"Dünyanın ən
böyük cinayəti eşqsiz yaşamaqdır"
AMİD QASIMOV: "PEŞƏSİNƏ AİD
SİRLƏRİ ÖYRƏNDİKCƏ AKTYOR ÖZ
SİRLƏRİNİ DƏ KƏŞF EDİR"
Azərbaycan Dövlət Yuğ Teatrının aktyoru
Amid Qasımov ilə aktyor sənəti,
çalışdığı teatr və son günlərdə
yayımlanıb müsbət rezonans doğuran, baş rollardan
birini canlandırdığı "Tilov" serialı
haqqında söhbət etdik.
- Amid bəy, aktyorluq təhsillə qazanılan sənətdir,
yoxsa insanla birgə doğulan istedad?
- Əlbəttə, hər ikisi istənilən peşədə
olduğu kimi, aktyorluq peşəsində də çox
vacibdir. Amma əvvəlcə gərək bu iki məsələnin
nə olduğunu, nəyə xidmət elədiyini
aydınlaşdıraq. Ümumiyyətlə, aktyor sənəti
nədir, aktyor kimdir, o, necə olmalıdır, necə
davranmalıdır və sair. Hər bir peşəni seçən
insan onu öyrənib inkişaf etdirir ki, onunla
yaşamını təmin edə bilsin. Bu peşəyə
yanaşanda anlayırsan ki, istedad, qabiliyyət - bunlar
ölçüyə, tərəziyə gəlməyən
şeylərdir. Bunun miqdarını təyin etmək
mümkün deyil. Yəni bunlar heç cür bir araya gəlmir.
Amma bir araya gələn məsələlərlə üzərində
əməliyyat apara biləcək,
ölçülüb-biçilə biləcək bir
yöndə gərək aktyor öz münasibətini,
işini qursun. Bu mənada birinci növbədə nə
lazımdır? Hər bir sahədə peşəkarlıq
deyilən məsələ varsa, deməli, burda da peşəkarlıq
məsələsi olmalıdır. Bunun üçün gərək
peşəkarlığın nə olduğunu da
aydınlaşdıraq. İşinin bütün meyarlarını
bilən, onu idarə etməyi, işlətməyi bilən,
bacaran bir insandır peşəkar. Biz də aktyorluq peşəsi
ilə məşğuluqsa, öncə bu peşəmizə
lazım olan nələr varsa, onları birinci növbədə
özümüz üçün müəyyənləşdirməli,
aydınlaşdırmalıyıq. Sonra görməliyik ki,
bizim bu qabiliyyətimiz bu peşənin şərtlərinə
çatır, ya çatmır. Harda kəsirimiz,
çatışmazlıqlarımız var, nələr
bizim üçün problemdir, nələr problem deyil...
Bütün bunları saf-çürük etməliyik.
Əlbəttə, bu, göründüyündən də
mürəkkəb məsələdir. Bunun üçün böyük
əmək sərf etməli, gecə-gündüz zəhmət
çəkməlisən. Bu mənada təbii ki, təhsilsiz
çox çətindir. Təhsil sənin özünü kəşf
etməyin, Öz səsini, Öz bədənini, Öz
duyğularını tanımağın üçün ən
vacib bir işi görür. Beləliklə, peşəsinə
aid sirləri öyrəndikcə aktyor öz sirlərini də
kəşf edir.
- Aktyor Amid Qasımov səhnədə kim olmaq istəyir?
- Əlbəttə, həmişəki
kimi sadə bir oyunçu, öz işini vicdanla, peşəkarcasına
görən bir sənətçi.
- Yuğ Teatrında çalışmaq sizin
üçün seçim, təsadüf, ya tale idi?
- Bütün teatrlarımız mənə
doğmadır. Hamısını çox sevirəm. Hər
birində mənim dostlarım çalışır. Ancaq
öz ruhu ilə, sənətə və sənətkara
münasibəti ilə "Yuğ" həmişə məni
özünə cəlb edib. Tələbəlik illərimdə
də bunu hiss edirdim. Arzum gec-tez burada, bu səhnədə
olmaq idi. Və buradayam. Bunun üçün ustadım Vidadi Həsənova
və bütün yuğçulara minnətdar olacam həmişə.
