Bağlı qapılar kilidi
O, xan qızı idi və əsil-nəsildən gələn
kübarlıq onunla həmişəlik qaldı. Həyatının
sıxıntılı, ehtiyac içərisində
yaşadığı günlər də az
olmamışdı. Rahat həyata alışmış
insanın məişət müşküllərinə
dözməsi həmişə ağrılı keçir və
belə məqamlarda onların bir çoxu müvazinətini
itirir, ömür nahamvarlıqları onların xasiyyətini,
təhər-tövrünü də dəyişə bilir.
Ancaq Heyran xanım kübarlığını, alicənablığını
ömrün sonunadək hifz etməyi bacaranlardan oldu. Yəni
yalnız şeirində deyil, elə həyatda da öz ləyaqətli
sifətini daim qoruya bildi.
Unudulmaz Qulam Məmmədli XX yüzilin
qırxıncı illərində, Təbrizdə işlədiyi
vaxtlarda onu Heyran xanımın söz aləminə aşina
etmiş Hacı Məhəmməd Naxçıvaninin bir dəfə
şairənin həyatından ibrətli hekayət söylədiyini
xatırlayırdı və bu haqda mənə 1990-cı illərin
əvvəllərində hazırladığım radio
verilişində söz açmışdı. Bu əhvalatı
Hacı Məhəmməd Naxçıvaniyə Heyran
xanımın qohumlarından biri nağıl edibmiş.
Zəlzələ Heyran xanımın özünün
yaşadığı mülkə də ciddi ziyan vurubmuş,
əqrəbasından da ona ümid bağlayan bir neçəsinin
də ev-eşiyini yerlə-yeksan edibmiş. Başqa
ağız açacaqları kimsə olmadığından o
qohumları, heç olmazsa, qışdan
çıxmaqçün yüngülvari də olsa bir ev tikməkdə
maddi köməklik göstərməsindən ötrü
Heyranın qapısını döyüblərmiş. O
çağlar özünün də güzəranı sən
deyən fərli olmayan Heyranın əlində vəsait olmasa
da, alacaqları varmış. Ona görə də yardım təvəqqesi
ilə onun yanına gələn qohumlarını arxayın
etmişdi ki, yaxın günlərdə istədiyinizi verəcəyəm.
Lakin Heyrana borc qaytarmalı olan və yetərincə
sözübütöv şəxs İstanbula səfərində
özündən asılı olmayan səbəblərdən
ləngiyir, üzrxahlıq məktubu yazaraq İrana vəd
etdiyi vaxtda gəlib çıxa bilmədiyini xəbər
verir.
Heyran bu izahla ondan kömək uman qohumlarına bir az
gözləməyi təklif etməyi şəxsiyyətinə
sığışdırmır, imkanlı bir qonşu ərbabdan
tezliklə qaytaracağı şərti ilə borc istəyir.
Var-dövlətin harınlaşdırdığı o adam
"verməyinə verərəm, amma gərək girov
qoyasan" deyir. Heyranın evində qır-qızılı,
xalı-xalçası, həyətində mal-qarası
varmış, ancaq onları deyil, öz əliylə
yazdığı və ən dəyərli sərvəti
hesab etdiyi "Divan"ını gətirir ki, "mənim
bundan əziz, bundan ziqiymət yatırım yoxdur. Bunu bir
başqasına etibar etmək ürəyimi orada qoymaq kimidir.
İki-üç həftəyə aparacağım borcu
qaytarıb bunu geri götürərəm".
Ərbab rişxənd edir ki, "bu nə girovdur? Mən
sənə bir ətək pul verirəm, sən mənə
kağız-kuğuz. Başqa nəyin var?"
Vüqarlı Heyran xanım kəlmə kəsmədən
qalxır, evinə qayıdaraq zinət əşyalarını
bir tanışa verir ki, aparıb dəyər-dəyməzinə
satsın, sonra da həmin pulları ev tikdirmək istəyən
qohumlarına göndərir.
Və bu, fələyin dərslər verən gərdişidir.
Aylar ötür, illər dolanır, axşamlardan birində həmin
ərbab Heyran xanımgilə təşrif gətirir. Deyir ki,
qonşu, eşitmişəm sizin şah ailəsi ilə
yaxınlığınız var, mənim dərbardan keçən
bir mühüm işim var, bircə kəlmə ağız
açsanız, həll olunar.
Heyran qayıdır ki, deməyinə deyərəm,
ancaq ondan əvvəl sizi bir mətləbdən hali edim. Onu
deyim ki, mənim şah ailəsi ilə
yaxınlığıma səbəb nədir, niyə mənim
sözüm oralarda keçə bilər.
