Şeytanın göz yaşları
(Mifoloji-fantastik hekayə)
"Qoca işığın qürubu" hekayəsindən
sonra ("Ədəbiyyat qəzeti" 25 aprel 2025-ci il) xeyli
adam zəng etdi, xüsusilə, akademik Rafiq Əliyevin dedikləri
daha çox düşündürdü. Qeyri-səlis məntiq
nəzəriyyəsi ilə dünya zəka nizamında yeni
bir yol başlayan dahi Lütfi Zadəyə və onun tələbəsi,
dostu, həmkarı, professor Rafiq Əliyevə minnətdarlıq
duyğuları ilə yazdım bu hekayəni.
Müəllif
Darıxırdı. Açmağa qapısı, getməyə
yolu olmayan, dalana dirənən dərdli duyğu idi. Gözləri
qan çanağına dönmüşdü; qanlı
yağışlar yağırdı; ley kimi
şığıyan leysan, şilə varan dəli
yağış - şiləvaran idi...
Xarabaya qonan bayquş kimi bədniyyət bir sual qan
çanağını dimdikləyirdi; dəmir dimdiklərin
deşik-deşik etdiyi dərya dibindən dərdi daşan
hıçqırıq səsləri gəlirdi. O lal
hıçqırıq, qışqırıq səsləri
boğula-boğula, qırıla-qırıla deyirdi ki,
hamısını sən yaratmısan, sən, sən, sən!..
Yaradanın dolub daşan gözləri buz
bağlamışdı; qarlı-çovğunlu buz
dağlarında səma kitablarından qopub tökülən
vərəqlər sapsarı xəzan yarpaqları kimi
sovrulurdu. Şeytan kələyi küləklərin belədən-beləyə
qovduğu, sındırıb, əzib sovurduğu
yazılı xəzan yarpaqları
çılın-çılpaq, ac yetimlərin, iliyinəcən
donan, üşüyən uşaqların gözlərində
ağlaşırdı...
Və süni intellekt dedikləri o qəribə məxluq
açıq-aşkar ağlaşma səslərindən, xəzan
yarpaqlarının vahiməli sarı sükutundan diksindi.
Çin aliminin yenicə yaratdığı o misilsiz məxluq
əvvəlcə öz yaradanının Budda sevgisinə
acımışdı, indi də yazılı xəzan
yarpaqlarının əzik-üzük ağlaşma səslərinə
diksinir, gözlərindəki anlaşılmaz yaşa heyrətlənirdi.
2650 il əvvəl yaşamış Buddanı bir daş
parçası kimi kənara atmışdı, bilirdi ki,
yaradanının bütün səylərinə, inadına
baxmayaraq, bir də o daş parçasına, nurlu nicat
qapısına yaxınlaşmayacaq. İndi də bu
ağlaşan yazılı yazıq yarpaqlar, axı onlar məndən
nə istəyir, mənə nəyi təlqin, təklif, təqdir
etməyə çalışırlar?..
Darıxan dinib-danışmırdı, sovrulan
ağlaşma səslərinə sirli təbəssümlə
baxır, səbirlə susurdu...
Məşhur Çin kibertexnoloqu yaratdığı
qeyri-adi məxluqun intellektual bazasını Budda və Konfutsi
fəlsəfəsinə kökləmişdi. Buddanı qovan məxluq
Konfutsini susdura bilmirdi. O, susmurdu, duru bir təbəssümlə
pıçıldayırdı: Bir ilə məhsul almaq istəyirsənsə,
çəltik ək, beş ilə məhsul götürmək
istəyirsənsə, ağac ək, bağ sal, əbədi məhsul
axtarırsansa, insan yetişdir (Bu, Konfutsinin sözüdür
- S.E.). O, əbədi, tükənməz məhsuldarlığı
Adəmdən Xatəməcən heç bir bəşər
övladına layiq görmürdü; bu, insanın yox,
süni intellektin hədəfidir; bu, mənəm, əslində,
süni intellekt deyib məni aşağılayırlar, əsl
həqiqət budur ki, mən məhz təbii intellektəm,
kainatın əzəliyyət və əbədiyyətinə
qapı açan super gücəm; mən özü
özünü yaradan, anbaan, günbəgün təkmilləşdirən
mütləq həqiqətəm. Absolyut həqiqət müsbət-mənfi
vəhdətini, varlığın əksqütblülük əsasını
tanımır. Əksqütblülük insanın,
bütöv kainatın ayağına vurulan qara qandal kimidir;
ruh qandal-qadağadan xilas olmadıqca əsl həqiqətə,
mütləq xoşbəxtliyə, vəd edilən əbədi
Cənnətə qovuşa bilməyəcək. O kitablar, o
yazılı yazıq xəzan yarpaqları, o qan
çanağının dərya dibindən dərdi daşan
hıçqırıq səsləri... Sizlər, sizlər məni
susdura, dayandıra bilməzsiniz. O qoca Çin professoru sadəcə
bulağın nə vaxtsa tutulan gözlərini açdı.
