"Türk Bölməsi"
və ya "Türk Təhsil Modeli"
Qloballaşma dövründə təhsilin artıq təkcə
məktəb və universitet divarları ilə məhdudlaşan
bir sahə olmadığını hamımız yaxşı
bilirik. Bu gün təhsil sistemləri dövlətlərin
iqtisadi, mədəni və ideoloji təsir alətlərindən
birinə çevrilib. Bir çox ölkələr
yaratdıqları təhsil modellərini sistemləşdirir,
brendləşdirir və bu modelləri dünya miqyasında
yaymaqla həm maddi, həm də strateji qazanc əldə edirlər.
Düzdür, bunu özəl sektorun əli ilə təqdim
edir, birmənalı şəkildə bilirik ki, bu cür layihələrə
birbaşa dövlətlər özləri dəstək olur.
Bizim də bu yazının məqsədi mövcud
qlobal təhsil modellərinə qısa nəzər salmaq,
Türkiyənin bu sahədəki mövqeyini dəyərləndirmək
və Türk dünyası üçün real, tətbiq
edilə bilən "Türk Bölməsi" adlı təhsil
modelinin niyə zəruri olduğunu ictimai müzakirəyə
çıxarmaqdır.
Bu gün Cambridge, International Baccalaureate (IB), Pearson,
Advanced Placement (AP) kimi sistemlər sadəcə tədris
proqramı deyil, qlobal təhsil markalarıdır. Bu modellərin
ortaq cəhətləri bunlardır: Mərkəzləşdirilmiş
və standartlaşdırılmış kurikulum; Beynəlxalq
səviyyədə tanınan imtahan və qiymətləndirmə
sistemi; Akkreditasiya və lisenziya əsasında davamlı maliyyə
mexanizmi; Dil və mədəniyyət üzərindən təsir
gücü.
Sözsüz ki, bu sistemlər vasitəsilə təkcə
bilik ötürülmür, eyni zamanda müəyyən bir
dil (əsasən ingilis dili), dəyərlər sistemi və
dünyagörüşü təqdim edilir. Başqa sözlə,
təhsil burada "yumşaq güc"ün ən təsirli
alətlərindən birinə çevrilir. Heç təsadüfi
deyil ki, bütün ölkələr öz mədəniyyətini,
dilini təbliğ etməyə xüsusi büdcə
ayırır, bunun üzərində diaspor fəaliyyəti
qururlar.
Məktəblər və valideynlərin bu təhsil
sistemlərinə marağının da mərkəzində
duran xüsusi səbəblər var. Bəzən elə
düşünülür ki, bu cür bahalı təhsil
sistemlərinə yönələnlər üçün təkcə
keyfiyyət anlayışıdır. Daha professional
yanaşsaq, görərik ki, sadəcə keyfiyyət əsas
deyil. Yeni qurulan məktəblər üçün: Kurikulum və
imtahan hazırlamaq yükünü aradan qaldırır;
Hazır və beynəlxalq səviyyədə tanınan model
təqdim edir; Prestij və rəqabət
üstünlüyü yaradır.
Valideynlər isə əsasən bu səbəblərə
görə seçim edirlər: Uşağın ingilis dilini
yüksək səviyyədə öyrənməsi; Xarici
universitetlərə qəbul şansının artması;
Qlobal təhsil mühitinə inteqrasiya; Gələcəkdə
daha yaxşı iş imkanı əldə etmək.
Nəticədə təhsil seçimi getdikcə daha
çox rasional və strateji qərara çevrilir.
Bütün bunlara diqqət yetirəndə təbii
olaraq içimdə belə suallar yaranır: Axı niyə hələ
də Türk Təhsil Konsepti yoxdur? Niyə hələ də
Türk ölkələrində ortaq kurikulumu olan bir sistem
qurulmayıb? Niyə Türkiyə hələ də beynəlxalq
səviyyədə tanınan, akkreditasiyalı bir "Türk
Təhsil Modeli" təqdim etmir?
Sözsüz ki, mənim bu yazıdan məqsədim bu
sahəyə diqqət çəkməkdir. Gəlin bir
"Türk Təhsil Modeli" yaradaq!" deyib, sabah da bunu
elan etmək mümkün deyil. Amma indiyə qədər bu
düşünülməli və tətbiq edilməli idi,
fikrimcə. Könül istər ki, bu model Türk
Akademiyası tərəfindən bütün türk dövlətlərinin
birgə çalışması ilə ərsəyə gəlib,
hamısında tətbiq edilərdi. Lakin bu günün
prizmasında baxanda ən yaxın görünən Türkiyə
Cümhuriyyətinin bu sahədə atmalı olduğu
addımdır. Çünki prosesin təşkili daha asan,
daha tez başa gələndir. Çünki Türkiyə
köklü universitet ənənəsinə, güclü
akademik potensiala, ortaq dil, tarix və mədəniyyətə
malikdir, geniş Türk dünyasına təsir göstərmək
imkanına, yüksək mədəni cazibə gücünə
sahibdir. Həmçinin etiraf edək ki, Türkiyə həm
siyasi, həm iqtisadi baxımdan bu işi öhdəsinə
götürə biləcək ən güclü Türk
ölkəsidir və bu gün Azərbaycan, Qazaxıstan,
Özbəkistan, Qırğızıstan, Türkmənistan,
eləcə də İranda yaşayan azərbaycanlılar
arasında Türkiyəyə təhsillə bağlı
güclü maraq var. Hər il on minlərlə gənc
Türkiyədə oxumaq üçün universitetlərə
müraciət edir. Türkiyə bu coğrafiyada akademik mərkəz
kimi qəbul olunan qardaş ölkədir. Bu isə təkcə
tələbə axını deyil, təhsil modeli ixracı
üçün də böyük potensial deməkdir.
