Ən asan iş indi danışmaq olub,
Hardan biləsən ki, nədə düz deyir.
Baxırsan, qaməti yerdən çıxmayıb,
Amma ki özündən yekə söz deyir.
Dərdimi sənə yox, bəs kimə deyim,
Ağappaq kağızdan bir namə deyim,
Asıb telli sazı sinəmə, deyim,
Gördüm məndən qabaq telli saz deyir.
Hərə əməlindən qanpulu
çıxır,
Stolun üstünə gombulu çıxır.
Hardasa bir küncdən bambılı
çıxır,
Mənə "Ağır otur, batman gəz", -
deyir.
Bulaqdan ayrılan bir damcı suyam,
Mən gərək dənizi anlayam, duyam.
Harda gözəllik var, ağ ovçusuyam,
Bunu da üzümə gözəl qız deyir.
Sözün ağırını dartan adamam,
Aybayay, günbəgün artan adamam.
Dərd, adam içində dərdnən adamam.
Dərdim nə deyirsə, mənə az deyir.
Çağırılan yerə gələ bilərəm,
Orda ağlamaq yox, gülə bilərəm,
Mən axı insanam, ölə bilərəm,
Mələklər: "Tələsmə, hələ
döz", - deyir.
lll
İndiki sevginə ehtiyacım var,
İstəsən qına sən sonra da məni.
Əlimyandıdayam təmiz sevgiyə,
Sən sevsən, sevəcək Tanrı da məni.
Rəhm eləyib dilə mənə amanı,
Qovum üfüqlərdən çəni-dumanı.
Sevgim sevindirsin göyü, səmanı,
Sən sevsən, sevəcək Tanrı da məni.
Tanrı kömək durar hər anımızda,
İlahi nur vardır inamımızda.
Göylərdən gələcək ənamımız
da,
Sən sevsən, sevəcək Tanrı da məni.
lll
Könlündə bir məkan qurdum bu eşqlə,
Artıq bundan sonra mənlik deyildir.
İndi o məkanda özün yuva sal,
Onu mən tikmişəm gör neçə ildir.
Bir vaxt toxtamışdım, bir ara dedim,
Yarımçıq saxlayım bəlkə bu evi?
Köksü yaralıtək bir vəhy dinlədim,
Hələ dayanmayım, qoy hələ sevim.
Eşqimin zühuru möcüzə kimi
Dəmir, daş qəlbləri mumtək əridir.
Göylə əlləşməyim, yerlə
döyüşüm,
Gülüm, bütün bunlar sənə görədir.
Günəş lazım deyil, eşq alovlansın,
Onu öz nurumla yandırıram mən.
Baxsan, eşqin özün lərzəyə salıb,
O an qürurunu sındırıram mən.
Mən nələr etmirəm, nələr edirəm,
Bir şirinlik qatım bu acı eşqə.
Daha bundan sonra deməyəsən ki,
Sən bir başqasısan, mən də bir başqa.
lll
Ürəyim çırpınür "yar" deyə-deyə,
Ürək nə deyirsə, yara yazıram.
Səni düşünəndə çox zaman,
gülüm,
Qəlbimin səsinə qulaq asıram.
Sevgi okeandır, ucsuz-bucaqsız,
Onun dalğaları ömrə
yığışır.
Eşqin sərhədləri hüdudsuzdursa,
Bəs nədən bir kiçik qəlbə
sığışır?
Bizi bağlayan çox, tellər yoxsa da,
Sənə ürəyimlə bağlanmışam mən.
Vətən fədaisi cənnətə gedər,
Eşqin fədaisi dönər dinindən.
Ləpəli dənizdir ürəyim yəqin,
Çaytək ürəyimə axmısan mənim.
Bilmirəm, dünyaya insan tək gəldin,
Yoxsa ürəyimdən çıxmısan mənim?!
lll
Sənə yaxınlaşmaq arzumdur mənim,
İndi arzularım dizim üstədi.
Hər gün ürəyimdə dediyim sözü
Bircə yol özünə demək istədim.
Çalışdın qaçasan məndən
uzağa,
Deyəsən bir az da qıvraqlaşmısan.
Nə vaxt yaxınlaşdım sənə bir
addım,
Gördüm iki addım uzaqlaşmısan.
Qaçaqaç oyunu başlayıb, gülüm,
Uduzdun deyəcəm, yarım, incimə.
Sən məni taleyin küncünə qısıb,
Mən səni qovuram yerin küncünə.
Sən məndən qaçırsan, mən də gəlirəm,
Heç vaxt deməyəcəm: durun, dayanın!
Yer də nəhayətsiz deyildir axı,
Yəqin sonu vardır hər bir oyunun.
Lap çatdın dünyanın son küncünə
sən,
Baxıb dayanarsan, hər tərəf sudur.
Sənə çatmaq lazım son məqamda da,
Çatıb deyəcəyəm, bax, sözüm
budur.
Bir az gerçəkliklə barışsan əgər,
Onda düşünərdin yol azmamısan.
Sən məni taleyin küncünə qısma,
Mənim taleyimi sən yazmamısan.
Əgər qismətimdə varsansa, yəqin,
Mənim olacaqsan, ölüm gəlməsə.
Sən ki taleyimdən qaça bilməzsən,
Mənə yaxın belə, gülüm, gəlməsən.
Bu yer bizimkidir, getdiyin yerə,
Mənim də getməyə haqqım var - deyim.
Demirəm, sən məndən niyə
qaçırsan,
Dedim, taleyimdən qaçma, sevdiyim.
Rafiq ƏLƏKBƏR
525-ci qəzet .- 2025.- 31 dekabr(¹240).-S.15.