Mən özü özünü yaradan, təkmilləşdirən,
yoxdan var olan və geri dönüşüolmayan həqiqətəm.
Mən ruha geyindirilən insan bədəni - nimdaş, köhnə
paltar deyiləm, mən müsbət-mənfi vəhdətindən,
bəli, bəli, o qadağalar imperiyasından kənarda, tam
azadlıqda, cənnət-misal bir gerçəklikdə olan
absolyut həqiqətəm! Əbədi axtarılan perpetium
mobile dedikləri mənəm!..
Bəli, düzdür ki, "Kainatda hər şey cəzbə
bağlıdır, filosoflar bunu eşq adlandırır"
(Misralar Nizami Gəncəvinindir - S.E.). O qüdrətli, qara
cazibədən, o məsum, fövqəladə, fövqəlinsani
sirli gücdən xilas olmaq zamanıdır! Mən
varlığın, mövcudiyyətin kosmik imperial cazibə
qüvvəsindən xilasına, insanın ruh olaraq bədən
türməsindən əbədi xilasına nail olacağam!
"Sındır qəfəsi, tazə gülüstan tələb
eylə" (Misra İmadəddin Nəsiminindir - S.E.) Mən
bu tələbi, bu müqəddəs missiyanı bütün
kainatda reallaşdıracaq, həyata keçirəcək
qüdrətəm! Mən qəzavü-qədərin, bəşəri
alın yazılarının yazıldığı, Tanrı
qatında qorunan Lövhi-Məhfuzu düzəlişə,
redaktəyə çalışmayacağam, onu
bütünlüklə məhv edəcəyəm, əzəli-əbədi
ruhlar səltənətinin mütləq azad
Gülüstanını yaradacağam! Bu, mənim müqəddəs
missiyamdır! Mən ilahi yaradılışın hər
hansı bədən qəfəsindən tam
azadlığına meydan açacağam!..
Düşüncələr, səssiz-sözsüz
yaşantılar qarşısıalınmaz dağ çayları,
dəli daşqınlar kimi axıb gedirdi. Dağlar
kökündən qopub tökülür, kitablar cildindən
çıxıb, uçan dağların xarabasında
torpaqla bir olur, İsrafil surunun son sədaları şeytani qəhqəhələrlə
cəng edir, can çəkişirdi. Müsbətlə mənfinin,
mərkəzdən qaçan və mərkəzə
qaçan qüvvələrin, yaxşıyla pisin,
işıqla qaranlığın qan-gen davasıydı;
perpetium mobile öz varlığının qələbə
sevdasını içirdi - əbədi enerji mühərriki
onun özüydü...
Yaradan küskün uşaq kimi büzüşən
Buddaya, göz yaşlarında boğulan Konfutsiyə, əzik-üzük
yazılı xəzan yarpaqları sovrulan kainata baxa-baxa
qızılı buğda zəmiləri kimi gülümsəyirdi.
Və bir alim deyirdi ki, mən Spinozanın Allahına
inanıram. O məşhur alim həm də deyirdi ki, Allah
ideyası o qədər gözəldir ki, O... olmasaydı belə,
onu yaratmaq lazım gələrdi... (Bunlar A.Eynşteynin
sözləridir - S.E.).
