Müşfiq və küləklərlə
dialoq
Azərbaycanın böyük romantik şairi, ölməz
misralar müəllifi, söz sərrafı, qəlblər
mühəndisi Mikayıl Müşfiqin anım gününə
sayılı günlər qalır.
Müşfiqin şeirlərini yenidən vərəqləyirəm
ki, təkrar olmasın deyə, şairin anım günündə
yeni fikir söyləyim. Şeirləri vərəqlədikcə
şairin sənət dünyasının sehrinə
dalıram... Birdən, diqqətimi "Tozanaq" şeiri
çəkdi. Oxudum, bir də oxudum. İlahi, gözlərim
önündə görmədiyim, kinolentlərdə izlədiyim
köhnə şəhərin, eləcə də bu gün
gördüyüm, yaşadığım doğma Bakı
şəhərinin mənzərəsi canlandı. Şeirdə
şair nədən, necə söz açır, gəlin
hörmətli oxucum, bunu birgə araşdıraq.
20 yaşlı Müşfiq doğulduğu, qoynunda boy
atdığı doğma Bakı şəhərinə
vurğun idi. Onun tarixi küçələrini hər zaman,
sevgi və qürur duyduğu "Dağlı məhəlləsi"ni,
Xəzərin sahilini gəzməkdən doymazdı. O zamanlar,
yəni keçən əsrin 20-ci illərində Bakı
şəhərində yaşıllıq az qala yox dərəcəsində
idi. Səhv etmirəmsə, təkcə keçmiş
"Qubernator bağı" ağaclıq idi. Bakı küləkli
şəhər olduğundan güclü ruzgar əsəndə
aləmi tozanaq bürüyərdi. Təbii ki, bu da
insanların rahatlığını, istirahətini
pozardı. Şair Bakının bu halından rahatsız olar,
hiddətini misralara çevirərdi:
Yenə toz... Aman, bu toz buludları nə istər
Bilməm səndən, ey Bakı, sən ey atəş
diyarı!
Sən ey birdən dirçəlib, birdən boy atan
şəhər,
Üzərindən qovsana bu iynəli ruzgarı!
Şair "bu iynəli ruzgarı" ifadəsini
işlətməklə əslində uşaqlıqdan bəri
Bakının iynə kimi üz-gözünü deşən,
qarşısına keçən hər bir şeyi
silib-süpürən küləyini hədəfə
alır.
Şair şeirində bir tərəfdən qoca, uca təbiəti
qınayırsa, digər tərəfdən, Bakını bizə
miras qoymuş vətən övladlarının, eləcə
də qoynunda yaşayıb, yaradan insanların təbiətə
biganə münasibətini önə çəkir, onları
şəhəri yaşıllaşdırmamaqda, ağac,
gül-çiçək əkməməkdə
suçlayır:
Fəqət onlar yapmadı, əkmədilər bir
ağac,
Bir bağ salmadılar heç qum dolu çöllərində,
Bir yetimin halını andıran bu ehtiyac
Təmin olunur ancaq bu günün əllərində.
Sapsarı bir kölgənin qubarlı əllərilə
küləklərin pəncərəsini vurmasını istəməyən
şair əslində bu küləklərdə, həm də
bir romantika axtarışındadır:
Neçin sokaklarından yolçular ötən zaman
Saçlarını oxşamaz lətif əsən
küləklər?
Neçin yanıq çöllərin bitirməmiş
bir fidan?
Neçin sinəni öpməz gözü
yaşlı çiçəklər?
Tozanaqla müşahidə olunan bu güclü küləyin
Müşfiqin həyat sevgisi qədər sevdiyi,
ömür-gün yoldaşı Dilbər xanıma, onun
gözəlliyinə zərər yetirməsin deyə, onu bədii
formada dilə gətirən, ona etiraz edən şair deyirdi:
O Dilbərin... qaşları altındakı güllər,
ah,
Rəvamıdır bulansın zəhərli
tozlarına?
O bir yaz səhərindən daha şux olan nigar,
Rəvamıdır sıxılsın hər acı
ruzgarınla?
