Avropa: 4 şəhər, 5 muzey...
(Birinci yazı - Berlin)
Deyir, Avropa gül kimi qız imiş...
Ağıllı-kamallı, başıaşağı bala
imiş. Yeməkdən-içməkdən də bir
korruğu yoxmuş. Allaha şükür, o boyda Finikiya
krallığı atasına baxırdı...
"Baxırdı" - deyəndə ki, atası Agenar elə
Finikiya kralı imiş. Amma mən Zevs haqqında pis
düşünüb, qənirsiz gözəl Avropanı
atasının nüfuzuna, imkanlarına görə
qaçırdığını demərəm. Vallah da...
Guya Zevsin başına dünya qəhət idi. O boyda
Allahdı, belə baxanda! Buludlara çatan Olimp əlində,
yerlərlə işi yox, daha göylərlə, səma ilə
əlləşir... Ürəyi də istəyəndə
ildırımdan çaxdırıb yerdə qalanlara
varlığını göstərir! Ona görə də
öküz cildinə girib göyçək qızı -
Avropanı Krit adasına qaçırmağının tək
bircə səbəbi Sevgi imiş! Hə, bir də deyirlər
ki, Zevs özü Buğaya çevrilməyib, sadəcə
buğanı gözəllər gözəli Avropanın
dalınca göndərib! Dəniz sahilində dostları ilə
oynayan qızcığazı elə ayaqyalın,
başaçıq alıb aparıblar. Adada
yaraşıqlı bir gənc kimi qızın
qarşısına çıxan Olimpli Zevs daha bir
ucalığı, dəqiq desəm, ən ali
UCAlığı - Qadın qəlbini fəth etmiş
olur.
Bu əfsanədi də, bilirəm! Sonralar Avropa Zevs
üçün üç oğlan dünyaya gətirəcək.
Və Zevsin ilahəsinin adı yarımadaya veriləcək.
Getdikcə, bu ərazilər inkişaf edib böyüdükcə
ayrıca qitəyə çevrilməsi də təbii tarixi
hadisə olacaq! Deyirəm ki, bunların əfsanə
olduğunu yaxşı başa düşürəm. İntəhası
nə etməli ki, dünyanın ən inkişaf etmiş
parçası olan Avropa nə qədər dəyişilsə
də, zamanın, siyasətin, tarixin təsiri ilə yeni-yeni
forma, şəkillər alsa da, əfsanəsini də itirməyib!
Görünür, niyyətim də robotlaşma əsrində
əfsanəyə çatmaq, ona toxunmaqdı. Ona görə
lap nağıllardakı kimi, doqquz gün, doqquz gecə
Avropanın 4 şəhərini - Berlin, Amsterdam, Paris və
Romanı muzeyləri ilə tanımaq arzusundayam...
lll
Və Berlində hava limanından
çıxar-çıxmaz qədim xatirələrim oyanır. Ona görə yox ki, mən
elə körpəlikdən buralarda gəzib dolanmışam,
yox! Ona görə ki, soyuqdu! Çətin 90-cı illərdə
keçən uşaqlığım yaddaşımda soyuqla
qalıb. Və bu, təkcə ölkədəki
qaz-işıq problemlərindən yox, həm də müharibə
havasından doğan şaxta idi. İndi də XX yüz il ərzində
iki böyük dünya müharibəsini uduzmuş
almanların baş kəndində qəribə bir ayaz var...
Hava buzzz! Canımı qoymağa yer tapmıram.
İnsanların baxışından da, şəhərin
üz-gözündən də sırsıra sallanıb sanki!
Metroya minib otelimin yerləşdiyi mərkəzə gedirəm!
...Otel xidmətçisinin bumbuz otağımın
qapısını açıb - əgər sizə soyuqdursa,
isidicini qoşa bilərsiniz! - deməyindən gözüm kəlləmə
çıxır. Deməli, bu temperatur onlar üçün
normaldır. Kimsə belə də xoşlaya bilərmiş...
İki günü bir təhər yaşamaq olardı, əgər
bir-birinə dəyən dişlərin səsi başıma
düşməsəydi! Ona görə balaca isidicini qoşub
qaçıram gəzməyə, otaqdan çıxıb isti
yer axtarıram. Yaxındakı kafedə isti qəhvə
içib özümə gələndən sonra şəhərin
xəritəsin telefonumda açıb gəzəcəyim yerləri
işarələyirəm.
Ən vacib turistik obyektlər, tarixi məkanlar piyada məsafəsindədir.
Həmçinin "hop off - hop on" adlanan avtobuslara minib bələdçini
dinləyərək şəhərin mərkəzini
dolaşa, maraqlandıran məkanda enib gəzib baxa, sonra
növbətisi ilə marşrutu davam etdirə bilərsən.
