Tariximizi
fırçası ilə yaşadan sənətkar
MİRZƏ QƏDİM İRƏVANİNİN
ƏSƏRLƏRİNİN SƏRGİSİ VƏ
BƏDİİ ALBOMU "XALQ ƏMANƏTİ"
LAYİHƏSİNDƏ TƏQDİM OLUNDU
Payızla qışın arasındakı son günlərdən
birində Bakının mədəni-ictimai həyatında
mühüm bir tarixi hadisə baş verdi. Dekabrın 4-də,
ilk dəfə olaraq, "Xalq Bank"ın baş ofisinin sərgi
qalereyasında unikal sosial-mədəni layihə - "Xalq
Əmanəti" çərçivəsində XIX əsrin
görkəmli rəssamı, Azərbaycan milli dəzgah rəngkarlığının
banisi Mirzə Qədim İrəvaninin (1825-1875) əsərlərindən
ibarət sərgi açıldı və sənətkarın
"Rəngkarlıq və qrafika" adlı bədii albomu təqdim
edildi.
Məlum olduğu kimi, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına
əsasən, Mirzə Qədim İrəvaninin 200 illiyi
münasibətilə ölkəmizdə silsilə yubiley tədbirləri
təşkil olunur. Tarix torpaqlarımız olan Qərbi Azərbaycanın
yetirməsi Mirzə Qədim İrəvaninin sərgisinin
keçirilməsi və albomunun nəşri onu göstərir
ki, 2020-ci ildə Qarabağın işğaldan azad edilməsi
ilə ərazi bütövlüyümüzün tam bərpasından
sonra artıq milli mədəni bütövlüyün bərpası,
tarixi-mənəvi irsin yenidən bir araya gətirilməsi
zamanı çatıb. "Xalq Bank" məhz bu şərəfli
və taleyüklü missiya çərçivəsində
Mirzə Qədim İrəvaninin həyat və
yaradıcılığından bəhs edən nəfis bədii
albom Azərbaycan, ingilis və rus dillərində yüksək
poliqrafik səviyyədə ərsəyə gətirib.
"Xalq Bank"ın sərgi qalereyasının
divarları görkəmli rəssamın tablolarının rəngarəng
replikaları və onun rəngkarlıq əsərlərinin
motivləri əsasında toxunmuş, kiçik
ölçülü, zərif xalçalarla bəzədilib.
Texnika, rəng koloritinin zənginliyi və obrazların ifadəliliyi
ilə yanaşı, Mirzə Qədim İrəvaninin əsərləri
müxtəlif sahələr üzrə mütəxəssislər
üçün də qiymətli informasiya mənbəyidir.
Bu tablolar sənətşünaslar və milli geyim tədqiqatçıları
ilə yanaşı, orta əsr Şərq silahlarının
biliciləri, tarixi şəxsiyyətlərin obrazları və
dövrün məişət interyerləri ilə maraqlanan tədqiqatçılar
üçün də böyük əhəmiyyət
daşıyır.
Tədbiri açaraq incəsənət, elm və
dövlət xadimlərini salamlayan Əməkdar artist Dilarə
Səlim qeyd etdi ki, Mirzə Qədim İrəvaninin ilhamla
yaradılmış əsərlərinin timsalında biz rəngkarlıq
sənətində Azərbaycan ruhunun təntənəsinə
şahid oluruq. Onun sözlərinə görə, sərgi və
albomun təqdimatı sənətkara olan ümumxalq məhəbbətinin
və ehtiramının rəmzi, milli-mənəvi dəyərlərə
sədaqətin bariz ifadəsidir.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan
İcmasının sədri Əziz Ələkbərli
çıxışında "Xalq Əmanəti" layihəsinin
yaradıcı heyətinə yüksək peşəkarlıqla
görülmüş işə görə dərin minnətdarlığını
bildirdi. O vurğuladı ki, Mirzə Qədim İrəvaninin
200 illik yubileyinin qeyd olunması ilə bağlı Azərbaycan
Prezidentinin imzaladığı Sərəncam həm də
mühüm siyasi məna daşıyır və qarşı
tərəfə açıq bir mesajdır: böyük sənətkar
Mirzə Qədim İrəvani əcdadlarımız -
türklərin yaşadığı əzəli Azərbaycan
torpağında doğulub və yaradıcılıqla məşğul
olub: "Heç bir tarixi şəxsiyyət təsadüfən
meydana çıxmır. Bunun üçün güclü
tarixi köklər, əsrlərlə formalaşmış ənənələr
və dahilər yetirən münbit torpaq lazımdır. Mirzə
Qədim İrəvani məhz belə bərəkətli bir
mühitdə doğulub".
A.Ələkbərlinin fikrincə, M.Q.İrəvaninin
yaradıcılığının təqdimatı Qərbi Azərbaycanın
mədəni irsinin də onun möhtəşəm əsərləri
və albomu timsalında zəfərlə Vətənə
qayıdışı kimi dəyərləndirilə bilər.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri,
Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru,
akademik Rafael Hüseynov həmkarının fikirləri ilə
şərik olduğunu bildirdi. M.Q.İrəvaninin milli incəsənətin
qoynuna qayıdışını dərin milli məzmun
daşıyan bayram kimi qiymətləndirən R.Hüseynov,
artıq on ildir ki, xalqın mədəni sərvətlərinin
qorunması və geri qaytarılması kimi əvəzsiz
missiyanı həyata keçirən "Xalq Bank"a təşəkkürünü
ifadə etdi. Akademik dedi ki, M.Q.İrəvaninin təxəllüsü
qədim Şərq ənənəsinə uyğun olaraq onun
doğulub-yaratdığı İrəvan
xanlığının ərazisində yerləşən Azərbaycan
şəhərinin adı ilə bağlıdır. XVIII-XIX əsrlər
klassik miniatür sənətindən Avropa dəzgah rəngkarlığına
keçid dövrü kimi səciyyələnir və bu mərhələdə
Azərbaycanda iki böyük sənətkar formalaşıb:
Qarabağda universal istedad sahibi Mir Möhsün Nəvvab,
İrəvanda isə Mirzə Qədim İrəvani. Təəssüf
ki, İrəvan və ətraf bölgələrin ermənilər
tərəfindən məskunlaşdırılmasından sonra
Mirzə Qədim İrəvaninin
yaradıcılığı uzun müddət Azərbaycan
elmi ictimaiyyətinin diqqətindən kənarda qalıb.
