İLAHİ
"TANQO"NUN HİKMƏTİ
Səninlə qan qohumu deyilik, ruh qohumuyuq.
Hamı hamının qan qardaşı deyil, bilirsən.
Hamı hamının qardaşı ola bilməz. Ancaq...
QARDAŞ ola bilər.
Hə, o da doğrudur, görürsən, hamı
bir-birinə "qardaş" deyir, amma hamıdan qardaş
olmur ki! Bir-birinə "sevirəm" deyən də
çoxdur, "bağışla" deyən də. Ancaq
gerçəkdə heç də hamı sevmir. Heç kim də
heç kimi bağışlamır, nə yazıq ki! Dildə
deyilənə baxma.
"Distillə olunmuş" bir həyat
yaşamırıq biz. Sol Bellou da deyirdi, çox
düzgün yaşamaq da düzgün deyil. Yəqin
"mümkün deyil" mənasında. Ya da həmişə
mümkün deyil.
Yerin dərinliklərindən, ən uzaq süxurlardan
çıxıb, bizə göz "süzdürən"
bulaqların gözündən süzülən su da
keçdiyi dolama yollarda çox dolaşır,
qarışır, bulaşır, bulanıb gəlir. Sonda
durulub çıxır torpaqda. Heç nə
başlanğıc nöqtədə, ilk variantında, ilkin
versiyasında - təbii halında qala bilmir axı.
İnsan bir dəfə tərtəmiz olur, o da
doğulanda. Bu körpə böyümək üçün
yaşamağa, yaşamaq üçün böyüməyə
məhkumdur və böyüdükcə, yaşadıqca,
mütləq günaha batır. Kimisi az, kimisi çox, kimisi də
lap çox.
Sən isə bu dünyada ən günahsız (bəlkə
hamımızdan, ya da çoxumuzdan günahsız)
qalmağı bacardın. Düzgün yaşamağın ən
düzgün olduğunu Bellounun özünə də, bizə
də isbatladın.
Elə dərinlərdə axıb, elə yüksəklərdən
keçdin ki! Uzaq süxurlarda damcı-damcı
düzülüb, elə daşlardan süzüldün ki!
Çay olmağa, göl olmağa nə var, dəniz
olmağa nə var! Kimi "bəyənmirsən",
özünə - dibinə çəkib batırırsan. Amma
sən gəl, bulaq ol, görüm.
Bulaq olmaq asan deyilmiş, qardaş!
Elə səni yaxşı tanıyan, yaxşı
tanıdığın İsa bulağına bax. Bütün
o qan-qadanın içində, o qədər uzun zamanda öz
suyunun sərinliyini, təmizliyini qoruyub saxlamasaydı,
işğalçı vəhşət onu da çoxdan
batırmışdı, elə deyilmi?!
Düşmən dediyin təkcə sənin
düşmənin deyildi ki! Səndən də əvvəl sənin
bulağının, sənin bağ-bağatının, əkin-biçininin,
dağ-daşının, sənin meşənin,
torpağının düşməni idi.
Madam, söz torpaqdan, yetimlikdən düşüb,
deyim. Belə bir el məsəlimiz var: uşaq atadan yetim
qalmır, anadan yetim qalır.
Bilmirəm. Nə deyim?!
Məncə, yox! Belə deyil: yetim elə yetimdir. Nə
fərqi var, anasını itirib, ya atasını.
Hə, deyə bilərik, ananı itirəndə
uşaq yetimliyi daha çox hiss edir, o başqa. Elədirsə,
TORPAQ yetimliyindən daha ağır yetimlik yoxdur, qardaş! Bu,
sadəcə, dəhşətlidir. Torpağa da "ana"
demişik axı.
Bayaq deyirdim e, sən, mən - biz qan qardaşı
deyilik. Elədir, biz başqa-başqa ataların belindən gəlmişik,
başqa-başqa anaların bətnindən doğulmuşuq;
biz səninlə qan qardaşları ola bilməzdik. Ancaq
QAN-QADA QARDAŞLARI olduq.
Axı ikimizi də eyni ANA TORPAQ yetirib, ikimiz də eyni
torpağın yetimiydik. Bizi müharibə yetim qoymuşdu,
qardaş; biz torpaqdan yetim qalmışdıq.
