Milli birliyin tarixi təməli
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ
GÜNÜ - MİLLİ AZADLIQ MÜBARİZƏSİNİN
MƏNTİQİ NƏTİCƏSİ
“Dünya azərbaycanlılarının həmrəyliyi
gününün dövlət bayramı kimi qeyd edilməsi
xalqımızın milli azadlıq mübarizəsinin məntiqi
nəticəsi olaraq artıq xoş ənənəyə
çevrilmişdir. Qədim və zəngin tarixə malik olan
Azərbaycan xalqının dirçəlişini, tərəqqisini
və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik
uğrunda müqəddəs və məsuliyyətli
mübarizəyə səfərbər edən həmrəylik
günü hər bir azərbaycanlı üçün inam və
ümid anıdır. Dünyanın müxtəlif ölkələrində
milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət
göstərir. Buna baxmayaraq, onların milli-mənəvi
varlığını yaşadan yeganə bir dövlət
var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır.
Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi
ideyasının əsasını da məhz Azərbaycan
dövlətçiliyinə, xalqımızın dilinə,
dininə, milli-mənəvi varlığına və ümumbəşəri
dəyərlərə hörmət, onların daim
qorunmasına, yaşamasına qayğı təşkil edir.”
Ümummilli lider Heydər Əliyev
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü Azərbaycan xalqının milli kimliyinin, tarixi
yaddaşının və müstəqil dövlətçilik
ideyasının təntənəsini ifadə edən
mühüm ictimai-siyasi hadisədir. 31 Dekabr – Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü xalqımızın milli
azadlıq mübarizəsinin məntiqi nəticəsi olmaqla
yanaşı, bütün dünya azərbaycanlılarını
vahid ideya, vahid məqsəd və vahid Vətən
anlayışı ətrafında birləşdirən
ümummilli bayramdır. Bu gün Azərbaycan xalqının həm
tarixi keçmişinə, həm də müasir inkişaf
yoluna nəzər salmaq, milli birliyin əhəmiyyətini bir
daha dərk etmək baxımından xüsusi önəm
daşıyır.
Ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının
Həmrəyliyi Gününü xalqımızın
dirçəlişini, tərəqqisini və milli birliyini əks
etdirən mühüm ideoloji hadisə kimi xarakterizə edərək
vurğulamışdır ki, dünyanın müxtəlif
ölkələrində milyonlarla azərbaycanlı yaşasa
da, onların milli-mənəvi varlığını
yaşadan yeganə dövlət müstəqil Azərbaycan
Respublikasdır. Bu fikir həmrəyliyin əsas ideoloji mahiyyətini
təşkil edir. Azərbaycan dövlətçiliyinə sədaqət,
milli dəyərlərin qorunması və ümumbəşəri
prinsiplərə hörmət dünya azərbaycanlılarını
birləşdirən əsas amillərdir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Gününün yaranma tarixi XX əsrin sonlarında baş
verən milli oyanış hərəkatı ilə sıx
bağlıdır. Sovet imperiyasının süqutu ərəfəsində
Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların
sərhədlərə doğru yürüşü,
Şimali və Cənubi Azərbaycan arasında uzun illər
mövcud olmuş süni maneələrin aradan
qaldırılması arzusu xalqımızın bir millət
olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu hadisələr
milli birliyin və həmrəyliyin simvoluna çevrildi. Məhz
həmin tarixi proseslərin davamı olaraq Ulu öndər Heydər
Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli
iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar
qəbul edildi. Bu qərar sonradan Azərbaycan
Respublikasının Ali Soveti tərəfindən təsdiqləndi
və bayram rəsmi status aldı.
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü təkcə bir bayram deyil, həm də milli
ideologiyanın – azərbaycançılıq məfkurəsinin
təcəssümüdür. Ümummilli lider Heydər
Əliyevin “Mən həmişə fəxr etmişəm, bu
gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”
kəlamı bu məfkurənin mənəvi əsasını
təşkil edir və hər bir azərbaycanlı
üçün milli qürur rəmzinə
çevrilmişdir. Azərbaycançılıq
ideologiyası dilə, mədəniyyətə, tarixə və
dövlətçiliyə sədaqəti ifadə edərək
dünya azərbaycanlılarını vahid ideoloji platformada
birləşdirir.
Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının
həmrəyliyini daim diqqət mərkəzində
saxlamış, bu ideyanın təşkili və möhkəmləndirilməsi
istiqamətində ardıcıl və məqsədyönlü
siyasət həyata keçirmişdir. Xarici ölkələrə
etdiyi səfərlər zamanı proqramının gərginliyinə
baxmayaraq, mütləq həmin ölkələrdə
yaşayan soydaşlarımızla görüşlər
keçirməsi, onların problemləri ilə maraqlanması
və təşkilatlanma istiqamətində tövsiyələr
verməsi bu siyasətin bariz nümunəsidir. Ulu öndərin
təşəbbüsü ilə 2001-ci ildə Bakıda
keçirilən Dünya Azərbaycanlılarının I
Qurultayı xaricdə yaşayan soydaşlarımızın
milli özünüdərk prosesində yeni mərhələ
açdı. Qurultay dünya azərbaycanlılarının
mütəşəkkil qüvvəyə çevrilməsinə,
tarixi Vətənlə əlaqələrin möhkəmlənməsinə
və diaspor siyasətinin dövlət səviyyəsində
formalaşmasına güclü təkan verdi.
