2025-ci il: gətirdikləri və
apardıqları
İlin son günləri həmişə insanı əl-ayaq
saxlamağa, durub düşünməyə, bəlli bir
hesab-kitab aparmağa sövq edir. Təqvim hələ dəyişməyib,
amma şüur artıq yeni ilin astanasındadır.
Küçələrdə bayram işıqları yanır,
sosial şəbəkələrdə ilin yekunlarına aid
paylaşımlar çoxalır, hər kəs geriyə
baxmağa çalışır. Bu baxış bəzən
səthi olur, bəzən isə ağrılı.
Çünki illər sadəcə keçmir, o həm də
ömrümüzdə, ruhumuzda, düşüncəmizdə
iz buraxır. 2025-ci il də ömrümüzdən izsiz
keçən il olmadı. O, nəinki hadisələrlə, həm
də daxili dəyişikliklərlə yadda qaldı.
“2025-ci ilin apardıqları və gətirdikləri”
adi illik hesabat məsələsi deyil. Bu həm də cəmiyyətin
özünü, öz varlığını, axıb gedən
zamanı sorğuladığı bir sualdır. Çünki
zaman yalnız günləri yox, düşüncələri,
münasibətləri, gələcəyə
baxışı da dəyişir.
Zamanın görünməyən itkisi
2025-ci il bizdən ilk növbədə vaxtın
içində yaşamaq vərdişini aldı. Günlər
keçdi, amma çox az gün xatırlandı. Həyat
sanki sürətlə axdı, biz isə bu axının
içində dayanıb baxmağa vaxt tapmadıq. Planlar ard-arda
gəldi, amma onların çoxu yarımçıq qaldı.
İnsanlar getdikcə daha çox “çatdırmalıyam”
deyə yaşadı, “yaşamalıyam” deyə yox.
Bir çox an “sonra baxaram”, “sonra düşünərəm”,
“sonra edərəm” deyə kənara qoyuldu və “sonra”
heç vaxt gəlmədi. Zaman bolluq kimi göründükcə,
qiyməti də azaldı. Bu il bizə göstərdi ki, vaxt
çox olanda yox, vaxtın fərqində olanda
yaşayırıq.
Bu il bizdən dərinlik hissini də aldı. Hər
şey sürətlə istehlak olundu: xəbərlər,
fikirlər, emosiyalar. Oxunan yazılar bitməmiş unuduldu,
baxılan videolar təsir yaratmadan dəyişdirildi. Dərin
düşünmək lüksə çevrildi. Halbuki
düşünməyən insan başqasının
düşüncəsi ilə yaşamağa məhkumdur.
2025 bunu açıq şəkildə göstərdi.
Bu il diqqətimiz bir az da parçalandı. Eyni anda hər
yerdə olmaq istəyi heç yerdə olmamağa gətirib
çıxardı. İnsanlar bir xəbəri oxuyarkən digərinə
keçdi, bir fikri düşünərkən başqa səsə
yönəldi. Bu, təkcə texnologiyanın təsiri deyil,
psixoloji yorğunluğun nəticəsi idi.
Diqqət dağılınca, məna da itir. Məna itəndə
isə insan nəyi niyə etdiyini unudur. 2025-də çox
şey etdik, amma az şeyin səbəbi haqqında durub
düşünmək ehtiyacı hiss etdik.
Bu il bizdən sözə olan hörmətin bir hissəsini
də aldı. Söz çoxaldı, amma məsuliyyəti
azaldı. Hər kəs danışdı, amma az adam dediyinin
arxasında durdu. Dünən yazılan fikirlər bu gün
silindi, mövqelər tez-tez dəyişdi. Söz fikir olmaqdan
çıxıb reaksiyaya döndü ki, bu da cəmiyyət
üçün çox təhlükəli tendensiyadır.
Çünki söz çəkisini itirəndə etibar da zəifləyir.
Geridə qoymağa hazırlaşdığımız 2025-ci
il bizə bunu acı şəkildə hiss etdirdi.
Bu ildə qalan məşhurlar...
2025-ci il özünün qəfil, zamansız itkiləri
ilə də ağır bir il oldu. Xüsusən, mədəniyyət
sahəsində öz sözünü demiş məşhurlarımızın
bir-birinin ardınca qəfil gedişləri hər birimizə
dünyanın faniliyini bir daha xatırlatdı, kimliyimizin
mahiyyətini sorğulatdı.
