Ölümə qənşər!
Yusif Səmədoğlu-90
Buludlar dağılır uzaqda lay-lay,
Yenə öz yerində yuvarlanır ay,
Fəqət nə Cəlal var, nə də ki Humay,
Nə ömrə acıyır, nə yaşa
dünya...
Yusif Səmədoğlu haqqında yazıya
başlayanda Səməd Vurğunun yada düşməsi
öz-özünə oldu. Onunla da bərabər, ağrı
və təəssüf dolu bu kövrək şeir
parçası xəyalımda canlandı. Yetmiş il əvvəl
yazılmış bu misraların təsir gücü mənim
üçün azalmayıb ki, artıb. Əvvəl
düşündüm bu, yəqin yaşımla
bağlıdır, şeirin mahiyyəti, ovqatı indi mənə
daha yaxşı çatır, amma yox, müxtəlif
yaşlarımda Xan Şuşinskinin "Segah"
üstündə bu misraları oxumasını hər dəfə
dinləyəndə içimdən qəribə bir nisgil
keçirdi, xüsusilə "Fəqət nə Cəlal var,
nə də ki Humay" misrasını eşidəndə. Həqiqətən, "nə ömrə
acıyır, nə yaşa dünya".
İndi böyük şairin dediyi həmin
"amansız" dünyada nə Səməd Vurğun
özü var, nə onun yazıçı oğlanları.
Əlbəttə, ölüm özü də Allahın bir mərhəmətidir, kimliyindən asılı olmayaraq
hamı o mərhəmətdən
dadır - Səməd Vurğun 50 yaşında, Yusif Səmədoğlu
62 yaşında, Vaqif Səmədoğlu 75 yaşında.
Ömür payları müxtəlif olsa da, mahiyyət, nəticə
eynidir - bütün insanları bərabərləşdirən
ölüm! Xoşbəxt o kəsdir ki, bu dünyada
özündən sonra parlaq iz qoyur, əməlləri
yaşayır, sözü eşidilir, fikirləri insanı
düşündürür, təsirləndirir, onun mənəvi
dünyasını zənginləşdirir.
Səməd Vurğunun özünə də, oğlanlarına da bu xoşbəxtlik
nəsib oldu. Neçə nəsil Azərbaycan insanı
Vurğun şeirindən dilimizin gözəlliyini öyrənir,
neçə nəsil poeziya həvəskarı Vaqif Səmədoğlu
şeirini özünə örnək bilir. Yusif Səmədoğlu
isə şeir yazmadı, əvəzində keyfiyyətcə
fərqli olan səksəninci illər yeni nəsrimizin ilk
yaradıcılarından oldu. Sayca çox olmayan əsərləri
ən yaxşı nəsr nümunələri kimi indi də
gündəmdədir, hətta yaxın vaxtlarda XX əsr ədəbiyyatımızın
üstündən asanlıqla, hətta ləzzətlə qələm çəkənlərin
çağdaş yazıçılarımız arasında
keçirdikləri "Ən yaxşı Azərbaycan
romanı" sorğusunda da məhz Yusif Səmədoğlunun
1987-ci ildə nəşr etdirdiyi yeganə romanı - "Qətl
günü" birinci yerə çıxdı. Bu nəticənin
nə dərəcədə doğru və ya insaflı
olmasını araşdırmaq fikrində deyiləm, mən
faktı diqqətə aldım.
Yusif Səmədoğlu
yaradıcılığının əsas keyfiyyətinin nədən
ibarət olduğu haqqında düşünəndə və
onu bircə cümlə ilə təqdim etmək istəyəndə
yazıçının bir kitablıq
yaradıcılığında ümumi bir leytmotiv olduğunu duydum -
ölümə məhəbbət leytmotivi. Bu leytmotiv
çoxsəsli musiqi əsərində olduğu kimi gah zəifcə
eşidilən, gah itən, sonra dərindən nəfəs
alıb yenidən dirçələn, nəhayət,
bütün başqa səsləri bastalayıb özünə
tabe edən əsas leytmotiv kimi. Yazıçıda ölümdən yazmaq həzzi,
ölümə doğru getmək istəyi
güclüdür. Bəlkə elə "Qətl
günü" romanındakı "ölümə qənşər"
ifadəsinin özü Yusif Səmədoğlu
yaradıcılığının şifrəsi, gizli kodudur?
Bəlkə bu kod elə Səməd Vurğun şeirinin
özündən qaynaqlanırdı?
Böyük şairin əsərlərində ilk
baxışda həyat eşqi coşur, qaynayır, amma bir az dərinə
gedəndə ölüm qoxusu gəlir şaqraq misralardan.