Bu, insan yetimliyinin ən dözülməzidir, bilirsən.
Ancaq şükür qovuşdurana! Millət olaraq,
dövlət olaraq o torpaqları əsirlikdən qurtara bildik,
axır ki!
Bu torpaq yetim-yesirliyini götürüb özü ilə
"o tərəfə" aparanlara baxanda, hə, biz
şükürlüyük.
Dünyadakı insanın ən xası, xalisi dünya malında gözü
olmayandır. Bax, elə sənin kimi. Belə insan kasıb da
olsa, xoşbəxt yaşayır, arxayın yaşlanır.
Yoxsulluğun bəxtəvərliyinə bax!
Ancaq o kəslər xoşbəxt ölür ki,
gözü arxada qalmır. Hər xoşbəxt olan, xoşbəxt
ölmür.
Bizim torpaqlarda bitib-pöhrələmiş,
böyüyüb kök atmış, qol-budaq
açmış hər kəs beş-altı il əvvələ
qədər dünyadan gedəndə, gözü arxada qaldı.
Həyatdaykən, nəfəs alırkən, dediyim o torpaq
yetimliyindən qurtulan biz - sən və mən bu mənada
çox şanslıydıq; bəxtimiz oyaqmış! Necə
deyərlər, analarımız namaz üstündəymiş.
Bu dünyada vədəmiz dolanda sən də, mən
də gözümüzü arın-arxayın yumub, uçub
gedə biləcəyik; gözümüz arxada qalmayacaq.
Çünki bax, dünən dərdini çəkdiyimiz
Şuşanın, bu gün gedib şəklini çəkirik.
Tək Şuşanın yox, bütün Qarabağın. Tək
şəkil çəkmək də deyil...
Vaxt var idi, torpaq nə zaman azad olunar deyə qüssəli
gözlərimiz yol çəkirdi, indi o dağlara yol çəkirik,
elə deyil?!
O torpaqların həsrətini çəkməkdən
gözümüzün işığı da
sönükmüşdü, bu gün oralara işıq
çəkirik.
Beş-altı il əvvəl formal
danışıqlardan, vasitəçilərdən-filanlardan,
cürbəcür sülhəbənzər aldadıcı
(alçaldıcı) planlardan gözümüz heç su
içmirdi, indi özümüz Kəlbəcərin
çeşməsindən ovuclayıb su içirik.
"Quş olub, o yerlərə uçaydım..."
deyə dəfələrlə xəyal qurmuşduq, ancaq indi
uçmaq da xəyal deyil: üç hava limanı var. Elə
təkcə Füzulidəki hava limanı xəyaldan da tez
uçmağa bəs edir.
Fərqə bax, fərəhlən! Qürrələn...
Doğrudur, hələ ki biz - sən və mən o
torpaqlara qayıtmamışıq. Mən bu sətirləri hələ
də Bakıda yazıram, sən də oxusan, Bakıda
oxuyacaqsan yazdıqlarımı. Hələ nə sən təzədən
dönüb həminki-həmişəki qarabağlı ola
bilmisən, nə də mən. Qismət olar, o torpağa
qayıdıb qovuşarıq. Nə vaxtsa ömrümüz
bitəndə üstümüzdə bitən ot da Abşeron
yarımadasının deyil, Qarabağ yaylasının bitirdiyi
olar.
Bu yaşda başqa nə istər ki insan?!
Qarabağ azadlığa çıxandan sonra sənmi
məndən öncə getmişdin Şuşaya, ya mən səndən
qabaq, bunu bilmirəm. Dəqiq xatırlamıram. Ancaq mən
ora sənsiz getdiyimdən həmişə rahatsızlıq
duymuşam.
Düzdür, sən də getdin, gəldin, yazı da
yazdın. Mən də yazmışam. Yenə də deməyə,
yazmağa çox söz qalıb. Sözün belə təsvir
edə bilmədiyi çox nəsnələr var, qələmin
ucuna hələ gəlib çatmayan çox "nəsə"lər
var.
Hətta elə kəlmələr var, dilimin ucunda
duruxub, qələmin ucunda karıxıb geri qayıdıb.
Düşünmüşəm, bunu yazmağa, deməyə
Hikmət Sabiroğlunun daha çox haqqı var, onun
haqqını yeməyim.
