Pedaqoq missiyası
Təhsilə həsr olunmuş fədakar müəllim
ömrü
Həyatda elə insanlar olur ki, onların adı rəsmi
sənədlərdə, statistikalarda bəzən ya qısaca
qeyd olunur, ya da özlərinin təvazökarlıqlarından
irəli gələrək fəaliyyətləri kölgədə
qalır, lakin gördükləri xeyirxah işlər bir nəslin,
bir bölgənin taleyində dərin izlər buraxır. Belə
dəyərli insanlardan biri də torpaqlarımızın
işğal altında olduğu illərdə Cəbrayıl təhsilinin
yaşaması və davamlılığı naminə əlindən
gələn fədakarlığı əsirgəməyən
pedaqoq Rafiq Bayramovdur.
Rafiq Orduxan oğlu Bayramov 1955-ci il noyabr ayının
28-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində
anadan olub. Uşaqlıq və gənclik illəri zəhmət,
məsuliyyət və Vətən sevgisi ilə yoğrulan
Rafiq müəllim heç bir çətinliyə baxmayaraq, həyatının
bütün mərhələlərində bu dəyərlərə
sadiq qalıb. O, sadə və qayğıkeş bir ailə
başçısı olmaqla kifayətlənməyib, eyni
zamanda cəmiyyət üçün nümunəvi bir
valideyn, ziyalı və vətəndaş olub.
Həyatın çətin sınaqlarına baxmayaraq,
Rafiq müəllim beş övlad böyüdüb,
onların hər birinə ali təhsil verməyi özünə
borc bilib. Onun valideyn kimi ən böyük uğuru
övladlarının savadlı, peşəkar və cəmiyyətə
faydalı insanlar kimi formalaşması olub. Bu ailədə bir
nəfər ədliyyə işçisi, bir nəfər məktəb
direktoru, iki nəfər müəllim, bir nəfər isə
tibb işçisi yetişib. Bu faktın özü Rafiq müəllimin
təhsilə, elmə və insana verdiyi dəyərin əyani
nümunəsidir.
1990-cı illərin əvvəlləri Azərbaycan
tarixinin ağrılı və ağır dövrləri idi.
Torpaqlarımız işğala məruz qalmış, yüz
minlərlə insan doğma yurd-yuvasından didərgin
düşmüş, xüsusilə məktəb yaşlı
uşaqların təhsili ciddi təhlükə altına
düşmüşdü. Məhz belə bir zamanda Rafiq
müəllim öz vətəndaşlıq mövqeyini və
müəllim vicdanını ortaya qoyaraq tarixi bir addım
atdı. 1994-cü ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kənd orta məktəbinin fəaliyyətini Bakı şəhərinin
Xətai rayonunda öz şəxsi təşəbbüsü,
böyük zəhməti və təşkilatçılığı
sayəsində bərpa etdi. Bu, sadəcə bir məktəbin
açılması deyildi, həm də məcburi
köçkün uşaqlarının gələcəyə
olan ümidlərinin qorunması, savadsızlığın
qarşısının alınması və milli təhsilin
yaşadılması idi. Rafiq müəllim həmin
ağır dövrdə məcburi köçkün
uşaqlarının təhsildən yayınmasına,
onların məktəblə, müəllimlə, elm və
biliklə bağlarının qopmasına imkan vermədi. O, təxminən
30 nəfərlik kollektivi olan məcburi köçkün məktəbinin
fəaliyyətinin bərpa edilməsinə nail olaraq çətin
günlər yaşayan bir təhsil müəssisəsinin
pedaqoji heyətinin sosial durumunun yaxşılaşmasına,
öz peşələrini davam etdirmələrinə şərait
yaratdı. Bu, təkcə idarəçilik səriştəsi
deyil, həm də dərin insanpərvərlik, vicdan və məsuliyyət
örnəyi idi.
Rafiq Bayramov 1994-2016-cı illərdə Cəbrayıl
rayonu Cocuq Mərcanlı kənd orta məktəbinin direktoru vəzifəsində
çalışaraq təhsilin keyfiyyətinin yüksəldilməsi,
məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi
və sağlam pedaqoji kollektivin formalaşdırılması
istiqamətində yorulmadan fəaliyyət göstərdi. O,
eyni zamanda bu illər ərzində Cəbrayıl-Qubadlı
Seçki Dairəsində seçki məntəqəsinin sədri
kimi də çalışaraq ictimai-siyasi proseslərdə fəal
iştirak etdi.
Yeni Azərbaycan Partiyasının fəal üzvü
olan Rafiq müəllim dövlətçiliyə, sabitliyə
və milli maraqlara sadiqliyi ilə daim seçildi. Onun fəaliyyəti
hər zaman dürüstlük, prinsipiallıq və vətənpərvərlik
üzərində qurulmuşdu.
Təhsil sahəsində göstərdiyi çoxillik
səmərəli fəaliyyətə və xidmətlərinə
görə Rafiq Bayramov 2013-cü ildə "Azərbaycan
Respublikasının Qabaqcıl təhsil işçisi" fəxri
adına layiq görüldü. Bu mükafat onun
ömrünü həsr etdiyi sahədə əməyinə
verilən yüksək qiymət idi.
Təəssüf ki, Rafiq müəllim 2016-cı ildə
ürək tutması nəticəsində dünyadan
köçdü. Onun vəfatı təkcə ailəsi və
yaxınları üçün deyil, bütövlükdə
Cəbrayıl rayonunun pedaqoji ictimaiyyəti üçn
böyük itki idi.
İnsan ömrü gördüyü işlərlə
ölçülür, deyirlər. Rafiq Bayramov da arxasında
dərin izlər, xeyirxah əməllər və savadlı nəsillər
qoyaraq öz adını əbədiləşdirdi. Bu gün
Rafiq müəllimin adı böyük hörmət və
ehtiramla xatırlanır, yetişdirdiyi şagirdlər və fəaliyyət
göstərdiyi məktəb onun mənəvi irsini
yaşadır. Rafiq Bayramov Cəbrayıl təhsilinə nəfəs
verən, onu ən çətin dövrdə ayaqda saxlayan fədakar
ziyalı kimi həmişə yaddaşlarda qalacaq.
Allah rəhmət eləsin!
Amid BAYRAMOV
525-ci qəzet .- 2025.- 30 dekabr(№239).-S.14.