"Rəqəmsal məktəb"
platforması təhsildə şəffaflığı
artırmağa xidmət edir
Bakıdakı ümumi təhsil müəssisələrində
elektron jurnal tətbiq olunması ilə bağlı
bütün proseslər yalnız "Rəqəmsal məktəb"
platforması üzərindən aparılır. Yeni platformada
şagirdlər dərslərini və cədvəllərini
izləyə, valideynlər övladlarının qiymətləri
ilə maraqlana, direktorlar isə şagirdlərin şəxsi
işlərini idarə edə bilirlər. Müəllimlər
isə elektron jurnalda qiymətləri qeyd edə bilirlər.
Beləliklə də, artıq elektron jurnallar ənənəvi
jurnalları əvəz edir. Bu yenilik müəllimlər və
valideynlərlə effektiv kommunikasiya, eləcə də
valideynlərin övladlarının təhsilinə hərtərəfli
nəzarət etməsinə imkan yaradır.
Məktəbəqədər və Ümumi Təhsil
üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin
müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə
Hüseynovanın sözlərinə görə, ümumi təhsil
müəssisələrində tətbiq olunan "Rəqəmsal
məktəb" platforması və elektron jurnallar təhsilalan
və təhsilverənlər üçün yeni imkanlar
yaradır. Onun sözlərinə görə, bu platforma təhsildə
şəffaflığı artırmaq məqsədinə xidmət
edir: "Təhsil sahəsində aparılan islahatların əsas
istiqamətlərindən biri kimi təhsil müəssisələrinin
fəaliyyətində səmərəliliyin
artırılmasına xidmət edən rəqəmsallaşmanı
göstərə bilərik. Rəqəmsal texnologiyalar tədris
prosesinin daha çevik, şəffaf və effektiv təşkilinə
imkan yaradır, məlumatların operativ idarə edilməsini
təmin edir və təhsilin bütün
iştirakçıları arasında kommunikasiyanı
gücləndirir. Bu baxımdan paytaxtın ümumi təhsil
müəssisələrində uğurla tətbiq olunan "Rəqəmsal
məktəb" platforması müvafiq transformasiyanın ən
bariz nümunəsidir. Məqsəd müasir təlim
texnologiyalarının tədris prosesinə
inteqrasiyasının təmin olunması, interaktivlik və əlçatanlığı
təmin etməkdir. Həmçinin bu platforma təhsil
sistemində müasir texnologiyaların tətbiqi ilə
yanaşı, tədris və idarəetmə proseslərini təkmilləşdirmək,
təhsildə şəffaflığı artırmaq məqsədlərinə
xidmət edir".
Nərmin Hüseynova qeyd edib ki, hazırda Bakı
şəhəri üzrə bütün məktəb rəhbərləri
və pedaqoji heyət "Rəqəmsal məktəb"
platformasında qeydiyyatdan keçib: "Məlum olduğu
kimi, "Rəqəmsal məktəb" platforması ilkin mərhələdə
Bakı şəhərindəki ümumi təhsil müəssisələrində
tətbiq edilməyə başlandı. Bu da təsadüfi
deyil, çünki ölkə təhsilinin flaqmanı
sayılan paytaxt təhsilinin müəllim, şagird
kontingentinin say baxımından çoxluğu sistemin sınaq
mərhələsinin daha səmərəli şəkildə
həyata keçirilməsinə şərait yaradır.
Bütün bu amillər, həmçinin əldə olunan təcrübə
və müsbət nəticələr layihənin ölkənin
digər şəhər və rayonlarında tətbiqi
üçün etibarlı baza formalaşdırır.
Platformada "Şagird", "Valideyn", "Müəllim"
və "Məktəb rəhbəri" üçün fərdi
kabinetlər mövcuddur ki, bu da təhsil prosesinin
iştirakçısı olan bütün tərəflərin
ondan rahat istifadəsinə imkan yaradır. Paytaxt üzrə
bütün məktəb rəhbərləri və pedaqoji heyət
sistemdə qeydiyyatdan keçib, valideynlərin qeydiyyatı isə
70 faiz səviyyəsindədir. Nəzərə alsaq ki,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
tabeliyində 350-dən artıq ümumi təhsil müəssisəsi
fəaliyyət göstərir və məktəblərdə
530 000-ə yaxın şagirdin
təlim-tərbiyəsi ilə 31 065 müəllim məşğul
olur, bu halda sistemin miqyasının
böyüklüyünü təsəvvür etmək o qədər
də çətin deyil".
