Oljas Süleymenovun dərk
olunmuş qarşılıqlı asılılıq
dünyası
DÜNYANIN DƏRKİNDƏ YENİ MODEL, YOXSA
UTOPİYA?
2025-ci ilin 17-19 dekabr tarixlərində Almatı şəhərində
Avrasiya mədəniyyətlərinin yaxınlaşması
üzrə VI Beynəlxalq Forum keçirildi. Alimlər,
diplomatlar, yazıçılar görkəmli qazax şairi,
ictimai xadimi Oljas Süleymenov tərəfindən vaxtilə irəli
sürülən və dünyanın dərkində yeni
sayılan modeli növbəti dəfə müzakirə etmək
üçün bir araya gəlmişdilər. Sözügedən
model səlis şəkildə bu cür ifadə olunur:
"Müstəmləkə asılılığı
çağlarından və müstəqillik dövründən
adlamaqla, dərk olunmuş qarşılıqlı
asılılıq epoxasına doğru". Həmin epoxa
artıq gəlib çatıbdır, bu gün bizim təbii və
texnogen fəlakətlər ucbatından dağılmaqda olan,
bitib-tükənməyən konfliktlər üçün
meydana çevrilən kövrək planetimiz bu fundamental
formulun gerçəkləşdirilməsinə həmişəkindən
daha artıq dərəcədə ehtiyac duyur.
Forumda Azərbaycanı təmsil edən xalq
yazıçısı Elmira Axundova bu tədbirin işi və
alınan qərarlar ilə bağlı öz təəssüratlarını
oxucularımızla paylaşıbdır.
" - Əslinə qalanda, tədbirdə ölkəmizi
təkcə mən təmsil etmirdim. Onlayn formatda iki azərbaycanlı
alim də konfransa qoşulmuşdu. Onlardan biri tarix elmləri
doktoru, professor, Azərbaycanda kulturologiya elminin banisi Fuad Məmmədov
idi və o, plenar iclasda forum iştirakçılarını
salamladı.
Digər alim isə fəlsəfə doktoru,
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun
aparıcı elmi işçisi Yeganə Əliyeva idi. Onu da
vurğulamalıyam ki, azərbaycanlı alim və
yazıçılar Oljas Süleymenovun rəhbəri
olduğu, Qazaxıstanda fəaliyyət göstərən Mədəniyyətlərin
Yaxınlaşması Mərkəzi ilə sıx və məhsuldar
şəkildə əməkdaşlıq qurublar.
Sözügedən Mərkəz son illər ərzində MDB
məkanında nüfuzlu humanitar əməkdaşlıq
platformasına çevrilibdir.
Oljas Süleymenovun formulunu yüksək qiymətləndirən
Fuad Teyyub oğlu Məmmədov bildirdi ki, qeyri-maddi mədəni
irsin dərki baxımından bu, həm fərqli bir
yanaşmadır, həm də bəşəriyyətin mənəvi
mədəniyyətinə innovativ xarakterli töhfədir.
Yüksək mədəniyyətli insanı Yer
üzünün yenilənə bilən strateji ehtiyatı
adlandıran alim bütün ziyalıları bu insan tipini
formalaşdırmaq naminə öz səylərini birləşdirməyə
çağırdı. Yeri gəlmişkən, Fuad müəllimin
özü də dəqiqliklə ifadə olunmuş iki formulun
müəllifidir: "Dünyanı yüksək mədəniyyətə
malik insanlara xas gözəllik xilas edəcək!" və
"Dünya mədəniyyətin müdafiəsinə
qalxarsa, mədəniyyət də dünyanı xilas edər".
Cəmiyyətimizdə təbliğ yoluyla bu həqiqətlərin
dərkinə çalışan alim həm unikal ensiklopedik
kitablar yazır, həm də qaynar elmi və ictimai fəaliyyətlə
məşğul olur. Bu çoxşahəli fəaliyyət
bir çox xarici ölkədə öz yüksək qiymətini
almışdır.
