Leo Butnarunun məsləhəti:
çətir götürməyi unutmayaq...
"Rumın
yazıları" kitabından
Leo Butnaru (1949; rum.: Leo Butnaru) - görkəmli
rumın-moldovan şair, tərcüməçi, esseistdir. 1949-cu
ildə Moldova Respublikasının Nequren kəndində anadan
olub. 1967-ci ildə "Moldaviya gəncləri" qəzetində
ədəbi debüt edib. 1972-ci ildə Kişineu Universitetinin
"filologiya və jurnalistika" ixtisası üzrə məzunu
olub. "Moldaviya gəncləri", "Ədəbiyyat və
incəsənət", "Moldoviya" jurnalında
şöbə müdiri, redaktor və baş redaktor vəzifələrində
çalışıb.
1976-cı ildə Butnarunun "İşıq
qanadlarında" adlı ilk şeir kitabı nəşr
edilib. 1977-ci ildə SSRİ Yazıçılar
İttifaqının üzvü olub. Həmin il rumın ədəbiyyatının
klassiki Mixail Koqelniçyanu barədə essesinə görə
"Moldaviya gəncləri" qəzetindən işdən
çıxarılıb.
Leo Butnaru 1990-1993-cü illərdə Moldova
Yazıçılar İttifaqının vitse-prezidenti olub.
1993-cü ildən Rumıniya Yazıçılar
İttifaqının üzvüdür, bu təşkilatın
bir çox mükafatlarını alıb, hazırda
Rumıniya Yazıçılar Təşkilatı Konsiliumunun
üzvü, təşkilatın Kişineu filialının rəhbəridir.
80-dən artıq kitabı nəşr edilib. Əsərləri
dünyanın bir çox dillərinə çevrilib.
Kitabları Rusiya, Fransa, Serbiya, Bolqarıstan, Ukrayna və b.
ölkələrdə çap olunub. "525-ci qəzet","Ədəbiyyat
qəzeti" və "Dünya ədəbiyyatı" dərgisində
şeirləri dərc edilib. "Çətir götürməyi
unutmayın" (2019), Azərbaycana ithaf etdiyi şeir silsiləsinin
də daxil edildiyi "Mavi şəhər" (2023) poeziya
topluları Bakıda nəşr edilib.
Xüsusən rus ədəbiyyatından ardıcıl
tərcümələri ilə məşhurdur. Onun hələ
sovet dövründə tərcüməçisi və tərtibçisi
olduğu antologiyada Azərbaycan şairlərinin də (Nəbi
Xəzri, Cabir Novruz) şeirləri yer alıb.
Fransız, rus və ispan poeziyasından elədiyi tərcümələr
təqdirlə qarşılanıb, nüfuzlu ədəbiyyat
mükafatlarına layiq görülüb. Moldova Milli Ədəbiyyat
Mükafatına, Rumıniya və Moldova Yazıçılar
Birliyinin mükafatlarına, Rumın Şairlərinin
Müsabiqəsində baş mükafata layiq
görülüb.
Əsərləri Azərbaycan dilinə də tərcümə
edilib və şeirləri digər ədəbi nəşrlərlə
yanaşı, "Dünya ədəbiyyatı" dərgisinin
"Moldova poeziyası" xüsusi sayında işıq
üzü görüb.
Kişineuda yaşayır.
Həmdərdlilik şəxsin əsas səciyyəvi
xassəsinə çevriləndə, bu isə ancaq qəlbin
tərbiyəsi ilə mümkün olur, şəxs(iyyət)in
miqyası böyüyür, üstəgəl, həmin şəxs
sənətlə məşğul olursa, onda sənətin, sənətkarın
reflektivliyi ictimai məzmun və güc qazanmış olur.
"Geri dönmək", "əks etdirmək"
kimi mənalar ifadə edən latın kəlməsi
"reflexio" məhz "geri dönmək"
çalarıyla sənətlə qohumdur. Çünki sənət-geri
dönüşdür, geri dönüşlə gələcəyi
qazanmaqdır, reprezentativdir, keçmişi gələcəkdə
göstərmək imkanı və cəhdidir.
Çağdaş sənətkar, əgər oxucusuna
hörmət edirsə, nə vaxtsa çox yaxşı
anlayır və anlamalıdır ki, bütün gözəl əsərlər
yazılıb, çəkilib, bəstələnib, var; demək,
refleksiyası təkcə gündəlik
yaşadığı həyat(ıy)la deyil, həm də ona
qədər yaşanmış ömürlərin refleksiya
kimi ortaya çıxardığı əsərlərlə
bağlı olmalı, sintezlə baş verməlidir; birincini
ikinci ilə tutuşduraraq baş verməlidir istənilən
yaradıcı proses.
