Gənclər siyasəti - milli
inkişaf strategiyasında mühüm istiqamət
Azərbaycan dinamik iqtisadi inkişaf tempinə və
möhkəm ictimai-siyasi sabitliyə malik olan modern dövlətdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən uğurlu siyasətin fonunda milli
inkişafın Azərbaycan modelinin
formalaşdırılması və səmərəli iqtisadi
siyasət sayəsində hədəflənən nəticələrin
əldə olunması, sosial-siyasi islahatların mütəmadi
qaydada həyata keçirilməsi, qanunvericilik bazasının
zənginləşdirilməsi, vətəndaş cəmiyyəti,
hüquqi dövlətin inkişafına maksimum əlverişli
şəraitin yaradılması və digər bu kimi tədbirlər
Azərbaycanın sürətli inkişafını təmin
etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını
formalaşdırır. Şübhəsiz, bütün bunlar
ölkəmizdə həyata keçirilən mütərəqqi
gənclər siyasətinin də səmərəliliyini
artırır. Bu isə Azərbaycanın milli
gücünün daha da artmasını şərtləndirən
mühüm faktor kimi dəyərləndirilə bilər.
Ümumiyyətlə, dövlətin milli inkişaf
strategiyasının mühüm istiqamətlərindən
birini də məqsədyönlü gənclər siyasəti
təşkil edir. Gənclər siyasətinin mahiyyətindən
bəhs edərkən ümumi olaraq qəbul edilən tərif
budur ki, bu siyasət gənclərin hərtərəfli
inkişafını, cəmiyyətin həyatında
onların fəal iştirakını təmin etmək məqsədi
ilə dövlət tərəfindən ictimai-siyasi,
sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların
yaradılmasına yönəlmiş tədbirlər sistemidir.
Dövlətin gənclər siyasəti strateji səciyyə
daşıyır və bu siyasətin fonunda gənclərin
fiziki, əqli və mənəvi inkişafına şərait
yaratmaq, onların imkan və bacarıqlarının
reallaşdırılmasına kömək etmək gənclər
siyasəti sahəsində qanunvericilik aktlarının,
Dövlət proqramlarının hazırlanması və həyata
keçirilməsinə nail olmaq xüsusi strateji məqsədlər
hesab edilir.
Azərbaycanda mükəmməl gənclik siyasəti
Ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır. 1993-cü ildə Ulu öndər Heydər
Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə
hakimiyyətə gəlməsindən sonra ölkədə bu
istiqamətdə mühüm işlər görülüb.
Burada "Gənclər siyasəti haqqında" Azərbaycan
Respublikasının Qanununun qəbulu, Gənclər və
İdman Nazirliyinin yaradılması, ölkədə Gənclər
gününün təsis edilməsini və sairi xüsusi
qeyd etmək lazımdır. Forumda Ümummilli lider Heydər
Əliyev də iştirak edib. Bundan başqa, Ulu öndər
Heydər Əliyev "2 fevral - Azərbaycan Gəncləri
Gününün elan edilməsi haqqında" Sərəncam
imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq
hər il 2 fevral Azərbaycanda Gənclər günü kimi təntənəli
şəkildə qeyd olunur. Əlavə edək ki, Gənclər
günü MDB məkanında və Şərqi Avropa ölkələri
arasında ilk dəfə olaraq Azərbaycanda təsis olunub.
Ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu gənclər siyasəti bu gün Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Proqrama
uyğun olaraq Gənclər Fondunun yaradılması, gənclərin
və gənclər təşkilatlarının bacarıq, təşəbbüs
və yaradıcılıqlarının üzə
çıxarılması və onların hökumət tərəfindən
dəstəklənməsi, gənclər üçün
Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin
beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi,
respublikanın əksər rayon və şəhərlərində
gənclərin istifadəsinə verilən Gənclər mərkəzlərinin
və Gənclər evlərinin tikilməsi uğur və tərəqqinin
bariz göstəriciləridir. Azərbaycanda gənclərə
dövlət qayğısının ən önəmli
addımlarından biri də ölkə gənclərinə
hökumət vəsaiti ilə xarici ölkələrdə
nüfuzlu ali məktəblərdə oxumaq imkan və şəraitinin
yaradılmasıdır ki, bu gün bundan 10 minə yaxın gənc
faydalanır.
