Türk
dünyasının ədəbi irsi qlobal mədəni məkanda
Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin
əsas istiqamətlərindən biri türk
dünyasının tarixi, mədəni və ədəbi
irsinin genişmiqyaslı şəkildə təbliği və
gələcək nəsillərə ötürülməsidir.
Bu missiyanı həyata keçirən Fond beynəlxalq səviyyədə
yüksək standartlara cavab verən nəşr layihələri
reallaşdırır və öz nəşrlərini
dünyanın nüfuzlu kitab sərgilərində və mədəni
platformalarında ardıcıl şəkildə təqdim
edir.
Son iki il ərzində Fond tərəfindən beş
yeni kitab seriyası təsis edilib: "Türk
dünyasının görkəmli şəxsiyyətləri",
"Türk dünyasının ədəbi inciləri",
"Türk dünyasının elmi inciləri",
"Türk dünyasının tarixi inciləri" və
"Türk dünyasının diplomatik inciləri".
"Türk Dünyasının görkəmli şəxsiyyətləri"
seriyasının ilk nəşri "Heydər Əliyev və
Məhəmməd Füzuli" kitabı olub. Kitaba Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin fərman
və sərəncamları, çıxışları,
habelə böyük şair Məhəmməd Füzulinin
yubileyləri ilə bağlı foto materiallar daxil edilib. Nəşr
şair Füzulinin 530 illik yubileyi münasibətilə
çap olunub. Bu seriya çərçivəsində nəşr
edilən digər kitab XX əsr Azərbaycan ədəbiyyatının
klassiki Mir Cəlalın "Nizami Gəncəvinin
dünyası" adlı məqalələr toplusudur. Hər
iki nəşr Azərbaycan dilində çap edilib.
"Türk dünyasının elmi inciləri"
seriyası çərçivəsində Mahmud
Kaşğarinin fundamental əsəri "Divanü
lüğət ət-türk" geniş elmi şərhlərlə
rus dilində nəşr edilib. Kitabın təqdimatı əsərin
yaradılmasının 950 illiyi münasibətilə UNESCO ilə
birgə təşkil olunmuş beynəlxalq konfrans çərçivəsində
Fransada keçirilib. Eyni zamanda təqdimat və konfrans
materialları ayrıca bir toplu kimi hazırlanıb. Həmin
seriyada, həmçinin görkəmli qazax alimi Darkan
Kıdırəlinin türk dünyasının abidələrindəki
yazılara həsr olunmuş "Daşa yazılan tarix"
adlı əsəri nəşr edilib.
Bu il "Türk dünyasının tarixi inciləri"
seriyası çərçivəsində türkmən
xalqının Milli lideri, Türkmənistan Xalq Məsləhətinin
sədri Qurbanqulu Berdiməhəmmədovun "Ağlın gövhəri"
adlı elmi əsəri nəşr olunub. Eyni zamanda
tanınmış tədqiqatçı Elçin Əhmədovun
Azərbaycanın ən mühüm tarixi-mədəni mərkəzlərindən
biri olan Şuşa şəhərinin keçmişi və
bu günü barədə "Şuşa - tarixi-mədəni
irs" kitabı çap edilib. Seriyanın digər diqqətəlayiq
nəşri görkəmli qazax alimi Sautbek Abdraxmanovun
"Korifeylər" adlı elmi məqalələr toplusudur.
Fond Türk dövlətləri
başçılarının fərman və sərəncamlarına
uyğun olaraq keçirilən yubiley tədbirlərinə
xüsusi diqqət ayırır. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 22
oktyabr 2025-ci il tarixli "Birinci Türkoloji Qurultayın 100
illiyinin qeyd edilməsi haqqında" Sərəncamına əsasən
Fond Nizami Cəfərov, Mahirə Hüseynova və Aysel Qəriblinin
müəllifi olduğu "Birinci Türkoloji Qurultay" kitabını
Azərbaycan, qazax və rus dillərində nəşrə
hazırlayıb.
