dünya ədəbi prosesində təbliği
baxımından bir ilkdir və Azərbaycan folklorunu,
Qoqudşünaslığı dünya oxucusuna
aşılayan, tanıdan ilk araşdırma əsəridir.
Kamal Abdulla eyni zamanda yenicə çapdan
çıxmış, xatirələrini əks etdirən nəşr
barədə də məlumat verib: "Bu il
uşaqlığım, dostlarımla bağlı xatirələrimi
də qələmə aldım və o xatirələrin yer
aldığı "Unutmağa kimsə var" kitabı da
"Qanun"da işıq üzü gördü. Həmçinin
"Gizli Dədə Qorqud" adlı ümumiləşdirici
kitabım çapdan çıxdı. İndiyə qədər
bu mövzuda yazdığım, araşdırdığım
materialları bir yerə topladım. Və nəhayət, yeni
yeddiccildliyim çap edildi. Həmin yeddicildlikdə şeirlərim,
pyeslərim, hekayələrim, müsahibələrim və s.
yer aldı. Ən maraqlısı odur ki, həmin yeddicildlikdə
"Kamal Abdulla və süni intellekt" adlı hissə də
işıq üzü gördü. Həmin hissədə
süni intellektin mənim haqqımda dedikləri əksini
tapdı. Nə mən süni intellekti tanıyıram, nə
o məni tanıyır. Amma elə gözəl şəkildə
yaradıcılığımı təhlil edib ki, məəttəl
qalmışam".
Xalq yazıçısı açıqlamasında
bildirib ki, yaradıcılıq hesabatı ilə əlaqədar
Ankarada Türk mədəniyyətini araşdırma
İnstitutunda, İstanbulda Mərmərə Universitetində,
İğdır Universitetində, Naxçıvan Dövlət
Universitetində, Bakı Dövlət Universitetində onunla
bağlı elmi simpoziumlar keçilib.
Kamal Abdulla bu yaxınlarda Azərbaycan Dövlət
Akademik Musiqili Teatrında premyerası keçirilən
"Əsgər və Gülçöhrə"
tamaşası barədə fikirlərini də
bölüşüb: "1945-ci ildə çəkilən
"Arşın mal alan" filminin quruluşçu rejissoru mənim
dayım Rza Təhmasib olub. Yəqin, başa
düşdüyüm və düşmədiyim daxili hisslərimin
cövlan etməsi nəticəsində həmin
"Arşın mal alan"a başqa prizmadan baxdım.
Əslində, bu pyes "Arşın mal alan"ın
davamı yox, "Arşın mal alan"ın təsvir etdiyi
həyatın davamıdır, həmin hadisənin başqa
işıq altında nəzərdən keçirilməsidir.
Tamaşanın rejissoru Əsgər Əsgərovun
quruluşu, Cavanşir Quliyevin bəstəsi, aktyor oyunu
yüksək səviyyədə idi".
Kamal Abdulla sonda Akademik Milli Dram Teatrında
yaradıcılıq hesabatının bu illik yekunu kimi
nümayiş edilən "Sehrbazlar dərəsi" əsərinə
görə teatrın rəhbərliyinə, həmçinin
Teatr Xadimləri İttifaqının yubiley və
yaradıcılıq hesabatı ilə bağlı xüsusi tədbir
və təbrikinə görə Xalq artisti Hacı
İsmayılov başda olmaqla, ittifaqın əməkdaşlarına
minnətdarlığını bildirib.
SEVİNC