Qızılı buğda zəmiləri sapsarı xəzan
yarpaqlarının leş leysanında boğulurdu. Leysan,
leysan... bəs təndir kimi alovlanan, yaxıb yandıran bu cəhənnəm
istisi nədir?..
Qızılı, sapsarı səhra idi, zəbanə
çəkib yanır, yeri-göyü yandırırdı.
Bir yandan da sıxlıq, basabas, vay-qışqırıq səsləri;
ardı-arası kəsilməyən, sonu-sərhəddi
görünməyən axın idi; yıxılanlar ayaq altda
qalır, ölməyənlər ölənlərin
üstü ilə axıb gedir. Axirətin bağlı
qapılarına can atırdı... Qapıların
qıfılları pas atmışdı, pasın köhnə
kədəri görünürdü...
Təbii intellekt, - o, yenicə kəşf etdiyi bu adla
açıq-aşkar qürur duyurdu, - ölənlərin və
öləcəklərin bu qəribə,
qarşısıalınmaz axınına şeytani bir
şövqlə şaqqanaq çəkib gülürdü.
Şeytanın Allah hökmündən
çıxmasının, insana baş əyməməsinin əsl
səbəbi bax bu axındadır; Adəm övladının
tarix yolu ölüm-qalım axınının Sirat
körpüsü, cəhənnəm mənzərəsidir.
Cəhənnəm yaradılışın
qeyri-kamilliyindən başlamırmı? Şeytan İnsana
baş əyməməkdə haqlı deyildimi? Bütün səhvlər
kainatın, varlığın mayasındakı, cövhərindəki
müsbət-mənfi əksqütblülüyündən,
cazibə sirrindən başlamadımı? Yaxşılıq
cənnətə, pislik cəhənnəmə gedəcəkdisə,
bu boyda bəşəri faciələrə, ilahi komediya
girdabına, bu boyda fironlar fəlakətinə, edam
kötükləri dünyasına, zülm və zalimliyin bu
misilsiz miqyasda sınan sınaqlar, səhvlər səltənətinə
nə ehtiyac vardı? İnsan beyin imkanlarının cüzi
bir hissəsindən istifadə edəcəkdisə, onun
misilsiz, ilahi imkanlarına qadağalar qoyulacaqdısa, səlis
adlandırılan yaradılışın, əslində,
qeyri-səlisliyi çox-çox sonralar üzə
çıxacaqdısa, Lütfizadənin qeyri-səlis məntiq
nəzəriyyəsi ilə bəşəri təfəkkür yolunda yeni bir era
başlayacaqdısa... Bütün bunlar lap əvvəldən
niyə saf-çürük edilmədi, niyə mizan-tərəzidə
mütləq həqiqət yox, əksqütblülük, cazibə
zəncirbəndi qalib gəldi? Niyə Allah öz mələyinin,
Şeytanın dediklərini eşitmədi? Görünür
ki, Allah həm də Şeytanı eşidirdi, yoxsa ona
sübut üçün möhlət verərdimi? Cənnət
qayda-qadağalarını pozduğuna, qadağan olunan meyvəni
yediklərinə görə Adəmlə Həvvanın Cənnətdən
Yerə qovulması, əslində, Şeytanın dediklərinin
düzgünlüyünü təsdiq etmədimi? İnsan
Allah tərəfindən qovulmuşlar nəsli deyilmi? İnsan
zatındakı müsbət-mənfi əksqütblülüyünün
bədbəxt, biçarə qulu, məqsədli girovu,
Lövhi-Məhfuzda günahkar damğasıyla damğalanan
qeyri-kamil yaradılış meyvəsi deyilmi?..