Direktor müavininin dediyinə görə, elektron
jurnalların tətbiqi müəllimlərin iş
yükünü azaltmaqla bərabər, həm də
kağız sənəd dövriyyəsini minimuma endirib:
"Platforma dərs cədvəllərinin elektron formada
hazırlanması, dərs mövzularının və qiymətləndirmənin
sistem üzərindən paylaşılması, davamiyyətin
operativ aparılması kimi üstünlüklər təqdim
edir. Həmçinin təhsil müəssisələrinin
direktorları elektron sistem üzərindən rəhbərlik
etdikləri müəssisələrdə çalışan
müəllimlərin hesabatlılığını izləyə
bilirlər. Direktor və təhsili idarəetmə qurumları
platforma vasitəsilə dərsdə iştirak etməyən
şagirdlərin davamiyyət göstəricilərinə real
vaxt rejimində nəzarət edə bilirlər ki, bu mexanizm də
davamiyyətin şəffaflığını təmin etməklə
yanaşı, tədrisdən yayınan və davamiyyət
göstəriciləri aşağı olan şagirdlərin
operativ şəkildə müəyyən edilməsinə
imkan yaradır. Şagirdlərə gəlincə, onlar öz
qiymətlərini, davamiyyətlərini, ev
tapşırıqlarını və dərs materiallarını
platforma üzərindən istənilən vaxt izləyə
bilirlər. Bu da onların məsuliyyət hissini
artırır, tədrisə marağı gücləndirir.
Bakıdakı ümumi təhsil müəssisələrində
elektron jurnalların tətbiqinin "Rəqəmsal məktəb"
platforması üzərindən aparılması sayəsində
artıq ənənəvi kağız jurnallardan istifadə
olunmur. Hazırda sinif jurnalları elektron sistem vasitəsilə
daha sürətli və operativ qaydada işlənilir. Müəllimlər
əvvəllər kağız jurnalları doldurmaq, qeydləri
yeniləməyə vaxt sərf edirdilərsə, indi bu proses
elektron jurnal vasitəsilə vaxt itkisi olmadan daha çevik
şəkildə həyata keçirilir. Üstəlik,
bütün qeydlər sistemli və şəffaf şəkildə
saxlanıldığı üçün müəllim
öz işini daha asan təqdim edə bilir. Hazırda
paytaxtın 353 məktəbində elektron jurnal tətbiq
olunur.
Xüsusilə qeyd etmək istərdim ki, elektron
jurnalların tətbiqi ilə bağlı məktəblərin
rəhbər heyəti və bu platformaya məsul şəxslər
dərs ili başlamamışdan öncə təlimlərə
cəlb olunublar. Yeni sistemin səmərəli və
düzgün istifadəsini təmin etmək məqsədilə
keçirilən təlimlərdə iştirakçılar
platformanın funksiyalarını öyrənib, məlumatların
idarə olunması və təhlükəsizliyi, müəllimlər
və valideynlərlə effektiv kommunikasiya üsulları barədə
biliklər əldə ediblər. Hazırda da müraciətlər
əsasında əlavə təlimlərin təşkili həyata
keçirilir".
N.Hüseynova həmçinin bildirib ki, elektron
jurnalın tətbiqi müəllimlərlə yanaşı,
valideynlərə də böyük imkanlar verir, onların tədris
prosesinə birbaşa nəzarət etməsinə şərait
yaradır: "Belə ki, valideynlər övladlarının
tədris nəticələrini elektron jurnal vasitəsilə
öyrənmə imkanı əldə edirlər. Bu sistem vasitəsilə
onlar övladlarının dərsə davamiyyəti,
aldığı qiymətlər, müəllimin qeydləri ilə
asanlıqla tanış ola bilirlər. Ənənəvi
gündəlik və ya kağız jurnallardan fərqli olaraq məlumatlar
daha operativ, dəqiq və şəffaf şəkildə təqdim
olunur. Valideynlər yalnız valideyn iclasları zamanı deyil,
istənilən vaxt tədris prosesi ilə bağlı məlumat
əldə edə, zərurət yarandıqda direktorla daha tez əlaqə
qura bilirlər. Bu isə qarşılıqlı etimadı
gücləndirir, anlaşılmazlıqların
qarşısını alır və uşaqların
inkişafı baxımından məktəb-ailə əməkdaşlığını
daha səmərəli edir. Nəticədə valideynlər
passiv izləyici deyil, təhsil prosesinin fəal
iştirakçısına çevrilirlər:
"Reallıqdır ki, təhsil artıq sadəcə sinif
otaqları ilə məhdudlaşmır. O, rəqəmsal
mühitə doğru çox sürətlə irəliləyir.
