Aqil Abbasın Rəmiş hekayəti
Rəmiş... Bu istedadlı, virtuoz sənətkarı
- Rafiq Hüseynovu istər Azərbaycanda, istərsə də
onun hüdudlarından kənarda bu adla tanıyırdılar.
Hər hansı bir insana bir ayama qoşanda bəzən onun əsl
adı da az qala unudulur. Rafiq Hüseynov da Rəmiş kimi
tanınırdı və illər keçəcək, onun
ölümsüz sənətindən söz düşəndə
Rəmiş yada düşəcək, Rafiq Hüseynov yox.
Yazıçı Aqil Abbasın "Rəmiş"
povesti "525-ci qəzet"in 4-7 noybr saylarında dərc
olunub. Mən bilən onların dostluğu adi dostluq səviyyəsini
xeyli ötüb keçmişdi. Bu iki insanın münasibəti
iki ağdamlının yox (bu, vacib şərt deyil!),
bir-birinin mahiyyətini dərk edən iki insanın - iki ruh
adamının "vəhdəti-vücud"undan
xəbər verir.
Aqil Abbas Rəmişi Rəmiş qədər
tanıyırdı desəm, bəlkə də ifrata vararam,
çünki Rəmişin də okeanların dərin
qatlarında olan və çox hissəsi suyun altında qalan
aysberqlərə bənzərliyi vardı. Amma Aqil Abbas o
povestdə özünün çox yaxından
tanıdığı (bəlkə çoxlarının
tanımadığı!) Rəmişin obrazını
yaradıb və şəxsən mən - Rəmişlə
heç bir münasibəti olmayan bir adam ONU Aqil Abbasın
tanıdığı və sevdiyi kimi tanıdım və
sevdim.
Aqil Abbas əksər nəsr əsərlərində
fərqli bədii priyomlardan istifadə edir. Onun mümkün qədər
həyat həqiqətlərini şablon və ənənəvi
üsullarla əks etdirməkdən uzaqlaşıb
özünün bildiyi, mükəmməl yiyələndiyi təsvirlərdən
istifadə etməsi bu povestdə də açıq-aydın
nəzərə çarpır - yeri gələndə ciddi,
sırf realist təsvirlərə meyl edir, bəzən lirika,
bəzən də ironiya, yumor bu təsvirlərə
qatılır. "Rəmiş" povestində həm
mistikadan, həm yumordan, həm də adi təhkiyədən
istifadə olunur və təbii ki, birnəfəsə oxunan bu əsərdə
bütövlük itmir.
Povestin başlanğıcında da, sonluğunda da
müəllif Rəmişin ölüm səhnəsini təsvir
edir. "Mələklər
yığılmışdılar Rəmişin başına.
O isə ağır-ağır nəfəs alırdı, əgər
buna nəfəs almaq demək mümkün idisə, rəngi-rufu
qaçmışdı, mələklərin gözü
qabağında
sönürdü. Vaxtilə Rəmişin ürəyini
sinəsindən qoparıb həmin ürəkdəki qanı
təmiz çıxıb çıxararaq öpüb, sonra
da dodaqlarını
yapışdıraraq öz qanıyla dolduran mələk də
əlacsız qalmışdı. ...Bu, Rəmişin
sonuydu". Qara Niqablı Mələk - mistik obraz. O, Rəmişi
aparmağa gəlib. Təbii ki, insan ölüm
ayağında nəyisə arzulaya, nəyisə istəyə
bilər. Və bütün varlığı ilə
gitarasına bağlı idi Rəmiş - "Gitaramı istəyirəm"
deyir Rəmiş. Tibb bacısı gitaranı gətirib qoyur Rəmişin
sinəsinə. "Ən əziz sevgilisini sinəsində
görəndə nəfəs almağı bir az da
rahatlaşdı və başladı gitaranı
sığallayıb əzizləməyə". Povestin
sonunda isə Qara Niqablı Mələk Rəmişi
qucağına alıb qalxdı göylərə.
Uçuş başlanır. Son dəfə Rəmiş Qara
Niqablı Mələkdən xahiş edir ki, sonuncu dəfə
çalsın. Və çalır, "gitaranın səsi
kainatı götürdü başına", "Rəmiş
uymuşdu, bütün kainatı da uyutmuşdu".
Bir haşiyə. Rəmiş və gitara. Gitaranın
Azərbaycan musiqi alətləri sırasına nə vaxt
qoşulduğu haqda dəqiq heç nə bilmirəm. Amma onu
bilirəm ki, gitara deyəndə bizə yad olan bu musiqi alətini
bizə doğmalaşdıran ilk ifaçı Rəmiş
olub. İndinin özündə də gitarada gözəl
ifaçılar var, sonralar da olacaq. Amma Rəmiş birinci idi,
Rəmiş əfsanə idi, əfsanəni isə təkrar
eləmək mümkünsüzdür.