Şəhərin ortasından axan Şpre çayının
sahilində gəzmək çətindir. Çünki suyun
da Nazım Hikmət demiş - şəfəqi yox, soyuğu
adamın üz-gözünü dondurur. Addımların
sürətini artırıb avtobus dayanacağına
çatıram. Bilirəm, üstüaçıq avtobusun
isti olacağını gözləmək sadəlövhlük
idi. Amma düzünü deyim ki, sadə görkəmi ilə
heç bir xarizma nümayiş etdirməyən
ortayaşlı qadının danışdıqları
çox da uzaqda olmayan tarixin daha ciddi və dəhşətli
problemləri haqqında düşünməyə sövq
etdi və mən indiki zamanı, onun soyuğunu və problemlərini
unutdum.
...İkinci Dünya müharibəsinin ən
amansız tərəfi milyonlarla günahsız insanın
çəkdiyi müsibətlərdi. Neçə-neçə
on illiklər keçsə də, dünya Holokostu -
böyük soyqırımı unutmayıb. Faşistlərin
amansız cinayətlər törətdiyi bir çox şəhərlərdə
Holokost qurbanlarının xatirəsinə memoriallar, abidələr
ucaldılıb. Berlinə gəlməzdən öncə
şəhərin turistlər üçün gəzməli,
görməli yerlərini araşdıranda iki məkan diqqətimi
xüsusi çəkdi. Holokost memorialı və Terror
Topoqrafiyası. Dünyanın çağdaş durumunda,
Üçüncü Dünya müharibəsinin az qala
astanasını hiss etdiyimiz bir zamanda belə muzeylərdə
nə qədər ibrətamiz, vacib məqamlar var. Amma bunlar
böyük güclərə maraqlıdırmı, bilmirəm!
Hər halda bu iki muzeyi gəzdikcə dünyanın öz
tarixini necə təkrarlamasına və bütün zamanlarda ən
böyük faciəni yaşayan İNSANın heç bir nəticə
çıxarmamasına, dəyişilməməsinə heyrətlənirəm.
2005-ci il mayın 10-da İkinci Dünya müharibəsinin
bitməsinin 60-cı ildönümündə Berlində
Holokost qurbanlarının xatirəsinə ucaldılan memorialın
açılış mərasimi baş tutub. Elə ilk bir ildə
milyondan çox ziyarətçi muzeyə gəlib.
Paytaxtın mərkəzində, XVIII əsr möhtəşəm
abidəsi olan Brandenburq qapılarının
yaxınlığında yerləşən muzey açıq
hava altında böyük bir ərazini əhatə edir.
Öncə Brandenburq qapısı önündə durub
baxıram. Sevgililər qol-boyun şəkil çəkdirirlər.
Bir vaxt bu qapıların önündə Hitlerin əlli
illiyinə parad da keçirilib, müharibədə təslim
olandan sonra ətrafı xarabalığa da çevrilib.
Önündən şəhəri və ölkəni iki yerə
ayıran 155 kilometrlik Berlin divarı da çəkilib.
İndi isə müasir işıqlandırma ilə öz nəhəngliyini
nümayiş etdirən qapılar önündə ziyarətçilər
sosial şəbəkə videoları çəkirlər.
Baxıb düşünürəm ki, gerçək sənətin
ölməzliyi budur. Və burada ən adi, bəlkə də
qum dənəsi kimi mikroskopik görünən elə
insanın özüdür.
Hər halda iki futbol meydançası
böyüklüyündə ərazidə dama taxtası
estetikasında sıralanmış 2700 boz plitənin arası
ilə addımlayanda canımı alan soyuğu unutdum!
Artıq fiziki rahatsızlıq haqqında düşünməyə
yer qalmamışdı. Bu daş labirint abidəni ziyarət
edənlərin çıxılmazda qalan adamları az da olsa,
anlamaları üçün belə qurulub.
Holokost - yunan sözü - "holokostoz"dan
götürülüb. "Yandırılma qurbanı",
"odla məhv etmək" anlamı verir. Bu ifadə ilk dəfə,
sonralar Nobel Sülh Mükafatı laureatı olan
yazıçı, özü də Osvensim məhbusu Eli
Vizelem tərəfindən işlənib. Qaz kameraları və
krematoriyaların simvolu kimi işlənən ifadə məşhur
Amerika serialının premyerasından sonra daha da işlək
deyimə çevrilib.