İşarə eləyir divardakı taxçaya
sarı. Deyir, görürsünüzmü o rəhilin
üstündəki əlyazmanı. O, mənim
"Divan"ımdır, bu evdəki və həyatımdakı
ən ali var-dövlətim. O "Divan"ın, oradakı
şeirlərin sayəsində şah ailəsi məni
tanıyıb, həmin şeirlərə görə mənim
xətrim əziz tutulur, həmin şeirlərə görə
mənim sözüm o mərtəbədə də
keçir. Onlar da bu "Divan"a quruca kağız-kuğuz,
qiyməti olmayan bir şey kimi baxsaydılar, nə məni
tanıyardılar, nə belə hörmət-izzətim
olardı, nə də sizin kimi möhtərəm bir adam evimə
gələrdi ki, onun işinin düzəlməsindən
ötrü ağız açım.
Qulam müəllim bunu da danışırdı ki,
Hacı Məhəmməd Naxçıvani həmin hekayəti
nəql edəndən sonra sözünə belə bir
düşündürücü təfərrüatı əlavə
edibmiş: işləriylə əlaqədar bir gün yolu
Xoya düşür və şəhərdəki vəzifə
sahiblərindən olan dərin savadlı biri ilə söhbətində
onun məhz həmin ərbabın nəvəsi olduğunu
bilincə heyrətlənir. Söz sözü çəkir və
həmin adam qayıdır ki, sizin "Ərməğan"
məcəlləsində qadın şairlərimiz haqqında
dərc edilmiş məqalənizi oxudum, orada Heyran
xanımın da adını, şeirlərini görüb
çox məmnun qaldım.
Bunu deyir, ardınca da başlayır Heyran
xanımın şeirlərini ifadəli bir tərzdə əzbər
söyləməyə.
Söyləyir ki, mənim atamgil dörd qardaş idilər,
biz beş qardaşıq. Hamımızın evində
Heyranın "Divan"ı var. Babam o "Divan"dan usta qələmli
bir xəttata xeyli nüsxə
köçürtdürübmüş,
oğlanlarının hərəsinə bir neçə
nüsxə veribmiş ki, siz də bunu balalarınıza hədiyyə
edərsiniz. Xüsusi ehtiram bəslədiyi şəxslərə
də həmin "Divan"ın nüsxəsini pay verər,
tövsiyə edərmiş ki, hökmən mütaliə
etsinlər. Oğlanlarına, nəvələrinə isə vəsiyyətiymiş
ki, bu "Divan"dakı şeirləri əzbər bilsinlər.
Həmin xoylu ağsaqqal sözünü belə
tamamlayıbmış ki, babamızın bütün şairlər
arasından niyə məhz Heyran xanımı seçərək
onun "Divan"ını üstün tutmasının, niyə
bu şeirləri əzbər öyrənməyimizi məsləhət
görməsinin səbəbini bilmirdik, ancaq şeirləri
oxuduqca sevmişdik, yaddaşımızda qalmışdı və
babamızın vəsiyyəti olduğundan mən də,
qardaşlarım da bu adəti balalarımıza təlqin
etmişik.
Xoylu kişi babasının Heyran xanıma niyə
bunca vurğunluğunun səbəbini bilmirdi, Hacı Məhəmməd
Naxçıvani isə mətləbdən hali idi.
Agah idi ki, bir nəslin övlad-övlad
ötürülən Heyran sevgisinin ardında əslində
haçansa buraxılmış bir səhvin
üzrxahlığı, Heyran xanımın sözünə,
şeirinə göstərilmiş biganəliyin
günahının yuyulması dayanır.
İranda da, Osmanlı sarayında da müxtəlif
vaxtlarda şeirə mail qadınlar tək-tək olmuşdusa
da, Fətəli şah Qacar ailəsində şair xanımlar
bütün başqa çağlara nisbətən daha
çox idisə də, onların qələmə
aldığı şeirlər hərəmxana ədəbiyyatı
çərçivəsindən qırağa
çıxmırdı. Elə Avropada da XVI-XIX əsrlər
arası saray xanımları arasında şeir qoşmağa
maraq göstərənlərdən qalan mənzumələr də
həmin məmzumələr biçimindədir.
Ancaq Heyran xanımı onların heç biri ilə əsla
müqayisə etmək olmur. Çünki onun şeirləri
təkcə şəxsi hissləri kağıza tökərək
ürək boşaltmaqçün yazılmamışdı.
Heyran bir başqasına göstərilməyən dəftərdə
sırf özü üçün yazanlardan deyildi.
İçərisinin genişliyi, təsvir etdiyi gerçəklər
və ağrılar baxımından bu şeirlər nəinki
sıra-sıra o əsilzadə xanımın
qoşduqlarından, hətta son 3-4 əsrdə hamının
şair kimi tanıyıb etiraf etdiyi bir sıra başqa
peşəkar şair qadınların doğurduqlarından da əhəmiyyətli
dərəcədə seçilirdi. Heyran xanım həm də
cəmiyyətin şairi idi.