Yeganə xanım Əliyeva maraqla qarşılanan məruzəsində
bildirdi ki, həm Azərbaycan, həm də Qazaxıstan etnik və
dinlərarası dialoqların mərkəzi kimi
tanınır. Adıçəkilən mövzularla
yanaşı, mədəniyyət üzrə dialoq aparmaqdan
ötrü isə ölkədə həqiqi tolerantlıq
mühiti bərqərar olmalıdır. Alim vurğuladı
ki, dərk olunmuş qarşılıqlı
asılılıq milli şüurun təməlində
dayanır. Yeganə xanım onu da bildirdi ki, Oljas
Süleymenovun gələcəyə aparan yolun formulu
sayılan ideyası ətrafında elmi müzakirələrdən
bu ideyanı real həyatda gerçəkləşdirməyin
vaxtı çoxdan çatıbdır. Bu ideya ilə
planetimizin bütün xalqlarının tanış olması
vacibdir.
Plenar iclasın sonunda yaddaqalan hadisə baş verdi:
İstanbuldan gələn həmkarlarımız Türk Ədəbiyyat
Vəqfinin ən yüksək ödülü sayılan
"Yaşayan Dede Qorqud" medalını Oljas Süleymenova
təqdim etdilər. Maraqlıdır ki, Türk
dünyasında ilk dəfə bu medala 2018-ci ilin martında
bizim məşhur yazıçımız Anar layiq
görülmüşdü. İndi türkdilli ədəbiyyatların
bu iki canlı klassiki sözügedən nüfuzlu
mükafatın sahibidirlər. Anar ilə Oljas isə təkcə
qələm adamı kimi həmkar deyillər, onlar həm də
uzun illərdən bəri dostluq edirlər. Şəxsən mən
onların Bakıda mehribancasına görüşlərinin,
dost süfrəsi arxasında səmimi söhbətlərinin
dəfələrlə şahidi olmuşam. Bu ilin yazında isə
Yazıçılar Birliyinin katibi, tanınmış şair
və tərcüməçi Səlim Babullaoğlu "Az i
ya" kitabının işıq üzü görməsinin
50 illiyi münasibətilə Almatıda keçirilən
yubiley tədbirində iştirak edərkən
"Füzuli" medalının ilk nüsxəsini Oljas Omar
oğluna təqdim eləmişdi ki, bu faktın özü də
yetərincə simvolik bir məna daşıyır!
Konfutsiçilik və dərk olunmuş
qarşılıqlı asılılıqlar
Forumun ilk sessiyası bu cür adlanırdı. Nə
gizlədim, seçilən mövzu əvvəlcə məni
bir qədər təəccübləndirdı: eramızdan
bir neçə əsr əvvəl yaşamış qədim
Çin müdriki və filosofu hara, Oljas Süleymenovun dərk
olunmuş qarşlıqlı asılılıq formulunu
müzakirəyə çıxaran müasir alimlər hara?!
Ancaq ilk sessiyada oxunan məruzələrdən sonra vəziyyət
mənim üçün bir qədər aydınlaşdı.
Yeri gəlmişkən, məruzəçilər arasında
Şandun Pedaqoji Universitetini (Çinin Şandun şəhəri
nəzərdə tutulur) təmsil edən iki alim də var idi.Rusiya
Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutunun direktor müavini, tarix elmləri doktoru Valentin
Qolovaçyovun çıxışı mənə
xüsusi təəssürat bağışladı. Rusiyada və
xarici ölkələrdə tanınan bu çinşünas
alim bildirdi ki, çox vaxt tarix xalqları adətən inzivaya
çəkilən, amma sözün həqiqi mənasında
misilsiz zəka sahiblərinin uzun əsrlər, hətta bəzən
minillər öncədən gördüyü və dilə gətirdiyi
yollara yönəldir. Konfutsi
öldükdən sonra onun tələbələri ustadla
bağlı xatirələrini "Lun-yuy" (sıraya
düzülmüş nitqlər) adlı kitabda toplayıblar.
Həmin kitabda dahi filosof bildirir ki, onun təliminə vahid bir
yanaşma hakimdir və bu, həyatın istənilən məqamına
tətbiq olunmalıdır. Bunun hərfi mənası belədir:
"Mən Vahid olanı ötürürəm ki, zamanla bu, ənənə
halını alsın".
