"Düzgün mütaliənin təməli
uşaqlıq çağında atılır"
Türkiyəli yazıçı Semih Dirinin fikrincə,
uşaq ədəbiyyatı sahəsində ciddi problemlər
var
Gənc yaşına rəğmən, qardaş
Türkiyədə imzası, əsərləri, kitabları
ilə yaxşı tanınan yazıçı Semih Dirinin
adını son zamanlar uşaq ədəbiyyatında daha
çox eşitməyə başlamışıq. Bu günlərdə
ölkəmizdə qonaq olan yazıçı ilə söhbətimiz
də məhz uşaq ədəbiyyatı haqqında oldu.
- Semih bəy, Azərbaycana xoş gəlmisiniz!
Söhbətimizə ilk olaraq yazmaq həvəsinizdən
başlamaq istərdim. Haradan yarandı bu həvəs və
yazıçılıq fəaliyyətinizə necə
başladınız?
- Öncə müsahibə dəvətiniz
üçün təşəkkür edirəm, Şahanə
xanım. Qardaş ölkəmiz Azərbaycanda olmaqdan
böyük məmnunluq duyuram. Qonaqpərvərliyiniz
üçün minnətdaram! Bədii ədəbiyyatın
sehrli dünyası var. Hərdən özümə sual verirəm
ki, niyə yazıram? Bunu peşəkar mənada nəzərdə
tutmuram. Bir fəaliyyət olaraq niyə yazıram? Bu kainat bizə
kifayət deyil, qayda və qanunlarını bizim müəyyən
etdiyimiz yeni bir kainat qurmaq cəhdidir yazmaq. Yaxşı oxucu
olmadan yaxşı yazıçı olmağın
mümkünsüzlüyünə inanıram. Şeir, hekayə,
tənqid, poetika kimi müxtəlif janrlarda yazırdım. Bir
pedaqoq kimi bəzi vərdişlərin müəyyən
yaşdan sonra mənimsənilməsinin mümkün
olmadığını kəşf etdim. Oxumaqla bağlı
isə həmişə kəmiyyətdən
danışılır. Bizdə kitab oxumaq vərdişi ilə
bağlı mütaliə mədəniyyətinin
olmadığı deyilir. Əslində oxunur, bəs nə
oxunur? "Wattpad"də (internet platforması) ucuz roman oxu,
nə oxuyursan oxu, bu, yanlışdır. Düzgün
mütaliə mədəniyyətinin təməli
uşaqlıq çağında atılır. Bu səbəblərdən
uşaq ədəbiyyatında da nümunələr yaratmaq qərarına
gəldim.
- Uşaq ədəbiyyatının ümumi çərçivəsi
haqqında fikirləriniz necədir?
- Təkcə türk uşaq ədəbiyyatının
deyil, ümumən uşaq ədəbiyyatı sahəsində
onun sərhədlərinin, məzmununun və keyfiyyətlərinin
müəyyənləşdirilməsi baxımından ciddi
problemlər var. Uşaq ədəbiyyatı uşaqların xəyallarına,
hisslərinə, düşüncələrinə əsaslanan
şifahi və yazılı bütün əsərləri əhatə
edir. Uşaq ədəbiyyatı, erkən uşaqlıqdan
başlayan və yeniyetməliyi də əhatə edən bir
dövrdə uşaqların dil inkişafı və anlama səviyyələrinə
uyğun olaraq onların duyğu və düşüncə
dünyalarını bədii linqvistik və vizual mesajlarla zənginləşdirən,
qiymətləndirmə səviyyələrini artıran
nümunələrin ümumi adıdır. Mütəxəssislərin
"uşaq ədəbiyyatı" anlayışına nəzər
saldıqda aydın olur ki, uşaq ədəbiyyatı
pedaqogika, psixologiya və ədəbiyyat elminin
qarşılıqlı və güclü vəhdətini tələb
edir. Bu çoxşaxəli məzmunla uşaq ədəbiyyatının
meyarlarını, eləcə də uşaq ədəbiyyatı
tarixi çərçivəsində dəyərləndiriləcək
əsərləri müəyyən etmək böyük
çətinlik yaradır.