"Komsomol poeması" qəhrəmanlarının
başı üstündə əvvəldən sona kimi bir
ölüm kölgəsi dolanır. Şairin süjetdən kənar
ricətləri, dünya, həyat,
insan, məhəbbət, ədalət, həqiqət
haqqında iddiadan uzaq və çox təbii səslənən
fəlsəfi ümumiləşdirmələrinin sonu da
ölüm haqqında düşüncələrə dirənir.
Bu tendensiya Vaqif Səmədoğlu poeziyasında daha
qabarıqdır, bir fərqlə, şair ölümün gətirdiyi
kədərə yumor rəngi qatır, zarafat ədvası
vurur, ölümlə bir növ dilxoşluq edir. Şübhəsizdir
ki, bu, zahirdə, birinci qatda belədir,
əslində isə bir neçə il ölümlə
çarpışan şairin "dəhşətli
ağrıları"nı yüngülləşdirən dərmanı,
tiryəki idi zarafat. Böyük qardaşda isə ölümə
münasibət daha ciddi, daha dərindir; ölüm-itim
ovqatı əsərlərinin
canında, toxumasında, hüceyrəsindədir.
Bütövlükdə mətnin özündə ağır
ölüm havası var.
Burada kiçik bir haşiyə: 1988-ci ildə
"Axirətdən qabaq gəzinti" adlı roman
yazmışdım. "Azərbaycan" jurnalının
baş redaktoru romanı bəyənsə də, adının
dəyişdirilməsini təkidlə tələb edirdi, başqa sözlə, əsərin
çapına mane olan yeganə cəhət ad məsələsi
idi. Reallıqla hesablaşan bir adam kimi, istəməsəm də,
əsərin adını dəyişib gərək ki,
"Enmə sürəti" qoydum. Elə bu ərəfədə
jurnala Yusif Səmədoğlu baş redaktor gəldi. Bir
müddətdən sonra mən yeni baş redaktorla həyatımda birinci və axırıncı
dəfə görüşdüm və romanın jurnal taleyi
ilə maraqlandım. Məni heç bir cəhətdən
tanımayan Yusif Səmədoğlu illərin
formalaşdırdığı tənbəl və biganə
kübar ədası ilə soruşdu:
- Nədi romanın aaadı?
- "Enmə sürəti" - dedim.
- Bu nə aaaddı?
- Əslində "Axirətdən qabaq gəzinti"dir
adı.
Yusif Səmədoğlunun bayaqdan hər şeyə
biganə üzündə ona çox yaraşan qəfil təbəssümü
göründü:
- "Axirətdən qabaq gəzinti"?
Yaaaxşı addır, - dedi. - Haaardan ağlına gəlib bu
ad?
- Bir rusun qolunda döymə yazı
görmüşdüm: "Jiznğ proqulka pered
smertğö".
Yusif Səmədoğlunun yaraşıqlı təbəssümünü
bir də gördüm.
Roman çap olundu, əlbəttə, həmişə
olduğu kimi, İntiqam Qasımzadənin köməkliyi ilə.
Sözüm onda deyil, sözüm yazıçının
"axirət", "ölüm", "edam"
havasına köklənməsini bir daha göstərməkdi.
"Ölüm" Yusif Səmədoğlu nəsrinin
bir az əvvəl dediyim kimi kodu, şifrəsi, onun ədəbi
qəhrəmanlarının kompasıdır, bu kompas axirət
səmtə tuşlanıb. "Ölümə qənşər!"
arzusunda kədər hiss olunmur, bu arzuda elə bil
"Azadlığa qənşər!" alqışı
gizlənib, başqa sözlə, ölüm mütləq
azadlığın özü kimi deşifrə edilir.
Yusif Səmədoğlunun bütün əsərlərində,
dediyim kimi, əsas leytmotiv ölümdür. Hər bir əsərinin
qəhrəmanı ölümlə üz-üzədir.
Əgər Hüseyn Cavidin əsərlərində qəhrəman
naməlum bir uçurum qarşısında dayanıb dramatik
xəttin gərginliyini yaşayırsa, Yusif Səmədoğlu qəhrəmanlarının hər
biri ölüm uçurumu üstündədir.
Yazıçının ən yaxşı əsərlərində
- "Qətl günü" romanında da, "İncə
dərəsində yaz çağı" hekayəsində
də, hətta fiziki ölümün olmadığı
"Bayatı-şiraz" novellasında da bu təəssürat
oxucunu tərk etmir.
