Akademiyanın Zəfər
dərsləri
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 16
noyabr 2022 tarixli "Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq
edilməsi haqqında Sərəncamı ilə
Qarabağın yeni yüksəlişinə
start verildi. 30 il ərzində Azərbaycanın maddi-mənəvi
tarixinə, abidələrinə qarşı edilmiş
vandalizm aktları aradan qaldırılmaqla bərpa işləri
sürətləndirildi, yeni təhsil mərkəzlərinin,
məktəblərin inşasına başlanıldı.
Bu əlamətdar tarixi proseslərdə AMEA da
yaxından iştirak edir. Azərbaycan Prezidenti İlham
Əliyevin Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd
edilməsi haqqındakı 18 mart 2025-ci il tarixli Sərəncamının
icrası ilə əlaqədar Akademiyanın ilk yubiley tədbirinin
məhz Qarabağ Universitetində keçirilməsi bu akademik
təşkilatın Qarabağa Böyük Qayıdış
hərəkatına elmi dəstəyinin əməli ifadəsi
idi.
Bu günlərdə AMEA-nın "Elm" nəşriyyatında
çap olunmuş "Qarabağ Universitetində Akademiya dərsləri"
adlı kitab Akademiyanın Qarabağnaməsinin elmi salnaməsidir.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin layihə
rəhbərliyi, filologiya üzrə fəlsəfə doktoru
Əsmər Əliyevanın tərtibçiliyi ilə nəşr
edilmiş "Qarabağ Universitetində Akademiya dərsləri"
kitabında Akademiyanın Qarabağ Universitetində
keçirdiyi yubiley tədbirlərinin xronikası tarixləşdirilib.
Kitabda 1 may 2025-ci il tarixdə Qarabağ Universitetində
keçirilmiş "Azərbaycan Milli Elmlər
Akademiyasında Qarabağnamə ənənəsi və
müasir dövr" adlı elmi konfransda Azərbaycan
Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin
açılış nitqi və AMEA-nın 80 illik yubileyi
münasibətilə alimlərə və elmi ictimaiyyətə
ünvanladığı təbriki verilib.
Elmi konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli
"Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətində
Qarabağın tədqiqi problemləri və Böyük
Qayıdış Hərəkatı" adlı məruzəsi
ilə çıxış edib. Akademik İsa Həbibbəyli AMEA-nın
80 illiyi ilə bağlı i ilk rəsmi tədbirin
Qarabağda keçirilməsini Akademiyanın Böyük
Qayıdış Hərəkatına elmin dəstəyinin
daha bir ifadəsi kimi qiymətləndirib. O, işğaldan
sonrakı qısa dövr ərzində Akademiyanın artıq
Qarabağda tədqiqatlara başladığını
vurğulayıb. Bildirilib ki, AMEA-nın Arxeologiya və
Antropologiya İnstitutunun Ağdam şəhərində
İmarət Kompleksində, Xocalıda aparılan arxeoloji
qazıntı, Əsgəranda və Şah bulaqdakı arxeoloji qazıntılar regionun
inkişafında elmin rolunun artırılmasına xidmət edən
mühüm addımlardandır. Məruzədə AMEA-nın
Folklor İnstitutunun on cilddən ibarət "Qarabağ
folkloru" kitabları seriyasının nəşr edilməsi,
"Şərqi Zəngəzur folkloru
antologiyası"nın isə çapa təqdim olunması,
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda Qarabağ ədəbi mühitinin öyrənilməsinə
həsr edilmiş
konfransların keçirilməsi və yeni
monoqrafiyaların çap olunması, AMEA-nın Nəsimi
adına Dilçilik İnstitutunun toponimika sahəsində tədqiqatlar
aparması, Qarabağ Dialektoloji Atlasının
hazırlanıb nəşr olunması, Qarabağla əlaqədar
əlyazmaların toplanması,
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda
"Azərbaycan tarixi" adlı 15 cildlik fundamental layihə
üzərində işin planlaşdırılması, Mərkəzi
Elmi Kitabxananın Qarabağ Universitetinə 1215 kitab təqdim
edilməsi, Elektron Kitabxananın Qarabağ Universiteti
üçün açıq olması və digər elm
tutumlu məsələlər xüsusi qeyd edilib.
"Azərbaycan Milli Elmlər Akademiyasında
Qarabağnamə ənənəsi və müasir
dövr" adlı elmi konfransda Qarabağ Universitetinin rektoru
Şahin Bayramov geniş nitqlə çıxış edib.
Kitabda A.A.Bakıxanov adına Tarix və Etnologiya
İnstitutunun direktoru tarix elmləri doktoru Kərim
Şükürovun "Azərbaycan tarixində
"Qarabağnamələr" və yeni dövrün
Qarabağnaməsinin yaradılmasında Milli Elmlər
Akademiyasının missiyası", AMEA-nın Arxeologiya və
Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə
doktoru Fərhad Quliyevin "İşğaldan azad olunmuş ərazilərin
arxeoloji abidələrində tədqiqatlar (Qarabağ və
Şərqi Zəngəzur)", AMEA-nın Nəsimi adına
Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru
Nadir Məmmədlinin "Qarabağda ermənilər tərəfindən
saxtalaşdırılmış Azərbaycan toponimlərinin bərpa
edilməsinin elmi əsasları", AMEA-nın Folklor
İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət
Quliyevin "Qarabağ folkloru: Böyük Qayıdış
kontekstində folklor yaddaşının
reaktuallaşdırılması" mövzularında məruzələrinə
də yer verilib.
Nəşrdə AMEA-nın akademik heyətinin
Qarabağ Universitetində keçirdikləri ustad dərslərinin
məruzələri də çap edilib. AMEA-nın prezidenti,
akademik İsa Həbibbəyli, Akademiyanın vitse-prezidentləri
akademiklər - Dilqəm Tağıyev, İradə
Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva,
eləcə də akademik-katib Arif Həşimov, AMEA-nın Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik
Teymur Kərimli, AMEA-nın Nəsimi adına Dilçilik
İnstitutunun direktoru, filologiya elmləri doktoru Nadir Məmmədli,
A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun
direktoru tarix elmləri doktoru Kərim Şükürov,
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun
direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə,
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru,
tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və
başqalarının Qarabağ Universitetinin tələbələri
qarşısında oxuduqları mühazirələrin mətnləri
Akademiyanın Qarabağın gələcək qurucularına
vətənpərvərlik dərslərinin elmi ifadəsidir.
"Qarabağ Universitetində Akademiya dərsləri"
kitabı Milli Elmlər Akademiyasının 80 illiyinə və
Qarabağ Universitetinin inkişafına həsr olunmuş elmi mənbə
kimi dəyərlidir.
Sevil ADIGÖZƏLOVA
AMEA Rəyasət Heyəti Aparatının Sənədlərlə
iş və protokol şöbəsinin müdir müavini,
filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 30 dekabr(№239).-S.14.