Sürətli bərpa-quruculuq
işləri
2025-ci il Azərbaycan üçün bütün sahələrdə
uğurlu bir il olaraq yadda qalacaq. Bu ilin əsas hadisəsi təbii
ki, 8 avqust Vaşinqton sammitində Azərbaycan və Ermənistan
arasında əldə edilmiş sülh razılaşması,
sülh sazişi layihəsinin paraflanması oldu. Həmin sammitdən
sonra sülh istiqamətində praktik addımlar
atılmağa başladı.
Bu il həm də azad olunmuş ərazilərdə bərpa-quruculuq
işləri daha sürətli xarakter aldı, uzun illər
öz yurd-yuvasından didərgin düşən
insanlarımız Böyük Qayıdış proqramı
çərçivəsində yenidən doğma
el-obalarına qovuşdular. Azərbaycan dövləti azad
olunmuş ərazilərimizi ən yüksək səviyyədə,
müasir texnologiyaların, “ağıllı kənd” və
“ağıllı şəhər” metodları tətbiq edilməklə
bərpa edir. Prezidentin dediyi kimi, Böyük
Qayıdış proqramı bu gün dünya miqyasında ən
uğurla icra edilən qayıdış proqramıdır. Bu
proqramın I mərhələsi 2026-cı ilə qədər
başa çatacaq və qeyd edilən mərhələdə
140 min məcburi köçkün Qarabağ və Şərqi
Zəngəzura geri dönəcək.
Prezident İlham Əliyev mütəmadi olaraq azad
olunmuş ərazilərə səfərlər edir,
görülmüş işlərlə yerindəcə
tanış olur, təməlqoyma mərasimlərində
iştirak edir, yeni tikililərin
açılışlarını edir, sakinlərlə
görüşüb, onlara mənzillərinin
açarlarını şəxsən təqdim edir. Dövlət
başçısı dekabrın 24-də Ağdamda 2-ci
yaşayış kompleksinin açılışı mərasimində
iştirak edib, sakinlərlə görüşüb. Məlumdur
ki, işğal dövründə ən çox
dağıntılara məruz qalan, talan edilən ərazilərimizdən
biri məhz Ağdam olub. Bir vaxtlar “Qafqazın Xirosiması”
adlandırılan Ağdam artıq yeni dirçəliş dövrünü
yaşayır. Prezident İlham Əliyev sakinlərlə
görüşündə bu məqama diqqət çəkərək
bildirib ki, işğal dövründə Ağdam demək olar
ki, urbisidə məruz qalıb. Yəni şəhər Ermənistan
dövləti tərəfindən tamamilə
dağıdılıb: “Bu, Ermənistan dövlətinin məqsədyönlü
siyasəti, bizə qarşı olan düşmənçiliyin
bariz nümunəsi idi. Məqsəd də tam aydın idi.
Birincisi, talançılıq. Çünki bütün
binaların daşları bir-bir sökülərək talan
edilmişdir, müxtəlif yerlərdə, Ermənistan ərazisində
satılmışdır. Digər tərəfdən, Ermənistan
dövləti bu bölgələrdə Azərbaycan
xalqının tarixi irsini tamamilə silmək istəyirdi.
Üçüncü məqsəd isə bu şəhəri
elə vəziyyətə salmaq idi ki, artıq burada
yaşayış mümkün olmasın, azərbaycanlılar
heç vaxt buraya qayıtmaq haqqında düşünməsinlər.
Ancaq səhv etdilər. Biz, xalqımız bütün bu əzablı
illər ərzində bir amalla yaşamışıq ki,
öz doğma dədə-baba torpaqlarımıza qayıdaq və
qayıdandan sonra bu torpaqları, bu şəhərləri, kəndləri
bərpa edək. Azərbaycan xalqı heç vaxt
işğalla barışmamışdır”.
Prezident İlham Əliyevin bu fikirləri Ermənistanın
Azərbaycana qarşı apardığı işğal,
talançılıq siyasətinin mahiyyətini bir daha ortaya
qoyur.