Mikayıl Müşfiq qəlb, ruh şairi, ilham
şairi idi. O, həm ruzgarın xəfif pıçıltısındandan,
dənizin şıltaq ləpələrinin ahəngindən,
həm quşların cəh-cəhindən,
yağışın şırıltısından, həm də
Xəzər üzərində pərvaz edən
qağayıların qıy səsindən, başqa sözlə,
təbiətdəki insan qəlbini riqqətə gətirən
hadisələrdən ilhamlanar, beynindən keçən hissləri
misralara köçürərdi. Bu əsnada, şairin məhz
küləklərə münasibətini önə çəkmək,
paralel aparmaq istəyirəm. Şair "Tozanaq" şeirində
haradasa küləyə üsyan edirsə, onu "iynəli
ruzgar", "dəmir qanadlı yellər"
adlandırırsa, "Küləklər" şeirində
isə romantik prizmadan baxaraq, onun könül
rübabının siminə bənzədir, ona "səyyah",
"bəstəkar", "bəxtiyar", həmzəban
küləklər - deyə xitab edir.
Xalq artisti Eyyub Yaqubovun ifasında insan qəlbinə
yol tapan "Küləklər" mahnısını dinlədikcə,
gözəl sənətkarımız M.Müşfiqin küləklərlə
həmsöhbət olduğuna şahidlik edirsən. Məhz bu
paralellik M.Müşfiqin zamanın nəbzini tutmasından,
küləklərlə dialoqa girməsindən xəbər
verir:
Baxınız yurdumda kükrəyən axına,
Başlamış fikrilə dünyada basqına:
Sizə bir sözüm var, gəliniz yaxına,
Ey böyük gəzici,
Bəstəkar küləklər,
Dünyanı dolaşan
Bəxtiyar küləklər.
"Tozanaq" şeirində əslində şair
"iynəli ruzgar", "tozanaq" deməklə, bir
növ yaşadığı o dövrə etirazını
bildirir. Müşfiq həyata nikbin baxırdı və əmin
idi ki, zaman gələcək, xalqımız
azadlığına qovuşacaq, Azərbaycan müstəqil
olacaq və paytaxtlar şəhəri, küləklər şəhəri,
cənnət Bakı şəhəri gündən-günə
çiçəklənən, gözəlləşən,
yaşıllaşan, bağlar və xiyabanlar,
güllü-çiçəkli, ağaclı, hər tərəfi
meşə zolaqları ilə əhatə olunmuş,
füsunkar, gözəl, abad bir şəhərə
çevriləcək. Bu arzu, bu istəyi həmin şeirdə
Müşfiq uzaqgörənliklə belə təsvir edir:
Mən istərəm dörd yanın ormanlarla
qapansın,
Nəfəs alıb verəsən göy yapraqlar
içində.
Mən istərəm gənc oğlun, mən istərəm
gənc qızın
Gəzdikcə zövqə dalsın kölgə
bağlar içində.
O zaman Vaqif kibi, şaqrayan Nədim kibi,
Sayrıyaraq həvəslə kim eyləməz tərənnüm?
Onda hansı şairin hasil olmaz mətləbi!
Ağaclıqlarda ellər eylədikcə təkəllüm?
Bağırarkən şeirimi mən bar-bar
üfüqlərə,
Onda göy saçlarını oxşayan dadlı yellər,
Deyil dəmir qanadlı, ipək qanadlı yellər
Bəstələyib şeirini qaçarlar
üfüqlərə.
Ey böyük sənətkar, ey sevgili Müşfiq! Sənin
təxminən 100 il öncə dilə gətirdiyin,
arzuladığın, həsrətində olduğun diləklər
bu gün çin olub. Bakı həqiqətən də
gözəl, modern, füsunkar, həsəd aparılası bir
şəhərə çevrilib. Bakı gündən-günə
abadlaşır, dünyanın mədəniyyət mərkəzinə
çevrilib. Artıq "iynəli küləklərə",
"dəmir qanadlı yellərə", göz dələn
tozanağa rast gəlinmir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin apardığı köklü
islahatlar nəticəsində Bakı dünyanın ən
nadir, füsunkar şəhərlərindən biri kimi
özünü təsdiq edib. Bu inkişaf, bu tərəqqi
davam edir. Əziz Müşfiq, özün də dediyin kimi:
Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki,
Böyük günlər, şanlı günlər,
şən günlər
hələ qarşımızdadır!
Qafar ƏSGƏRZADƏ
Əməkdar jurnalist, Pedaqogika üzrə fəlsəfə
doktoru, dosent