Müasir elmi və publisistik ədəbiyyatlarda
1933-1945-ci illərdə faşist Almaniyası və onun
müttəfiqlərinin milyonlarla yəhudini təqib və məhv
etməsi faktı təsdiqlənir. Ümumiyyətlə
almanların Auşvitz adlandırdığı şəhərdə
ölənlərin dəqiq sayını müəyyənləşdirmək
mümkün olmayıb. Çünki bir çox sənədlər
itib-batıb, məhv edilib, faşistlər özləri isə
qaz kameralarına göndərilən qurbanların sayı
haqqında qeydiyyat aparmayıblar. Nürnberq tribunalının
sənədlərinə görə 2,8 milyon insan ölüb
burada və onların 90 faizi yəhudilər olub.
Muzeyin alt hissəsindəki məlumat
bölümündə belə dəhşətli rəqəmlər,
foto materiallar və videoçarxlar lap çoxdu. Amma daha
çətini sadəcə elə boz daş plitələrin
arasında dolaşmaqdır. Qapalı məkan qorxusu
("klaustrofobiya") olan adam üçün bu labirintdən
çıxmaq məşəqqətdir. Nəfəsim
daralır, ürəyim sıxılır, ürəklə mədənin
arasında, düz ortada yerləşən, sinirlərin
düyün nöqtəsi - Günəş kələfindən
bir ağrı tutur ki, az qalıram ikiqat olam. Tək bir
düşüncə rahat nəfəs almağa, təlaşı
qovmağa yardımçı olur - buradan
çıxış yolu var. Uzağı muzey bələdçisi,
ya digər ziyarətçilərin izi ilə çıxa bilərsən.
Bəs zamanın o üzündə heç bir
çıxış yolu olmayan və dəhşətli
darlığa, darısqallığa əbədi göndərilənlər
nə çəkiblər görən?! Nədənsə məhz
bu yerdə məni işgəncə obyekti, faciə qəhrəmanlarından
daha çox bunu icra edənlər düşündürür.
Hitlerin diktator, tiran olmasına şübhə yoxdur. Ancaq
bütün bu dəhşətlər bircə adamın
ayağına yazılmaz ki... Bu işgəncələri icra
edən yüzlərlə, minlərlə adamın taleyi
sonralar necə olub? Məsələn minlərlə yəhudi
məhbus üzərində diri-diri eksperimentlər aparan,
onların ah-naləsinə fikir vermədən öz məqsədləri
üçün işgəncə dolu təcrübələr
keçirən həkim Yozef Menqele müharibə bitəndən
sonra Latın Amerikasına qaçıb və 1979-cu ilə
kimi yaşayıb orada. Əkiz uşaqların gözlərini
çıxarıb göz rəngi haqqında tibbi biliklərini
artırmağa çalışan bu "adam" necə,
hansı düşüncə, hansı inamla sağ
qalmağı bacarıb axı?! Yaxud günahsız
uşaqları analarından ayırıb iyrənc məqsədlər
üçün istifadə edən düşərgə əməkdaşları
öz balalarının üzünə necə baxa biliblər?!
Əlbəttə, böyük tarixi faciələr haqqında
düşünəndə daha çox yəhudiləri xilas
edən alman biznesmen Oskar Şindler iri plana gəlir və onun
haqqında film ("Şindlerin siyahısı". Rej:
S.Spilberq) çəkilir. Bu dəhşətli olayda qəhrəman
məhz Şindlerdir. Ancaq nədənsə zamanın
"işgəncə aləti" olmaqdan çəkinməyən
üzləri də mənə maraqlıdır. İndi
dünya görmüş müdrik, təmkinli bir adam mənə
izah edib deyə bilər; "insan zəifdir və ona bu zəifliyi
bağışlamaq lazımdır". Başa
düşürəm! Amma hara qədər?! İnsanın
öz qorxularına boyun əyməsi, çətinə
düşən kimi simasını itirməsi doğrudanmı
qanunauyğundur?! Bilmirəm! Rus yazıçısı
F.Dostoyevskinin "Ölü evdən qeydlər" əsərində
bir məqamda sarsılmışdım. Özü də
sürgündə, məhbəsdə olan yazıçı
atasını öldürüb su arxında gizlədən
cinayətkarın bu əməlini necə şənlənərək
danışdığını dəhşət içində
yazırdı. Bəlkə elə bu cür yumşaq desək,
qəribə adamları müşahidə etmək imkanın
və yazıçı kimi o cür xarakterləri qələmə
almaq istedadına görə F.Dostoyevski - "İnsan hədsiz
genişdir. Onu daraltmaq lazımdır" - deyirdi. Yəni bu
genişliyə insana xas beş-üç müsbət keyfiyyətlə
yanaşı, hər şey, hər cür murdarlıq, qəddarlıq
yerləşir... Amma görən bu darısqallıqda kənarda
qalan elə o beş-üç nəcib keyfiyyət olmaz ki?!