Valentin Qolovaçyov vurğulayır ki, "Lun
yuy"un ümumi kontekstinə baxanda biz Konfutsinin o
"Vahid" adlandırdığı məfhumla əslində
"mənəviyyatın qızıl qaydası"nı kəşf
etdiyinin fərqinə varırıq və o, bu qənaətini
(göründüyü kimi, dünyada ilk dəfə) xeyli sadə
bir şəkildə ifadə edibdir: "Özünə rəva
bilmədiyin şeyi başqalarına da rəva görmə".
Əslində bu qədim fikir öz məğzi etibariylə
"qarşılıqlı asılılığın dərk
olunması"nı bariz şəkildə ifadə etməkdədir!
Vacib məqam da odur ki, bu hikmətli öyüd
"qarşılıqlı asılılıqların dərk
olunması"nın təkcə məğzini yox, ona nail
olmağın yolunu da bizlərə göstərir.
Alimin sözlərinə görə,
"bugünkü gün bəşəriyyətin
özünü intihara sürükləməsi necə dərin
və aşkar bir xarakter daşıyırsa, girdikləri
dalandan, yaxud gözgörəsi məhvdən qurtulmağa can
atan insanlar indi daha çox qədim əyyamların müdrik
təcrübəsindən faydalanmağa məcburdurlar... Bu
yanaşmanı biz bir sıra Avrasiya dövlətləri liderlərinin,
o cümlədən çağdaş Çin rəhbərliyinin
rəsmi ritorikasında da sezə bilərik".
Təəssüflər olsun ki, rusiyalı alimin gəldiyi
qənaətlər çox da nikbin sayılmaz: "Öz məğzi
etibarilə bütün bu qlobal təşəbbüslər də
əslində "dərk olunmuş qarşılıqlı
asılılığın" aşkar ifadəsidir,
çünki onlar insanların dünyasını fiziki, mənəvi
və ya intellektual ölümdən qorumaq məqsədi
güdürlər, onlar yeni "çoxqütblü
sivilizasiya"nı məhz yeni, amma ədalətli və
şüurlu dünya nizamına əsasən qurmaq niyyətindədirlər.
Əsas məsələ də ondadır ki, bəs bu məqsədə
necə çatmalı?
Qeyd etdiyim kimi, Konfutsi "sivilləşmiş mədəniyyət"ə
aparan ən dəqiq yolları və onun
yaradılmasının sirlərini insanlara göstərsə
də, son 2500 il ərzində bəşəriyyət bu
müdrikin ifadə etdiyi prinsipi hələ də gerçəkləşdirə
bilməyibdir. Ümumiyyətlə, bəşəriyyət
buna nail ola biləcəkmi? Bir tarixçi kimi şəxsən
mən bundan əmin deyiləm. Ya da sırf bunu etmək
üçün biz əngin zəkaya malik və kənar
qüvvə sayılan, məsələn, Süni intellektin
(Sİ) köməyindən yararlanmağa məcbur
qalacağıq".
Forumda bu barədə fikir yürüdən digər
natiqlər də bildirdilər ki, sözügedən
böhranların öhdəsindən gəlməkdən
ötrü dünyadakı bütün intellektualların gərgin
səylər göstərməsi tələb olunur. Oljas
Süleymenovun dərk olunmuş qarşılıqlı
bağlar barədə formulu məhz bu məsələdə
onların dadına çatacaqdır. Necə deyərlər,
qulağı olan eşidəcəkdir!
Çokan Valixanovun bilgi mədəniyyəti
Forumun ikinci sessiyası görkəmli qazax alimi və
maarifçisi Şokan Ualixanova (rus transkripsiyasına görə,
o, daha çox Çokan Valixanov kimi tanınmaqdadır) həsr
olunmuşdu. Həmin sessiyada əsasən Mərkəzi
Asiyanı təmsil edən alimlər - Taldıkurqandan gələn
tanınmış çokanşünas Baqdat Akılbekov,
Bişkekdəki Amerika Universitetinin professoru Çolpon
Turdaliyeva, Özbəkistandakı Dünya Dilləri Dövlət
Universitetinin professoru Gulnoz Xalliyeva və başqaları
çıxış etdilər. Bu natiqləri dinləyərkən
öz-özlüyümdə düşündüm ki,
bir-birimiz haqda biz necə də az şey bilirmişik.