Povestdə bu başlanğıcla sonluq
arasındakı hissədə Rəmişin həm
özünəməxsus bir insan, həm də virtuoz gitara
ifaçısı kimi obrazı həm real, həm də
qeyri-real hadisələrlə diqqəti cəlb edir. Real hadisələr
deyəndə Rəmişin elə uşaqlıqdan qeyri-adi
musiqi istedadı və harada olursa-olsun - konsertlərdə,
restoranlarda, xalq arasında - gitara ilə hamını
ovsunlaması ayrı-ayrı təsvirlərdə nəzərə
çarpır. Rəmişin dərin musiqi təhsili olmasa da,
ilahidən gələn o İŞIQ onu bütün
varlığı ilə öz sehrinə saldı. Və Rəmiş
sübut elədi ki, musiqini hamının sevə biləcəyi,
duya biləcəyi, varlığında yaşada biləcəyi
əbədi hissə çevirmək üçün gərək
kamil olasan... Kamil sənətkar üçün məhdudluq
deyilən anlayış yoxdur. Bu səbəbdən də Rəmişi
təkcə gitaraçı kimi tanıtmır Aqil Abbas:
"Səhnəyə stul qoydular, amma Rəmiş stulda
oturmadı. Sol ayağını qaldırıb qoydu stulun
üstünə, sonra simləri sığalladı və
başladı Fikrət Əmirovun
"Kürdovşarı"nı çalmağa. Sonra
keçdi Azərbaycan kapriççosuna, ordan da
qayıtdı filmdə Koqanın çaldığı
Paqaninin əsərlərinə. Və uyudu getdi. Necə
uyumuşdusa, zalı da elə uyutmuşdu".
Aqil Abbas Rəmişin çalğılarının
insanları necə heyran qoymasını təsvir edir -
inandırıcıdır bütün bu səhnələr.
Onun rus Lyonla ilə bağlı görüşləri Rəmişin
təkcə yaşadığı məmləkətdə
deyil, ondan kənarda da hüsn-rəğbət qazanması da
uydurma deyil. "Lyonya üzünü tutdu zala və dedi: -
Əziz dostlar, bu oğlan bakılıdı. Dünyada bundan
böyük gitarist tanımıram... Volodyaya dedim ki, əsl
Paqanini budu, bunun yerişini, duruşunu, əl hərəkətlərini,
jestlərini öyrən. Yəni bu filmin belə gözəl
alınmasında Rameşin də
böyük rolu var".
Aqil Abbas Rəmişi Paqanini ilə
qarşılaşdırır. Əlbəttə, bu olmayan və
ola bilməyəcək qeyri-real bir görüşü təsvir
etməkdə məqsəd heç də Rəmişin
Paqaniniyə oxşamasını sübut etmək deyil.
Oxşarlıq təqlidçiliyə də çevrilə
bilər. Məqsəd odur ki, Rəmişin sənət aləmindəki
etiketləri müəyyənləşsin. Dahi Paqanini skripkada
əvəzolunmaz idi. Dünyaca. Amma əsrlər ötdükcə
hər məmləkətdə yeni virtuoz ifaçılar
yetişir. Rəmiş də belə ifaçılardan biri...
"Paqaninin köməkçisinin gözləri
çıxmışdı kəlləsinə. Ömründə
belə gitara səsi eşitməmişdi. Melodiya onu dəli
etmişdi. Axırda Paqanini skripkanı qoydu stolun üstə. Rəmiş isə hələ
də çalırdı. Paqanini soruşdu: - Hə, necədi?
Rəmiş siqaretindən bir qullab vurub dedi: "Böyük
sənətkarsan. Məndən də böyük sənətkarsan.
Deyilən kimi varsan, sən insan deyilsən, doğrudan da
şeytansan. Paqanini gülüb dedi: - Mənə şeytan deyən
az idi, biri də göylərdən gəldi. Sən də mələk
deyilsən!"
Aqil Abbasın məqsədi o deyil ki, bir Azərbaycan sənətçisini
dünyanın dahi bir sənətçisi ilə tay tutsun. Sadəcə
olaraq bu qeyri-real bir səhnəni təsvir etməklə
bütün əsrlərdə musiqinin ilahi gücünün
hər şeyə qadir olduğunu sübut eləməkdir. Rəmişin
təkcə Paqanini ilə deyil, dünyaya meydan oxuyan, cahangirlər
cahangiri Əmir Teymurla da "görüşü" məhz
elə bu məqsədə xidmət edir. Əmir Teymurla
"görüş"də Qədir Rüstəmov da var.
"Rəmiş keçdi "Ağ Segah"a. Qədir bir dəfə
ağzını yumub açdı, ikinci dəfə də
ağzını yumub açdı və sonra Rəmişin
çaldıqları sözə çevrilib ağzında
bulaq kimi qaynayıb çay kimi tökülməyə
başladı. Əmir Teymur da, çadırdakılar da
qaldılar bu çayın altında. Qədir bir az
"Ağ Segah"da gəzişəndən
sonra keçdi "Sona bülbüllər"ə. Sonra da
özü Rəmişə ayaq verdi ki, Rəmiş
çalsın. Rəmiş yenə dağı arana, aranı
qatdı dağa, gah yağış yağdırdı. Onu
kürəyindən vuran döyüşçü
hönkür-hönkür ağlayırdı".
