MEK-də “Fətəli
xan Xoyski - 150” adlı virtual sərgi hazırlanıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi
Elmi Kitabxanası (MEK) tərəfindən görkəmli siyasi
və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin
banilərindən biri və ilk Baş naziri Fətəli xan
Xoyskinin 150 illiyi münasibətilə “Fətəli xan Xoyski -
150” adlı virtual sərgi hazırlanıb.
XQ xəbər verir ki, virtual sərgidə Fətəli
xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında
Prezident İlham Əliyevin Sərəncamının tam mətni
təqdim edilib. Görkəmli
ictimai xadimin çətin, keşməkeşli, lakin şərəfli,
mübarizələrlə zəngin ömür yolu,
ictimai-siyasi fəaliyyəti haqqında geniş məlumat
verilib. Həmçinin, sərgidə video və fotoşəkillər,
tarixi sənədlər yer alıb.
Sərgilənən nəşrlər sırasında
“Fətəli xan Xoyski. Həyat və fəaliyyəti”, “Azərbaycan
Xalq Cümhuriyyəti ensiklopediyası”, “Komissar”, “XX əsr. Azərbaycanın
görkəmli dövlət qurucuları”, “Azərbaycan Xalq
Cümhuriyyətinin dövlət və hüququ”, “Müstəqilliyə
gedən yol”, “Azərbaycan Xalq Cümhuriyyəti - 100”,
“İstiqlal sevgisi”, “Cümhuriyyətin təhlükəsizlik
orqanları” və digər dəyərli nəşrləri
qeyd etmək olar.
Qeyd edək ki, virtual sərgi ilə yanaşı,
MEK-də ənənəvi sərgi də təşkil olunub.
525-ci qəzet .- 2025.- 31 dekabr(¹240).-S.9.