Cəmi 30 il ömür sürməsinə rəğmən,
qazax xalqının tarixinə öz adını əbədilik
yazmağı bacaran Şokan Ualixanovun həyat yolu və taleyi
- əslində unudulmayacaq fəlsəfi və mədəni
bir mirasdır. Həm də Şokan Ualixanovun biliklərin və
azadlığın qarşılıqlı əlaqəsi barədə
ideyaları Oljas Süleymenovun fəlsəfi postulatları ilə
birbaşa səsləşir.
Çıxışçılardan birinin "Oljas - XXI əsrin
Çokanıdır" şəklində açıqlaması
da təsadüfi deyildi.
Forumun materialları arasında Oljasın erkən
dövr yaradıcılığına aid olan onun 1965-ci ildə
yazdığı "Mənim Çokanım"
başlıqlı məqalə diqqətimi cəlb elədi.
Uzaq keçmişdə qalan bu dahinin ona nə dərəcədə
əziz olduğunu da məhz onda anladım. Həmin yazıdan
iki abzası burada diqqətinizə çatdırmaq istərdim:
"O, hərtərəfli istedada malik birisiydi.
Tarixçi, coğrafiyaçı, söz adamı, dilçi
və hərbçi istedadlarını öz
varlığında cəmləşdirmişdi. Bənzərinə
az rastlanan dərin cazibəsi ona dəyanətli dostlar
qazanmışdı. Düşdüyü istənilən
mühitdə - bir kasıbın çadırında da,
ağsaqqallar məclisində də, peterburqlu məşhur
şairlərin əhatəsində də, əsgər Fyodor
Dostoyevskinin qaldığı darısqal otaqda da, hətta
Sankt-Peterburqun Qış sarayında da öz misilsiz insan ləyaqətini
qoruyan bu insan qarşı tərəflə bərabərhüquqlu
davranırdı, yekəxanalıq qədər
alçalmağı da özünə əsla rəva
bilmirdi. Adətən belə insanlar barədə deyirlər
ki, o, öz istedadının heç onca faizini də
gerçəkləşdirmədən bizləri tərk etdi.
Dahilər isə ömürlərini sonuncu anına qədər
öz xalqlarına qurban verməyi uyğun görürlər.
Təəssüf ki, belələrinə bəxş olunan
ömür də son dərəcə qısa olur...
O da vur-tut 30 il yaşayıb (1835-1865). Amma həyatı
qazax xalqının tarixində ayrıca bir mərhələ
sayılır, çünki bütün həyatı simvolik
bir məzmuna bürünübdür. Ömrü ümmandan
bir damla olsa belə, həmin o damlaya ümmanın
bütün məğzi sığıbdır. Öz
oğullarına xeyir-dua verən analar vaxtilə deyirmişlər:
"Kaş Tanrı sənə onun ağlını və
gözəlliyini bəxş eləsin, amma onun aqibətini əsla
yaşamayasan". Biz də Çokana müraciətlə
deyirik: "Sənin həyatını bu gün biz davam
etdiririk, buna görə ölümün də artıq
keçmişdə qalıbdır!"
Forumda yekun qətnaməni qəbul edən
iştirakçılar 2026-2035-ci illər dövrünün
"Şokan Ualixanov onilliyi" elan olunması və onun
keçirilməsi ilə bağlı ayrıca proqram
hazırlanması, o cümlədən Almatı şəhərinin
tarixi mərkəzində Ş.Ualixanovun memorial kompleksinin
tikilməsi barədə ideyaların dəstəklənməsi
təklifləriylə Qazaxıstan hökumətinə
müraciət etdilər. İnanıram ki, nüfuzlu alimlərin
bu təklifləri cavabsız qalmayacaqdır.
Gələcəyə aparan yol barədə Oljas
Süleymenovun formulu
Üçüncü sessiyada digər natiqlərlə
yanaşı, bu sətirlərin müəllifi də
çıxış elədi. Məruzəm belə
adlanırdı: "Xalqlar və mədəniyyətlər
arasında (keçmişdən gələcəyə)
qarşılıqlı asılılıqların dərkinə
münbit zəmin yaradan bir amil kimi ədəbi əlaqlərin
dirçəldilməsi".