İl başlar-başlamaz məşhur aktyor Azər
Baxşəliyevin vəfat xəbəri sənət aləmini
dərin yasa qərq etdi. Aktyor uzun sürən xəstəlikdən
sonra 2 yanvar 2025-ci ildə dünyasını dəyişdi.
Onun ardınca elə həmin ayın 15-də məşhur
aktrisa və müğənni Çimnaz Sultanovanın vəfat
xəbəri yayıldı. Sən demə, aktrisa uzun müddət
imiş ağır xəstəlikdən əziyyət çəkirmiş.
Ən yaxınları daxil, heç kimə bu haqda heç nə
deməyən, öz ağrılarını təkbaşına
çəkən sənətçi təkbaşına da bu
dünyadan köçdü.
Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən
biri, yazıçı, tərcüməçi, “Şərəf”
ordenli ədəbiyyat xadimi Vidadi Babanlı avqust ayında 98
yaşında bu dünyaya gözlərini əbədi yumdu.
Onun bu gedişi ədəbiyyatımız üçün nə
ilk oldu, nə də son.
2025-ci ildə Vidadi Babanlı başda olmaqla, çox
görkəmli qələm sahiblərimizi bir-birinin ardınca
itirdik. Bu köç karvanına avqustun 3-də Xalq
yazıçısı, tanınmış ictimai-siyasi xadim
Elçin Əfəndiyev də qoşuldu.
Xalq artisti, bədii qiraət ustası Əminə
Yusifqızı, şair Əlisəmid Kür, bədii qiraət
ustası, professor, Əməkdar müəllim Nadir
Hüseynov, gənc şair, Vətən müharibəsi
iştirakçısı Həsən Kür də ədəbiyyatımızın
bu il itirdiyi və sənət dünyasını dərin
hüznə qərq edən adlar oldular.
Bu ilin sentyabr ayında əfsanəvi kəşfiyyatçı,
"Gizir Xanı" ləqəbi ilə tanınan Səyyaf
Əhmədov Ağdamın Mirəşelli kəndində
minaya düşərək həlak oldu. Həmçinin, elə
həmin ayın 29-da Əməkdar artist Cabir İmanov qəfil
ürək tutmasından vəfat etdi. O, “Parni iz Baku” KVN
komandasının üzvü, televiziya
tamaşaçılarının sevimlisi idi.
Eləcə də 2025-ci ildə tanınmış
aktyorlar – Əməkdar artistlər Mövsüm Hüseynov,
Vahid Əliyev, Yadigar Muradov, Rəşad Bəxtiyarov, Xalq
artistləri Tamilla Şirəliyeva, Ənvər Həsənov,
Hacı Murad Yagizarov, Roza Cəlilova, aktyor Möylə Mirzəliyev,
musiqiçilər – Xalq artistləri Ramiz Quliyev, Arif Babayev,
şair, qəzəlxan Arif Buzovnalı, şair Məmməd
İsmayıl, şair, jurnalist Kəramət
Şükürov, ədəbiyyatşünas-alim, filologiya
elmləri doktoru, Əməkdar elm xadimi Nizami Şəmsizadə,
yazıçı, jurnalist, tarixçi alim Sabir Gəncəli,
meyxana ustası Ağakərim də itirdiyimiz məşhurlardan
oldular.
2025-ci ilin həm sənət dünyamıza, həm
milli-mənəvi dəyərlərimizə, həm də elə
bu yazının müəllifinə olan ən böyük
itkilərindən biri isə heç şübhəsiz,
tanınmış modelyer, Bakı Milli Geyim Evinin rəhbəri
Könül Vəlibəyli oldu. Bir noyabr gecəsi, çoxmərtəbəli
binada çıxan yanğın nəticəsində
işgüzar xanım, pozitiv insan, peşəkar modelyer
Könül Vəlibəyli bir göz qırpımında
yoxluğa qarışdı. Milli geyimlərimizin yorulmaz himayəçisi,
təbliğatçısı olan Könül dostları
üçün də əvəzedilməz insan, sadiq
sirdaş idi. Onun 25 yaşlı qızı Ləman isə həmin
yanğında zəhərlənərək ağır şəkildə
xəstəxanaya yerləşdirilmişdi. Uzun müddət
yaşam savaşı verən gənc qız nəhayət ki,
bu mübarizədən qalib çıxdı,
Könülün qəfil gedişinin ürəyimizdə
açdığı yaraya az da olsa təsəlli oldu.