- Bəs bütün bunları nəzərə alsaq,
uşaq ədəbiyyatı nümunələri necə
olmalıdır?
- Pedaqoqlar tərəfindən praqmatik funksiyaya və tərbiyəvi
perspektivə malik olaraq müəyyən edilən uşaq ədəbiyyatı
uşaqların idrak və emosional inkişafı
üçün bir vasitədir. Əvvəlki
sualınızla əlaqədar olaraq, şəxsən uşaq
ədəbiyyatına diqqət yetirmək fikri haradan
yarandı? Uşaqcasına və yönləndirilmiş nəşrlər
sonrakı yaşlarda mütaliədən qaçan, estetik həzdən
xəbərsiz şəxslərin meydana çıxmasına
səbəb olur. Həm pedaqoq, həm də yazıçı
kimi hesab edirəm ki, uşaq ədəbiyyatında tərbiyə
və estetik zövq eyni ölçüdə
götürülməlidir. Uşaq ədəbiyyatı
didaktikayla yükləndikdə darıxdırıcı, ləzzətsiz
mətndən o tərəfə keçə bilməz.
Sırf uşağa estetik zövq aşılamaq və ya onun əyləncə
və oyun ehtiyaclarını ödəmək məqsədi ilə
yazılan mətnlər də yarımçıq olacaq.
Əsas prinsipimiz uşaqlıq və uşaqlara uyğunluqdur.
Bu gün uşaq ədəbiyyatı sahəsində uşaq mətnləri
geniş yer tutur. Onların bir çoxu kommersiya məqsədləri
üçün hazırlanmış, akademik yanaşma və
estetik zövqü olmayan məhsullardır. Bu sahədə
çox düşünmək və seçici olmaq
lazımdır.
- Bəs sizin uşaq kitablarınızda vəziyyət
necədir?
- İlk əsərim Tuna və İdilin macəralarından
bəhs edən və "Berikan Çocuk" nəşriyyatında
çap olunmuş üç kitabdan ibarətdir. Əsərlərdə
türk mədəniyyətinin mifologiyasına və əfsanələrinə
istinadlar var. Bundan əlavə, adlar türk əfsanə,
nağıl və dastanlarından seçilib. Bu yolla həm də
uşaqlara ortaq türk mədəniyyətini
tanıtmağı hədəfləyirəm. "Yanaq bəy
və xilasetmə qrupu" adlı seriyanın ilk kitabında
Tunaya hədiyyə olaraq verilən şirin balıq Yanaq bəyin
başına gələn hadisələrdən sonra Tuna, Talay,
Kegi və xilasetmə qrupunun digər üzvləri cənab
Yanağı xilas etmək üçün həyəcanlı
bir səyahətə çıxırlar.
İkinci kitab - "Təzadlar diyarında bir
gün"də Tuna və İdil özlərini bir
nağılın ortasında tapırlar. O, bu diyarın ən
müdrik adamı Umay Ana ilə tanış olur, Qaraquş və
Yelbegen kimi təbiət dostları ilə müxtəlif macəralar
yaşayırlar.
Seriyanın üçüncü kitabı "Notlar
niyə küsdü?" adlanır. Burada əkizlər hər
həftə sonu olduğu kimi babaları Münir bəyi ziyarətə
gedirlər. Onların məşhur bəstəkar olan
babaları uzun müddətdir ki, musiqi bəstələyə
bilmədiyi üçün kədərlidir. Bu macərada
Tuna və İdil mübahisə edən notları
barışdırmaq üçün musiqinin
çılğın dünyasında İlham pərisi və
sevimli notlarla tanış olurlar.
Bu seriya uşaqlara dostluq, yardımlaşmaq və kəşf
mövzularını əyləncəli və öyrədici
şəkildə təqdim edir. Xüsusilə inkişaf mərhələsində
olan uşaqların özlərini dəyərlər üzərində
tərbiyə etmək, əsas əxlaqi və ictimai
qaydaları mənimsəmək, əsasən da 4-6 yaş
arasında öz fərdiliyini və sosial kimliyini müəyyən
etdiyi bir dövrdə uşaq ədəbiyyatının əhəmiyyəti
inkar edilə bilməz. Bu səbəbdən hekayələr
yazarkən uşağın söz ehtiyatını genişləndirəcək,
onu əyləndirəcək süjetlər yaratmağa
çalışıram. Eyni zamanda, uşaq ədəbiyyatı
özlüyündə bir tədqiqat sahəsi və akademik mərkəzdir.