Böyük ölçüdə bu məziyyət Azərbaycanın
şair qadınına tarixin bütün dövrlərində
xas olub. Eyni keyfiyyət XI-XII yüzillərdə söz
meydanında olan Məhsəti Gəncəvidə, Rəziyyə
Gəncəvidə, Doxtər-i Xətibdə də vardı,
XIV əsrin şairəsi Doxtər-i Nəimidə də, səsləri
XIX yüzilin şeir mühitində yüksəlmiş Tahirə
Qürrətüleyndə (1817-1852), Qönçəbəyimdə
(1827-XIX yüzilin sonları) də, Xurşidbanu Natəvanda
(1832-1897) da, aşıq-şair Bəstidə (1836-1936) və
onlardan sonrakı əksər qadın şairlərimizdə də.
Çərçivələrə
sığmamaqlıq və dövrün cərəyanlarına
biganə qalmamaqlıq Heyran xanımda da yetərincə
qabarıq idi. Bu duyğular onda sonacan qaldı və hətta
çox sinli əyyamlarında yazdığı bir şeirində
ömrü yenidən başlayaraq təzədən yolu məhz
elə həmin təhər davam etdirmək arzusunu dilə gətirirdi:
Nedim ki, istəyimin əksinə dönər
dövran?!
Belim büküldü, qara saçlarım
ağardı mənim,
Qocalmışam bu cəfakar çərx əlindən,
aman!
Əgər vüsal nəsib olsa bir də dünyada,
Cavan olub təzədən başlar ömrünü
Heyran.
1831-ci ildə Güneyə, Xoy tərəflərə
ağır bəla gəlmişdi - vəba
yayılmışdı və qısa zaman içərisində
minlərlə insanı caynağına alıb
aparmışdı. Bu bir millət dərdi, cəmiyyət
nisgili idi və el təəssübkeşi bu fəlakətə
necə laqeyd qalaydı?!
Həkim deyildi dava-dərman yazsın,
varlı-hallı deyildi ki, bu müsibətə düçar
olmuş ailələrə yardım əlini uzatsın.
Gücü qələminə çatırdı və
sözü ilə həmdərd olurdu, acılara şərik
çıxırdı, ancaq camaat arasında yayılan
yazdıqları ilə kömək göstərmək
imkanı olanları səfərbər edirdi, seyrçi
qalmamağa səsləyirdi.
Elə dağıdıcılığı, gətirdiyi
dərd-ələmlə vəbaya tay olan ayrı bir müsibət
baş vermişdi - Təbriz növbəti dəfə
güclü silkələnmişdi. Zəlzələnin
cavanına-qocasına məhəl qoymadan həyatını əlindən
aldıqlarının arasında Heyran xanımın da qohum-əqrəbası
vardı. Ancaq Heyran xanımın faciələr gətirən
bu hadisədən bəhs etməsinə səbəb təkcə
o dərdin öz nəslinin də taleyindən keçməsi
deyil, məhz el dərdi olmasıydı. Saysız-hesabsız cəsəd
çöllərdə sahibsiz qalmışdısa, can
hayında olan salamat qalmışların ölüləri
torpağa tapşırmağa belə macalı yoxdusa, bu qəm
qana dönüb şair ürəyindən necə
axmayaydı?
Oldu, ya Rəbb, həlak insanlar!
Suvarıb torpağı qızıl qanlar.
Oldu çöllər cavanlara mədfən,
Çoxlarına nə qüsl var, nə kəfən.
Sinəsi dağlı, gözləri giryan,
Minlər ilə ana edər əfqan.
Bala dərdilə cümləsi ağlar,
Nə bir ehsan, nə xətm-i "Quran" var.
Baxasan, hər tərəf cəsəd dolu,
Bağlanıb xalq üçün nicat yolu.
Söz sərrafı Məhəmmədəli Tərbiyət
"Danişməndan-i Azərbaycan"da Heyran xanım
haqqında yığcam bilgilər verərək onun surətini
bütövlüyü ilə təqdim etmək istərkən
hansısa qəzəlindən, rübaisindən, məhəbbət
şeirindən yox, qələmini səciyyələndirəcək
örnək olaraq məhz cəmiyyət göynərtilərini
və sancılarını əks etdirən
qoşqularından parçaları seçib
qabardırdı. Çünki Heyran xanımın
"Divan"ı ilə tanışlığın bu
söz bilicisində yaratdığı ilk (və sonradan dəyişilməsi
çətin olan düzgün) təəssürat bu
şairin yaradıcılığının ən üzdə
olan xüsusiyyətinin məhz həmdərdlik nəcibliyi, mərhəmət
duyğusu olması idi. Ustad Tərbiyət Heyran xanımın
Təbrizdə, Xoyda, Marağada yayılmış vəba ilə
bağlı şeirindən müdhiş xəstəliyin vahiməsi
saçılan misraları gətirirdi:
Ey Xoda, şiəyan həlak şodənd,
Noucəvanan be zir-e xak şodənd
Madəran delşekəste vo nalan
Borde şuyənd bəhr-e fərzəndan.