Gənclərin sosiallaşmasına, sosial norma və dəyərləri
mənimsəməsinə, eyni zamanda, onların dövlət
idarəçiliyində səmərəli təmsil
olunmasına, ümumilikdə, rasional münasibətlər
sisteminin formalaşmasına strateji töhfələr bəxş
edən faktordur. Bu gün Azərbaycan gəncləri strateji əhəmiyyət
kəsb edən dövlət idarəçiliyində aktiv təmsil
olunur, eyni zamanda, qanunverici, icraedici və məhkəmə
orqanlarında, bir sözlə, dövlət qurumlarında gənclərin
intellektual potensialından, kreativ ideyalarından, bilik,
bacarıq və vərdişlərindən səmərəli
istifadə edilir.
Göründüyü kimi, bugünkü Azərbaycan
gəncliyi ölkənin inkişafına mühüm töhfələr
verir. Qarşıya qoyulan bütün məqsədlərin
yerinə yetirilməsi istiqamətində gənclərin
potensialından səmərəli istifadə olunur. Bir sözlə,
bu gün dövlətçiliyə və milli maraqlara sadiq
aktiv gənclər ordusu mövcuddur. Dövlətimizin
başçısı bu məsələni xüsusi diqqət
mərkəzində saxlayır.
Millət vəkili Fatma Yıldırım deyir ki, Azərbaycanda
uğurlu dövlət gənclər siyasəti həyata
keçirilir. Azərbaycanı gənclər ölkəsi, gəncləri
isə Azərbaycanın gələcəyi adlandıran Ulu
öndər Heydər Əliyev gənc nəslə
qayğını heç vaxt əsirgəməyib.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə
qayıdışı ilə gənc nəslə diqqətin
göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən
birinə çevrildi. Ümummilli lider Heydər Əliyev gənclər
siyasətinin ayrı-ayrı istiqamətləri üzrə
müxtəlif sənədlər imzalayıb. Belə ki,
ayrı-ayrı dövlət orqanlarının gənclərlə
iş sahəsindəki fəaliyyətini əlaqələndirmək
məqsədilə Ulu öndər Heydər Əliyevin
1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və
İdman Nazirliyi yaradıldı. Bu nazirlik gənclərlə
iş sahəsində vahid dövlət siyasətinin
reallaşdırılmasını təmin etdi.
Bütövlükdə, əsası Ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuş dövlət gənclər
siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin
izlər buraxıb.
Deputatın sözlərinə görə, müasir,
müstəqil Azərbaycanın intensiv inkişafını təmin
edən fundamental amillərdən birini də cəmiyyətin ən
dinamik təbəqəsi qismində çıxış edən
gənclərin potensialından səmərəli istifadə təşkil
edir. Gənclər siyasəti ölkədə həyata
keçirilən inkişaf siyasətinin mühüm tərkib
hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın
bütün sahələrində aktiv fəaliyyəti ilə
seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin
həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin
fəaliyyəti üçün dövlətin
yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə
cəmiyyətin aparıcı qüvvəsinə çevrilib
və gəncliyimiz ölkəmizin gələcəyi
uğrunda inamlı addımlar atmaqdadır.
Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə,
vətənpərvərlik hissinə, milli düşüncəyə
malik gənclərin formalaşdığını diqqətə
çatdıran Fatma Yıldırım əlavə edib:
"Prezident İlham Əliyevin gənclərin potensialının
gerçəkləşməsinə, onların vətənpərvər,
savadlı kadr kimi yetişməsinə, gənc ailələrin
sosial təminatına yönələn tədbirləri, təsdiq
etdiyi dövlət proqramları dövlətin uzaqgörən
siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.
Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı
rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə
çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin
formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə
dəstək və diqqət göstərməsinin nəticəsində
Azərbaycan gəncliyində özünə, öz
gücünə, istedadına inam hissi artıb. Xüsusilə,
gənclərimizin yüksək vətənpərvərlik
ruhu vurğulanmalıdır. Rəşadətli Azərbaycan
Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə
vuruşan qəhrəman gənclərimiz öz
adlarını xalqımızın ən yeni tarixinə
qızıl hərflərlə yazdılar. Məhz onların
rəşadəti sayəsində əldə olunan bu
şanlı Zəfər ölkəmizin ərazi
bütövlüyünü və suverenliyini bərpa etdi,
xalqımız otuz illik həsrətdən sonra tarixi
torpaqlarımıza qovuşdu. Gənclərimiz Vətən
uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə
də yüksək fəallıq göstərib, ölkəmizlə
bağlı həqiqətlərin, işğalçı Ermənistanın
əzəli torpaqlarımızda törətdikləri
vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılmasında fəal iştirak ediblər".