- "Yuğ"un özünəxas estetikası
aktyordan ilk növbədə nə istəyir?
- Birinci növbədə yüksək səviyyədə
peşəkarlıq və nizam-intizam. "Yuğ" mənimçün
peşənin üstündə bir anlayışdır. Bu,
öz metodikasıyla, poetikasıyla milli-mənəvi soy
kökümüzə bağlı əbədi bir teatr
düşüncəsidir mənimçün.
"Yuğ"u və bu düşüncəni mədəniyyətimiz
adına fenomen hesab edirəm. Belə bir teatrın sənətçisi
bu düşüncəyə cavab vermək üçün gərəkdir
ki, "Yuğ" məktəbinə də dərindən
yiyələnsin, bələd olsun. Bu mənada hələ ki
özümü bu məktəbin tələbəsi hesab edirəm.
Çünki öyrənməli xeyli məsələlər
var.
- Səhnədə oynayıb bitirdikdən sonra uzun
müddət psixoloji təsirindən çıxa bilmədiyiniz
rolunuz olubmu?
- Buna bir cümlə ilə cavab vermək istəyirəm:
Teatr, bütövlükdə bədii yaradıcılıqla
yalnız və yalnız, sözün böyük mənasında
sağlam adamlar məşğul olmalıdırlar.
- "Yuğ" tamaşaçısı ilə digər
teatrların tamaşaçıları arasında əsas fərqi
nədə görürsünüz?
- Bilirsiniz, bu, sevmək kimidir. Sən buna aşiq
olursan və bu aşiqlik səni ona bağlayır. Mən hərdən
düşünürəm ki, "Yuğ"a gələn
tamaşaçı deyil, aşiqlərdir - Yuğ aşiqləri.
Çünki teatr özü həm də Eşqdir. Gərək
sən bu eşqə düşəsən. Bu mənada teatra,
özəlliklə "Yuğ"a onu yalnız sevənlər
gəlir.
- Əgər bir tamaşa ilə xatırlanmalı
olsaydınız, sizcə, bu hansı tamaşa olardı və
niyə?
- Oynadığım bütün tamaşalar mənim
üçün çox dəyərlidir. Amma Gümrah Ömərin
hazırladığı "Rindü-Şeyda"
tamaşasını deyərdim. Niyəsini deyə bilmərəm,
onu görənlər bilir. Məni bağışlasınlar,
Azərbaycanda elə bir rejissor "master-klassı"
görməmişəm. Bunu Gümrah Ömər etmişdi.
- Gələk son günlər cəmiyyətimizə həqiqi
mənada səs salan, "bizdə də serial çəkilir"
düşüncəsini yaradan "Tilov" serialına. Siz
bu serialda baş rollardan birini canlandırmısınız.
Maraqlıdır ki, "Tilov" sizin üçün nə
ifadə edir? İlk dəfə ssenari ilə tanış olarkən
nələr hiss etdiniz?
- "Tilov" mənə çox şeylər ifadə
edə bilər, amma istənilən material sənətçi
üçün özünü ifadə baxımından bir
bəhanə rolunu oynayır. Bu mənada mənim də orada
özümü ifadə edə bilməyim üçün
"Tilov" serialı ciddi mövzularla zəngin idi.
Xüsusən, məni cəlb edən və serialda çəkilməyimə
təkan olan oradakı eşq mövzusu idi. Orada Nazim öz
hissləri ilə peşəsi arasında qəribə bir
situasiyada tilova düşür. Mənim üçün ondan
çıxış yolu çox maraqlı idi. Belə ki,
filmdəki bir çox səhnələr gedişatda dəyişdi
və gözlədiyimiz sonluq olmadı. Hamının izlədiyi
sonluq elə oradaca yaranan bir fikir idi, rejissor Emil Quliyev
düşündü ki, bu cür həll etmək
lazımdır. Filmin mənim üçün ifadə etdiyindən
daha önəmlisi, mənim orada nəyi ifadə etməyim
idi.
- Nazimlə Amid arasında hansı uyğunluğu,
ortaq xüsusiyyəti kəşf etdiniz?