...Piter Ayzenmanın layihəsi, alman publisisti Leya
Roşun ideyası əsasında yaradılmış memorial o
qədər qarışıq duyğular oyadır ki... Plitələr
arasına düşəndə abidə xaricində hər
şey görünməz olur. Bircə parça səmadır
başının üstündə. Yanaşı addımlamaq
da mümkün deyil burada. Dünya şöhrətli psixoloq
Kolin Ellard bunu "sevgilidən məcburi ayrılmaq" tezisi
ilə izah edir. Deyir ki, insan bir anlıq sevdiyi insanlardan məcburi
ayrılıq duyğusunu, ağrısını, təlaşını
keçirir burada! İstər burada, istərsə də,
Terror Topoqrafiyasında bədbinliyə qapılardım. Bəlkə
dərin bir depressiya da uzun müddət qaçılmaz
olardı. Əgər elə Berlinin tarixində, simasında
zamanın bütün ədalətsizliklərə verdiyi
cavabı görməsəydim.
İkinci Dünya müharibəsindən sonra ikiyə
bölünmüş ölkəni ayıran Berlin
divarının kiçik bir hissəsi qalıb indi. Bir vaxt
Almaniya Demokratik Respublikası ilə Almaniya Federativ
Respublikasını ayıran divar nə qədər almanın
faciəsinə səbəb olub. Birindən o birinə
doğmalarını görməyə qaçan nə qədər
sadə adam elə sərhəddəcə güllələnirmiş.
Sərhəd nəzarət məntəqəsi olan
"Çekpoynt Çarli" adlanan məkanda indi fotoqraflar
3-5 avroya fotolar çəkirlər. Amma cəmisi 60-70 il əvvəl
ADR-dən Şərqi Berlinə qaçış cəhdlərinə
elə Qərb müşahidəçilərinin gözü
önüdə adamlar öldürülürdü. ADR vətəndaşları
elə bu sərhəd nəzarətlərindən yük
maşını ilə yayınırmışlar.
Çekpoynt Çarlidən qaçan son şəxs Hans-Peter
Şpinser olmuşdu. O, 18 avqust 1989-cu il tarixində
qızı ilə bir yerə müttəfiq avtomobilinin yük
yerində sərhədi keçmişdi.
ÇekPoynt Çarlidən çox da aralı deyil
Berlin divarının tarix üçün saxlanılmış
hissəsi. Divarboyu addımladıqca sənətin tarixdən,
zamanın ədalətsizliyindən necə uğurla qisas
alması haqqında düşünürəm. İndi
divarın üzərini rəngarəng rəsm əsərləri
bəzəyir və bunların hər birində
keçmişə ironiya əsas mövzunu təşkil
edir... Təkcə elə sovet rəhbəri Leonid Brejnevin
öpüşü nəyə desən dəyər. SSRİ
liderinin Şərqi Almaniya lideri Erix Honnekerlə 1979-cu ildəki
görüşündə o məşhur öpüş
siyasi cəhətdən fərqli yozulmuşdu. İndi Berlin
divarında Dmitri Vrubelin çəkdiyi həmin rəsm,
şarj "Allahım, bu ilahi sevgidən qurtulmağıma
kömək et" şərhi ilə (1990-cı ildən) təqdim
olunur.
Divarı bəzəyən digər rəsmlərin də
mənası nikbindir... Berlinli rəssam Kani Alavinin qraffitisi
1990-cı ildə çəkilib. Sərin tonlarda olan mücərrəd
rəsm, Divarın yıxıldığı günü - 9
noyabr 1989-cu il Çekpoynt Çarlini təsvir edir. Bu əsərdə
rəssam Şərqi almanların
"üzərək" Qərbə keçməsini
təsvir edib. Onların simasında xalqın həmin gün
hiss etdiyi çaşqınlıq, həyəcan, sevinc, təşviş
və çoxdan gözlənilən azadlıq hissinin qarışığını
səciyyələndirən müxtəlif emosiyaları
görünür. Elə bu həyəcanla
"Hauptbahnhof-Berlin" adlanan Dəmir Yol Vağzalına tələsirəm.
Avropanın ən böyük Dəmiryol Vağzalı daha
çox iri ticarət mərkəzini xatırladır...
Sürət qatarı ilə Amsterdama yola düşəcəyəm.
Amsterdamda böyük rəssamlar Rembrantın ev-muzeyini və
Van Qoqun çoxmərtəbəli muzeyini ziyarət edib sənətin
sehrinə dalmaq imkanım olacaq! Özü də saatlarla...
İndilikdə ilin son sayının qapaq rəsmindən Van
Qoq şedevri ilə oxucularımızla sağollaşıram.
"Qobustan" dərgisi.
Qış/2024
PƏRVİN