Novellanın ilk cümləsindən əsərin qəhrəmanı
həyatdan, dünyadan,
"joqa"lı mədəsindən narazı, dilxor qrimasdadır. Bir oxucu kimi mən
Səbzəlini həyatın adi, darıxdırıcı
prozasından cana gəlmiş, özünü fiziki və mənəvi
cəhətdən tam buraxmış, hətta nəcib kədərdən
belə aralanmış, sevinməyi, gülməyi unutmuş,
hər cəhətdən düşmüş, yorulmuş
maraqsız bir insan kimi qavrayıram. Obraz o qədər
relyeflidir ki, mən onu görürəm, ona toxuna bilirəm,
hiss edirəm, amma sevmirəm, etiraf edim ki, Səbzəliyə
mənim ürəyim yanmır, rəhmim gəlmir. Fikrimcə,
müəllif özü də yaratdığı obrazı
sevmir. Məqsəd mən bilən
Səbzəlini sevdirmək də deyil, məqsəd bekara
adamın dramasını, faciəsini göstərmək, hər
şeyə əlini yelləyib "Cəhənnəmə
ki!" reaksiyası verən kişinin məzmunsuzluğunu
yaşatmaqdır. Fikirləri, həsədləri,
paxıllığı, dayazlığı, bəsit istəkləri
ilə Səbzəli ədəbiyyatın
altmışıncı illər epoxasında dəbdə olan
"kiçik adam" həyatı yaşayır, daha
doğrusu, ölümə doğru sürünür. İlk
baxışda belə mağmın görünən, oxucunun rəğbətini
qazana bilməyən Səbzəlinin içində çoxdan
unutduğu dəruni hisslərin mövcud olduğu da gözdən
qaçmır. Keçmişə çoxdan qovuşmuş
valideynləri, doğmaları, simsarları ilə
bağlı öz haqq-hesabı var Səbzəlinin.
"Bayatı-şiraz"ın qəhrəmanının
peşəsi də Azərbaycan mühiti üçün əcaibdir:
o, restoran orkestrində kontrabas çalır, daha doğrusu,
çalınanlara "züy tutur", çünki Səbzəli
uzun, yorucu ömrü boyu həyat səhnəsində solist
ola bilmədiyi kimi, kontrabas da solo üçün nəzərdə
tutulmayıb, onda müstəqil ifa mümkün deyil. Məşhur
filmdə "Mən, tək,
kontrabasda?!" sualını xatırlamaq kifayətdir.
Elə restoranın "kefqom" müştərilərindən
birinin Səbzəliyə iki şaxşax əllilik
müqabilində "Bayatı-şiraz" sifariş etməsi
də absurd istək və ondan doğan komik situasiyadır. Səbzəli
sifarişin məzələnmək üçün verildiyini
başa düşsə də, qonorarı cibinə qoyub
estradaya yönəlir və heç vaxt sevmədiyi, hətta
nifrət etdiyi nataraz alətdə "Bayatı-şiraz"
çalır. Sifarişçi məqsədinə
çatıb, kefi yuxarı restoran əhli gülür, muğamın
əcaib ifaçısına baxıb əylənir. Müəllif
ömründə ilk dəfə solist kimi
çıxış edən
qəhrəmanının bu əcaib ifa zamanında nə
düşündüyünü, hansı hisslər keçirdiyini, ifadan sonra
restoranda nələrin baş verdiyini
oxucuya bildirmir, "deyilənlərin başa gəlməsini"
axıra, novellanın finalına saxlayır.
Gecənin qaranlığına qovuşan Səbzəli
"uca binaların zil qara siluetləri arasından
parıltılı ulduzların əhatəsində süd
yolunu gördü. Təəccüb elədi. Çünki əlli
ildən yuxarı idi ki, o, süd yolunu görməmişdi.
Dayanıb, əlləri cibində doyunca tamaşa elədi.
Birdən Səbzəlini ağlamaq tutudu. Ta ürəyi
boşalınca ağladı..."
Niyə ağladı Səbzəli? Sevincsiz, kədərsiz,
məhəbbətsiz, solğun və tənha həyatının
finişə yaxınlaşmasına görəmi? Bəlkə
əksinə, hələ yaşamaq limitinin bitməməsi
ağladırdı onu? Üçüncü variant da ola bilər:
yaşadığı ömrün bir az əvvəl
kontrabasda ifa etdiyi əcaib
"Bayatı-şiraza" bənzəməsinə görə.
