Xaricdən əldə
edilən dividend gəlirlərə görə vergi dərəcəsi
5 faizə endirilir
MƏQSƏD VƏTƏNDAŞLARI XARİCDƏ
ƏLDƏ ETDİKLƏRİ GƏLİRLƏRİ
KÖNÜLLÜ ŞƏKİLDƏ VERGİ ORQANLARINA
BƏYAN ETMƏYƏ TƏŞVİQ ETMƏKDİR
Məlum olduğu kimi, Vergi Məcəlləsinə
edilən dəyişikliyə əsasən, yeni ildən xaricdən
əldə olunan dividend gəlirlərinə tətbiq olunan
vergi dərəcəsi üç dəfəyədək
azaldılır.
Mövcud qanunvericiliyə əsasən, xarici ölkələrdən
dividend gəliri əldə edən fiziki şəxslər gəlir
vergisi bəyannaməsi təqdim etməli və həmin gəlirdən
14 faiz dərəcəsi ilə vergi ödəməli idilər.
Eyni zamanda, xaricdə tutulmuş vergi məbləği Azərbaycanda
hesablanan vergi məbləği nəzərə alınmaqla tətbiq
olunurdu. Yeni dəyişikliklərə əsasən isə gələn
ildən xaricdən əldə olunan dividend gəlirləri
üzrə vergi dərəcəsi 14 faizdən 5 faizə
endirilir. Bu qərarın əsas məqsədi vətəndaşları
xaricdə əldə etdikləri gəlirləri
könüllü şəkildə vergi orqanlarına bəyan
etməyə təşviq etməkdir.
Bu dəyişiklik nəticəsində tətbiq edilən
dərəcənin azalmasına baxmayaraq, dövlət büdcəsinə
daxilolmaların ümumi həcminin artması ehtimal edilir. Eyni
zamanda, xaricdə yerləşən maliyyə vəsaitlərinin
və investisiyaların Azərbaycana repatriasiyası
üçün əlavə stimullar formalaşacaq, daha
aşağı vergi yükü isə kapitalın ölkəyə
qaytarılmasını iqtisadi cəhətdən daha səmərəli
edəcək.
Xaricdən dividend gəliri əldə edən fiziki
şəxslər indiyədək nisbətən yüksək
vergi yükü ilə üzləşirdilər. Vergi dərəcəsinin
kəskin şəkildə aşağı salınması bu
kateqoriyaya aid şəxslərin maliyyə yükünü əhəmiyyətli
dərəcədə azaldacaq. Ekspertlər hesab edirlər ki,
bu addım xaricdə investisiya fəaliyyəti ilə məşğul
olan vətəndaşların gəlirlərini rəsmi qaydada
bəyan etməyə marağını artıracaq.
Bu mexanizm vasitəsilə xaricdə gəlir əldə
edib bunu bəyan etməyən şəxslər müəyyən
olunur
Qeyd edək ki, Azərbaycanın bir sıra ölkələrlə
ikitərəfli və çoxtərəfli sazişlər
çərçivəsində vergi məlumatlarının
mübadiləsini həyata keçirir. Bu mexanizm vasitəsilə
xaricdə gəlir əldə edib bunu bəyan etməyən
şəxslər müəyyən olunur, onların vergi
uçotuna alınması təmin olunur və ödənilməmiş
vergilər dövlət büdcəsinə bərpa edilir.
Qanunvericiliyə əsasən, fiziki şəxslər xaricdə
əldə etdikləri dividend gəlirlərini bəyan etməli
və vergi uçotunda olmalıdırlar. Əgər şəxs
xaricdə tutulmuş vergi ilə bağlı təsdiqedici sənədi
təqdim edərsə, Azərbaycanda əksər hallarda əlavə
vergi öhdəliyi yaranmır.
Dəyişiklik sahibkarlıq mühitinin daha da
yaxşılaşdırılmasını hədəfləyir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
rəisi Orxan Nəzərlinin sözlərinə görə,
bu dəyişikliklər həm vergi inzibatçılığının
sadələşdirilməsini, həm də sahibkarlıq
mühitinin daha da yaxşılaşdırılmasını hədəfləyir.
Qlobal trendlər, rəqəmsal transformasiya və fiskal siyasətin
dayanıqlılıq prinsipləri nəzərə
alınmaqla hazırlanan bu təkliflər, vergi ödəyicilərinin
yükünün optimallaşdırılmasına və
dövlət gəlirlərinin sabitliyinin təmin edilməsinə
xidmət edir: “Əsas məqsəd investisiya mühitinin,
sahibkarlıq fəaliyyətinin
stimullaşdırılması, sahibkarlıq subyektlərinin
vergi yükünün azaldılması, vergi
daxilolmalarının, büdcə gəlirlərinin səmərəli
tənzimlənməsi, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi
və “kölgə iqtisadiyyatı” ilə mübarizənin
gücləndirilməsindən ibarətdir. Dəyişiklik
çox uzunmüddətli perspektivdə öz təsirini
göstərəcək. Xaricdən əldə edilən
dividend gəlirləri üzrə vergi dərəcəsinin
azaldılması xaricdə yerləşən maliyyə vəsaitlərinin
və investisiyaların Azərbaycana repatriasiyasını və
gəlirlərin könüllü bəyan edilməsini təşviq
edəcək”.
Bu, “kölgə iqtisadiyyatı”nı azalda bilər
İqtisadçı ekspert Razi Abasbəylinin sözlərinə
görə, vergi dərəcəsinin azalması fiziki şəxslərin
xaricdən əldə etdikləri gəlirləri daha rahat və
sərfəli şəkildə bəyannamə etməsinə
şərait yaradacaq. Bu, vergi ödəyicilərinin
könüllü gəlir bəyannaməsi vermə stimulunu
artıracaq və “kölgə iqtisadiyyatı”nı azalda bilər.
Həmçinin, aşağı vergi dərəcəsi xaricdə
saxlanılan vəsaitlərin ölkəyə
qaytarılmasını təşviq edərək
investisiyaların daxili bazara axınını sürətləndirə
bilər: “Bir çox ölkələrdə xaricdən əldə
edilmiş dividend gəlirlərinə tətbiq olunan vergi dərəcələri
daha yüksəkdir. 5 faizlik bir vergi dərəcəsi vergi
yükünü xeyli aşağı səviyyəyə
endirir və Azərbaycanı investorlar üçün daha
cazibədar ölkə halına gətirə bilər. Bu da
ölkənin beynəlxalq investor mühitində rəqabət
qabiliyyətini artırır”.
Bu təkcə vergi yükünü azaltmır, xaricdən gələn gəlirlərin
rəsmiləşdirilməsini təşviq edir
Mövcud qanunvericiliyə əsasən,
qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən
14 faiz dərəcə ilə vergi tutulur. Muzdlu işçi
kimi cəlb etmədiyi fiziki şəxslərə hüquqi
şəxslər, fərdi sahibkarlar və ya vergi orqanında
uçotda olan qeyri-sahibkarlıq fəaliyyətindən gəlir
əldə edən fiziki şəxslər tərəfindən
ödənilən maddi yardım, mükafat və təqaüdlərdən,
mediatorlara mediasiya təşkilatları tərəfindən
mülki-hüquqi müqavilələr əsasında ödənilən
xidmət haqlarından habelə vəkil qurumlarının tərkibində
fəaliyyət göstərən vəkillərin həmin
qurum tərəfindən ödənilən gəlirlərindən
vergi 14 faiz dərəcə ilə tutulur.
Vergi dərəcəsinin endirilməsi dövlət
büdcəsinə daxilolmalarda qısa müddətdə bir
azalma ilə nəticələnə bilər. Lakin ekspertlər
vurğulayır ki, bu azalma şəffaf vergi bəyannamələrinin
artması və daha çox vergi ödəyicisinin sistemə
daxil olması hesabına uzun müddətdə kompensasiya oluna
bilər: “Aşağı vergi dərəcəsi vergi inzibatçılığını
da sadələşdirir və vergi idarələri
üçün resurs yükünü azaldır. Məsələn,
fiziki şəxslər artıq daha az mürəkkəb
hesablamalarla vəsaitlərini hesabatlara daxil edə biləcəklər.
Əgər xaricdə dividend gəlirlərindən artıq
vergi tutulubsa, yerli vergi dərəcəsinin aşağı
olması şəraitində ikili vergitutmanın aradan
qaldırılması daha asan olacaq və bu da beynəlxalq
müqavilələrə əsaslanan vergi kredit mexanizmlərini
daha səmərəli edəcək. Nəticə etibarı ilə
vergi dərəcəsinin 14 faizdən 5 faizə endirilməsi
təkcə vergi yükünü azaltmır, həm də
xaricdən gələn gəlirlərin rəsmiləşdirilməsini
təşviq edir. Xarici investorlar və vətəndaşlar
üçün Azərbaycanı daha cəlbedici edir, iqtisadi
fəaliyyətin şəffaflaşmasına xidmət edir.
Bu dəyişiklik ümumilikdə ölkədə
vergi mədəniyyətini yüksəltmək və
investisiya mühitini yaxşılaşdırmaq məqsədi
daşıyır”.
Aşağı vergi dərəcəsi psixoloji
baxımdan da mühüm rol oynayır. Çünki vergi
ödəyiciləri gəlirlərinin böyük hissəsini
itirməyəcəklərini bildikdə, vergi orqanları ilə
əməkdaşlığa daha meyilli olurlar. Bu isə
könüllü vergi ödəmə səviyyəsinin
yüksəlməsinə səbəb olur.
Vergi siyasətində yumşaldıcı
yanaşmaların əsas məqsədlərindən biri
kölgə iqtisadiyyatının həcmini azaltmaqdır:
“Xaricdən əldə olunan gəlirlərin bəyan edilməməsi
bir çox ölkələrdə aktual problemdir. Dividend gəlirlərinə
tətbiq olunan aşağı vergi dərəcəsi qeyri-rəsmi
gəlirlərin leqallaşdırılmasına şərait
yarada bilər. Bu baxımdan, vergi dərəcəsinin
üç dəfəyədək azaldılması fiskal nəzarətdən
daha çox stimullaşdırma mexanizmi kimi
çıxış edir. Nəticədə dövlət
qısa müddətdə müəyyən vergi
daxilolmalarından imtina etsə belə, orta və uzun müddətdə
vergi bazasının genişlənməsi hesabına itkilər
kompensasiya oluna bilər”.
Xaricdən dividend gəliri əldə edən fiziki
şəxslər yüksək vergi yükü ilə üzləşməyəcəklər
İqtisadçı ekspert Xalid Kərimlinin fikrincə,
yeni vergi yanaşması Azərbaycan vətəndaşlarının
xarici maliyyə bazarlarında aktivliyini artırmaqla
yanaşı, əldə edilən gəlirlərin ölkəyə
qaytarılmasını da təşviq edə bilər. Bu isə
daxili maliyyə bazarında likvidliyin artmasına, bank sektorunun
və kapital bazarlarının inkişafına müsbət təsir
göstərə bilər. Xaricdən dividend gəliri əldə
edən fiziki şəxslər indiyədək nisbətən
yüksək vergi yükü ilə üzləşirdilər.
Vergi dərəcəsinin kəskin şəkildə
aşağı salınması bu kateqoriyaya aid şəxslərin
maliyyə yükünü əhəmiyyətli dərəcədə
azaldır. Onların ölkəyə pulu daha rahat şəkildə
daxil etməsini asanlaşdıracaq. Beləliklə də,
sahibkarlar xaricdən əldə etdikləri gəliri ölkədə
əmlaka və ya biznes yatırımına yönəldə
biləcəklər.
Xatırladaq ki, sahibkar xaricdən əldə olunan
dividend gəlirlərini ölkədə bəyan etmək
üçün mütləq şəkildə uçota
durmalıdır. Fiziki şəxs əvvəlcədən
vergi uçotuna durmalı, növbəti ilin martın 31-dək
gəlir vergisi bəyannaməsini təqdim etməli və
xaricdə tutulmuş verginin təsdiqedici sənədini əlavə
etməlidir. Bu halda vergi hesablanarkən həmin məbləğ
nəzərə alınır. Qanunvericiliyə əsasən,
gəlirləri bəyan etməməklə vergi ödəməkdən
yayınan şəxslər üçün isə məsuliyyət
tədbirləri mövcuddur.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 31 dekabr(¹240).-S.8.