Dilin və bədii sözün fədakar
tədqiqatçısı
PROFESSOR AKİF İMANLININ FƏALİYYƏT YOLU
VƏ YENİ KİTABI HAQQINDA QEYDLƏR
Azərbaycanda yaranması Xətib Təbrizinin (XI əsr)
adı ilə bağlı olan filologiya həm dil, həm ədəbiyyat
mütəxəssislərini ehtiva edən elmi
anlayışdır. Azərbaycanda ayrı-ayrılıqda
peşəkar dilçi və ədəbiyyatşünaslar
olduğu kimi, hər ikisini özünəməxsus tədqiqatçılıq
keyfiyyətləri və səriştəsi ilə birləşdirmiş
alimlərimiz də az olmayıb. Belə alimlərimizdən
biri də filologiya elmləri doktoru, professor Akif
İmanlıdır. Akif müəllimin dilçilik və ədəbiyyatşünaslıq
əsərləri, habelə bu iki elmin qovşağında
yazılmış məqalələri, kitabları bizim
filoloji fikrimizdə diqqətəlayiq nümunələrdir.
Onun sonuncu kitablarından biri - "Bədii, elmi-publisistik mətnlərdə
obraz, şəxs, məkan adlarının semantikası və
üslubi xüsusiyyətləri (Məqalələr. Bakı,
"Şirvannəşr", 2024, 96 səh.) AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının
16 yanvar 2024-cü il tarixli qərarı ilə (protokol №01)
çapa tövsiyə edilib. Elmi redaktoru akademik İsa Həbibbəyli,
rəyçilər professor Tahirə Məmməd, dosent
Elşad Abışovdur.
Müəllif kitabda görkəmli yazıçı
və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin nəsri və
tanınmış ədəbiyyatşünas, tənqidçi
Rasim Nəbioğlunun məqalələri əsasında surət-şəxs
və məkan adlarının semantikasına diqqət yetirib, ətraflı
araşdırmalar apararaq onların üslubi xüsusiyyətlərini
izah edib. Eyni zamanda, kitaba professor Akif İmanlının 75
illik yubileyi ilə bağlı məqalələr də əlavə
olunub: "Yaradıcılıq və maarifçiliyin vəhdəti
- professor Akif İmanlı" (T.Məmməd);
"Ömrün müdrik çağı" (A.Dadaşzadə);
"Dağ havasıyla pərvazlanan alim ömrü"
(İ.Yusifoğlu).
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
(DPİ) Naxçıvan filialının Azərbaycan dili və
ədəbiyyat ixtisası üzrə məzunu olan Akif müəllimin
bioqrafiyası ilə tanışlıqdan öyrənirik ki,
onun əmək fəaliyyəti və pedaqoq, dilçi, ədəbiyyatşünas,
yazıçı, publisist kimi çoxşaxəli
yaradıcılığı1971-ci ildə Şərur
rayonunun Şəhriyar kənd məktəbində
başlayıb. 1977-ci ildən Naxçıvan DPİ-də,
daha sonralar Naxçıvan Müəllimlər İnstitutunda
müəllim və prorektor kimi elmi-pedaqoji fəaliyyətlə
məşğul olub. 1988-ci ildə pedaqogika üzrə fəlsəfə,
2010-cu ildə isə filologiya elmləri doktorluğu
dissertasiyalarını müdafiə edib. Hazırda Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda baş elmi
işçidir, professordur, Naxçıvan MR Əməkdar
müəllimidir. O, "Qabaqcıl təhsil
işçisi" döş nişanı ilə təltif
olunub. Azərbaycan Yazıçılar və Jurnalistlər
Birliyinin üzvü, 25 kitabın, 200-dən yuxarı elmi məqalənin
müəllifidir.
Akademik, AMEA-nın prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun baş direktoru İsa Həbibbəyli
Akif müəllim haqqında ürək sözlərini belə
ifadə edir: "60 ilə yaxındır ki, Akif İmanlı
ilə dostluq edirəm. Mən professor Akif İmanlını
etibarlı dost, əsl pedaqoq, dilçi-alim, Mirzə Cəlil
ruhlu yazıçı kimi tanıyıram. O, mənə həmişə
əziz və doğmadır".
Akademik, AMEA-nın Naxçıvan bölməsinin sədri
İsmayıl Hacıyev isə bildirir: "Akif İmanlı
ilə uzun illər eyni ali məktəbdə müəllim
işlədiyim kimi, eyni binada da qonşu
yaşamışıq. Onda olan sadəlik qəlbimdə həmişə
qürur hissi doğurubdur".
Sözügedən kitabda Ə.Haqverdiyevin
yaradıcılığına iki məqalə həsr edilib:
1. "Bədii əsərlərdə surət və məkan
adlarının semantikası (Haqverdiyevin "Ata və
oğul" hekayəsi nümunəsində)..." 2.
"Ə.Haqverdiyevin hekayələrində surət
adlarının (antroponimlərin) semantikası və üslubi
xüsusiyyətləri".