Həssaslığın yorulması
Bu itkiləri və cəmiyyətin onlara olan
reaksiyalarını gördükcə, anladım ki, 2025 bizdən
emosional həssaslığı da aldı. Ağrılar
çoxaldıqca, hisslər keyləşdi. Faciələr
adiləşdi, itkilər statistikaya çevrildi. İnsan
qorunmaq üçün hisslərini bağladı. Bu, qəddarlıq
deyil, özünü müdafiə instinktidir. Amma uzun müddət
davam edəndə insanı insanlıqdan
uzaqlaşdırır.
Bu il bir çoxumuz başqasının dərdinə
baxıb “yenəmi?” dedik. Bu sualın özü 2025-in bizdən
nə apardığını açıq-aydın göstərir.
2025-ci il səmimi ünsiyyətimizi də azaltdı.
İnsanlar daha çox yazışdı, amma daha az
danışdı. Əlaqələr say artımı
yaşadı, keyfiyyət isə itdi. İnsanlar mənəvi
mənada bir-birinə toxunmağa gecikdi, bəzən lazım bilmədi,
bəzən xatırlamadı.
Bu il də son dövrlərdə olduğu kimi, insan
insanlar içində tək qaldı, bir az da təkləşdi.
Bu il biz diqqətimizi, məsuliyyətimizi, səbrimizi,
həssaslığımızı, empatiya duyğumuzu bir az da
itirdik. Bəli, bu itkilər gözlə görünmür,
amma cəmiyyəti içdən, özü də
köklü şəkildə dəyişir.
2025-ci ilin bizə qazandırdıqları...
Gedir deyə 2025-ci ili bu qədər yamanlamaq,
haqqını yemək də olmaz. Bütün illərdə
olduğu kimi, bu ilin də bizdən aldıqları ilə
yanaşı, bizə verdikləri də oldu. Bu ilin bizə
qazandırdığı ən önəmli məsələlərdən
biri çətin, amma dəyərli dərslər oldu.
2025 bizə kor-koranə inanmağın təhlükəsini
öyrətdi. İnsanlar daha çox soruşmağa,
sorğulamağa başladılar. Hər deyilənə
inanmadı, hər çağırışa
qoşulmadı. Bu, bəzən soyuqluq kimi göründü,
amma əslində təcrübənin nəticəsi idi.
Ayıqlıq romantikanı azaldır, amma reallığı
gücləndirir və təhlükəni minimuma endirir.
Bu il bizə göstərdi ki, hər şeyə
çatmaq mümkün deyil. İnsanlar nəyə vaxt
ayırmaq lazım olduğunu, nədən uzaq durulmağı
olduğunu seçməyə başladılar.
2025 bizə səssizliyin gücünü
xatırlatdı. Anladıq ki, danışmamaq bəzən
qorxaqlıq yox, düşünməkdir. Reaksiya verməmək
bəzən biganəlik yox, mövqedir. Məncə, ötən
illərə nisbətən, bu il səssiz qalanların
sayı artdı.
2025 bizə özümüzlə qalmağı
öyrətdi. Pandemiya dövründən yavaş-yavaş
öyrənməyə başladığımız bu vərdişimizə
bu il ən yaxşı şəkildə yiyələndik, məncə.
Tək qalmaq qorxulu olmadı. Əksinə, bərpa vasitəsinə
çevrildi.
2025 bizə göstərdi ki, cəmiyyət vahid səsdən
ibarət deyil. Fərqli baxışlar təhlükə yox,
reallıqdır. Bu reallığı qəbul etmədən
birlik mümkün deyil.
Ümumi şəkildə bu ilə bütöv bir
halda nəzər salmalı olsaq, deyə bilərik ki, 2025-ci il
nə uğur ili oldu, nə də məğlubiyyət. Nə
ciddi fəlakətlər yaşadıq, nə də sonsuz
sevinclər. Günlərimiz monoton ritmlə davam etdi. Bu
monotonluğu pozan irili-xırdalı səs-küylər,
gedişlər isə mənəvi cəhətdən güclənməyimizə,
özümüzü, ətrafımızı,
dünyamızı və yaşam səbəbimizi
sorğulamağa xidmət etdi. Bacardımı? Məncə,
bacardı. Bu il biz bir az da böyüdük. Anladıq ki, bəzən
qələbə nəyisə əldə etmək deyil, sadəcə
sağ qala bilməkdir. Bu həm fiziki, həm də mənəvi
sağlığa aiddir. Ən önəmlisi isə, 2025-ci il
bizə özümüzə kənardan baxmaq imkanı verən
unikal illərdən biri oldu.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 31 dekabr(¹240).-S.10.