Sovet dövründəki ədəbiyyat və mədəniyyət
sahəsindəki qarşılıqlı əlaqələrin
durumundan, 1990-2000-ci illərdə mədəni sahədəki
qırılmalar söz açdıqdan sonra mən son onillikdə
bu sahədə yaranan vəziyyətdən bəhs elədim:
"Sözügedən dövrdə uzaq və
yaxın xarici ölkələrdə yaşayan qələm
sahibləri ilə əlaqələr yeni təkan qazandı.
Buna ilk növbədə, mədəniyyət sahəsində
fəaliyyət göstərən ictimai təşkilatlar,
ayrı-ayrı sponsorlar və təşəbbüskar şəxslər
şərait yaradırlar. Bir dövlət qurumu kimi ədəbi
jurnalların nəşrini, beynəlxalq miqyaslı kitab sərgilərinin
keçirilməsini, milli kitabxanalar arasında kitab mübadiləsinin,
habelə xarici ölkələrdə Mədəniyyət və
incəsənət günlərinin təşkilini maliyyələşdirən
Azərbaycan Mədəniyyət Nazirliyinin əhəmiyyətli
rolu da, təbii ki, danılmazdır.
Azərbaycan Yazıçılar Birliyi nəzdində
də həm "Dünya ədəbiyyatı" jurnalı
dərc olunur, həm də Bədii Tərcümə və
Ədəbi Əlaqələr Mərkəzi fəaliyyət
göstərir. Ötən 2024-cü il Azərbaycan-Qazaxıstan
ədəbi əlaqələrinin sistemli inkişafında
xüsusi bir il sayıla bilər. Azərbaycan
Yazıçılar Birliyi ilə "Mereken Baspalar Evi"
arasında imzalanan memoranduma əsasən, qarşıdakı
5 il ərzində azərbaycanlı yazarların
kitablarının qazax dilində nəşri nəzərdə
tutulubdur. Bundan əlavə, Qazaxıstan YB-nin təşəbbüsü
ilə "Tan Şolpan" jurnalı 2024-cü ili Azərbaycan
ədəbiyyatı ili" elan edibdir və bu mətbu
orqanın ötən il boyu işıq üzü görən
6 sayında Azərbaycan ədəbiyyatından nümunələrə
yer verilibdir.
Yuxarıda sadalanan və bir sıra başqa layihələrin
təşəbbüsçüsü və koordinatoru qismində
Azərbaycan tərəfindən Azərbaycan
Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu,
Qazaxıstan tərəfindən isə bu ölkənin
Yazıçılar İttifaqının məsul əməkdaşı
Didar Kulkenov çıxış edib.
Azərbaycan Yazıçılar Birliyinin sədri
Anarın mövqeyinə görə, "bədii söz
adamlarının bugünkü gün ən başlıca vəzifəsi
- oxucuları təkrar Kitaba və Sözə
qovuşdurmaqdır. Türk dünyasına gəldikdə isə,
ən vacib vəzifələr sırasına tərcümə
yoluyla bir-birimizi daha çox təbliğ eləmək, daha
sıx ünsiyyət qurmaq daxildir, çünki məhz tərcümə
və ünsiyyət sayəsində mədəniyyətlərimiz
bir-biriylə həm yaxınlaşa, həm də qaynaşa
bilərlər".
İndi bizim Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı (TÜRKSOY) və Türk Mədəniyyəti
və İrsi Fondu kimi bütün türk xalqlarını
birləşdirən, mədəniyyətlərimizin daha da
yaxınlaşması yönündə sanballı işlər
görən təqdirəlayiq təşkilatlarımız var.
Daha bir əlamətdar hal isə odur ki, Azərbaycanı təmsil
edən Günay Əfəndiyeva adıçəkilən
Fondun ilk sədri seçilib və illər uzunu quruma rəhbərlik
edib. Bu gün isə həmin nüfuzlu təşkilatın sədri
Qazaxıstanın təmsilçisi, professor Aktotı
Raimkulovadır.