Millət vəkili Mahir Süleymanlının dediyinə
görə, gənclər cəmiyyətin ən fəal və
kreativ təbəqəsi olaraq ölkənin gələcək
inkişafının təminatçısıdır. Onlar
ictimai-siyasi proseslərdə fəal iştirak edərək qərarların
icrasına təsir imkanlarını genişləndirirlər.
Seçkilərdə və digər proseslərdə fəallıqları
ilə cəmiyyətin demokratikləşməsinə töhfə
verirlər. Sosial təşəbbüslərlə cəmiyyətin
problemlərinin həllində yaxından iştirak edirlər:
"Müasir dövrdə gənclər müxtəlif ictimai
təşkilatlarda və gənclər birliklərində
öz ideyalarını reallaşdırır və
ictimai-siyasi sferalarda fəal rol oynayırlar. Xüsusilə
dövlət idarəetmə sistemində gənclərin
sayının artması onların innovativ
yanaşmalarını praktikada tətbiq etmək imkanı
yaradır. Dövlət gənclərin təhsil səviyyəsinin
yüksəldilməsi üçün geniş imkanlar
yaradır. Ali təhsil müəssisələrində
müasir ixtisasların tədrisi, xaricdə təhsil
proqramlarının genişləndirilməsi və təhsil
kreditlərinin verilməsi bu siyasətin əsas istiqamətlərindəndir.
İnnovasiya mərkəzlərinin yaradılması və
texnologiya sahəsində təhsil proqramları gənclərin
müasir çağırışlara cavab verməsi
üçün mühüm addımlardır. Bu, gənclərin
qlobal əmək bazarında rəqabət qabiliyyətini
artırmaqla yanaşı, ölkə iqtisadiyyatının da
inkişafına xidmət edir. Gənclərin məşğulluq
məsələrinin həlli üçün dövlət tərəfindən
xüsusi proqramlar həyata keçirilir. Gənc sahibkarlara
güzəştli kreditlər, startap layihələrinə dəstək,
innovativ biznes təşəbbüslərinə maliyyə
yardımı gənclərin iqtisadi müstəqilliyini təmin
edir. Həmçinin, gənclərin dövlət idarəçiliyinə
inteqrasiyası prioritet vəzifələrdən biridir.
Dövlət müxtəlif kadr ehtiyatı proqramları vasitəsilə
gəncləri dövlət strukturlarına cəlb edir. Bu, gənclərin
yeni ideyalarını tətbiq etməyə, müasir idarəçilik
metodlarını təkmilləşdirməyə imkan verir. Gənclərin
sosial problemlərinin həlli istiqamətində
genişmiqyaslı işlər görülür. Eyni zamanda, mədəniyyət
və idman sahələrində onların iştirakını
dəstəkləmək, beynəlxalq tədbirlərdə
ölkəni təmsil etmələrinə şərait
yaratmaq dövlətin prioritetlərindəndir. Dövrün
çağırışlarına cavab vermək
üçün gənclərdən yüksək səviyyədə
bilik, bacarıq və cəsarət tələb olunur. Rəqəmsal
transformasiya, iqlim dəyişiklikləri, qlobal siyasi
qeyri-sabitlik kimi amillər gəncləri yeni həll yolları
axtarmağa sövq edir.
Gənclər, həmçinin cəmiyyətin dəyərlərinin
qorunması, mədəni müxtəlifliyin saxlanılması
və sosial bərabərsizliyin aradan qaldırılması
kimi mühüm sahələrdə də fəallıq
göstərir. Onların yeni texnologiyalar vasitəsilə
qlobal proseslərə inteqrasiya etməsi isə ölkənin
mövqelərinin güclənməsinə xidmət edir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025- 13 fevral(№27).- S.13.