Bu nöqtədə fənlərarası yanaşma tələb
olunur. Uşaq ədəbiyyatının pedaqoji aspektini diqqətdən
kənarda qoymamaq və şəxsi təxəyyülümüzü
bu sahəyə daxil etmək üçün komanda şəklində
çalışırıq.
Bu yaş qrupunda olan uşaqlar əyani materiallara maraq
göstərirlər. Bu səbəbdən vizuallıq və əyləncənin
əhəmiyyətini vurğulayan dəyərli illüstrator
Sevil Keleşin rəsmləri ilə uşaqlara yeni qapılar
açmağı hədəfləyirik. Pedaqoji nöqteyi-nəzərdən
yazdığım mətnin yaş qruplarının təsnifatı
və uyğunluğu ilə bağlı pedaqoqdan kömək
alırıq. Bu üç kitabım yaxın aylarda "Altun
kitab" nəşriyyatı vasitəsilə Azərbaycanda
uşaqların görüşünə gələcək.
Bu məqamda nəşriyyatın müdiri Rafiq
İsmayılova və redaktorumuz Elnur Astanbəyliyə təşəkkürümü
bildirirəm. Ümid edirəm ki, Azərbaycanda nəşrlərimiz
davam edəcək.
- Ancaq uşaq kitablarınız bunlarla kifayətlənmir.
Digər kitablarınızın mövzusu və hədəfi
nədir?
- "Alaz ilə Atəş" adlı kitabım
2024-cü ildə Ötüken Çocuk Yayınları tərəfindən
nəşr olundu. Kitab meşədə hüzur dolu həyat
sürən fil, qartal, meymun, timsah, sincab, bülbül və
zürafə kimi heyvanların bir gün təpədə
görünən tüstünün ardınca gedərək
macəra dolu səyahətə çıxmaqlarından bəhs
edir. Bu macərada dostlarımızın Alaz və Atəşə
yetişmək üçün apardıqları mübarizə
və sonrakı təcrübələri nəql edilir.
"Gülə-gülə, dostum bez" adlı
kitabım isə daha kiçik yaş qrupu üçün
maarifləndirici əsərdir. Tualetə alışdırmaq
prosesini dəstəkləməyi hədəfləyən bu
kitabda Alpın pişiyi Prens ilə arasında keçən
dialoqları və xəyali bir personaj olan Bezinin macəraları
maraq doğurur. Bu sayədə uşaqların tualetə
alışdırılması prosesini həm onların özləri
üçün, həm də valideynlər üçün
öyrədici və əyləncəli hala gətirməyə
çalışmışam.
"Seyfi baba" adlı kitabımda "İstiqlal
marşı"nın müəllifi Mehmet Akif Ərsoyun
"Safahat" adlı əsərində yer alan mənzum
hekayələrdən birini uşaqlara tanıtmağa çalışmışam.
Kitab müdrikliyin, mərhəmətin və təvazökarlığın
ön planda olduğu bu hekayəni günümüzün
türkcəsinə uyğunlaşdırılmış və
rəsmlərlə dizayn edilmiş şəkildə
uşaqlarımıza təqdim edir. Hekayə boyunca ucqar kənddə
yaşayan Seyfi babanın həyatına və şair Mehmet
Akif Ərsoyun səmimi təhkiyəsinə şahid oluruq.
Eləcə də Türk və dünya ədəbiyyatından
40 önəmli əsəri "Berikan Çocuk" nəşriyyatında
bir seriya şəklində çap etdik. Redaktoru olduğum bu
işdə uşaqlar üçün uyğun dil və
uyğun pedaqoji yanaşma ilə "Dədə Qorqud"dan
"Molla Nəsrəddin"ə, "Alisa möcüzələr
ölkəsində" əsərindən "Tom Soyerin macəraları"na
qədər çox mühüm əsərləri
uşaqların ixtiyarına verdik.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025- 13 fevral(№27).- S.12.