Yaponiya - böyük transformasiyalar
ölkəsi
Yaponiya Nasist Almaniyasına
yaxınlaşır
1930-cu illərin sonuna yaxın Yaponiya Nasist
Almaniyası ilə əlaqəyə girməklə, hər
iki ölkə Sovet İttifaqına birgə hücum edəcəkdi
və onun resurslarını öz aralarında böləcəkdi.
Lakin Almaniyanın 1939-cu ilin avqustunda təcavüz etməmək
barədə Sovetlərlə pakt imzalaması, yapon strateqlərini
əvvəlki fikirdən uzaqlaşmağa məcbur etdi.
ABŞ-ın Yaponiyaya neft embarqosu qoyması da, onun SSRİ-yə
qarşı təcavüzünə imkan verməmişdi.
Çünki Yaponiya sonralar da Cənubi-Şərqi Asiya
ölkələrini işğal edəndə, bəzən
yanacaq və döyüş sursatı
çatışmamasından hücumu ləngitməyə məcbur
olurdu. Digər tərəfdən, Yaponiya təklikdə, Sovet
İttifaqını heç məğlub etmək
gücündə də deyildi. Ona görə də, ancaq Cənubi-Şərqi
Asiyanın geniş resursları ilə kifayətlənməli
oldu. İşğal nəticəsində Holland Ost
İndiyalarından (indiki İndoneziya) neft, bu ölkə
ABŞ, İran və Rumıniyadan sonra ən böyük neft
ehtiyatlarına malik idi, Malayyadan rezin və qalay, Birma və
Hind-Çindən isə düyü alırdı.
Yaponiya Almaniya ilə həm də Anti-Komintern
paktını imzaladı. Bu yolla Yaponiya Asiyada yeni bir
qaydanın lideri kimi tanındı. Bu, həm də birbaşa
Birləşmiş Ştatların xeyrinə idi,
çünki nasistlər və Sovetlər bu vaxt real müttəfiqlərə
çevrilmişdilər və SSRİ Hitler Almaniyasını
neft, taxıl və digər strateji məhsullarla təmin
edirdi.
Yaponiyanın Sovet İttifaqı ilə əlaqələri,
Almaniyaya münasibətdən fərqli olaraq, heç də
ürəkaçan deyildi. Sovetlər özlərinə məxsus
Çin Şərqi Dəmir yolunu onlara satmaq təklifi ilə
razılaşmadı, bu yol Cənubi Mancuriyadan keçirdi.
1938-ci və 1939-cu illərdə Rusiya və yapon orduları
iki tam ölçüdə olan döyüşlərdə
bir-birlərini yoxladılar. Yalnız 1941-ci ilin aprelində
Sovet İttifaqı ilə Yaponiya arasında neytrallıq
paktı imzalandı.
Alman-yapon birləşdirici bağları heç vaxt
sıx və səmərəli olmamışdı. Hər iki
partiya öz kooperasiyasını müəyyən məsafədə
saxlayırdı və irqi alilik barədə onların ciddi
iddiaları mövcud idi. Almanlar guya özlərinin məxsus
olduğu ari irqini, yaponlar isə öz millətini
bütün xalqlarla müqayisədə olduqca üstün
bilirdilər. Yaponlar nasistlərin Sovet İttifaqına
hücum planlarından xəbərsiz idilər, almanlar da
yaponların Pyorl Harbora hücum planlarından hali deyildilər,
çünki yaponlar bu böyük hücum planını
gizli saxlayaraq, almanlara deməmişdilər.
Avropada müharibə başlayanda, Yaponiyanın
demokratik dövlətlərlə əlaqələri
ardıcıl olaraq pisləşirdi. Birləşmiş
Ştatlar və Böyük Britaniya, Çin millətçilərinin
mübarizəsinə kömək edirdilər. Antiyapon hissləri
Birləşmiş Ştatlarda güclənirdi. 1939-cu ildə,
Yaponiya ilə 1911-ci ildə bağlanmış kommersiya
müqaviləsi ləğv edildi. Prezident Franklin D.Ruzvelt
ictimai rəyi təcavüzkara qarşı yönəldəndə,
bu, həm də Yaponiyanı dayandırmaq cəhdlərini də
əhatə edirdi. Lakin Avropada 1939-cu ildə başlanan
müharibəyə görə hələ möhkəm tədbirlərə
əl atılmırdı.
Avropa müharibəsi yaponlar üçün
şirnikləndirici imkanlar yaradırdı. Nasistlərin
1941-ci ilin iyununda Sovet İttifaqına hücumundan sonra yaponlar
cənubdakı müstəmləkə ölkələrindən
daha varlı mükafat axtarmaqla məşğul olurdular.