"Türk dünyasının ədəbi İnciləri"
seriyası çərçivəsində 2024-cü ildə
Məhəmməd Füzulinin qəzəlləri Qazax dilinə
tərcümə edilərək "Məhəmməd
Füzuli - 530 misra (qəzəllər və qəsidələr)"
adı ilə çap olunub. Kitabın təqdimatı
Qazaxıstanda Azərbaycan Mədəniyyəti günləri
çərçivəsində keçirilib. Bu seriyaya aid digər
nəşrlər - görkəmli türkmən şairi Məxdumqulu
Fəraqinin "Aşiq olmuşam" adlı şeirlər
toplusu (türkmən və Azərbaycan dillərində),
tanınmış qazax yazıçısı Kemel Tokayevin
"Xüsusi tapşırıq" romanı, qazax
yazıçı Berdibek Sokpakbayevin "Mənim adım
Kojadır" əsəri və qazax ictimai xadimi Malik
Otarbayevin "Gözlədiyimiz xoşbəxtlik" adlı fəlsəfi
pritça və esselər kitabı Türkmənistanda və
X Bakı Beynəlxalq Kitab Sərgisində təqdim edilib.
Ötən il görkəmli qırğız klassiki
Alıkul Osmanovun "Zamandan-zamana" adlı şeirlər
toplusu Azərbaycan və qırğız dillərində nəşr
edilib, təqdimatlar Azərbaycan və
Qırğızıstanda keçirilib. 2025-ci ildə Azərbaycan
Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə
onun "Özümüzü kəsən qılınc" əsəri
Azərbaycan və türk dillərində çap edilərək
Azərbaycan və Türkiyədə təqdim olunub. Seriya
çərçivəsində Elçin Hüseynbəylinin
Göytürklər dövrünə həsr olunmuş
"Gültəkin Xaqan" tarixi romanı da nəşr
edilib.
Fond çoxdilli nəşrlərə də xüsusi
diqqət yetirir. Qazaxıstan Respublikasının Prezidenti cənab
Kasım-Jomart Tokayevin tapşırığına uyğun
olaraq görkəmli qazax şairi, mütəfəkkiri və
maarifçisi Abay Kunanbayevin 180 illiyi beynəlxalq səviyyədə
qeyd olunur. Bu münasibətlə Türk Mədəniyyəti
və İrsi Fondu Abayın "Seçilmiş şeirlər"
toplusunu Azərbaycan, qazax, qırğız, türk, özbək,
türkmən və macar dillərində nəşr edərək
mühüm töhfə verib. Görkəmli qazax şairi
Mağcan Cumabayevə həsr olunmuş "Bizim
Mağcan" kitabı isə Azərbaycan, qazax,
qırğız, türk, özbək, ingilis və rus dillərində
çap edilib. Bu il həmçinin Askar Kumıranın
"Qurd ili və ya biz Türküstandayıq" romanı
qazax dilindən Azərbaycan dilinə tərcümə edilərək
nəşr olunub.
Türk dünyasının ədəbi-mədəni
irsinə həsr olunmuş elmi konfransların əhəmiyyətini
nəzərə alaraq Fond Üzeyir Hacıbəylinin 140
illiyinə həsr olunan "Aşıq Ələsgərdən
Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni
kodları" adlı konfransın materiallarını
ayrıca kitab şəklində nəşr edib.
Fond türk dünyasının diplomatik irsinə də
xüsusi önəm verir. Tanınmış Azərbaycan
diplomatı və dövlət xadimi Hafiz Paşayevin "Bir səfirin
manifesti" əsəri Qazax dilinə tərcümə
edilib. Bundan əlavə, görkəmli dövlət xadimi Həsən
Həsənovun "Azərbaycan və macar xalqlarının
etnik kökləri" kitabı nəşrə
hazırlanmış, tarixçi Fəxri Valehoğlunun
"Azərbaycan-Gürcüstan münasibətləri
(1918-1922)" elmi araşdırması çap olunub.
Fond ensiklopedik nəşrlərə də
böyük əhəmiyyət verir. Ötən il Bakı
Musiqi Akademiyası ilə birgə "Türk ölkələrinin
milli musiqi alətləri" atlası nəşr edilib. Digər
mühüm layihə Azərbaycan Memarlar İttifaqı ilə
birlikdə hazırlanaraq UNESCO-nun Mənzil-qərargahında təqdim
edilən "Azərbaycan Memarlıq İrsinin Dühası:
Əcəmi Naxçivani - 900" kitabıdır.