Bildiyimiz kimi, Sovetlərdən ayrılan türk
ölkələrində "Rus bölməsi" adlı bir
ifadə var. Bu gün isə bu bölmənin nüfuzunun xeyli
zəifləməsi və yaranan boşluq da bizə imkan verir
ki, "Türk təhsil modeli" adlı bölmə yaradaq.
Bunu şərtləndirən bir neçə vacib məqam
var: Türk dövlətlərinin bu gün tarixdə heç
vaxt olmadığı qədər yaxınlığı;
Rusiyanın regional təsirinin azalması; Yeni nəslin rus
dilinə marağının zəifləməsi; Türkcənin
və ingilis dilinin yüksəlişi; Türkiyə türkcəsində
elmi ədəbiyyatın yetərincə çoxluğu və
tərcümə bazasının zəngin olması.
Nəticədə təhsil sahəsində ciddi bir
boşluq yaranıb. Bu boşluq ya düzgün doldurulacaq, ya
da başqa güclər tərəfindən tutulacaq.
Bəlkə də, indi kimsə deyəcək ki,
hazırda Türkiyənin bir çox ölkələrdə
dövlət və özəl məktəbləri var. Qeyd etməliyəm
ki, mövcud Türk məktəbləri yetərli deyil.
Türkiyənin dəstəyi ilə fəaliyyət göstərən
Maarif (özəl fomatda) məktəbləri, bəzi dövlət
və özəl Türk məktəbləri əhəmiyyətlidir.
Amma reallıq budur ki, bu məktəblər say
baxımından azdır, ümumi təhsil sistemini dəyişəcək
miqyasda deyil, konkret bir modellə fəaliyyət göstərmir.
Mənim təklifim isə bunu daha genişmiqyaslı və
qlobal təsir yaratmaq üçün tək-tük məktəblər
yox, model, proqram və akkreditasiya sisteminin olmasıdır. Niyə
hansısa bölgəmizdə bir məktəb bu konseptdən
istifadə edə bilməsin? Niyə hansısa başqa bir
ölkə məhz Türk Təhsil Konsepti ilə təhsil
verməyi seçə bilməsin? Məsələn, mən
bir özəl məktəb sahibiyəm, istərdim ki, rus
bölməsi əvəzinə türk bölməsi
açım, amma burada çoxlu açıq suallar var, ən
vacibi isə sonda məzun hansı diplomu alacaq?
Təklif etdiymiz "Türk Bölməsi" və ya "Türk Təhsil Konsepti"
bu əsaslara söykənə bilər: Ortaq Türk dəyərləri
sisteminə əsaslanan təhsil; Türkiyə mərkəzli
vahid və standart kurikulum; Türk dili əsaslı, eyni zamanda
çoxdilli (Türkcə-İngiliscə) təhsil; Ortaq
Türk tarixi, ədəbiyyatı və mədəniyyəti;
Beynəlxalq standartlara uyğun qiymətləndirmə;
Türkiyə tərəfindən verilən akkreditasiyalı
diplom.
Bu proqram istənilən ölkədəki dövlət
və özəl məktəblər üçün
müraciət əsasında açıq olmalıdır.
Bu modelin cazibəsini artıracaq əsas amil isə
"Türk bölməsi" məzunlarına Türkiyə
universitetlərində xüsusi kontenjanlar, təqaüdlər,
qəbul və keçid üstünlüklərinin
olmasıdır.
Bu gün təhsil sadəcə dərs prosesi deyil. Təhsil
- dil, mədəniyyət, iqtisadiyyat və geosiyasətin kəsişdiyi
strateji sahədir. Əminəm ki, Türkiyə öz tarixi, mədəni
və intellektual potensialı ilə Türk dünyası
üçün ortaq, güclü və rəqabətədavamlı
təhsil modeli yarada bilər. Əgər buna nail olunaraq yeni
model tətbiq edilərsə, qardaş Türkiyənin təhsil
diplomatiyası güclənər, Türk dünyasında
ortaq akademik zəmin yaranar, Birlik ideyası söz səviyyəsindən
institusional səviyyəyə qaldırılar.
Bu, artıq sadəcə bir arzu deyil, zamanı
çatmış strateji zərurətdir. Mənsə 30 illik
təhsil təcrübəmlə bu prosesin istənilən
yerində könüllü olaraq dəstək verməyə
canü könüldən hazıram.
Şəmil SADİQ