Ey Xoda, in bəla şədid şode,
Əz fərəc xəlq naomid şode.
Əlini göylərə qaldırıb Tanrıya
müraciət edir ki, "Ey Xuda! Şiələr, yəni əhali
məhv olub getdi, cavanlar torpağa gömüldülər, qəlbi
qırılmış analar ağlar qalıb, ölüb
getmiş balalarından ötrü ağlayırlar".
Yerdə heç kəsdən imdad yoxdur, ona görə
yenə çarəni Allaha müraciətdə görür:
"Ey Pərvərdigar! Bu bəla çox şiddətli bir
bəla oldu. Bu bəladan xalqa nicat yoxdur".
Heyran gözündən yaşlar daman belə
hüznlü şeirlər yazırdı, ancaq
misralarındakı dərd-fərəh nisbətini də dərhal
tənzimləməyə cəhd edirdi. Çünki istəmirdi
ki, şeirlər məcmuəsi elə qəm
"Divan"ı olsun. Vəba və zəlzələ
sarsıntıları, iniltiləri çökmüş
şeirlərinin ardınca yaralara məlhəm olan, təsəlli
gətirən, ovunduran, acıları unutduran, ümid
bağışlayan mənzumələr yaradırdı.
Yarın ləbi, gör, ləl-i Bədəxşanı
bəyənməz,
Dürc-i dəhəni qönçe-yi xəndani bəyənməz.
Yarın məh-i ruyini görən ruy-i zəmində,
Göydə dolanan mehr-i derəxşani bəyənməz.
...Heyran əgər tutsa vətən yar dərində,
Gəlməz gözünə, rövze-yi rizvani bəyənməz.
Bu şux ovqat, məhəbbət havası daha
çox Heyran xanımın rübailərində duyulur. Vaxtilə
Heyranın farsca yazdığı rübailərindən
yalnız 10-u azərbaycancaya çevrilib. Lakin şairin
"Divan"ının həm öz xətti ilə
yazılmış, həm də katiblər tərəfindən
köçürülmüş nüsxələrini
qarşılaşdıranda bütövlükdə onun
azı bu əlyazmalarda 31 rübaisi olduğunu
görürük.
Birincisi, müşahidə olunan bu mənzərə o
qənaəti yaradır ki, Heyran xanımın irsinin əksini
tapdığı bəlli əlyazmaları tutuşduraraq onun
irsinin bütöv mətnini tərtib etmək vacibdir və
ana dilindəkilər öz yerində, amma həm də
şairin farsca yazdıqları da tam halda xalqa çatsın
deyə indiyədək edilməmiş tərcümələri
də yerinə yetirərək
hamınınkılaşdırmalıyıq. Elə
çaparaq etdiyimiz bir neçə rübai tərcüməsi
bu qəbil şeirlərin böyründən etinasız
ötməyin insafdan olmadığını
pıçıldayır.
Məndən sənə salam, yar-i vəfadar,
Ey qəlbə həm hakim, həm olan qəmxar.
Kipriyi xəncərə, qaşı qılınca
Heyrandan iki yüz dəfə salam var.
O kəs ki yönəltdi məni sən sarı,
Mənim kimi düşsün kuyindən ayrı.
Səndən ayrı düşmək qismətmiş
mənə,
Görməyəydim səni əvvəldən
barı.
Sən ey üzü, özü, ətri gül olan,
Çiçəklər açılar harda otursan.
Gül üzündən ayrı, ey huriçöhrə,
Gül də qumru kimi eləyər əfqan.
Nə qəm, etsə məni qəmlər ixtiyar,
Yardan ayrılıqda daha çox qəm var.
Zəmanə Yusifi oxşasa məni,
Gəncləşərəm, həyat təzədən
başlar.
Könlüm o gülüzün qəmin
daşıyar,
Yoxsa ki, güllərdən nə gileyim var?!
Bu odlanmış sinəm dağlarla dolu,
Hər dağ bir həmdəmdən qalıb yadigar.
Heyran xanım ədəbi ənənələrə
sədaqətli qalan söz ustası idi və bunun əyani
göstəricisi "Divan"ındakı səsləşmələrdir.
Onun "Divan"ında həm Azərbaycan şeirindəki sələflərinə,
həm də Yaxın-Orta Şərqin adıbəlli
ustadlarına yazdığı silsilə nəzirələr
var. Tarixin qəbul edib zirvələr ucalığına
qaldırdığı böyüklərə cavablar
yazmağın öz məntiqi var. Bu, şairin yetkinliyinin,
hansı səviyyə ilə "oturub-durmasının"
nişanəsidir. Orta çağda həm geniş ədəbi
mühitdə, həm də şairlərin
toplaşdığı ədəbi məclislərdə məşhur
şairlərin seçmə şeirlərinə nəzirələrini
oxumaq ustalıq imtahanı hesab edilirdi.