- Hər bir işdə aktyor ilk növbədə bu
sualı qoyur özünə. Bəli, forma etibarilə Nazimlə
Amid arasındakı hər şey fərqlidir. Amma məni daha
çox maraqlandıran mahiyyətdəki bənzərlikdir. Mənə
elə gəlir ki, hər ikimizin eşqə baxışımızda
hansısa bənzərlik vardı. Eyni zamanda peşəsinə
münasibətdə də özümlə bənzərlik
görə bilirəm. Fikrimcə, mən də öz peşəmə
bacardığım qədər sadiq biriyəm, hər gün
öyrənməklə məşğulam, hələ də
heç nə bilmədiyimin fərqindəyəm. Nazimdə də
bu xasiyyət vardı.
- Əgər serialın ad seçimi sizə həvalə
olunsaydı, siz bu seriala hansı adı uyğun bilərdiniz?
- Serial başlayanda ilk adı adanın adı ilə
"Çilov" kimi düşünülmüşdü.
Amma montaj prosesindən sonra adla bağlı müəyyən
məsələləri düşünəndə
"Tilov" adı seçildi ki, məncə, doğru və
uğurlu bir addır. Çünki oradakı bütün məsələlər,
sujet düzümü elə bu kontekstdə idi. Mahiyyətindəki
ardıcıllıq elə tilov kimi mənalana bilirdi. Həqiqətən
də oradakı bütün münasibətlərdə birinin
digərinə tilov atması, tələ qurması kimi
nüanslar özünü göstərirdi. Həmçinin,
mahiyyət etibarilə mənim üçün "Nazim və
Nigar dastanı" idi bu.
- Çəkiliş prosesində sizi ən çox təsirləndirən
və düşünürsünüz ki, hələ uzun illər
yaddaşınızdan silinməyəcək hansı məqamlar
oldu?
- Hər anı ilə qəlbimdə silinməz izlər
buraxıb. İlk gündən son günə qədər, elə
bu günün özündə belə məni təsirləndirən
və unutmadığım bir məqam var idi. Orada bizimlə
5-6 nəfər qadın işləyirdi. Biz təxminən 1
aya yaxın o adada olduq və gün ərzində 2-3
saatlıq yuxu yataq, ya yatmayaq, səhərə kimi çəkilişlərimiz
olurdu. Mən hər dəfə çəkilişdə o
qadınların necə yorulmadan, böyük zəhmətlə
çalışdıqlarını görürdüm.
Onların çəkdiyi əziyyəti görüb həm kədərlənirdim,
həm sevinirdim. Düşünürdüm ki, filmin əsas
rollarından birini - bir növ qəhrəmanı oynayıram,
amma qəhrəmanlıq əslində budur. Mən çox
zaman onların o zəhmətlərini gördükcə
utanırdım. Mənimçün ən təsirli məqam
bu idi ki, indiyə kimi də yaddaşımda ilişib
qalıb. Eləcə də orada keçən hər
günümüz əyləncəsi ilə, maraqlı
anları ilə unudulmazdır.
- Sizcə, "Tilov" tamaşaçıya
hansı mesajı verir?
- Bir cümlə ilə desəm, təxminən belə
olar ki, dünyanın ən böyük cinayəti eşqsiz
yaşamaqdır. Mənim üçün kimisə sevməmək
onu öldürməkdən daha dəhşətli cinayətdir,
daha pis cəzadır. O serialdakı hadisələrin də
kökündə ta ana bətnindən başlayan sevgisizlik
dayanır. Bu yaxınlarda Emil Quliyev də belə bir
paylaşım etmişdi ki, dünyanı sevgisiz böyüyən
uşaqlar talan etdilər. Amma təbii ki, əsər yozumlara
çox açıqdır, kim hansı tərəfdən istəsə,
o mesajı alacaq.
- "Tilov" çox qısa zamanda böyük bir
tamaşaçı sevgisi qazandı. Sizcə, bu sevginin əsas
səbəbi nə idi?
- Təbii ki, ilk növbədə Emil Quliyev, onun gecə-gündüz
yorulmadan işləyən komandası və aktyorların birgə
əməyini vurğulamalıyam. Bütövlükdə hər
kəs bu işi böyük bir eşqlə icra etdi, hərə
öz üzərinə düşən işin öhdəsindən
böyük məsuliyyətlə gəlməyə
çalışdı. Filmin hekayəsi,
ötürdüyü mesajlar da öz təsirini göstərir.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 30 dekabr(№239).-S.12.