Qurultaydan sonra qəbul edilən mühüm qərarlar
bu siyasətin institusional əsaslarını yaratdı. 2002-ci
ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin
yaradılması və “Xaricdə yaşayan azərbaycanlılarla
bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul
edilməsi dünya azərbaycanlılarının milli birliyi
və təşkilatlanması prosesini daha da gücləndirdi.
Sonrakı illərdə bu siyasət Prezident cənab İlham
Əliyev tərəfindən uğurla davam etdirildi və yeni
məzmunla zənginləşdirildi.
Prezident cənab İlham Əliyev dünya azərbaycanlılarını
“xaricdə yaşayan böyük ailəmiz” kimi xarakterizə
edərək vurğulamışdır ki, harada
yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı
öz Vətəninə bağlıdır. Dövlət
başçısının “Bizim bir vətənimiz var – Azərbaycan!
Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq
ideologiyamız var – azərbaycançılıq məfkurəsi!”
fikirləri dünya azərbaycanlılarının mənəvi
birliyinin əsas sütunlarını təşkil edir.
Prezident cənab İlham Əliyev bütün xarici səfərləri
zamanı diaspor nümayəndələri ilə
görüşərək onların problemləri ilə
maraqlanır, diaspor quruculuğunun dövlət müstəqilliyinin
möhkəmləndirilməsində mühüm rol
oynadığını xüsusi vurğulayır.
Azərbaycan diasporunun inkişafı istiqamətində
atılan mühüm addımlardan biri 2008-ci ildə Diasporla
İş üzrə Dövlət Komitəsinin
yaradılması, 2018-ci ildə isə Azərbaycan Diasporuna Dəstək
Fondunun təsis olunmasıdır. Bu addımlar diaspor təşkilatlarının
maddi-texniki bazasının möhkəmləndirilməsinə,
milli-mənəvi dəyərlərin təbliğinə və
xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsinin
gücləndirilməsinə xidmət edir. Hazırda
dünyanın 50-dən çox ölkəsində yüzlərlə
diaspor təşkilatı, Koordinasiya Şuraları və Azərbaycan
evləri fəaliyyət göstərir ki, bu da diaspor siyasətinin
real nəticələrini əks etdirir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü xüsusilə Vətən müharibəsi
dövründə öz mahiyyətini daha aydın şəkildə
nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi
zamanı dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlılar misilsiz həmrəylik
nümayiş etdirdilər, Azərbaycanın haqq səsinin
beynəlxalq ictimaiyyətə çatdırılması
üçün fəal mübarizə apardılar. Prezident cənab
İlham Əliyevin qeyd etdiyi kimi, xaricdə yaşayan
soydaşlarımızın antiazərbaycan dairələrin təxribatlarına
qarşı qətiyyətli mövqeyi Qələbəmizə
layiqli töhfə oldu. “Dəmir yumruq” yalnız hərbi
gücün deyil, milli birliyin və həmrəyliyin də rəmzinə
çevrildi.
Bu birliyin zirvə nöqtəsi 2022-ci ildə azad
Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının
V Qurultayı – Zəfər Qurultayı oldu. Tarixi Zəfərdən
sonra ilk dəfə olaraq dünya azərbaycanlılarının
azad Qarabağda toplaşması həm simvolik, həm də
siyasi baxımdan böyük əhəmiyyət
daşıyırdı. Prezident cənab İlham Əliyevin
vurğuladığı kimi, bu Qurultay Ulu öndər Heydər
Əliyevin illər əvvəl söylədiyi tarixi sözlərin
reallığa çevrildiyini bütün dünyaya
nümayiş etdirdi.
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü Azərbaycan xalqının milli birliyinin, tarixi
yaddaşının və müasir dövlətçilik
ideyasının parlaq təzahürüdür. Bu gün
dünya azərbaycanlılarını vahid ideya və məqsəd
ətrafında birləşdirir, müstəqil Azərbaycan
dövlətinin gücünü və cazibəsini
nümayiş etdirir. Dövlətin ardıcıl və məqsədyönlü
diaspor siyasəti nəticəsində dünya azərbaycanlıları
bu gün daha mütəşəkkil, daha fəal və daha
güclü qüvvəyə çevrilmişdir. Həmrəylik
Günü isə bu birliyin mənəvi sütunu olaraq
xalqımızın gələcək inkişaf yolunda
mühüm rol oynamağa davam edəcəkdir.
Elxan Quliyev,
Əməkdar müəllim