O, farsdilli şeirin nəhəngləri - "farsdilli
şeirin Adəmi hesab edilən" Rudəkiyə də,
Şeyx Sədi Şiraziyə də, Xacə Hafiz Şiraziyə
də cavablar yazıb, türkdilli şeirdə eyni əzəmətin
daşıyıcısı olan İmadəddin Nəsimiyə
də, Məhəmməd Füzuliyə də, Saib Təbriziyə
də.
Lakin Heyranın bu birinci dərəcəli
ulduzların yanında sayrışan, amma cazibəsi ilə elə
həmin siqlətdə olan kimi görsənən farslara - Vəhşi
Kirmaniyə, Ürfi Şiraziyə də bənzətmələri
gözəldir, özümüzünkülərdən
İzzəddin Həsənoğluya da, Qövsi Təbriziyə
də oxşatmaları ləzzətlidir.
Heyran xanımın bənzətmələrini səciyyələndirən
bir özəllik də var. Onun nəzirələri, təxmisləri
yalnız əvvəlki klassikin yaratdığı qəlibi
bir başqa şəkildə, bir az da cilalayaraq təqdim etməklə
bitmir, hər cavabında hökmən Heyranın öz surəti
də cilvələnir, yeri düşdükcə zəmanəsi
də görünür. Fəqət söz yox ki, hər nəzirə
ilk növbədə qabiliyyət nümayişi, şairin qələminin
nə dərəcədə yetişkənliyinin təcəssümü
idi.
Ahəste ran, ey karevan, aram-e canəm mirəvəd,
Van del ke bas xod daştəm, ba delsetanəm mirəvəd.
Ahəstə get, ey karvan, aram-i canımdır gedən,
Yar könlümü almış mənim, ruhi-rəvanımdır
gedən.
Sədinin bu zərif və zamansız qəzəlinə
XIII yüzildən Heyran xanım dövrünədək
çox bənzətmələr yazılmışdı. Bir
nəzirəni də Heyran xanım qələmə aldı,
ancaq onun yazdığı əvvəlkilərin
hamısından seçildi. Çünki bu şeirin içərisində,
əvvəlki şairlərdən fərqli olaraq, həssas bir
qadın qəlbi çırpınmaqdaydı. Bu şeirdə
də Heyranın sözünü kimə dediyi bəlli idi. Bu
həsrətli nəzirə-qəzəlinin qəhrəmanı
Naxçıvandan məcburən köç edilərkən
ayrı düşdüyü nişanlısı idi:
Ey sariban, rəhm et mənə, bir bax ki, cananım
gedir,
Qoy getməsin o sərvboy, səbr ilə imanım
gedir.
Düşdüm o gəncdən ayrı mən,
qıvrıldı canım qüssədən,
Qıvrım saçında gizlənib bu aşikar
canım gedir.
Bu qəzəlində isə Heyran xanım Füzuli
babası ilə üzbəüz idi. Füzuli XVI yüzildə
belə yazırdısa:
Tutuşdu qəm oduna şad gördügün
könlüm,
Müqəyyəd oldu ol azad gördügün
könlüm.
Diyari-hicrdə seyli-sitəmdən oldu xərab,
Fəzayi-eşqdə abad gördügün
könlüm.
İki əsrdən də bir az sonra Heyran
özünü "qəm dağı" adlandıran ulu
ustada öz qəmlərini belə açırdı və bu
qəzəl də sadəcə nəzirə deyildi,
Heyranın öz taleyindən keçənləri Füzuli tərzində
bəyan etməsi idi:
Olubdu qəm yatağı şad gördüyün
könlüm,
Dağıldı qüssədən abad
gördüyün könlüm.
Diyar-i qəmdə giriftar ü dəstgir oldu,
Kəmənd-i firqətə azad gördüyün
könlüm.
Fəraq dərdinə axtardı, tapmadı çarə,
Cəmi hikmətə ustad gördüyün könlüm.
Ömrün onilləri keçdikcə, yaşın
üstünə yaş qalandıqca Heyran xanımın
sözünün çöhrəsi də dəyişməyə
başlayır. Artan yaşın bir özəlliyi olaraq da nəsihətçilik,
öyrədicilik də Heyran xanımın şeirində yer
almağa başlayır. Onun qitələrindən biri
başdan-axıracan nəsihətdir, həm də
ifşadır.
Heyran bütün yaradıcılığı boyu saf
olmuşdu. Birüzlülüyü, dürüstlüyü,
səmimiyyəti təbliğ etmişdi. Ancaq həyat idi, hər
cür insan görürdü. Riyakarları da, qəlpləri
də, saxtaları da görürdü və bu şeir elə
onları nəzərdə tutaraq yazılmışdı:
Dünyada on şey ağırdır aqilin zənnincə,
bil,
Gərçi mümkün olsa idi, eylərəm ərz-i
hüzur.