Azərbaycan bədii nəsrinin inkişafında
misilsiz xidmətləri olan Ə.Haqverdiyevin hekayələri
onomastik vahidlərlə, xüsusən antroponimlərlə
çox zəngindir. Tədqiqatçı Haqverdiyevin əsərlərindəki
real və müəllif yaradıcılığının məhsulu
olan adların, antroponim və oykonimlərin semantik
funksiyasını araşdırmaqla, öyrənməklə bərabər,
yazıçının obraz və məkanları
adlandırarkən nümayiş etdirdiyi fərdi üslubu,
müəllif mövqeyini də üzə
çıxarır. Görkəmli ədibin adlara onu
daşıyan obrazların peşələrini əlavə etməsi,
ayamalardan istifadə, yer adlarının bir qisminin real, bir
qisminin isə uydurma şəkildə verilməsi problemlərinə
diqqəti cəlb edir.
Bədii ədəbiyyatın ötürdüyü
informasiyada surət və məkan adlarının xüsusi
funksional rolu var. Bu mənada Ə.Haqverdiyevin hekayələrindəki
surət və məkan adları diqqəti cəlb edir. Müəllif
yazır: "İstedadlı yazıçı kimi
Ə.Haqverdiyev də əsərlərinə gətirdiyi həyat
hadisələrini müşahidə bacarığı sayəsində
öyrənmiş, öz dünyagörüşünə
uyğun şəkildə bədii üslubun gücü ilə
əks etdirmişdir. Ədibin "Ata və oğul" hekayəsinin
birinci hissəsinin əsas ideyası belədir: insanın
taleyi onun öz əməlləri sayəsində müəyyən
olunur və müəllifin oxucularına təlqin etdiyi bu fikir
Hacı Xəlilin timsalında reallaşır".
Şəxs - sürət adları sözlərlə
ifadə olunduğu üçün A.İmanlı onların
morfoloji quruluş formalarına da, yazı prosesində onomastik
vahidlərin, yəni xüsusi adların üslubi xüsusiyyətlərinin
bəzi cəhətlərinə də diqqət yetirməyə
çalışır. Adlarin semantikası ilə mətnin məzmunu,
ideyası arasındakı əlaqələri
araşdıraraq müəllif mövqeyinin müəyyənləşdirilməsində
və ötürülən informasiyada adlandırmanın
funksiyasını açan təhlillər aparır.
Müəllif belə bir məqamı xüsusi olaraq
vurğulayır ki, Ə.Haqverdiyevin nəzərdən
keçirdiyimiz hekayələrindəki surət - şəxs
adları ərəb və ərəblər vasitəsi ilə
bizim cəmiyyətə, oradan da bədii ədəbiyyata
keçən ərəb, yəhudi mənşəli
antroponimlərdir. Surət adları içərisində rus və
Avropa kökənli adlara da rast gəlinir. Bir çoxu isə
eyni zamanda ədəbi əsərlərdəki surətlərdən
keçən adlardır. Hər bir şəxs adının
semantikasında konkret mənaya malik olan ümumi sözlər
- apelyativlər dayanır. Ə.Haqverdiyevin bədii nəsrində
xarakterlə adın semantikası
uyğunlaşdırılır ki, bu da
düşünülmüş üslubi mahiyyət kəsb
edir. Yazıçının fərdi üslubunda xüsusi
mövqeyə malik olan surət adları və ləqəblər
komik effekt yaratmaqda, obrazların daxili aləminin
açılmasında vasitə kimi istifadə olunur.
"Elmi məqalələrdə yad edilən insan və
yer adlarının semantikası" məqaləsi Ədəbiyyat
İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə
doktoru, fəxri professor (Rostov-Don şəhəri), Avrasiya
İnzibati Elmlər Akademiyasının (Moskva şəhəri)
müxbir üzvü Rasim Nəbioğlunun (Rasim Nəbi
oğlu Qurbanovun) "Şərq ədəbiyyatında islami
mövzu, süjet və obrazlar" adlı elmi məqaləsinə
həsr edilib. Burada xalqımızın ehtiramla yad etdiyi,
xatırladığı məşhur şair və
yazıçıların, həmçinin İslam dininin
banisi Məhəmməd peyğəmbərin, digər
dini-tarixi şəxsiyyətlərin və mifik obrazların
ad, ata adı və soyadlarını təşkil edən
apelyativlərdəki leksik-semantik mənalarının
açılmasından bəhs olunur. Bu adların
tarixi-linqvistik inkişafı və formalaşma prosesi də nəzərdən
keçirilir. Hər hansı bir ad əgər alınma və
ya arxaik sözlər əsasında formalaşıbsa, onun mənşəyi,
mənası aydınlaşdırılır.