Qeyd edək ki, dövlət başçısı bu
kompleksin təməlini 2023-cü ildə qoyub. Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin
fevralında kompleksdə görülən tikinti işlərinin
gedişi ilə tanış olublar. Ərazisi 13 hektardan
çox olan kompleksdə 11 məhəllə var. Burada 60 bina
inşa edilib. Kompleksdə 114-ü birotaqlı, 464-ü
ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü
dördotaqlı olmaqla ümumilikdə 1268 mənzil var.
Dekabrda buraya 104 ailənin (426 nəfər)
köçürülməsi nəzərdə tutulur.
2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailə
(4772 nəfər) köçürüləcək.
Binalar daimi su, elektrik və sürətli internet xətləri,
mənzillər isə istilik və isti su ilə təmin
edilib. Kompleksin ərazisində genişmiqyaslı
abadlıq-quruculuq işləri görülüb, uzunluğu 5
kilometrə yaxın olan daxili yollar çəkilib, idman və
uşaq oyun meydançaları, velosiped zolağı,
yerüstü və 1218 yerlik yeraltı avtomobil dayanacaqları
yaradılıb.
Ümumiyyətlə, Böyük Qayıdış
proqramı çərçivəsində birinci mərhələdə
8 şəhərin və 100 kəndin yenidən qurulması əsas
hədəf kimi qarşıya qoyulub. Artıq bu məqsədin
reallığa çevrildiyi göz qabağındadır. Belə
ki, sakinlərinə qovuşan Laçın, Füzuli,
Xocalı, Şuşa, Cəbrayıl, Kəlbəcər şəhərləri
ilə yanaşı, xeyli sayda kəndlərimiz və qəsəbələrimiz
də bərpa edilib. Dövlət başçısı il ərzində
dəfələrlə azad olunmuş ərazilərdə olub.
Qarabağın və Şərqi Zəngəzurun bərpasında
əsas prinsip yuxarıda vurğuladığımız kimi,
müasir standartlara uyğun yaşayış məntəqələrinin
qurulması ilə keçmiş məcburi
köçkünlərin rahat yaşayışını təmin
etməkdən ibarətdir. Bununla yanaşı, sosial
infrastrukturun yaradılması xüsusilə diqqət mərkəzində
saxlanılır. İşğaldan azad edilmiş ərazilərimizdə
müasir məktəblər, uşaq bağçaları,
tibb müəssisələri tikilir, məşğulluğun
təmin olunması üçün sənaye parkları,
müxtəlif istehsal müəssisələri, xidmət sahələri
yaradılır. Bütün bu tədbirlər Qarabağın
və Şərqi Zəngəzurun qısa müddətdə
dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşmasına
və bölgənin sürətli inkişafına xidmət
edir.
Milli Məclisin deputatı Fatma Yıldırım “525”ə
deyib ki, dekabrın 24-də Prezident İlham Əliyevin
Ağdam şəhərinə səfəri ölkəmizin bərpa
və quruculuq salnaməsində növbəti əlamətdar
hadisə kimi yadda qaldı. Onun sözlərinə görə,
dövlət başçısının Ağdamda 2-ci
yaşayış kompleksinin açılışında
iştirak etməsi, burada məskunlaşan sakinlərlə
görüşərək onların qayğı və sevinclərini
bölüşməsi dövlətimizin insan amilinə verdiyi
ali dəyərin parlaq ifadəsidir:
“Ağdamda yeni yaşayış kompleksinin istifadəyə
verilməsi Böyük Qayıdış prosesinin növbəti
mühüm mərhələsini təsdiqləyən əlamətdar
hadisədir. Müasir memarlıq tələblərinə cavab
verən, bütün sosial infrastrukturu ilə təmin
olunmuş bu kompleks sakinlərin rahat və təhlükəsiz
yaşayışı üçün geniş imkanlar
yaradır. Bu mənzərə işğaldan azad edilmiş
torpaqlarımızda həyatın sürətlə dirçəldiyini,
Ağdamın yenidən bölgənin inkişaf mərkəzlərindən
birinə çevrildiyini aydın şəkildə göstərir.