1940-cı ildə Yaponiya Şimali Hind-Çini işğal
etdi ki, oradan Çinin resurslarla təchiz olunmasını
dayandırsın. 1940-ci ildə Fransada alman
işğalından sonra Vişi hökumətinin qurulması
ilə, Yaponiya Fransanın bütün müstəmləkələrinə
öz himayəsini elan etdi. Bu, əslində Cənubi
Asiyadakı sonrakı hərəkətlərə hazırlıq xarakteri
daşıyırdı. Birləşmiş Ştatlar
yaponların Hind-Çini işğal etmələrinə
görə, onunla əlaqələrini dondurdu və Yaponiyaya
neft embarqosu qoyduğunu elan etdi. Vaşinqtonla
danışıqlar getdi və yapon nümayəndəsi
prezident Ruzveltlə görüşməyə can atdı.
Lakin Birləşmiş Ştatların Dövlət
Departamenti, Yaponiyanın güzəştləri olmadan buna
razılıq verməkdən imtina etdi. Vaşinqtona görə
Yaponiya Hind-Çindən geri çəkilməli idi.
Birləşmiş Ştatlara zərbə vurmağa
başlamaq üçün Yaponiya, Havay adalarındakı
Pyorl Harbora hücum etmək üçün, onun donanması
Saxalin yarımadasından çıxmaqla, 6 min km-lik dəniz
yolu ilə artıq irəliləməkdə idi. Altı
aviasiya daşıyan gəmidən qalxan yapon təyyarələri,
hücuma cəlb edilən 423 təyyarədən 190-u bilavasitə
basqında iştirak edirdi, 7 dekabr 1941-ci ildə bazanı onlar
qəflətən bombaladılar. Pyorl Harbor amerikanların
Sakit okeandakı başlıca dayaq nöqtəsi idi və
ABŞ-ın Sakit okean donanmasının böyük hissəsi
burada məhv edildi, amerikanlar bu hücumda həm də 2400 nəfər
canlı qüvvə itirdi.
Yaponiya Cənubi-Şərqi Asiyada işğallara
başlayır
Yaponlar "Şərqi Asiya asiyalılar
üçün" şüarını irəli sürsələr
də, praktikada bu, "Şərqi Asiya yaponlar
üçün" mənasını verirdi. ABŞ-ın Sakit okeandakı
donanmasının dayaq bazası olan Pyorl Harbora hücum baş
tutdu, bu, təəccübə səbəb olmaqla, uğur
qazandı. Bu hadisə həm də Birləşmiş
Ştatlarda xalqın rəyini və dövlətin, uğurlu
finişə qədər müharibə aparmaq qətiyyətini
birləşdirdi. 8 dekabrda Yaponiyaya müharibə elan edən
Birləşmiş Ştatlar öz donanmasını sürətlə
yenidən qurdu.
Almaniya, Yaponiya ilə sıx ittifaqda olmasa da, Birləşmiş
Ştatlara müharibə elan etdi və Amerika da Hitler
Almaniyasına eyni şəkildə cavab verdi.
Hitlerin Birləşmiş Ştatları müharibə
elan etməsi, Britaniyanın və Sovet İttifaqının
Almaniyanı məğlub etmək barədəki niyyətinin
Amerika tərəfindən qəbul edilməsinə kömək
etdi və bu, Birləşmiş Ştatlar üçün
birinci prioritetə çevrilməli idi. Bu məqsədlə
Amerika tırtıllı traktorların, təyyarələrin
və digər silah növlərinin istehsalını xeyli
genişləndirdi ki, onları Britaniyaya və Sovetlərə
göndərsin. Dövlətlər arasındakı siyasi
müxtəlifliyə əhəmiyyət verilmədən, bu
üç dövlət
arasında yaranan ittifaq silahlı əməliyyatların
genişlənməsinə səbəb olmaqla yanaşı, həm
də müharibənin sonrakı problemlərinin həllində
razılaşmaların əldə edilməsinə yol
açdı. 1943-cü ilin başlanğıcında, onlar
öz qüvvələrinin Ox ittifaqınin - Almaniya,
İtaliya və Yaponiyanın qeyd-şərtsiz təslim
olmasına qədər, onlara qarşı axıradək
vuruşacaqları ilə razılaşdılar. Qeyd-şərtsiz
təslim olma prinsipi, həm də alman və yapon dissidentlərini
öz hökumətlərini devirməyə və sülh
yaratmağa həvəsləndirəcəkdi. Üstəlik,
bu, Hitlerin öz düşmənlərini parçalamaq cəhdlərinə
imkan verməyəcəkdi.