Bu sahədəki sistemli fəaliyyətini davam etdirərək
sözügedən silsilənin çərçivəsindən
kənara çıxan Türk Mədəniyyəti və
İrsi Fondu, Özbəkistan Respublikasının Prezidenti
Şavkat Mirziyoyevin göstərişi və Türk dövlət
başçılarının dəstəyi əsasında
çoxcildli və çoxdilli nəşr layihəsi
"Türk folklor irsi" antologiyasını
reallaşdırır. Üç il müddətinə nəzərdə
tutulan layihə çərçivəsində çap və
rəqəmsal formatda 21 cildin nəşri
planlaşdırılır. Birinci mərhələdə,
türk dünyasının qəhrəmanlıq
dastanlarına həsr olunmuş birinci cildin beş kitabı
artıq işıq üzü görüb. Antologiya ilk dəfə
olaraq türk xalqlarının ən mühüm dastan, mif, əfsanə,
rəvayət və folklor nümunələrini çoxmillətli
və çoxdilli formatda vahid konsepsiya ətrafında birləşdirir,
onların şifahi irsinin bütöv korpusunu
formalaşdırır, qorunub saxlanılmasını və
beynəlxalq səviyyədə təbliğini təmin edir.
Bu il Türk Mədəniyyəti və İrsi Fondunun
digər mühüm nəşri Türk dünyasının
mədəni irsinə dair ilk çoxdilli kataloq - "Türk
dünyasının mədəni kodu" olub. Beynəlxalq
ekspert və tədqiqatçılarla sıx əməkdaşlıq
şəraitində hazırlanmış bu nəşrin fərqli
cəhəti ondan ibarətdir ki, təqdim olunan bütün
materiallar Fondun üzv dövlətləri tərəfindən
rəsmi şəkildə təsdiqlənib, hər ölkə
milli irs nümunələrini öz dilində təqdim edib.
Populyar-elmi formatda hazırlanmış kataloq mütəxəssislərdən
gənclərə və məktəblilərə qədər
geniş oxucu auditoriyası üçün əlçatandır.
Kataloqda Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Türkiyə, Özbəkistan,
Türkmənistan və Macarıstan daxil olmaqla yeddi ölkənin
hər birindən 10 ədəd maddi və qeyri-maddi mədəni
irs nümunəsi olmaqla ümumilikdə 70 unikal abidə və
ənənə təqdim olunur. Bu nümunələr Türk
dünyasının mənəvi birliyini və
tarixi-coğrafi quruluşlarının yollarının kəsişməsində
formalaşmış mədəni müxtəlifliyini əks
etdirir.
Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd
Füzuli, Abay Kunanbayev, Mağcan Cumabayev, Məxdumqulu Fəraqi,
Alıkul Osmanov, Çingiz Aytmatov, Aşıq Veysəl, Bəxtiyar
Vahabzadə və digər klassiklərin əsərlərinin
müxtəlif dünya dillərinə tərcüməsi və
nəşri ilə Fond türk ədəbi irsinin geniş təbliğini
həyata keçirir. Eyni zamanda uşaqlar üçün nəzərdə
tutulmuş "Uşaqların Nizami Gəncəvi Dünyası",
"Türk dünyasının göy qurşağı"
(türk xalq nağılları), "Mənim adım
Kojadır" və b. nəşrlər də
hazırlanır.
Fondun bütün nəşrləri təqdimat mərasimləri,
dəyirmi masalar və elmi konfranslarla müşayiət olunur,
seçilmiş parçalar əsasında bədii və ədəbi
çıxışlar təşkil edilir. Nəşr
olunmuş kitablar türk ölkələrinin milli
kitabxanalarına hədiyyə edilir, bununla da ortaq türk
irsinin tanıdılmasına, beynəlxalq səviyyəli
maarifçiliyin artırılmasına və geniş
auditoriyanın bu mədəni irsə
çıxışının təmin edilməsinə
töhfə verilir.
Nəticə etibarilə, son iki il ərzində
Türk Mədəniyyəti və İrsi Fondu müxtəlif
seriyalar və layihələr çərçivəsində
təxminən 50 kitab nəşr edərək türk
dünyasının ədəbi və mədəni irsinin
qorunması və beynəlxalq səviyyədə təbliği
sahəsinə mühüm töhfə verib.
Əldə olunmuş nailiyyətlərə əsaslanaraq,
Türk Mədəniyyəti və İrsi Fondu türk
dünyasının ədəbi və tarixi-mədəni
irsinin təbliğinə yönəlmiş nəşriyyat və
mədəni-maarif təşəbbüslərini genişləndirməklə
bu sahədəki sistemli fəaliyyətini davam etdirəcəkdir.
525-ci qəzet .- 2025.- 30 dekabr(№239).-S.13.