Nədən ibarət imiş aqilləri incidən bu
on xüsusiyyət, bu bəd sifətlər? Bir-bir sadalayır
Heyran xanım:
Naz-i aşiq, zöhd-i fasiq, bəzl-i tame, həzl-i rəzl,
Cilve-yi məşuq-i bədşəkl ü nəzərbazi-yi
kur.
Bəd səsin zənguləsi, əbləhlərin
alimliyi,
Bəhslə mehmannəvazlıq, həm gəda
işlətsə zur.
Heyran xanımın bu qitəsini dilimizə Məmmədağa
Soltan çevirib və 6 misralıq şeirin
bütövlüyünü və orijinaldakı beyt
sayını qoruyub saxlamaqçün ifadələri elə
şeirin farscasında olduğu kimi saxlayıb. Əlbəttə
ki, onları da çevirmək olardı, ancaq o halda istər-istəməz
şeirin həcmi ikiqat arta bilərdi. Lakin sadə oxucunun da bu
əskiləşmiş, amma mahiyyəti ilə
oturuşmuş istilahlar olan deyimləri anlaması çətindir,
ona görə də həmin ifadələrin
açımına, yozulmasına lüzum var.
Heyranın insanda görmək istəmədiyi keyfiyyətlərdən
biri "naz-i-aşiq"dir. Yəni aşiqin naz etməsi. Məşuqun
naz-qəmzəli olması bir ənənədir. Ancaq
aşiqin özünü məşuqun yerinə qoyaraq etdiyi
neyni davranış artıq qaydadan kənara
çıxmaqdır. Heyranın görmək istəmədiyi
ikinci qəbahətli hərəkət "zöhd-i
fasiq"dir. Fasiq - fisq ü fücur əhli, gecə-gündüz
günahlara batan, ən bəd əməllərə əl
atan, həlləm-qəlləm adamlardır. İbadət məqbul,
hər adama yaraşan əməldir. Amma Heyran xanım fasiqin -
günahı özünə adət etmişin gözdən pərdə
asmaqçün yalandan ibadətə başlamasını Pərvərdigarın
Özünə də kəf gəlmək sayır, bu
riyakarlığı rədd edir. "Bəzm-i tame" -
tamahkar bir adamın guya səxavət göstərməsidir. Xəsis
və tamahkar birisi özünü guya səxavətli kimi qələmə
verməkçün əlləşirsə, bu, əlbəttə
ki, onun qarşısındakıların bunu hiss edib-etməməsindən
asılı olmayaraq, onları aldatmaq qəsdidir. Bu, onun bir
anlıq görünən zahiridir. İçərisi isə,
aydındır ki, tamam başqadır. "Həzl-i rəzil"ə
özü məsxərəyə layiq olanın
başqalarına lağ etməsi, onları məsxərəyə
qoymasıdır. Heyranın ikrah etdiyi insan naqisliklərindən
biri də eybəcər olanın özünü gözəl
kimi göstərərək nazlanması, yaxud korun
qaş-göz oynatmasıdır. Təbii ki, bunlar hər biri məcazi
mənada işlənmiş deyişlərdir və fəlsəfəsi
ilə daxilini gizlədib, zahirdə başqa cür olmağa
çalışanları nəzərdə tutur.
Heyran xanım dövründə də bu, bir bəla
idi, ondan əvvəlki zamanlarda da, indi də və eyni mərəz
bundan belə həmişə insanları narahat edəcək
- "bəhslə mehmannəvazlıq". Yəni sən qəlbən
bir nəfərə iltifat göstərmək istəyirsənsə,
həqiqətən fitrətdən qonaqpərvərsənsə,
bunu onsuz da edəcəksən. Amma batində tam əksinə
olub zahirdə özünü olduğunun əksi kimi göstərməyə
can atmaq, əlbəttə ki, qəlplikdir, sifət gizlətməkdir
və Heyran xanım da hər bir halda həssasların
duyduğu, gec-tec əsli hər kəsə də aşkar
olacaq bu süni canfəşanlığı rədd edir.
Heyran şeiri rənglərlə, o rənglərin
saysız çalarıyla bəzənərək əlvanlıq
qazanıb. Amma onun şeirlərinə əlavə boyalar qatan
bir əlamət də var. Əski şeirdə "müləmmə"
deyilən mənzumələr də olub. Ərəbcədən
çevirmədə bu kəlmənin mənası "rəngbərəng",
yaxud "parlaq" deməkdir. Bu da şairin bir başqa şəkildə
məharət göstərməsi idi. Bir şeirin içərisində
şair iki, bəzənsə daha çox dili bir-birinə
qataraq, bir növ beynəlmiləl qoşqular doğururdu. Cəlaləddin
Ruminin də, Sədi Şirazinin də fars və türk dillərinin
qovuşduğu müləmmə şeirləri var. Bu qəbildən
olan 2 şeiri də Heyran yaradıb.
Bunlardan birində Heyran xanım hər misranı ikiyə
bölür, yarısını farsca, yarısını ana
dilində deyir:
Ta getdi ol pərivəş, canəm gereft atəş
Oldum bəsi müşəvvəş, əz dəst
şod qərarəm.