Məşhur yapon admiralı, Pyorl Harbora hücum əməliyyatının
bilavasitə müəllifi olan İsoroku Yamomoto Amerika ilə
müharibənin təhlükəli olduğunu bildirib, onu
arının yuvasına çöp uzatmaq kimi qiymətləndirmişdi.
O, ilk 6 ay ərzində üstünlüyün Yaponiya tərəfində
olacağını, sonra isə müharibə əməliyyatları
teatrında dominantlığın Amerikaya keçəcəyini
bildirdi. Onun öncəgörməsi bütünlüklə
düz çıxdı.
Müharibənin ilk dövründə Yaponiya
böyük müvəffəqiyyət qazandı, 1942-ci ilin
yanvarında yapon qoşunları Filippinin paytaxtı
Manilanı işğal etdi. Yaponiya hərbi-dəniz qüvvələrinin
baş komandanı Yamomoto Sakit okeandakı əməliyyatlara
başçılıq edirdi. Amerikalara kömək edən
britaniyalıların iki gəmisinin batırılması
ABŞ-ın Sakit okeandakı donanması üçün bədbəxtlik
xarakteri daşıdı.
Cənubi-Şərqi Asiyanın Yaponiya tərəfindən
işğalı "Asiya asiyalılara" şüarı
altında gedirdi. Həmin ərazilərdəki müstəqil
hökumətlər yapon ağalığı altına
keçirdi. Belə hökumətlər Birmada, Holland Ost
(Şərqi) İndiyalarında, Vyetnamda və Filippində
qurulmuşdu. Real hakimiyyət isə, yapon hərbi
komandanlığının tabe olduğu Tokio Baş Qərargahına
məxsus idi. Yapon hərb maşını üçün həmin
ərazilərdən iqtisadi resurslar əldə edilirdi, ictimai
işlər üzrə layihələr həyata
keçirilirdi. İşğal edilmiş ərazilərdə
yaşayan adamların həyat şəraiti olduqca ağır
və sərt idi.
Yaponiya hərbi qüvvələri onların tabeliyində
olan xalqlara olduqca az mərhəmət bəsləyirdilər.
1937-ci ildə Çində Nankun işğal edildikdə,
yapon əsgərləri bir neçə gün ərzində
qətllərlə, zorlama və qarətlə məşğul
olmuşdular. Sonralar 800 min koreyalı işləmək
üçün Yaponiyaya göndərilmişdi. On minlərlə
koreyalı qadın yapon qoşunlarına "rahat
qadın" (fahişəlik) xidməti göstərməyə
məcbur edilmişdi.
Yaponlar əsirlərdən və yerli əhalidən həm
də ağır işlərdə işləmək
üçün istifadə edirdilər. 1943-cü ildə
Birma-Tailand dəmir yolunun tikintisində 61 min müharibə əsiri,
300 minə qədər isə yerli sakin işləyirdi. Dəmir
yol tikintisi başa çatdıqda müttəfiq ölkələrindən
olan 12 min müharibə əsiri və 90 min fəhlə pis pəhrizdən
və sağlam olmayan iqlimdəki ağır şəraitdən
ölmüşdü.
Amerika Yaponiyaya müharibə elan etdikdən sonra, bu
ölkədə yaşayan yaponlara da münasibəti pisləşmişdi.
Ölkənin qərb sahilindəki 110 min yapon
amerikalısı, onlardan 15 faizi Birləşmiş
Ştatların özündə doğulmuşdu, tikanlı məftillə
qorunan düşərgələrə göndərilmişdi
və onlardan loyallıq barədə and içmək tələb
olunurdu.
Alman və italyan amerikanlara isə heç də
oxşar münasibət bəslənmirdi. Yaponlara münasibətdə
əslində irqçiliyə yol verilirdi. Şərqlilərə,
xüsusən yaponlara münasibət təhqiramiz xarakter
daşıyırdı.
ABŞ Yaponiyaya qarşı müharibədə üstünlüyü
ələ alır
1942-ci ilin 18 aprelində
aviasiya daşıyan gəmilərdən qalxan amerikan təyyarələri
ilk dəfə Tokionu bombaladı, yaponlar isə buna inanmaq belə
istəmirdilər. 8 dekabr 1941-ci ildə prezident Ruzvelt
Senatın iclasında Pyorl Harbora cavab kimi, Tokionun bombalanmasını
tələb edəndə, iclasdakılar bu əməliyyatın
mümkünlüyünə inanmadıqlarını
nümayiş etdirmişdilər. Bunu hiss edən Ruzvelt
ayaqlarının iflic olmasına baxmayaraq, gözlənilmədiyi
halda ayağa qalxıb, demişdi ki, bəzən mümkün
olmayan da mümkün edilə bilir. Yaponlar təhlükəsiz
hesab etdikləri paytaxtlarının bombalanmasının
şahidi oldular. 1943-cü ilin
fevralında isə Qvadalkanal və Solomon adaları
uğrundakı döyüşlərdə yaponlar geri çəkilməyə
məcbur oldular.
