Odlu silah əldə
etmək üçün yaş həddi 18-dən 21-ə
qaldırılır
Mövcud qanunvericiliyə əsasən, Azərbaycanda
odlu silah əldə etmək hüququ üçün qoyulan
yaş həddi 18-dir. Lakin bu yaş həddinin dəyişdirilməsi
təklif olunur. Milli Məclisdə sözügedən məsələ
müzakirəyə çıxarılıb. Müvafiq
qanunvericiliyə ediləcək dəyişiklikdə odlu silah əldə
etmək üçün yaş həddi 21-ə
qaldırılacaq.
Ölkədə xidməti və mülki silahı əldə
etmək hüququ olan subyektlərin sırasına xüsusi
nizamnamə vəzifələrini yerinə yetirən dövlət
orqanlarının və hüquqi şəxslər, xidməti
və mülki silahın işlənib hazırlanması,
sınaqdan keçirilməsi, istehsalı ilə və ya
silahın satışı ilə məşğul olan müəssisələr,
idman və ovçuluq cəmiyyətləri və təhsil
müəssisələri aiddir.
Mülki silahı əldə etmək istəyən vətəndaş
yaşadığı ərazi polis orqanına və ya Daxili
İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik
İdarəsinə müraciət edə bilər.
Silahın alınmasına xüsusi icazə verilir.
Əcnəbilər xüsusi icazə əsasında əldə
etdikləri mülki silahı alındığı vaxtdan 5
gündən gec olmayaraq Azərbaycan Respublikasından
aparmalıdırlar. Silahın Azərbaycan Respublikasından
aparılma müddəti pozularsa, həmin silah müsadirə
olunur. Mülki silahın əldə edilməsinə verilən
xüsusi icazənin etibarlılıq müddəti 6 aydır.
Qanunsuz silah saxlama, üzərində gəzdirmə, satma,
başqasına vermə və s. kimi hallar Cinayət Məcəlləsinin
228-ci maddəsində əks olunub.
Maddənin birinci bəndində göstərilir ki,
qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini,
döyüş sursatı (yivsiz odlu ov silahı və həmin
silah üçün döyüş sursatı istisna olmaqla),
partlayıcı maddələr və qurğular əldə
etmə, başqasına vermə, satma, saxlama, daşıma və
ya gəzdirməyə görə iki ilədək müddətə
islah işləri və ya bir ildən üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması
və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Milli Məclisin müdafiə, təhlükəsizlik və
korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat
Aydın Mirzəzadənin sözlərinə görə, Azərbaycanda
silah satışı və gəzdirilməsi qanunla
qadağandır. Mülki şəxslər ancaq həyatlarına
təhlükə olduqda və hüquq-mühafizə
orqanları qarşısında bunu təsdiq edə bildikdə,
müvafiq icazə ilə onlara silah satıla bilər. Amma 18
yaş yetkinlik yaşı olsa da, bu insanlar hələ hərbi
xidmət keçməyiblər, həyat təcrübələri
yoxdur. Ona görə də bu yaşın 21-ə
çatdırılması qərara alınıb.
Çünki bioloji yetkinlik, minimum həyat təcrübəsi,
silahla davranmaqda insanları daha məsuliyyətli edir. Bu
baxımdan da ölkəmizdə silah gəzdirilməsi ilə
bağlı yaş həddinin 21-ə
çatdırılması təklif edilib.
Millət vəkili bildirib ki, ov məqsədilə
alınan silahlarla bağlı hər hansı problem yoxdur:
"Azərbaycanda mülki şəxslərin silah gəzdirmək
ənənəsi mövcud deyil. Buna ehtiyac da yoxdur. Dövlət
hər bir vətəndaşın təhlükəsizliyini
yüksək səviyyədə qoruyur. Ölkəmiz kriminal
hadisələrin sayına görə dünyada sonuncu yerlərdə
qərarlaşıb. Sonrakı dövrdə şəxsin
silahla necə davranması və istifadəsinə dövlət
tərəfindən nəzarət edilir. Yaşı həddi
ilə bağlı qərar kütləvi silahlanma demək
deyil. Amerika və Avropanın bəzi ölkələrindən
fərqli olaraq Azərbaycanda insanların silah daşımaq
icazəsi yoxdur. Yaş həddi artırıldıqca vətəndaşların
silah əldə edilməsində ciddi artım ola biləcəyini
söyləmək olmaz. Mövcud qanunvericilikdə isə silah
əldə etməklə bağlı yaş həddi 18-dən,
21-ə qaldırılır".
Millət vəkili Ceyhun Məmmədovun dediyinə
görə, hazırda dünyanın müxtəlif ölkələrində
odlu silahlardan istifadə etməklə törədilən cinayətlərin
sayı nəzərəçarpacaq dərəcədə
çoxdur. Bununla bağlı ən pis vəziyyət
ABŞ-dadır. Hər il bu ölkədə odlu silahlardan
istifadə edilməklə törədilmiş cinayətlərdə
minlərlə insan həyatını itirir. Bu baxımdan, Azərbaycanda
da bu məsələyə çox həssas
yanaşılması anlayışla
qarşılanmalıdır. Onun sözlərinə görə,
müasir dövrün insanının psixoloji durumu pozulur,
onlar fərqli cinayətlərə yönəlirlər. Bu mənada
Azərbaycanda da ağır cinayətlərin
qarşısını almaq üçün zəruri
addımlar atılır: "Biz gənclərimizi
qorumalıyıq, ancaq bununla bağlı Azərbaycanda ciddi təhlükə
və problem yoxdur. Gələcəkdə ola biləcək təhlükələrin
qarşısını almaq üçün dövlətin bu
cür tənzimləmələr aparmasına ehtiyac var".
