Xalq
yazıçısı Anara “Azərbaycan milli mətbuatının
150 illiyi” yubiley medalı təqdim olundu
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı
ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının
150 illiyi (1875-2025)” yubiley medalı ilə Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar da təltif olunub. Yubiley medalı
bu gün Xalq yazıçısına təqdim edilib.
Anarın uzun müddət ərzində, ədəbiyyat
və mədəniyyət sahəsində olduğu kimi, Azərbaycan
milli mətbuatının da öyrənilməsi, təbliği
və yaşadılması istiqamətində göstərdiyi
ardıcıl, fədakar fəaliyyət diqqətə
alındıqda bu təltif tamamilə ədalətli və
layiqlidir.
Xalq yazıçısı zaman-zaman publisistik
yazılarında və elmi-publisistik məqalələrində
milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin
irsinə xüsusi yer ayırıb, “Əkinçi” qəzetinin
Azərbaycan cəmiyyətində maarifçilik
ideyalarının yayılmasında oynadığı tarixi
rolu dəfələrlə diqqətə çatdırıb.
Anar müəllim eyni zamanda Cəlil Məmmədquluzadənin
yaradıcılığını və onun rəhbərlik
etdiyi “Molla Nəsrəddin” jurnalını milli mətbuat
tariximizin zirvə mərhələlərindən biri kimi dəyərləndirib.
Onun yazılarında “Molla Nəsrəddin” təkcə satirik
jurnal deyil, ictimai şüurun oyanmasına, milli kimliyin
formalaşmasına və cəmiyyətin problemlərinə cəsarətlə
toxunan güclü bir tribuna kimi təqdim olunur. Anar bu mətbuat
məktəbinin Azərbaycan jurnalistikasında azad fikir, tənqidi
baxış və milli mövqenin formalaşmasında həlledici
rol oynadığını vurğulayıb.
Xalq yazıçısı hələ ötən əsrin
70-ci illərində rəhbərlik etdiyi “Qobustan” dərgisi ilə
bu zəngin mətbuat ənənələrinin müasir
dövrdə davamına nail olub. “Qobustan” dərgisi Anarın
redaktorluğu dövründə milli ruhun, tarixi
yaddaşın və bədii-publisistik düşüncənin
qorunub saxlanıldığı mühüm mətbuat
orqanına çevrilib. Bu dərgi o dövrdə neçə-neçə
gənc publisistin və jurnalistin üzə çıxıb
yetişməsində müstəsna rol oynayıb.
Xalq yazıçısı Anarı “Azərbaycan milli
mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif
olunması, eləcə də qarşıdan gələn Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və
Yeni il münasibətilə ürəkdən təbrik edir,
ona möhkəm sağlamlıq və yeni
yaradıcılıq uğurları arzulayırıq.
525-ci qəzet .- 2025.- 30 dekabr(¹239).-S.9.