Yalnız ötən əsrin əvvəlləri və
ortalarında sənətşünas N.Miklaşevskaya, ədəbiyyatşünas
O.Həsənov, Xalq rəssamı S.Salamzadə və sənətşünas
V.Çepelev onun irsini araşdıraraq dünyaya
tanıdıblar.
R.Hüseynov diqqətə çatdırdı ki,
M.Q.İrəvaninin albomu yüksək intellektə, vətənpərvər
mövqeyə və incə estetik zövqə malik peşəkarların
əməyinin nəticəsidir. Albomda İrəvan xanlığının
tarixi, ictimai mühiti və belə bir yaradıcılıq
dühasının formalaşmasına zəmin yaradan amillər
dolğun şəkildə əks olunub. Buradakı hər bir əsər
alimlər üçün əvəzolunmaz tədqiqat mənbəyidir.
Nəşrin yüksək keyfiyyətli poliqrafiyası və zərif
dizaynı nadir kitab nəşrlərinin mahir ustası,
istedadlı rəssam Tərlan Qorçuya məxsusdur. Onun sayəsində
poliqrafiya əsl sənət səviyyəsinə yüksəlib.
"Xalq Əmanəti" layihəsinin növbəti
buraxılışı rəssamlar üçün əsl
bayrama çevrilib" - bu fikri səsləndirən Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı,
professor Natiq Əliyevin dediyinə görə, Akademiyada Mirzə
Qədim İrəvaninin yaradıcılığı və rəngkarlıq
üslubu daha dərindən öyrəniləcək.
Akademiyanın rəssamları Milli İncəsənət
Muzeyinin bərpaçıları ilə birgə Mirzə Qədim
İrəvaninin tablolarının restavrasiyasını həyata
keçirib və bu əsərlər Heydər Əliyev Mərkəzində
nümayiş etdirilib. Rektor əlavə etdi ki, rəssamın
əsərlərinin Paris, Berlin və digər Avropa
paytaxtlarında təqdim olunması da
planlaşdırılır.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan
İcmasının sədr müavini Hikmət Babaoğlunun
fikrincə, Mirzə Qədim İrəvani portret rəngkarlığı
janrında böyük uğurlar qazanaraq Fətəli
şahın, Nadir şahın, vətənpərvərlik rəmzi
olan şahzadə Abbas Mirzənin portretlərini, eləcə
də klassik türk düşüncəsini və səciyyəvi
rəng koloritini əks etdirən möhtəşəm
türk qadını obrazlarını ustalıqla yaradıb. O
dedi ki, Mirzə Qədim İrəvaninin irsi Azərbaycana məxsusdur
və onun adı azərbaycançılığın rəmzlərindəndir.
Sənətkarın əsərləri həm İrəvan
bölgəsinin, həm də bütövlükdə Azərbaycanın
mədəni irsinin ayrılmaz tərkib hissəsidir.
Rəsmi mərasimdən sonra şair, dramaturq, Azərbaycan
Yazıçılar Birliyinin katibi İlqar Fəhmi M.Q.İrəvani
yaradıcılığı, təqdim edilən albom və sərgi
haqqında danışarkən bildirdi ki, görkəmli rəssam
orta əsrlər Azərbaycan miniatür sənətini
müasir təsviri incəsənətlə harmonik şəkildə
birləşdirib. Onun əsərlərini gördükdə dərhal
başa düşürsən ki, bunlar məhz M.Q.İrəvaninin
yaradıcılıq nümunələridir.
Qeyd edək ki, 2025-ci il dekabrın 4-dən etibarən
"Xalq Bank"ın Əsas binasında yerləşən rəsm
qalereyasında M.Q.İrəvaninin əsərlərindən
ibarət sərgini həftəiçi 5 gün saat 18:00-dan
21:00-dək, şənbə və bazar günləri isə
saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür.
Ünvan: Bakı şəhəri, İnşaatçılar
pr., 22 L. Giriş sərbəstdir.
"Xalq Əmanəti" layihəsi ASC "Xalq
Bank"ı tərəfindən 2010-cu ildən etibarən həyata
keçirilir. Layihə Azərbaycan xalqının mədəni
irsinin qorunub gələcək nəsillərə
ötürülməsi, mənəvi dəyərlərinin
dünyaya tanıdılması məqsədini
daşıyır. Layihə çərçivəsində nəşr
edilən kitablar Azərbaycan, ingilis, rus dillərində
çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil
müəssisələri, uşaq evləri və kitabxanalar,
müxtəlif fondlar, dövlət müəssisələri,
xarici ölkələrin Azərbaycanda və Azərbaycanın
xaricdə fəaliyyət göstərən səfirlik və
konsulluqlarına, dünyanın böyük muzeylərinə,
kitabxanalarına və sənətsevərlərə hədiyyə
edilir.
525-ci qəzet .- 2025.-
26 dekabr (№238).- S.20.