Yusif Səmədoğlunun əksər qəhrəmanları
həyatla vidalaşmaq ərəfəsində olan
yaşlı, ahıl adamlardır. Yazıçının ən
kamil hekayəsi kimi dəyərləndirdiyim "İncə dərəsində
yaz çağı"nın qəhrəmanları da
qoşa qarımış ər-arvaddır. Ölüm
yatağına düşmüş qoca ərini hələ
ayaq üstdə olan Sayalı arvad azarın cəngindən
qoparmağa çalışır, şəhərdən
Salahovun baldızını "diriltməyə" gəlmiş
həkimə göstərmək istəyir xəstəsini.
Qadın şam kimi əriyən qocasını xilas etmək
üçün feldşer Mahmuda, Bakıdan gəlmiş
"ölüdirildən" professora yalvarır, amma
qazandığı Vaqif Səmədoğlunun dediyi "dəhşətli
ağrıları" kəsmək üçün bir-iki
ampula morfi olur. Morfinin təsirindən ağrılardan azad olan
qoca Çərkəzin ölgün gözləri
açılır. Kişi sehrli iynənin təsirindən necə
sevinirsə, Sayalını professorun dalınca göndərir
ki, şəfaverici iynədən çox alsın. Arvad evdə olan-qalan pulu götürüb
öz möcüzəsi ilə Salahovun baldızını
diriltmiş həkimi ətəkləməyə
qaçır, "...elə bu vaxt başı üzərində
bir uğultu eşitdi, buludlardan aşağıda uçan səhərki
vertolyotu görəndə elə bil Qara dağ yerindən
qopub arvadın üstünə gəldi... Sayalı çox
qaçdı", amma gecdi, "ölüdirildən" həkimi
aparan məxsusi vertolyot artıq havadadır, deməli, son
ümid də qırıldı, Çərkəzin dərmanı
elə o vertolyotla da getdi.
Çərkəzin sağalmayacaq xəstəliyi
haqqında Sayalının heç təsəvvürü belə
yoxdu, o, qoca ərinin bakılı professorun dava-dərmanı
ilə ayağa qalxacağına inanır, amma müəllif
"blastoma"nın nə olduğunu yaxşı bilirdi,
çünki atası Səməd Vurğun özü xərçəngin
güdazına getmişdi. O zaman yazıçı
özünün də bu xəstəliklə
dünyasını dəyişəcəyini təbii ki,
bilmirdi, amma qəribə taledir, oğul da atanın yolu ilə
getdi, qardaş da o əlacsız xəstəliyin "dəhşətli
ağrı"larını canında yaşadı və
dünya ilə halallaşdı. Həqiqətən, "nə ömrə
acıyır, nə yaşa dünya..."
"Bir xəstənin qulağına gələn səslərdən:
- Yolun haradır, qardaş?
- Son mənzilədir, bacım".
Bu dialoq da "Qətl günü" romanının
epiqrafındandır. Elə ilk sətirlərdən hadisələr
və qəhrəmanlar ölümə köklənir.
"İncə dərəsində yaz çağı" əsərindəki ovqat, situasiya, hətta personajlar
yazıçının son mənzili olan "Qətl
günü" romanına hazırlıqmış, o romana
ki, həyatla ölüm arasında mövcud olan rəmzi
körpü misalındadır.
Daha bir haşiyə:
Yusif Səmədoğlunun sağalmaz xəstəliyi ilə
bağlı ağır günlər yaşadığı
artıq hamıya məlumdu. O vaxtlar Solmaz Əmirli televiziyada
"İslam olduğu kimi" proqramının müəllifi
və aparıcısıydı. Verilişlərin birindən
sonra redaksiyaya zəng gəlir. Yusif Səmədoğlu
çox yorğun, xəstə səsi ilə verilişə
görə Solmaz xanıma təşəkkür edir. Bu səs,
bu ovqat "son mənzilə" çatmaq üçün
haqq yoluna çıxmış adamın səsiydi.
Əlbəttə, ölüm haqdır, dediyimiz kimi, o
da Allahın bir mərhəmətidir, onu geniş ürəklə,
təəssüf etmədən qəbul etməyi bacarmaq isə
xoşbəxtlikdir. Təsəllimiz isə budur: biz
olduq-olmadıq, sözümüz, yazımız, yaxşı əməllərimiz,
vətənimiz, millətimiz, nəhayət, dünyamız
yaşayır, necə ki, 90 yaşlı Yusif Səmədoğlunun
əsərləri həm yaşayır, həm də müəllifini
yaşadır.
Əzəldən belədir çünki kainat,
Cahan əbədidir, ömür amanat.
Əldən-ələ keçir amansız həyat,
Biz gəldi-gedərik, sən yaşa dünya.
Əli ƏMİRLİ