Amerikanlar böyük hərbi strateq kimi şöhrət
tapmış və Sakit okeandakı hərbi-dəniz əməliyyatların
təşəbbüsçüsü admiral Yamomotonu məhv
etməyə çalışırdılar. 1943-cü ilin
yayında Qvadalkanal rayonuna uçarkən, amerikan
qırıcı təyyarəsi onun uçduğu təyyarəni
partlatdı və Yamomoto həlak oldu.
Pyorl Harbora hücumdan sonra Yaponiya silahlı qüvvələrinin
özünə güvənməsi
böyümüşdü, onlar Cənubi-Şərqi Asiyada və
Sakit okeanda xeyli uğur qazanmışdılar. Asiyadakı
döyüşlər ancaq 1942-ci ildə dramatik qaydada dəyişdi.
1942-ci ilin 7-8 mayında Avstraliyanın şimalında yerləşən
Mərcan dənizindəki döyüşdə amerikan hərbi-dəniz
qüvvələri yaponların irəliləməsini
dayandırdılar və bu yolla Böyük Britaniyanın
dominyonu olan Avstraliyaya müdaxilə təhlükəsini
müvəqqəti olaraq yüngülləşdirdilər. 4
iyunda Miduey atollunda (adasında) amerikan təyyarələri
yapon aviasiya daşıyan gəmilərinin dördünü,
başqa sözlə, ümumui sayının
yarısını məhv etdilər və Sakit okeanda amerikan
donanmasının ağalığını qurdular. Qələbə,
əlbəttə ki, böyük qiymətə başa gəlmişdi,
amerikan təyyarələrindən beşdə ikisi
toqquşmada məhv edilmişdi. Müttəfiqlər Asiyada da
hücum əməliyyatlarına başlamışdılar.
Amerikan generalı Duqlas Makartur Filippinə tərəf irəliləyirdi,
vaxtilə ordusu ilə birlikdə yaponların hücumu nəticəsində
bu ölkəni tərk edəndə, ora qayıdacağına
vəd etmişdi. Bu fürsət artıq yetişmişdi.
ABŞ ordusu və donanması birləşib, yaponların əlində
olan digər adalara da hücum edəcəkdi.
Solomon adaları sularındakı ağır
toqquşmadan sonra, Yaponiyanın taleyi solmağa başladı.
Asiyada müharibə davam edəndə, 1943-cü ildə
amerikan silahlı qüvvələri hücumla, bütün
Sakit okean əməliyyat teatrında öz yolu ilə irəliləyirdi.
Amerikan qüvvələri, düşmənin resurslarla təmin
edən regionların tutulması sayını
artırdılar.
Miduey məğlubiyyətindən sonra (iyun 1942-ci il)
Yaponiya hərbi-dəniz liderləri özləri
üçün qələbə nəticəsinin çox zəif
olduğunu gördülər. 1944-cü ildə Saypanın
tutulması ilə Tokionun bombardman edilməsi gücləndi.
Baş nazir Tedzionun hökuməti başqa şəhərə
köçürüldü. Bu, müharibənin yaponlar tərəfindən
uduzulmasının şəhadəti idi, lakin hərbi liderlərdən
başqa heç bir qrup hansısa proqrama malik deyildi. Yalnız
imperatorun, hərbçiləri öz ümidlərindən
yayındıracağına ümid bəslənirdi. Xalqa isə
yalnız döyüşlərdəki qələbə barədə
xəbərlər çatdırılırdı. 1945-ci ildən
təkcə qədim paytaxt Kioto istisna olmaqla, bombardmanlar hər
bir şəhərin dağıdılmasına səbəb
oldu. Lakin yapon generalları müharibəni davam etdirməkdə
qərarlı idilər. 1945-ci ilin aprelində ABŞ qüvvələri
Okinavada sahilə çıxdıqda, hökumət istefaya
getdi. 26 iyul 1945-ci ildəki Potsdam Deklarasiası ilə ilk dəfə
təklif edildi ki, yaponlar "bir irq kimi qula çevrilməyəcək
və ya millət kimi məhv edilməyəcəkdir".
(Ardı var)
Telman Orucov
525-ci qəzet .- 2025.-
26 dekabr (№238).- S.22.