"Bir elmi məqalədə xatırlanan şəxs
və məkan adlarının semantikasına dair" məqaləsi
Rasim Nəbioğlunun 70 illik yubileyi münasibətilə qələmə
alınıb. Burada onun akademik Məmməd Arif Dadaşzadənin
(1904-1975) həyat və yaradıcılığına həsr
etdiyi "Klassika və müasirliyin ədəbi-elmi
qovşağında" adlı məqaləsi
araşdırılır; müəllif məqalədə Azərbaycanın
bir çox görkəmli elm xadimləri, yazıçı və
şairlərinin əsas ad kateqoriyasına daxil olan adlar, ata
adları, soyadları və əsas ad kateqoriyasına daxil
olmayan ləqəb və təxəllüslərinin
semantikasmdan bəhs edir. Adların və təxəllüslərin
bir çoxu öz dilimizin daxili imkanları əsasında
yaransa da, böyük əksəriyyəti alınmalar,
xüsusən, ərəb və fars sözləri əsasında
formalaşdığından məqalədəki bir sıra
adların izahına zərurətyaranıb.
Məqalədə M.Hüseyn, Ə.Şərif,
H.Əfəndiyev, Ə.Ağayev, A.Şaiq və bir çox
başqaları da xatırlanan adlardandır. Şübhəsiz
ki, özgə dillərdən, xüsusilə ərəb və
fars mənşəli apelyativlərdən yaranan və onomastik
mahiyyət daşıyan şəxs adlarının hər
biri ayrılıqda leksik mənaya malikdir. Ə.Şərif,
A.Şaiq antroponimlərini nəzərdən keçirsək
aydın olar ki, müasir Azərbaycan dilində antroponimik
kateqoriyalar əsas adlar və köməkçi adlar olmaqlaiki
formada işlənir. Köməkçi adlar kateqoriyasına ləqəb,
təxəllüs və titullar daxildir. Məsələn,
Şaiq (ərəbcə "şövqlü, həvəsli,
ilhamlı") Abdulla Mustafa oğlu Talbzadənin təxəllüsüdür.
Abdulla islam peyğəmbəri Məhəmmədin
atasının adı olmuşdur. "Əbd" (ərəbcə
qul, kölə, adam, insan) və "ulla" (Allah) sözlərinin
birləşməsindən yaranıb. "Allahın bəndəsi,
qulu, köləsi" mənasını verir.
R.Nəbioğlunun məqaləsində Moskva, Bakı,
Tehran və Şurabad toponimləri - məkan adları da
xatırlanılır. Şuraabad şura və abad komponentlərinin
birləşməsindən yaradılan süni adlardandır.
Şura (sovet) hökumətinin yarandığı illərdə
yeni salınan, yaxud adı dəyişdirilən bir çox kəndə
rəmzi mənada verilən addır. Şura ərəb mənşəli
sözdür, Quranda "Şura" adlı surə də
vardır. Mənası "müzakirə; müşavirə,
sovet" deməkdir. "Abad" fars dilindəki abadə
sözündən olub "tir-tikintisi olan" mənasındadır;
abad, adətən, kənd, qəsəbə, şəhər
adlarına artırılır.
Professor Akif İmanlının tədqiqatlarının
bir istiqamətini də ədəbiyyatşünaslığa
aid əsərləri təşkil edir. Akif müəllimin ədəbiyyatşünaslığa
aid əsərləri içərisində "Bədii ədəbiyyatda
obraz və məkan adlarının semantikası
(Ə.Haqverdiyevin nəsri nümunəsində)"
monoqrafiyası probleminin aktuallığı ilə fərqlənir.
Bu əsər müəllifin Vətən müharibəsindəki
qələbəmizə, həm də Ə.Haqverdiyevin 150 illik
yubileyinə töhfəsidir. Onun Naxçıvan ədəbi
mühitinə, onun təmsilçilərinin
yaradıcılığına aid çoxsaylı məqalələri
də vardır.
Akif İmanlı bədii yaradıcılıqla da məşğul
olur. Onun hekayələrində milli adət-ənənələrimizi,
mədəni-genetik yaddaşımızı qoruyub yaşatmaq,
gələcək nəsillərə ötürmək
ideyası qabarıqdır. Akif müəllim bir alim olaraq
dilçilik araşdırmalarında oykonimlərin geniş
türk coğrafiyasında yayılmasını izləməklə
yanaşı, bir yazıçı kimi hekayələrində
də tarixi şəxsiyyətlərin fərqli, rəngarəng
məkanlarda xidmətlərini obrazlı şəkildə verərək
böyük ümumtürk birliyi idealına xidmət edir.
Tanınmış dilçi-alim bu gün də
dilimizin saflığı üçün var qüvvəsi ilə
çalışır. O, Azərbaycan Respublikası Milli Məclisində
fəaliyyət göstərən "Toponimika"
komissiyasının üzvü kimi bu sahədə öz fikir
və məsləhətlərini bildirir.
Məmməd ƏLİYEV,
Filologiya elmləri doktoru, professor
525-ci qəzet .- 2025.- 31 dekabr(№240).-S.12.