Bugünkü məktəb artıq əvvəlki məktəb
deyil. Yenilənən idarəetmə üsulları, texnoloji
imkanlar və açıq informasiya mühiti təhsili yeni mərhələyə
daşıyır. Tətbiq olunan rəqəmsallaşma idarəetmədən
qiymətləndirməyədək bütün prosesləri əhatə
edərək təhsilin təşkilində yeni bir mərhələ
formalaşdırır, məktəblərimiz
addım-addım daha müasir mühitə doğru irəliləyir.
Texnologiyanın təhsillə inteqrasiyası təkcə
işi asanlaşdırmır, həm də şagirdlərin gələcəyə
daha hazırlıqlı yetişməsinə şərait
yaradır. Bu dəyişikliklər yalnız məktəbdaxili
proseslərə deyil, bütövlükdə cəmiyyətin
təhsilə baxışına da təsir göstərir.
Daha açıq, əlçatan, məsuliyyətli və
şəffaf hesabatlı təhsil mühiti formalaşır.
İnanırıq ki, bu dəyişikliklər zamanla daha
müsbət nəticələr verəcək".
Elm və Təhsil Nazirliyi yanında İctimai
Şuranın katibi Günay Əkbərovanın sözlərinə
görə, məktəblərdə kağız jurnaldan
elektron jurnalla keçid son illər tətbiq edilən ən
mühüm yeniliklərdən biridir: "Elektron jurnala
keçid doğrudan da çox zəruri idi. Bu, müəllimlərin
işini çox asanlaşdırıb. İllərdir ki,
müəllimlərin vaxtının çoxu kağız
jurnalları doldurmağa gedirdi. Dünənə kimi müəllimlər
saatlarla kağız jurnalları doldurmaq, səhvləri
düzəltmək və qeydləri yeniləməyə
çox vaxt sərf edirdilər. İndi isə müəllimlərin
işi yüngülləşib. Elektron jurnal vasitəsilə
bu işlər daha sürətli və operativ şəkildə
həyata keçirilir. Üstəlik, bütün qeydlər
sistemli və şəffaf şəkildə
saxlanıldığı üçün müəllim həm
öz işini daha asan təqdim edə bilir. Üstəlik,
müəllimlər kağız
daşıyıcıların daşınması, qorunub
saxlanılması kimi yüklərdən də
azaddırlar".
Günay Əkbərova deyir ki, elektron jurnalın tətbiqi
müəllimlərlə yanaşı, valideynlər
üçün də böyük üstünlüklər təşkil
edir, onların tədris prosesinə birbaşa nəzarət
etməsinə imkan yaradır. Belə ki, valideynlər
övladlarının qiymətlərini və nəticələrini
elektron jurnal vasitəsilə real öyrənmə imkanı əldə
edirlər. Hətta işləyən valideynlər də
işdə olan zaman da telefon və ya kompüter vasitəsilə
övladının təhsil göstəriciləri barədə
məlumat əldə edə bilirlər. Bu da valideynlərin
övladlarının təhsil göstəriciləri barədə
vaxtında məlumat əldə etmək imkanı yaradır:
"Qeyd edim ki, elektron jurnal vasitəsilə davamiyyət və
nəticələr üzrə statistik məlumatların
toplanması daha asan olacaq. Bununla da hansı məktəbdə
və ya hansı fəndə çətinliklərin
olduğunu aşkarlamaq daha rahat olacaq. Nəticədə bu, qərarvermə
prosesini daha da sürətləndirəcək və təhsilin
idarə olunmasını daha çevik və operativ edəcək.
Şəffaflıq həm də təhsildə qeyri-şəffaf
halların qarşısını almaqda mühüm rol
oynayır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 31 dekabr(№240).-S.13.