Müsahibələrinin birində görkəmli
rumın-moldovan şair Leo Butnaru, əslində, yuxarıda nəzəri
olaraq formulə etməyə çalışdığım
fikri daha rahat ifadə edir:
"- Sizcə, ənənəvi poetik
ölçü, ümumiyyətlə metr nə qədər
vacibdir? Metr yol kimi tükənməyibmi, bitməyibmi?
- Təəccüblü sualdır. Rumıniyada və
bütövlükdə əksər Avropa xalqlarının ədəbiyyatında
verlibr barədə artıq xeyli vaxtdır ki, mübahisə
etmir, bəhs açmırlar. Vacib olan poetik tərkibdir, maddədir.
Forma deyil.
- Öz bədii metodunuzdan danışın...
- Təxminən sintez üçün lazım olan əsas
şeylərdir deyə bilərəm, yaxud sadəliyin zərifliyi,
zərifliyin sadəliyi üçün poetik, metaforik fikrin
konsentrasiyası. Metod və üslub kimi yəni".
Bu, digər tərəfdən həm də sənə
qədər mövcud olan "hazır cavabları"
gözardı etməmək, üslubi həddi aşmadan
hazırcavablıq etməkdir.
Şeirlərinin birində Leo Butnaru yazır:
"Mənim şeirim,
mənim nəsrim -
hələ ki yalnız indiki,
tək bir versiyada mövcud olan
ömrümün variantlarıdır..."
O ömrün ki, təkcə gerçək həyatda,
günəşin altında yox, həm də yazı
masasının arxasında, stolüstü lampanın şəfəqləri
altında, kitabxanada yaşanıb; həmin kitabxanada Orxan Vəlinin
şeir kitabı, həmin kitabda "Vətən
üçün" şeiri; yaxud Qoqolun əsərləri,
yaxud Jül Vernin "Kapitan Qrantın uşaqları"
mütləq olub, oxunub.
Təsdiq üçün cənab Leonun 3 fərqli
şeirini, parçaları oxuyaq:
"Nələr etmədik
bu Vətən üçün!?
Kimimiz öldük,
Kimimizsə heç doğulmadıq..."
"Məhşər günü bəzi ölülərin
dirilməsinə haqq verən
sonuncu ayinin icrasından sonra
Rəbb məhkəmə katibi mələkdən
soruşdu:
- Qoqolun ölü canları hanı? Onlarla nə edək?
Mələk bənizi ağarmış halda dedi:
- Aman Rəbbim, onlar heç ölməmişdilər
ki..."
"Xoşbəxtliyin məni tərk etdiyini
düşünəndə
"Versaci", "Cardin", "Boss", "New
Man", "Lacoste", "Zara", "Escada"... kimi
firmalara müraciət etdim.
Hər yerdə eyni elanla rastlaşdım:
"Biz doğulduğunuz köynəkləri
yamamırıq!"
İndi bu cür şeyləri geymək dəb deyil,
görünür".
Paqanelin dilindən Harun ər-Rəşidlə
bağlı nəql edilən pritçaya, Orxan Vəlinin
"Kimimiz öldük, /Kimimiz nitq söylədik"
deyişinə ustaca refleksiyanı əlbəttə,
hazırlıqlı oxucular sezdi.
Ya da "hazır cavab"ların usta bir
hazırcavablılığa çevrilməsinin nümunəsini:
"Asteklər deyir:
- Tlauykalpantekutli...
Yəni Zöhrə ulduzunun sahibi...
Bəs sənin adın nədir?
Əgər adın yoxdursa,
bu astek adını daşıya bilərsən:
- Bəs sənin adın nədir?"
lll
"Poeziya və nazirlik" şeirində Leo Butnaru
yazır: "Əlbəttə/ Mədəniyyət Nazirliyi əməkdaşlarının
80 faizi tankanın mövcudluğundan xəbərsizdilər,/
hayku barədə də, inanma ki, eşidiblər./ Yerdə
qalanı, yəni hər beş nəfərdən biri- /
söhbət poeziyadan getdiyi üçün/ dumanlı da olsa
nəyisə xatırlayır,/ yaxud güman edirlər ki, /
tanka tankçılar, / hayku hokkeyçilər barədə
şeirdir. //. Təəssüf ki, / İqtisadiyyat Nazirliyi
Emineskunun "Poeziya özü kasıblıqdır"
sözünə məhəl qoymadı,/ Səhiyyə
Nazirliyi isə əvvəlki kimi/ ölkədə ədəbiyyatın
sağlamlığı barədə/ heç
düşünmədi, / üstəgəl, dəhşətli
xəbər də (bircə bu çatmırdı!)