Bax, elə bu sətirləri yazanda, elə bil sənin
Şuşa haqqında hələ yazmadıqlarını
oxuyuram.
Mən azad Şuşadan ilk yol qeydlərimi
"qaralayanda", yalan olmasın, az qala hər abzasda istər-istəməz
sənin siman gəlib dayanırdı gözlərimin
qarşısında. Ürəyimdə deyirdim: "Görəsən,
bu cümləni Hikmət necə yazardı?!"
Bilirəm, çoxdandır, yazmırsan. Ya da çox
yazmırsan. Bəlkə də mən az oxuyuram.
Görünür, pis oxucuyam.
Fikir eləmə, yaxşı yazanın da pis oxucusu
olur. Pis yazanın yaxşı oxucusu olduğu kimi.
...Sənin yazdıqların, sadəcə, yazı
deyil ki! Vicdan ağrılarıdır, həqiqət
sancılarıdır. Göynərtili təəssübdən
qaynaqlanan ədəbi-publisistik "ürəktutmalar"la
dolu - ürəkdolusu təhkiyələrdir.
Biz analarımızın ağrılarından necə
doğulmuşuqsa, vicdanlı mətnlər də, bax, eləcə
ağrılardan sıyrılıb çıxır.
Kiminsə başı ağrıyar, kiminsə
ayağı. Hərənin bir yeri ağrıyar, ya da birinin hər
yeri ağrıyar. Amma ömrü boyu vicdanı ağrıyan
adamlar da var. Gördüyü hər işə ürəkdən
yanaşanın - üzüləndə də ürəkdən
üzülən, sevəndə də ürəkdən sevən
adamların ürəyi ağrımasın, neyləsin?!
Sən də o insanlardan birisən, özün bilirsən.
Səni sən edən qürurlu tənhalığındır:
sən yaradıcı yalnızlığın bəxtəvərliyini
yaşayırsan.
Amma mən! Bərk yorulmuşam.
Nədən?! Nədəni çoxdur.
Bəlkə yorulmuşam söz oyunundan. Ya da
çoxdan uduzmuşam öz oyunumda...
Keçmişi süsləyib-püsləmək, bəzəyib-düzəmək
fikrində deyiləm; aqillər deyib: "Həmişə
geriyə baxan irəlini görə bilməz". Amma hər
halda keçmişi də keçmişdə qoyub heç
yerə gedə bilməzsən...
Bir gerçək var: qədimlərdə fikir öndəydi,
indi xəbər öndədir. O səbəbdən, məncə,
keçmişin insanı daha ağıllı
görünür, indiki insan isə daha məlumatlı.
Özümüzə "kreativ" deyirik. Bəlkə,
doğrudan da, kreativik, lakin deyəsən, müdrik deyilik.
Keçmişdən götürdüyümüz nədir, gələcəyə
ötürdüyümüz nə?!
Bu haqda çox düşünüb, çox
yazmışam. Bəli, biz telepatiyanı "işdən
çıxarıb", yerinə teleqraf, telefon, smartfon
qoymuşuq. İntuisiyanı taxtından endirmişik, əvəzində
quruca informasiyanı mataha mindirmişik. Onun da çoxu
informasiya adına dezinformasiyadır. (Dez)informasiya erasında düşüncə
miqyası kiçilir, emosional zəkanın eroziyası
başlanır, ya da mənə elə gəlib.
Biz gəlib-gəlib, gör, hara
çıxmışıq: erqodik mətn artıq verbal
antikvara çevrilməyə doğru gedir.
Doğrudan a! Hanı bəs "informasiya
erası"nın Sokratı, Konfutsisi?!
Oldos Haksi haqlıymış: "Tibb o qədər
inkişaf etdi ki, artıq heç birimiz sağlam deyilik".
Belə deyilsə, varmı indi Hippokrat, İbn Sina?!
Bəlkə də var: mən boyaları çox
tündləşdirdim. Hərçənd qaradan betər rəng
yoxdur. Əgər qara özü də rəngdirsə...
Deyəsən, sualdan sual doğdu, fikirdən fikir
törədi, söz sözü çəkdi. Dərdin
yükü yenə də Sözü yerindən oynatdı.