Heç bir böyük sənətkarı onun
çevrəsi, mühiti olmadan təsəvvür etmək
olmaz. Rəmişin sənət aləmində onun təqdir
etdiyi və onu təqdir edənlər heç də az deyildi.
Rəmiş ilk növbədə Qarabağ musiqi aləminin
yetirməsiydi, ilk çalğını böyük tarzən
Qurban əminin tarında səsləndirmişdi. Xan əmi,
Mütəllim Mütəllimov, Zülfü Adıgözəlov,
Yaqub Məmmədov, Şahmalı Kürdoğlu, Arif Babayev, Qədir
Rüstəfmov və onlarla çalıb-çağıran
sənətkarlar aləmində dünyaya göz
açmışdı. Bu sırada onun Qədir Rüstəmovla
çox yaxın dostluğu və sənət müttəfiqi
olmasını Aqil Abbas illərdən bəri seyr edib və
povestdə "ölmüş" Qədirlə Rəmişi
Əmir Teymurun hüzuruna aparmasını da təsadüfü
saymaq olmaz. Xatırladım ki, Qədir Rüstəmov
haqqında ilk povesti də Aqil Abbas yazıb. Qədir Rüstəmov
sənəti möcüzə deyildimi? Və bu iki sənətkarın
- Rəmişin və Qədirin bir toyda, ya bir konsertdə
ifalarına qulaq açanlar deyirlər ki, Allah da göydən
yerə enib onlara qulaq asırmış. Rəmişin musiqi
zövqü, özü kimi hər hansı istedadlı
ifaçıya sevgisi Aşıq Ədalətlə
bağlı bir səhnədə təcəssümünü
tapır.
Povestdə yumorlu səhnələr az deyil və
şirin Ağdam ləhcəsinin Aqil Abbas dili ilə əksər
təsvirlərdə səslənməsi də təsadüfi
deyil. Bu danışıq tərzi
povesti daha da oxunaqlı edir.
Təbii ki, Aqil Abbas Rəmişin təkcə
ifaçılığını, bir sənətkar kimi
özünəməxsusluğunu, ağıllı,
düşünülmüş hərəkətlərini,
insanlarla səmimi rəftarını deyil, həm də insan
kimi keçirdiyi hissləri, duyğuları,
ağrıları-acıları da unutmur. Aqil Abbas yazır ki:
"Rəmiş Ömründə heç kimi sevməmişdi.
Onda sevgi hissi yox idi. Birinci-ikinci sinifdə oxuyanda müəlliməsindən
xoşu gəlirdi, xüsusilə onun saçlarını
sığallamasından. Sonra Ağdama köçdülər,
bir də o müəlliməni görmədi. Amma müəlliməsinin
barmaqlarının ətrini həmişə burnunda hiss edirdi.
Pəncərədən baxan qıza isə sadəcə
vurulmuşdu". Əlbəttə,
müəlliflə mübahisə etmək də olar. Vurulmaq,
kimi isə sevməyin başlanğıcıdır.
Rəmişin çox həssəs bir insan olduğunu
Aqil Abbas hər bir təsvir etdiyi səhnədə nəzərə
çarpdırır. Dostları ilə də, sənət
yoldaşları ilə də o "dəli-dolu" Rəmiş
həmişə səmimidir, bir yerdə özünü
böyük sənətkar adlandırsa da, o səmimilik itmir.
Amma baxın, o da bu sənətin ona gətirdiyi şöhrətdən
yorulur, o da asudəlik arzulayır. "Yorulmuşdu, çox
yorulmuşdu. Əslində, buna yorulmaq demək olmaxdı
bezmişdi. Hər şeydən bezmişdi, şöhrətdən
də, dostlarından da, qadınlardan da. Elə Rəmiş
olmaqdan da bezmişdi. Tıncıxırdı. Nə qədər
belə yaşmaq olar? Yaşamaq ona çox mənasız
olmuşdu. Özü də tez-tez baş verirdi. Belə olanda
oturub maşına qaçırdı kəndlərinə".
Və kənd onun sıxılmış ürəyinə dərman
idi.
Yazını başa çatdıranda sufilərin məhşur
təlimi yada düşdü. Məncə, Rəmiş də
bir sufi ömrü yaşadı.
kamilləşdi, şəriət, təriqət, mərifət
və həqiqət mərhələlərini
keçdi. Allahı dərk və qəbul edib həqiqət mənzilinə
yetdi, öz Allahına yetişdi.
Ruhu şad olsun!
Aqil Abbasa da Rəmişi bizə daha yaxşı
tanıtdığına görə təşəkkürlər...
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru