“Azərbaycan İsrailin müsəlman
ölkələrlə necə sülh, əməkdaşlıq
içində yaşaya bildiyinin ən gözəl nümunəsidir”
İsrail Dövlətinin Azərbaycandakı səfiri
Ronen Krauszun “525-ci qəzet”ə müsahibəsi
- Cənab səfir, sizinlə 2025-ci ilin sonunda
görüşürük. Ona görə də bu ili Azərbaycan-İsrail
münasibətləri baxımından qiymətləndirmənizi
istərdim.
- Mən ilk növbədə Azərbaycan liderini və
xalqını Yeni il münasibətilə təbrik edirəm.
Bəli, biz 2025-ci ili çox fəal şəkildə
başa vururuq. Bu il ərzində Azərbaycan-İsrail əlaqələri
əvvəlki illərlə müqayisədə daha da
inkişaf edib. İsrail üçün son illər çətin
olub, müharibə zamanında Azərbaycanın həqiqi dost
olduğunu hiss etdik. Azərbaycan bizə kömək göstərmək,
məqsədlərimizi təşviq etmək üçün
yanımızda idi. Biz müntəzəm əlaqələrimizə
geri dönmüşük.
Hər iki tərəfdən davamlı rəsmi səfərlər
həyata keçirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov
bir neçə dəfə İsrailə səfər edib.
Eyni zamanda, Prezidentin köməkçisi - Azərbaycan
Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev İsraildə
səfərdə olub. Xarici işlər nazirləri
arasında Əbu-Dabi görüşü, ötən il
Davosda prezidentlərin görüşü olduqca vacib idi.
İlin sonuna yaxın, noyabr ayında Yerüsəlimdə
İsrail Dövlətinin Hökuməti ilə Azərbaycan
Hökuməti arasında Birgə Komissiyanın növbəti
iclası keçirildi. Azərbaycandan geniş nümayəndə
heyəti bu məqsədlə İsrailə gəlmişdi.
İsrailin maliyyə naziri Zeev Elkin dekabr ayında Azərbaycana
səfər etdi. Beləliklə, əgər bu ili ümumiləşdirsək,
dövlətlərimiz üçün həm əlaqələrimizin
inkişafı, həm də yaxın dostluq münasibətləri
baxımından çox müsbət bir il olub. Siyasi sahədə
görüşlər, səfərlər münasibətləri
növbəti səviyyəyə qaldırır.
- Azərbaycan-İsrail münasibətlərindən
danışarkən adətən unikal ifadəsini işlədirik.
Biz unikal münasibətlərə necə nail olmuşuq?
- Həqiqətən də İsrail ilə Azərbaycan
arasında münasibətlər unikaldır. Münasibətlərin
səviyyəsi, əlaqələr, liderlər arasında
münasibətlər çox xüsusidir. Bu gün münasibətləri
bu səviyyədə olan ölkələrə nadir hallarda
rast gəlinir. Liderlər əhəmiyyətli günlərdə
bir-birini təbrik edir. Bir həftə əvvəl İsrail
Prezidenti İsxak Hersoq İlham Əliyevə zəng edərək,
onu doğum günü münasibətilə təbrik etdi.
Onlar müxtəlif konfranslarda, yüksək səviyyəli tədbirlərdə
mütəmadi olaraq görüşürlər. Bayaq dediyim
kimi, vacib nümayəndə heyətlərinin səfərləri
oldu. Düşünürəm ki, ölkələrimiz
arasında bu cür əlaqələrin olması ilk növbədə
yüz illərdir ki, yəhudi icmasının Azərbaycanda
azad, açıq şəkildə hər hansı antisemitizm,
diskriminasiya, dini diskriminasiya olmadan yaşamalarına əsaslanır.
Bu, münasibətlərimiz üçün çox əhəmiyyətli,
vacib bir təməldir. Ən mühüm məqamlardan biri də
Azərbaycan diasporunun uzun illərdir ki, İsraildə
yaşamasıdır. On minlərlə insan iki ölkə
arasında körpüdür. Hər iki ölkə bir-birini
anlayır, ona görə də nəyisə izah etmək
üçün çox vaxt sərf etməyə
ehtiyacımız qalmır. Biz sadəcə olaraq
görüşürük və təşviq etmək istədiyimiz
məsələləri müzakirə edirik. Bu məqam bizim
münasibətlərimizin yüksək səviyyəyə
çatmasının səbəblərindən biridir və
onu unikal edir.
- Ölkələrimizin müəyyən etdiyi
prioritet əməkdaşlıq sahələri var. Əməkdaşlığın
əhatə dairəsi daha hansı sahələrlə
genişləndirilə bilər?
- Həqiqətən də uzun illər bizim çox
uğurla əməkdaşlıq etdiyimiz sahələr olub, bu
gün də biz həmin sahələrdə əməkdaşlığımızı
davam etdiririk. Əmin edirəm ki, gələcəkdə də
bu əməkdaşlıq uğurlu olacaq. Bununla belə yeni əməkdaşlıq
sahələri də var. İsrail iqtisadiyyatın bir sıra
sahələrində Azərbaycan üçün vacib olan
maraq dairələrini araşdıra, öz təcrübəsini,
biliklərini paylaşa bilər. Hansı ki, İsrail texnologiyaları
yerli iqtisadiyyatın bir hissəsi kimi Azərbaycana gətirilə
bilər. Kənd təsərrüfatı, su texnologiyaları,
kiber təhlükəsizlik, innovasiya, süni intellekt, bu
gün daha çox aktualdır. Başqa bir mühüm sahə
turizmdir. İsraildən Azərbaycana turist sayında rekord
göstərici əldə edilib. İsraildən Azərbaycana
60 mindən çox turist səfər edib. Yüz min israilli
Bakıdan başqa yerə səyahət edənlərdir.
Ümid edirəm ki, gələcəkdə biz Azərbaycandan
İsrailə səyahət edənlərin sayının
artacağını görəcəyik. Və İsrail azərbaycanlılar
üçün əsas turizm istiqamətlərindən birinə
çevriləcək. Mən maraq kəsb edən sahələri
ümumiləşdirərək, inanıram ki, hər iki
ölkənin yaxın gələcəkdə daha sıx əməkdaşlığını,
genişlənməni görəcəyik.
- Cənab səfir, Qəzza barədə soruşmaq
istəyirdim. Aktiv döyüşlər getməsə də,
mürəkkəb vəziyyət qalır. Düzdür,
ictimai həyat tədricən bərpa olunur, amma proseslərin
necə inkişaf edəcəyi, sülh planının irəliləməsi
ilə bağlı bəzi qeyri-müəyyənliklər
qalır. Sülhə tam nail olmaq üçün nə etmək
lazımdır?
- İstəyirəm sualın sonuncu hissəsindən
başlayım. İlk növbədə İsrail
qonşuları ilə sülh içində yaşamaq istəyir.
Biz Misirlə, İordaniya ilə sülh əldə etdik,
İbrahim sazişləri ilə sülhü digər müsəlman
ölkələri ilə genişləndirdik. Azərbaycanla
bizim 30 ildən artıq diplomatik münasibərlərimiz var.
Bu, İsrailin əksəriyyəti müsəlman olan ölkələrlə
necə sülh, əməkdaşlıq içində
yaşaya bildiyinin ən gözəl nümunəsidir.
Fələstinlə bağlı da eyni yanaşmanı
demək istəyirəm. Burda əsas problem Qəzzanın hələ
də HAMAS-ın nəzarətində olmasıdır. Qəzzanın
HƏMAS tərəfindən idarə olunması ilə fələstinlilərin
normal həyat yaşamasına nail olmaq mümkün deyil. Bu,
mütləq dəyişməlidir. Siz qeyd etdiniz ki, Qəzzada
humanitar vəziyyət inkişaf edir. Qəzzaya çoxlu sayda
humanitar yardım gəlir, onlar Qəzzada normal həyata
qayıdış üçün dəstək göstərirlər.
İsrail tərəfindən su ilə, elektriklə təminat
həyata keçirilir. Bu, stabilliyin, növbəti səhifə
açmağın vacib hissədir. Amma biz sonuncu girovumuz
qaytarılmayana qədər növbəti mərhələyə
başlaya bilmərik. Təəssüf ki, 7 oktyabr hücumu
zamanı bəzi insanlarımız girov
götürüldü. Biz sonuncu girovları, cəsədləri
almayana qədər dayanmayacağıq və yalnız bundan
sonra növbəti səhifə başlayacaq.
- Yanvar ayında sülh planının ikinci hissəsinin
elan ediləcəyi bildirildi...
- Bəli, əlbəttə,
bu mümkündür. Amma dediyim kimi, birinci hissəni başa
çatdırmalıyıq. Bunun üçün isə
bütün girovlar qaytarılmalıdır.
- İsrail Türkiyəni Qəzzada görmək istəmir.
Ölkənin bu mövqeyində dəyişiklik
mümkündür? Azərbaycan indiki mərhələdə
iki ölkə arasında münasibətlərin
normallaşmasında hansı rolu oynaya bilər?
- İsrail Türkiyənin problemlərin həllində
tutduğu müəyyən bir mövqeyə görə Qəzzanın
gələcəyində onu həllin bir hissəsi kimi görə
bilmir. Çünki Türkiyənin mövqeyi tamamilə
HƏMAS-ın xeyrinədir. Əvvəldə dediyim kimi, HAMAS
Qəzzada iştirakçı ola bilməz. Bu, bizim
üçün qəbuledilməzdir. Bunu Fələstində
də başa düşüblər. Əlbəttə ki, əgər
onlar mövqelərini dəyişsələr, başa
düşsələr ki, Qəzza inkişaf etməli, bərpa
olunmalıdır və normal həyatın
qayıdışı üçün HAMAS Qəzzada hər
hansı gücə, mövqeyə sahib olmalı deyil, onda vəziyyət
dəyişə bilər. Biz bu barədə
danışırıq. Azərbaycana gəlincə, həm
Türkiyə, həm İsraillə strateji müttəfiqdir.
Azərbaycan hər iki ölkə ilə qardaşlıq, dostluq
münasibətlərinə malik olduğu üçün hər
iki tərəflə danışıqlar aparır, vəziyyəti
izah etməyə çalışır. Biz Azərbaycanın
əvvəlki rolunu yüksək qiymətləndiririk və gələcəkdə
də bu, ola bilər. Amma sonda bu, Türkiyənin özündən
asılıdır. Biz onların mövqeyində müsbət
dəyişiklik görsək, müzakirələrə
açığıq.
- HƏMAS-la bir sıra digər ölkələrin də
təmasları var. Necə düşünürsünüz,
bu hərəkatın tam
silahsızlaşdırılması, ümumiyyətlə,
səhnədən getməsi mümkün görünür?
- Bu baş verməlidir. Bunun mümkün və ya
qeyri-mümkün olması sual deyil. Bu, mütləqdir.
Çünki HƏMAS terrorçu təşkilatdır.
Onların Qəzzadakı fəaliyyətlərinə, yerli əhaliyə
münasibətlərinə baxmaq lazımdır. Onlar
insanların rifahı üçün investisiya qoymayıblar.
İnsanları İsrail ilə müharibəyə,
zorakılığa hazırlayıblar. Bu, davam edə bilməz.
Qəzzada qanunun aliliyi, idarəetmə orqanı
olmalıdır ki, bu orqan öz məqsədini, diqqətini,
bütün gücünü və qabiliyyətlərini Qəzzanın
sakinləri üçün uyğun, normal və rahat bir yer
olmasını təşviq etməyə yönəltsin.
HƏMAS orda olmalı deyil. HƏMAS radikal, ideoloji,
dağıdıcıdır, uzun illər Qəzzanın yerli əhalisini
öz ambisiyaları və məqsədləri
üçün istifadə edib. Onlar dayanmaq istəmir,
güclərini bərpa etməyə
çalışırlar, əgər səhnəni tərk
etməsələr, Qəzzanın gələcəyi olmayacaq.
- Suriya ilə vəziyyət hazırda nə yerdədir?
Münasibətlərin normallaşması İsrailin təhlükəsizliyi
üçün nə dərəcədə vacibdir? Bu
normallaşma gələcəkdə Suriyanın İbrahim
sazişlərinə qoşulmasına gətirib
çıxara bilər?
- Bayaq dediyim kimi, İsrailin məqsədi bütün
qonşuları, o cümlədən Suriya ilə sülhə
nail olmaqdır. Bunun baş verməsi üçün Suriya vəziyyətin
dəyişməsini sübut etməlidir. Onlar İsraillə
sülh içində yaşamaq istədiklərini göstərməli,
İsrail dövlətini tanımalıdırlar. Biz radikalizm əleyhinə
mübarizə aparırıq. Bir müddət əvvəl yəhudilərə
qarşı baş vermiş insident bir daha
yaşanmamalıdır. Suriyanı əlbəttə ki, tərəfdaş,
İbrahim sazişlərinin hissəsi kimi görmək istərdik.
Bu, Suriyanın mənafeyinə xidmət edər. Suriyanın
uzun illər davam edən vətəndaş müharibəsindən
sonra indi bərpa prosesinə ehtiyacı var. İsrail əlbəttə
ki, kömək etməyə məmnun olardı, amma ilk
növbədə Suriya öz davranışlarını dəyişməlidir.
- Cənab səfir, Livan-İsrail-Hizbullah
üçbucağında da məsələ mürəkkəb
olaraq qalır. Düzdür, Livanla İsrail arasında ilk dəfə
olaraq danışıqlar baş tutdu. Necə
düşünürsünüz, Hizbullahsız Livan
mümkündür?
- Hizbullah terrorçu təşkilatdır və o,
ölkənin, dövlətin həyatında rol oynaya bilməz.
Livanın müəyyən bəyanatlar verdiyini
görürük. İsrail Livanda stabilliyin tərəfdarıdır.
Hesab edirəm ki, Livanın hazırkı rejimi Hizbullah əleyhinə
fəaliyyətdə aktivdir. Eyni zamanda, biz Hizbullah tərəfindən
hər hansı bir cəhd görsək, fəal şəkildə
hərəkət etməyə davam edəcəyik.
- Yenidən ikitərəfli münasibətlərimizə
qayıtmaq istəyirəm. Müdafiə və təhlükəsizlik
əməkdaşlığı hazırda hansı səviyyədədir?
- Hesab edirəm ki, bu sahələrdə çox
yaxşı əlaqələrimiz var, bu məsələdə
detalları ətraflı açıqlamırıq. Ümumi
olaraq hesab edirəm ki, ölkələrimiz arasında əlaqələr
çiçəklənməkdə davam edir. Hazırda
2026-cı ilin planı üzərində işləyirik.
İnanıram ki, qarşıda daha çox inkişaflar
görəcəyik. Biz münasibətlərimizə pozitiv
yanaşırıq. 2025-ci ildə əlaqələrimizdə
dinamika olub, səfərlər, nümayəndə heyətləri
və s. Səfirlik mədəniyyət, sosial layihələr
həyata keçirir. Bir neçə gün əvvəl 4
nömrəli internat tipli ümumtəhsil məktəbində
təmir olunmuş Musiqi Otağının
açılışı olub. Bu cür layihələr
davamlı olacaq. Əminəm ki, ikitərəfli əlaqələrimiz
yüksəlməkdə davam edəcək.
- Gələn il üçün ikitərəfli əməkdaşlıqla
bağlı nə kimi planlar var?
- Dediyim kimi, bu, siyasi səviyyədə başlayacaq,
nümayəndə heyətləri, rəsmi səfərlər
olacaq, iqtisadi sahədə İsrail şirkətləri əməkdaşlığı
inkişaf etdirmək üçün səfərlər həyata
keçirəcəklər. Həmçinin mədəni
mübadilələr olacaq, festival keçirməyi
planlaşdırırıq. Əminəm ki, turizm sahəsi inkişafa
davam edəcək. Birbaşa reyslərin sayının
artırılması nəzərdə tutulub. Əməkdaşlığımızı
daha çox və daha yeni yollarla təşviq etməyə
çalışacağıq.
- Cənab səfir, bu günlərdə Sidneydə
Hanuka bayramının qeyd edildiyi vaxt yəhudi icması
silahlı hücuma məruz qaldı, təəssüf ki, həyatını
itirənlər də oldu. Dini mərasim zamanı bu hücumun
təşkilində məqsəd nə idi?
- Bəli, təəssüf ki, Hanuka bayramının
ilk günü Sidneydə bu hadisə baş verdi, hansı ki,
ora üç il mənim evim olub, yəni orda üç il
işləmişəm. Biz bundan şok yaşadıq. 15 nəfər
icma üzvü öldürüldü. Ora mənim ikinci evim
idi, mən orda çalışmışam,
yaşamışan və inanmaq istəmirdim ki, bu hadisə
baş verib. Təbii ki, bu gün biz dünyada antisemitizmin,
“antiIsraelism”in yeni rolunu görürük. Ölkələr
bununla mübarizə aparmalıdırlar. Bu cür hallar bir
daha baş veməməli, dayandırılmalıdır.
İnsanlar sülh içində yaşamalıdırlar Hesab
edirəm ki, Azərbaycan bu məsələdə çox
gözəl nümunədir. Ümid edirəm ki, Sidneydə
baş verənlər bir daha təkrarlanmayacaq.
- Qəzzada yaradılması gözlənilən
sülhməramlı missiyada İsrail Azərbaycanı
görmək istəyir?
- Bu, əlbəttə ki, Azərbaycanın qərarı
olacaq. Azərbaycan suveren ölkədir və öz xarici siyasətini
sərbəst şəkildə həyata keçirir. Azərbaycan
özü üçün ən yaxşı olan qərarı
qəbul edəcək. Biz təbii ki, ölkənin suveren siyasətinə
hər hansı təsir etmək istəmirik.
Düşünürəm ki, Azərbaycanla qurduğumuz unikal
münasibətlər gələcək əməkdaşlığımız
üçün çox müsbət bir
başlanğıcdır. Biz əbəttə ki, öz
müttəfiqlərimizin, dostlarımızın bu layihəyə
cəlb olunmasına üstünlük veririk. Amma istənilən
halda, bu, Azərbaycanın qərarı olacaq.
- Cənab səfir, son olaraq, siz 10 ildən sonra
Bakıya diplomatik missiya rəhbəri olaraq
qayıtdınız. Azərbaycanda daha çox nədən
ötrü darıxmışdınız, Azərbaycan deyəndə,
ilk olaraq nələri göz önünə gətirirsiniz?
- Mən 10 ildən sonra Bakıya
qayıtdığım üçün çox xoşbəxtəm.
Beş aydır ki, burdayam. Həyatımın bir hissəsi
olan Azərbaycana qayıtmaq seçimimdən son dərəcə
məmnunam. Mən və ailəm üçün yenidən
bura qayıtmaq, köhnə dostları görmək əla bir
təcrübə oldu. Azərbaycan çox inkişaf edib.
Ötən həftə Şahdağa səfər etdim.
Qarabağa iki dəfə səfər etmək imkanım olub.
Ümid edirəm ki, yenə də səfər etmək
imkanım olacaq. Əlbəttə ki, 15 il əvvəl bu,
mümkün deyildi, amma indi belə imkan var. Ən vacib
olanı insanlar arasında əlaqələrdir. Mənim
Bakıda küçədə, oteldə çoxlu israilli ilə
danışmaq imkanım olur. Onların təcrübəsi,
turist olaraq Azərbaycan barədə nə
düşündükərini soruşuram. Mən hər zaman
ancaq müsbət fikirlər eşidirəm. Xüsusilə onlar
yerli insanlar barədə sevgi, hörmətlə
danışırlar. Bu, bir daha insanlar arasında əlaqələrin
çox vacib olduğunu göstərir.
Pərvanə Sultanova
525-ci qəzet .- 2025.- 31 dekabr(¹240).-S.4;5.