Bəlkə elə bu da bir növ söz
oynatmaqdır. Nə bilim! Hərçənd söz
oynatmağın özü də qəbahət deyil. Bir şərtlə:
əgər sözü sirk arenasının yarıac
ayısına, yaxud turist marağının yorğun meymununa
çevirməmisənsə...
Amma sən heç mənim kimi, bax, bu cür
naşıcasına söz oynatmırsan.
Sən Sözlə oynayırsan. Rəqs edirsən. Sənin
yaradıcılığın Sözün "Tanqo"sudur;
rəqs edən ikilinin bu qədər dərin emosional uyumu, səmimi
duyğuların "oynaq" (hərəki) sinxronluğu heyrətləndirir.
Sən həmişə özünə yaraşan
sözü yazmısan. Bəlkə əsl Söz də
özünə yaraşanı seçir. Hər halda sənin
Sözlə yaradıcı "izdivac"ın
qarşılıqlı sevgi üzərində qurulub. Sən
verbal sənət adına açdıqları ədəbsiz
"ədəbi publik evlərdə" Sözü "bir
gecəlik" siğə etdirənlərdən olmadın
heç vaxt.
Bilirsən, Sözün şəhvətinə
sulananlar ayrıdır, şəfqətinə tutunanlar
ayrı.
Səninki qarşılıqlı sevgidir; oxuyanlar səni
oxuyub, bilənlər bilir artıq. Bundan daha ötəsi nədir,
nə yazasan?! Necə yazasan?!
...Bilirsən, ana südü ilə mayalanan körpələr
cismən sağlam böyüyür. Sonra bu uşaqlar ana dili
ilə də mayalanıb həm də ruhən sağlam
yetişir. Ana dili - ana südü kimi halal nemətdir. Bir də
sən ana dilinə - bu, halala haram qatmadan indiki və gələcək
nəsillərə ötürürsənsə, deməli,
talantın, zəhmətin, qələmin öz məqsədinə
çatıb. Deməli, sənin Sözlə oynadığın
"Tanqo" istədiyin kimi alınıb, ürəklərə
toxunub.
Sən öz yaradıcılığında ana dilinin
təbii enerjisini qoruyursan, aşındırmadan oxucularına
aşılayırsan.
Sən bütün qovğalardan çox uzaqda, öz
hücrəndəki masa arxasındasan. Heç kimə minnət
qoymadan, heç kimdən minnət götürmədən,
öz tənhalığının içində, sakitcə,
səssiz-səmirsiz gündəlik işindəsən;
doğma dili "sığallayırsan", Sözü
cilalayırsan. Hər yazınla mənəvi ortamı
dalğalandırırsan. İctimai mühiti həyəcanlandırırsan.
Bəli, Hopi qəbiləsi: "Dəniz dalğalanır"
demir, "dəniz həyəcanlanır" deyir. Cəmiyyəti
dənizə, bəşəriyyəti dünya okeanına bənzətsək,
bu insan dənizi, insan okeanı dalğalandıqca, yəni həyəcanlandıqca,
diridir, nəfəs alır, yaşayır.
Sənin Sözlə oynadığın bu ecazkar
"Tanqo" yuxulu ruhları, susmuş ürəkləri,
sönükmüş bəbəkləri tərpədir, silkələyir,
həyacanlandırır. Sən dayanmadan, yorulmadan, usanmadan
öz rəqsinə qapılıb, hətta vurulub, qəlbən tutulub-tutunub gedirsən və
İlahi vəcdə yetirsən.
Tamaşaçın var, ya yoxdur, azdır, ya
çoxdur - xırdalığına getmədən, heç
eyninə almadan, fikir vermədən, kimdənsə tərif
ummadan, kimdənsə alqış gözləmədən
öz səhnəndə, o "Tanqo"la həyatımıza
və hissiyyatımıza xəfif toxunuşlar edirsən...
MÜƏLLİFDƏN: Bu esse usta yazar, qələm
dostum, tale ortağım Hikmət Sabiroğlunun qarşıdan
gələn 60 illik yubileyinə hədiyyəmdir. Əlimdən
bunu yazmaq gəldi. Necə deyərlər, varını verən
utanmaz...
Bahəddin HƏZİ
525-ci qəzet .- 2025.- 31 dekabr(№240).-S.11.