yayıldı; / Deyirlər Transilvaniyada,/ bəlkə də
Pensilvaniyada/ bir nəfər dozanı keçdiyinə görə,/
yəni artıq şeir vurduğundan damara/
dünyasını dəyişdi.// Axır ki, bu qədər
tənqiddən sonra/ Yer kürəsi naziri / kəndlərdə
poeziyanı yaymaq kampaniyasını elan etdi.// Amma realist olaq:/
kəndli üçün hini/ Hindistandan daha vacibdir".
Ağrının, ironiyanın
qarışdığı bu poetik mətn, əlbəttə,
gündəmin ədəbiyyəti yediyi, udduğu,
unutdurduğu bizim bu cürətkar zaman üçün daha
anlaşılan, daha gerçəkçi və doğma
görünür.
Leonun lirik-romantik, idealist şair damarıyla həm də
sərt gerçəkçi, rasional əqli nəticələrin
qarışdığı poetik qan axır.
Mən onun ana dilimizdə nəşr olunan ilk şeir
kitabının - "Çətir götürməyi
unutmayın" toplusunun əsas tərcüməçisi
kimi (bəzi şeirləri Cavanşir Yusifli
çevirmişdi), tərcümə isə ən diqqətli
oxu üçün gözəl fürsət yaradır,
Butnarunun elə bir şeiri olmadı ki, onu oxuyub çevirərkən
hazırcavablıq, həssas, reflektiv ağılla
yanaşı, sızıltı, ağrı hiss etməyim.
"Sübh şəfəqləri
yerdəki hər şeyə o qədər aşiq
görünür ki,
günün başlanğıcında
gözəlliyin
dünyanı həqiqətən xilas edəcəyinə
inanırsan..."
Dostoyevskinin
"Dünyanı gözəllik xilas edəcək" fikrinin bəxtinə bu dəfə
Leonun şeiri üçün epiqraf olmaq
yazılmışdı; yaxşı ki,
yazılmışdı, çünki məhz Leonun şeirindən
sonra sitat edilməkdən döyənək olmuş fikir sanki
özü xilas olur, yalnız fikir/düşüncə olmaqdan
qurtarırdı.
lll
Leo Butnarunun ana dilimizdə iki kitabı nəşr
olunub. Sonuncu - "Mirvari şəhər"
bizim üçün təkcə poetik məziyyətləri
ilə deyil, həm kitabın əsas hissəsinin Jalə
İsmayılın orijinaldan tərcüməsində təqdim
olunan, Azərbaycanla, vətənimizlə bağlı olan 32
şeirinin təqdimatıyla da əlamətdardır. Üstəgəl,
kitab bilinqva nəşrdir, rumın dilini öyrənmək istəyən
həmvətənlərimiz, Azərbaycan dilini öyrənmək
istəyən rumınlar üçün əlverişli vəsait,
ədəbiyyatşünaslar, tərcümə tədqiqatçıları
üçün ciddi mənbədir.
Leo əsl Kolumb ehtirası ilə yeni
coğrafiyanı, yeni insanları, xüsusən həmkarlarını,
yeni temperamenti, yeni mətbəxi, flora və faunanı diqqətlə
kəşf edir, mənalandırır, bir ayrı cür təklif
edir.
lll
Rus şair Biryukov yazır ki, Leo Butnarunun poeziyası
yersiz optimizmə intellektual-bədii canatımdan keçən
dərin skepsislə doludur. Sergey haqlıdır. Şübhə
etməsən, tapa bilməzsən.
Leo Butnaru tapır. Bu dəfə həm də azərbaycanlı
oxucularını. Həmin oxucular isə görkəmli
şairin "Çətir götürməyi unutmayın"
şeirindəki hüznlü məsləhətinə hökmən
əməl edəcəklər:
"Axşam səkkizdən sonra
gəzməyə çıxacaqsınızsa
plaş geyinin
və çətir götürməyi unutmayın.
Meteoroloqlar xəbər verib ki,
bizim bu narahat dünyanın halına
səmadakı mələklər yenə də
ağlayacaqlar".
4 dekabr 2025-ci il
Səlim BABULLAOĞLU
525-ci qəzet .- 2025.-
26 dekabr (№238).- S.17.