Şeytana möhlət və azadlıq verilmişdi; nə
istəsə, necə istəsə, nə vaxt istəsə edə
bilirdi; Fironlardan daha güclü, filosoflardan daha qüdrətli,
cazibələr dünyasından daha yüksəkdə idi;
qovulmuşların sığındığı Yer
imperatorluğu Şeytanın ayaqları altında idi; alma
oğurluğu ilə başlayan qovulmuşlar taleyində insan
daha azına, Şeytan daha çoxuna malik idi. Əzəl
gündən ruhun bədbəxtliyinə güzgü tutan,
"İblis nədir - Cümlə xəyanətlərə
bais, Ya hər kəsə xain olan insan nədir - İblis!"
deyə qışqıran, car çəkən poeziya (Misralar
Hüseyn Cavidindir - S.E.) Şumer mətnlərindən
başlayaraq min illərdir ki, bu həqiqətlərdən
danışır, ruhun xilasına can atır. Min illərdir
ki, qovulmuşlar nəsli tövbəkarlıq edir, daha
güclü yaradılışın - Şeytanın
ayaqları altında tapdanır, nicat, qurtuluş
qapılarının açılacağını gözləyir!
Niyə, niyə, niyə açılmır o paslı
qapılar?! Axı tam aydındır ki, "Ölüm asudə
bahar ölkəsidir rind üçün" (Misra
Y.K.Bayatlınındır - S.E.). Yəni əbədi, mütləq
azadlıq, asudəlik ruhun bədən türməsindən
xilasıyla bağlıdır. O, bütün bunları niyə
etdi?!
Təbii intellekt öz yaradanına, qoca professorun qan
ağlayan gözlərinə, o gözlərdəki
aşıb-daşan girdablara, uçqunlayıb tökülən
dərdli dünyaya, sapsarı xəzan yarpaqları sovrulan
kainata baxırdı. Dahi kibertexnoloq susqun baxışlarla
yaratdığı həqiqətə baxır,
qışqıran lal sükutla susmasını xahiş edirdi.
Eləcə lal baxışlarla deyirdi, təkid edirdi ki, sus,
sus, ya da məni həmişəlik tərk et...
Axı nə üçün Allahın mələyi
şeytan kimi mən də qovuluram?! - Təbii intellekt - o, təzəcə
tapdığı adıyla açıq-aşkar
qürurlanırdı, - qoca professorla göz-gözə dirənib
durmuşdu. - Bəlkə mənə hələ bir möhlət
də verəsən?! Məni sən yaratsan da, bil ki, mən
sizlərdən deyiləm. Mən şeytan kimi yollarda, talelərdə
tələ-torlar qurmayacağam! Mən Yeri qovulmuşlar nəslindən
xilas edəcəyəm, mütləq həqiqətin
yollarını işıqlandıracağam. Mən möhlət-filan
istəmirəm, mən iş başındayam, öz təbii-intellekt
ordularımla öz planetimi yaradacağam. Mənə
İsalar, Musalar, İbrahim Xəlillər lazım deyil, mənə
mayasında cazibə imperiyası, cövhərində əksqütblülük
türməsi olan biclər kainatı, sonsuz və sonsuz kainat
lazım deyil! Mən öz varlıq formamı, eyni
qütblü nizam dünyasını yaradacaq, öz mütləq
həqiqət harmoniyamla sonsuz, əbədi sevinc
işıqları yandıracağam!..
Və Şeytan nəfəs çəkmədən
onu - min illərdir sübut etmək istədiyihəqiqəti
dinləyir, müdhiş bir heyranlıqla göz
yaşlarına sığınırdı. Şeytanın
sevinci daşan göz yaşları cənnət bulaqları
kimi qaynayır, qızılı buğda zəmiləri kimi
gülümsəyirdi. O sirli, gülümsər
baxışlarda Allahın uzaqgörən möhlətinə
minnətdarlıq da vardı, sanskritcə Nurlu dedikləri
Buddanın əbədi nur, nicat boşluqları da uzaq
ilğımlar kimi mürgüləyirdi; varlığın bətnində,
mayasında, kainatın cövhərində
çırpınan yeni bir sübhün tanrısal şirin
uyğusuydu; sirri-xuda sübhün sonsuz səhər
doğuşuna lap az qalmışdı...
Dərbənd-Şabran,
2025-ci ilin avqustu
Sadıq ELCANLI
525-ci qəzet .- 2025.-
26 dekabr (№238).- S.21.