Başqa sözlə desək, yetmiş il boyu ideoloji
diktatın təzyiqindən, bəzən məcburiyyətdən,
bəzən isə könülsüz asılılıqdan və
"yuxarıların" göstərişinə əsasən
yanaşmalardan, bunun ardınca müstəqillik dövründəki
otuz il boyu mədəni sahədə əlaqələrin
yoxluğundan sonra biz qarşılıqı əlaqələrimizdə
artıq şüurlu bir mərhələyə qədəm
qoymuşuq. Bu mərhələ isə humanitar və mədəniyyətlərarası
dialoq, multikultural dəyərlər, sosial-mədəni inteqrasiya
əsasında ədalətli və sülhsevər birliklərin
qurulmasında son dərəcə önəmli bir amilə
çevrilibdir.
Oljas Süleymenovun təklif etdiyi və bəşəriyyəti
gələcəyə aparan yol formulunun təməlindəki
dahiyanə məğz də elə bundan ibarətdir.
lll
Forumun yekun qətnaməsinin sonluğunda deyilirdi ki,
"tədbir iştirakçıları 2026-cı il
mayın 18-də dahi şair və dərk olunmuş
qarşılıqlı asılılıqlar fəlsəfəsinin
banisi Oljas Süleymenovun 90 illik yubileyinə hazırlıqla əlaqədar
dünyanın bu məsələyə maraq duyan bütün
elm və mədəniyyət qurumlarının
iştirakını vacib sayır, həmçinin onları
şairin Nobel sülh mükafatına namizədliyinin irəli
sürülməsi üzrə beynəlxalq təşkilat
komitəsinin yaradılmasında və bu qurumun fəaliyyətinin
təşkilinə yardım göstərməyə
çağırırlar". Yaşıllar partiyası
"Baytar"ın bu təşəbbüsü bizim
hamımızda dərin məmnunluq hissi oyatdı,
çünki XX yüzilin 90-cı illərindən bəri
Oljas Süleymenovun adı nüvə təhlükəsinə
qarşı müqavimətin bariz simvoluna çevrilmişdi.
Nüvə silahı əleyhdarı sayılan
"Nevada - Semipalatinsk" hərəkatında onun misilsiz səyləri
hələ də çoxlarının xatirindədir. Məhz
bu hərəkatın təzyiqləri ucbatından SSRİ
hökuməti 1989-cu ildə Semipalatinsk poliqonunda keçirilən
nüvə sınaqlarını dayandırmağa məcbur
qalmışdı. 1991-ci ildə isə Nazarbayev artıq fəaliyyətsiz
qalan həmin poliqonun tamamən bağlanması barədə fərman
imzalayacaqdı. Təəssüf
ki, hazırkı dövrdə nüvə silahının tətbiqi
yenidən reallığa çevrilibdir. Bu səbəbdən
də müdrik ağsaqqal, planet səviyyəli bir insan və
Azərbaycan xalqının böyük dostu Oljas Omar oğlu
Süleymenovun çağırışı daha da
gurlaşmaqla, dünyanın bütün xalqlarını bu bəlaya
qarşı dirənişə səsləyir.
Redaksiyadan: Öz tərəfimizdən vurğulamaq istərdik
ki, Xalq yazıçısı Elmira Axundova O.Süleymenovun
Nobel sülh mükafatına namizədliyinin irəli
sürülməsi üzrə təşkilat komitəsinin
üzvü seçilib. Forum öz işini
yekunlaşdırandan sonra ona "Avrasiya" Mədəniyyət
Fondunun təsis etdiyi "Oljas Süleymenov" medalı təqdim
olunub. Hazırda bu tanınmış soydaşımız həmin
medaldan əlavə, qardaş Qazaxıstanın
"Dostıq" ordeninə və publisistika sahəsində
göstərdiyi xidmətlərə görə Qazaxıstan
Respublikası Jurnalistika Akademiyasının Oljas Süleymenov
adına Beynəlxalq mükafatına layiq görülüb.
Bu mükafatlar münasibətiylə Elmira xanımı təbrik
edir, Azərbaycan və Qazaxıstan xalqlarını daha da
yaxınlaşdırmaq yolunda ona yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq!
Tərcümə etdi: Azad YAŞAR
Elmira AXUNDOVA
Xalq yazıçısı
525-ci qəzet .- 2025.- 30 dekabr(¹239).-S.10-11.