Çün getdi ol yeganə, tarik gəşt xane,
Mən olmuşam divanə, Məcnun-e ruzqarəm.
Ta getdi mehr-i ənvər, oldum bəsi mükəddər
Ol dilbər-i sitəmgər, borobud exteyarəm.
Çün getdi ol səmənbu, mah-e kəman əbru
Ol növcəvandan ayru, sərgəşte vo nəzarəm.
Ta getdi sərv-i mövzun, ğəmha-ye mən
şod əfzun
Heyranı qıldı Məcnun, hecran-e an neqarəm.
Digər müləmməsini isə Heyran xanım
başqa cür qurub. Burada farsca yazılmış hər beytdən
sonra türkcə 2 misra gəlir:
Ey bad-e sobhqahi, ey əbr-e pare-pare
Ey ruy-e mehrebani, bər mən bekon nəzare.
Bir halıma nəzər qıl, ol kuyə bir güzər
qıl,
Ərz eylə hal-i zarim, ol bivəfa nigarə.
Çeşəm ço rud-e Ceyhun, gərdideəst
porxun,
Gəştəm ze cour-e gərdun, əz dustan kənare.
Fərhadtək bu dağı məskən
qılıb oturdum,
Məcnunmisal düşdüm, həm dəşt
ü kuhsarə.
Nəbvəd dər in zəmane, manənd-e mən cəfakeş,
Nəbvəd be ruy-e aləm, çun mən siyəh
setare.
Çün bülbül-i şikəstə, mən
bikəs ü fekarı
Saldı o güldən ayrı, lənət bu ruzigarə!
Pərvanesan besuzan, del bər fərağ-e ruyəş,
Əz eşğ-e an setəmgər, Heyran, bekəş
şərare.
1940-50-ci illər Heyran xanımın bütün həyatındakı
ən xoşbəxt parçalardan biri idi. Azərbaycanın
bir dəstə istedadlı insanı Heyran xanımı yeni nəsillərə
təqdim etmək, gərəyincə tanıtmaq yolunda
çalışırdı. Haqqında ilk məqalələr
yazılır, şeirləri ilk dəfə Azərbaycan
oxucusu ilə görüşürdü.
1961-ci ildə Bakıda Azərbaycan Dövlət Nəşriyyatının
"Heyran xanım. Seçilmiş əsərləri"
adı ilə buraxdığı kitab klassik irsə münasibətin
və nəşrin ciddi, səriştəli və mərkəzləşmiş
örnəyidir ki, belə yanaşma və icra 1950-70-ci, qismən
də 1980-ci illərin birinci yarısında ənənəvi
iş üslubu idi. Təəssüflər ki, dəyişən
vaxt, bu başqalaşmanın özü ilə
apardığı vərdiş və məsuliyyət, eləcə
də belə işləri peşəkarcasına görməyə
qadir olan mütəxəssislərin gedişi nəzərəçarpacaq
boşluqlar yaratdı. Zahirən bu qəbil layihələri
gerçəkləşdirən qurumlar yenə varsa da, əvvəlki
münasibətin və icraçıların olmaması
xatırlanan çağlardan azacıq da olsa irəli getməyimiz
bir yana qalsın, heç o səviyyəni qoruyub
saxlamağımıza imkan vermir.
Heyran xanımın farsca olan şeirlərinin tərcüməsinə
Məmməd Mübariz, Məmmədağa Soltan, Cəfər
Xəndan, İsmayıl Soltan, Məmməd Rahim, Ələkbər
Ziyatay, Balaş Azəroğlu, Söhrab Tahir, Mədinə
Gülgün kimi şairlər cəlb edilmişdilər.
Onların hamısı həm farscanı bilirdi, həm
yaxşı şairlər idilər. Bu qədər bişkin
mütəxəssisin cəlb edilməsi həm də təbii
bir rəqabət müstəvisi yaradırdı, onlar
bir-birinin bəhsinə tərcümələri ən
üstün səviyyədə yerinə yetirməyə
çalışırdılar. Amma hamısı uğurlu,
orijinaldakı mənanı və ifadə gözəlliyini, həmçinin,
vəzni, bir sıra hallarda hətta qafiyələri qoruyub
saxlayan tərcümələr arasında, söz yox ki,
farsdilli klassik ədəbiyyatın bizdəki ən qabil tərcüməçisi
Mübariz Əlizadənin çevirmələri xüsusilə
fərqlənir.
Ay camallım, bu gecə şuridəsər görrəm
səni,
Hal ü rəftarın dönüb, başqa təhər
görrəm səni.
Sanki məftun eyləmiş bir sən kimi dilbər səni,
Eşq rəmzindən odur ki, baxəbər görrəm
səni.
Ey mənim qönçəsifət şux dilbərim,
daş qəlbini
Qönçə ağzından kiçik, qərq-i kədər
görrəm səni.
