Memarlıq yaddaşımızda ulu
sima: Əcəmi Naxçıvani fenomeni
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 2026-cı ili "Şəhərsalma və
Memarlıq İli" elan etməsi təsadüfi qərar
deyil, müasir Azərbaycanın inkişaf strategiyasında
mühüm mərhələdir. Bu Sərəncam bir tərəfdən
müasir şəhər mühitinin formalaşdırılmasına
çağırışdırsa, digər tərəfdən
xalqın memarlıq yaddaşına, tarixi memarlıq irsinə
və estetik düşüncəyə verilən yüksək
dəyərin rəmzidir. Dövlət
başçısının bu addımı
memarlığı iqtisadi və texniki sahə olmaqdan
çıxararaq milli kimliyin, mədəni davamlılığın
əsas sütunlarından biri kimi ön plana çəkir.
Prezidentin imzaladığı Sərəncam açıq
şəkildə göstərir ki,
Azərbaycan üçün şəhərsalma
yalnız yeni binaların inşası deyil,
tarixi-mədəni kontekstin qorunması, memarlıq
yaddaşının gələcək nəsillərə
ötürülməsi deməkdir. Məhz bu baxımdan
"Şəhərsalma və Memarlıq İli"
ideyası bizi istər-istəməz Azərbaycan memarlıq
düşüncəsinin zirvəsi olan Əcəmi
Naxçıvani fenomeninə qaytarır.
Tarix göstərir ki, güclü dövlətlər
memarlıq yaddaşına söykənir. Prezident İlham
Əliyevin Sərəncamı da bu siyasi-fəlsəfi həqiqətin
müasir ifadəsidir. Bu sənəd şəhərlərin
yalnız funksional deyil, mənəvi-estetik mühit kimi
formalaşdırılmasını da qarşıya məqsəd
kimi qoyur. Bu isə əsrlər əvvəl Əcəmi
Naxçıvaninin irəli sürdüyü memarlıq
dünyagörüşü ilə səsləşir. Əcəmi
Naxçıvani memarlığı zamanın sifarişi
deyil, düşüncənin məhsulu kimi dəyərləndirib.
Onun yaratdığı Naxçıvan memarlıq məktəbi
göstərdi ki, tikili yalnız sığınacaq deyil,
ideyadır, rəmzdir, dövlətdir. Bu gün dövlət
səviyyəsində şəhərsalma məsələsinin
ön plana çəkilməsi Əcəmi irsinin nə qədər
aktual və yaşar olduğunu bir daha təsdiqləyir.
Əcəmi Naxçıvani təkcə böyük
memar deyil, o, bütöv bir memarlıq məktəbinin
banisidir. Onun yaratdığı Naxçıvan memarlıq məktəbi
Orta əsr Şərq memarlığında yeni estetik və
konstruktiv düşüncənin başlanğıcı olub.
Əcəmi daş və kərpici sadəcə tikinti
materialı kimi deyil, fəlsəfi məna
daşıyıcısı kimi dəyərləndirib. Onun
memarlığında riyazi dəqiqlik, ornament ritmi və
simvolik məna vahid bədii sistemə çevrilib. Bu
baxımdan Əcəmi yaradıcılığı
bugünkü şəhərsalma anlayışı
üçün də mühüm mesaj verir. Bu mesaj ondan ibarətdir
ki,
memarlıq yalnız texniki proses deyil, mədəni məsuliyyətdir.
Prezident İlham Əliyevin "Şəhərsalma və
Memarlıq İli" elan etməsi memarları, şəhərsalma
mütəxəssislərini və cəmiyyəti ciddi
düşünməyə vadar edir: biz hansı şəhərləri
qururuq və bu şəhərlər hansı yaddaşı
daşıyır? Əcəmi Naxçıvani bu suala əsrlər
öncə cavab verib. O göstərib ki, memarlıq zamanla
dialoqdur və bu dialoq milli kimlik üzərində
qurulmalıdır. Əcəmi Əbubəkr oğlu
Naxçıvani XII əsrdə bünövrəsi milli kimlik
olan möhtəşəm sənət əsərləri
inşa edib.
"Şəhərsalma və Memarlıq İli"
çərçivəsində Əcəmi Naxçıvani
irsinə yenidən baxmaq yalnız keçmişə ehtiram
deyil, gələcəyə görə məsuliyyət deməkdir.
Müasir şəhərlərimizi planlaşdırarkən
Əcəminin düşüncə sistemindən - miqyas
hissindən, ritm anlayışından, məkana fəlsəfi
yanaşmasından yararlanmalıyıq. Əgər şəhərlərimizdə
ruh yoxdursa, o şəhərlər yaşaya bilməz. Əcəmi
Naxçıvani isə əsrlər öncə sübut edib
ki,
memarlıq ruhla qurulanda zaman ona toxuna bilmir.
Dövlətin verdiyi bu siyasi impuls mənəvi dəyərlərimizin
yenidən aktuallaşdırılmasına xidmət edir.
Prezident İlham Əliyevin imzaladığı Sərəncam
memarlığı sadəcə sahə deyil, milli prioritet kimi
təqdim edir. Bu prioritetin ideya kökləri isə Əcəmi
Naxçıvani kimi dahilərin
yaradıcılığında yaşayır. Dövlət qərarı
ilə memarlıq yaddaşı arasında qurulan bu ideya xətti
göstərir ki,
Azərbaycan gələcəyini qurarkən
keçmişini unutmur.
Çünki bu torpaqlarda daşlar da Əcəminin
dili ilə danışır. Azərbaycanda şəhərlər
də dövlət qədər məsuliyyət
daşıyır. Və bu məsuliyyətin adı Əcəmi
Naxçıvani irsidir.
Brilyant CƏFƏRLİ
(AMEA Naxçıvan Bölməsi İncəsənət,
Dil və Ədəbiyyat İnstitutu)
525-ci qəzet .- 2025.-
26 dekabr (№238).- S.23.