Bu mühüm prosesdə Birinci vitse-prezident Mehriban
Əliyevanın fəaliyyəti də xüsusi qeyd
olunmalıdır. Onun işğaldan azad edilmiş ərazilərdə
həyata keçirilən sosial-humanitar layihələrə,
xüsusilə də əhalinin rifahına, yaşayış
şəraitinin yaxşılaşdırılmasına yönəlmiş
təşəbbüslərə daim diqqət göstərməsi
Böyük Qayıdış strategiyasının insan mərkəzli
xarakter daşıdığını bir daha təsdiqləyir.
Cənab Prezidentin yeni köçmüş ailələrlə
səmimi söhbəti, onların problemləri və
arzuları ilə yaxından maraqlanması dövlət-vətəndaş
birliyinin, sosial ədalət və humanizm prinsiplərinin real təzahürüdür.
Sakinlərin doğma yurdlarına qayıdışdan doğan
qürur hissi bu siyasətin nə qədər doğru və məqsədyönlü
olduğunu bir daha sübut edir”.
Deputat əlavə edib ki, bu gün Ağdamda atılan
hər bir addım Prezident İlham Əliyevin uzaqgörən
siyasətinin, güclü iqtisadi potensiala və möhkəm
siyasi iradəyə söykənən inkişaf
strategiyasının nəticəsidir: “Görülən
işlər davamlı xarakter daşıyır və əminliklə
demək olar ki, Ağdamla yanaşı, digər azad edilmiş
şəhər və kəndlərimiz də qısa müddətdə
tam bərpa olunaraq regionun sosial-iqtisadi həyatında
mühüm rol oynayacaq. Ağdamın bugünkü dirçəlişi
Prezident İlham Əliyevin qətiyyətinin, Azərbaycanın
gücünün və xalqımızın sarsılmaz əzminin
təntənəsidir”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə
bildirib ki, Prezident İlham Əliyevin öz doğum günlərini
keçmiş məcburi köçkünlərlə birgə
keçirməsi artıq formalaşmış ənənəyə
çevrilib. Deputat qeyd edib ki, dövlət
başçısı hələ torpaqlarımız
işğaldan azad olunmamış dövrdə belə ad
günlərini məcburi köçkünlərlə birgə
keçirib, onlara daim xüsusi diqqət və qayğı
göstərib: “Bu gün də Prezident İlham Əliyev həmin
siyasəti ardıcıl şəkildə davam etdirir. Öz
doğum günündə Birinci vitse-prezident Mehriban Əliyeva
ilə birlikdə Xankəndi və Ağdama səfər edərək
yeni obyektlərin təməlqoyma və açılış
mərasimlərində iştirak etməsi bunun bariz nümunəsidir”.
Onun sözlərinə görə, bu addımlar
dövlətin keçmiş məcburi köçkünlərlə,
şəhid ailələrinə olan yüksək
ehtiramının, diqqət və qayğısının
açıq göstəricisidir: “Bu gün dövlətimiz bu
qayğını nümayiş etdirir və gələcəkdə
də bu siyasət ardıcıl şəkildə davam etdiriləcək.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə
mütəmadi səfərlər edir, görülən
işlərlə şəxsən tanış olur, proseslərə
birbaşa nəzarət edir. Bu da xalq tərəfindən
yüksək qiymətləndirilir”.
Deputat əlavə edib ki, Prezidentin bu addımları
milli-mənəvi dəyərlərə, tarixi ənənələrə,
dini-mənəvi irsə və xalqına sədaqətin bariz
nümunəsidir: “Məhz bu siyasət nəticəsində bu
gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı
bərpa və quruculuq işləri aparılır, həyat
yenidən canlanır. Bu, dövlət
başçısının Qarabağın və Şərqi
Zəngəzurun dirçəlişinə verdiyi xüsusi
önəmin açıq göstəricisidir”.
Pərvanə