İncimiş könlün məgər öz dilbərindən,
dilbərim!
Qəlbi titrək, rəngi solğun, çeşmi tər
görrəm səni.
Yoxsa düşmüşdür başın sevdayə
suz-i eşqdən?
Naləsi, ahi, fəqani pürəsər görrəm
səni.
Ey gözəl, gizlətmə məndən gəl o
pünhan eşqini,
Sanki məhbubum mənə eylər nəzər,
görrəm səni.
Əzm qıl, Heyran, vəfasız bu cahandan
köçməyə,
Çünki bu yolda səmimi həmsəfər
görrəm səni.
Elə əvvəldən Heyran xanımın ana dilində
yazması təəssüratı yaradan və onun azərbaycanca
qələmə aldığı şeirlərdən
seçilməyən bu qəzəli farsca olan əsli ilə
tutuşduranda tərcüməçinin məharətinə
bir daha əyani şəkildə şahid kəsilirsən.
Mah-e mən emşəb tora şuridetər mibinəmət
Hal o rəftar-e tora tour-e degər mibinəmət.
Quiya del borde başəd əz to çon xod delbəri
Əz romuz-e eşqbazi baxəbər mibinəmət.
...Əzm-e rəftən saz Heyran, əz cəhan-e bivəfa,
Xiştənra moxtəsər dər rəhqozər
mibinəmət.
Məhz belə mükəmməl bir tərcüməçilər
dəstəsinin qələmi ilə yerinə yetirildiyindən
Heyran xanımın çevrilmiş şeirləri mənaca
aydın, cəlbedici olmaqla yanaşı, həm də farsca mətnlərindəki
musiqiliyini də qoruyub saxlamış, elə həmin səbəbdən
də həm bəstəkarların, həm muğam
ifaçılarının diqqətini çəkmiş,
bunun sayəsində elə həmin 1960-70-ci illərdə
Heyran şeirləri musiqimizdə də layiqli yerini
tutmuşdur.
Elə o dövrdə ilk dəfə yeni dövrün
azərbaycanlıları Heyran xanımın çöhrəsini
də gördülər. Gözəl rəssamımız Maral
Rəhmanzadə Heyran xanımın surətini
canlandırdı və onun şeirlərinə bir-birindən
qəşəng şəkillər çəkdi.
Heyran xanımın ölümündən sonrakı
ömrünün və əbədi
qayıdılışının bu bəxtiyar mərhələsini
xatırlayarkən nigaranlıq oyadan cəhət ondan ibarətdir
ki, aradan altı onildən artıq müddət keçməsinə
baxmayaraq, nə şairəmizin əsərlərinə yeni
illüstrasiyalar çəkməyə təşəbbüs
edilib, nə musiqiyə "gəl-gəl" deyən o
şeirlərə bəstəkarlarımız yeni nəğmələr
bəstələyib, nə də Heyran xanımın
farscadakı şeirlərinin sırasına tərcümə
edilərək bir vaxtlar buraxılmış kitabı daha
mükəmməl bir şəkildə millətin
ixtiyarına vermək yolunda addımlar atılıb.
Cavanlıq, ahıllıq çağlarında qəriblik
sızıltıları, gözü yollarda qalmaq pərişanlığı
Heyran xanımı az incitməmişdi. O, tale işi idi. Ancaq
qocalmaz şairəmizin bizə yeni qayıdışları ilə
əlaqədar hicranlarına son qoymaq bizim öz əlimizdədir.
Gücümüz çatan işi naməlum sabahlara buraxaraq
Heyranımızın həsrətlərinin uzanmasına,
gözünün bundan sonra da çox yol çəkməsinə
yol verməyək!
...1890-cı illərin başlanğıcında
artıq yaşı səksənə çatmış, illərin
yorduğu Heyran kədərli bir şeir də
yazmışdı:
Daha bir xoş günə yoxdur ümidim,
O bağlı qapıya yoxdur kilidim.
XIX əsr bitməkdə idi. Qarşıdan yeni zaman gəlirdi
və dərdli Heyran o yeni zamana bədgüman baxırdı.
Həyatında nəyinsə daha yaxşı olacağına
ümidi az idi. Ona görə də belə qəmgin sətirlər
yazmışdı. Ancaq yanılırmış. Xəbərsizmiş
ki, gün yetişəcək, o, bütün təntənəsi
ilə xalqına qayıdacaq.
Bir zamanlar onun hücrədə yaranmış, elə
hücrənin içərisində, uzaqbaşı
dost-tanışa səslənmiş şeirləri
bütün millətinki olacaq, onları hamı oxuyacaq. Bir
şair, yaradıcı insan üçün isə gələcək
günlərin kilidi elə şeirinin, əsərinin
insanların dilində, ürəyində gəzməsi,
adının xatirəsinin məhəbbətlə millətin
yaddaşında yaşamasıdır.
30 noyabr 2025
Rafael HÜSEYNOV
Akademik