Təhlükəsizlik üzrə ekspert Şəmsəddin
Əliyev qeyd edib ki, Milli Məclisin müvafiq komitəsinin
silah əldə etmə ilə bağlı yaş həddinin
18-dən 21-ə qaldırılmasının müsbət tərəfləri
azdır. Bunun cəmiyyət üçün hansı
çağırışlar yaradacağı və ictimai təhlükəsizliyə
hansı təhdidləri yaradacağı ilə bağlı
proqnozlar vermək çətindir. 18-21 yaşında olan gənclərin
odlu silahla necə davranacaqları bəlli deyil. O yaşda bir
insanın silaha sahib olması və psixoloji durumun idarə
edilməsi kimi hallar var.
Ekspert hesab edir ki, silah veriləcək şəxsin hərbi
xidmətdə olması da vacib amil kimi qoyulmalıdır:
"Hərbi xidmətdə olmuş şəxs silahla
davranış qaydalarını daha yaxşı bilir. Ona
görə də digər vacib şərtlərlə
yanaşı, silah əldə edilməsi ilə bağlı
yaş həddi minimum 30 yaş səviyyəsində müəyyənləşməlidir.
Əslində, bu yaş həddi də son meyar sayıla bilməz.
30 yaşına çatmış hamıya silah almağa icazə
vermək olmaz. Azərbaycan cəmiyyətinin buna ehtiyacı
yoxdur. Bu mənada, şəxsin silah əldə etməsi ilə
bağlı hansısa qaydalar və qanunlar lazım deyil.
Artıq müharibə də bitib".
Hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, silah əldə
etmək ilə bağlı yaş həddinin 18-dən 21-ə
qaldırılmasını doğru deyil. Yaşı həddi
bir qədər də artırılmalıdır: "18-21
yaş həddində olan insanlar gənc hesab edilir və
onların həmin dövrdə silah əldə etməsi arzuolunmazdır.
Bura Amerika, İngiltərə deyil. Azərbaycan cəmiyyəti
müharibədən yeni çıxıb. Ona görə də
ölkədə 18-21 yaş həddində olan gənclərə
silah satılması qadağan edilməlidir".
Ekspertin sözlərinə görə, silah əldə
edilməsi ilə bağlı hədd minimum 30 yaş səviyyəsində
olmalıdır: "İndiyə qədər Azərbaycanda
silah əldə edilməsi ilə bağlı 18 yaş həddi
var idi. Bu, keçmiş sovet dövründən qalmış
yanaşma əsasında müəyyənləşib. Həyat
təcrübəsi az olan şəxsə silahın verilməsi
gələcək üçün təhlükə deməkdir.
Əvvəllər torpaqlarımız işğal altında
olduğuna görə bu mövzuya həssas
yanaşılırdı. İndi isə torpaqlarımız
azad edilib. Bu mənada, silah əldə edilməsi ilə
bağlı yaş həddi daha da artırılmalıdır.
Söhbət silahdan gedirsə, buna daha ciddi yanaşmaq
lazımdır".
O əlavə edib ki, Azərbaycanda mövcud
qanunvericiliyə əsasən, mülki odlu silah əldə etmək
hüququ üçün qoyulan yaş həddi 18-dir.
Mülki silahın əldə edilməsinə verilən
xüsusi icazənin etibarlılıq müddəti 6 aydır.
Xidməti və mülki silahı əldə etmək
hüququ olan subyektlərin sırasına xüsusi nizamnamə
vəzifələrini yerinə yetirən dövlət
orqanları və hüquqi şəxslər, xidməti və
mülki silahın işlənib hazırlanması, sınaqdan
keçirilməsi, istehsalı ilə və ya silahın
satışı ilə məşğul olan müəssisələr,
idman və ovçuluq cəmiyyətləri, təhsil müəssisələri
daxildir. Mülki silahı əldə etmək
üçün vətəndaş yaşadığı ərazi
polis orqanına və ya Daxili İşlər Nazirliyinin
Baş İctimai Təhlükəsizlik İdarəsinə
müraciət edir. Müvafiq yoxlamalar aparıldıqdan sonra
silahın alınmasına xüsusi icazə verilir. Əcnəbilərin
silah əldə etməsi qaydası isə onların vətəndaşlığını
təsdiq edən şəxsiyyət vəsiqəsini və vətəndaşı
olduğu dövlətin səfirliyindən (nümayəndəliyindən)
vəsatət məktubu təqdim etməsi ilə
mümkün olur. Əcnəbilər xüsusi icazə əsasında
əldə etdikləri mülki silahı
alındığı vaxtdan 5 gündən gec olmayaraq Azərbaycandan
aparmalıdırlar. Silahın Azərbaycan Respublikasından
aparılma müddəti pozularsa, həmin silah müsadirə
olunur.
Siyasi şərhçi Aydın Quliyev hesab edir ki,
sabitlik və təhlükəsizliyin az qala 100 faiz olduğu
ölkədə insanların kütləvi silah sahibi
olmasına ehtiyac yoxdur: "İnsanların təhlükəsiz
şəraitdə kimlərdənsə özünü
müdafiəyə ehtiyacı olmadığı
üçün əlllərdəki silahların
başqaları üçün təhlükə yaratmaq riski
daha böyükdür. Hamının ovçu olmasına nə
ehtiyac var? Əgər təbiətdə heyvanat aləminin
insan müdaxiləsi ilə azacıq tənzimlənməsinə
ehtiyac varsa, rəsmi ovçuların məhdud sayda
olmasını təmin etmək ən yaxşı
variantdır. Bunun üçün 21 yaşlılara yox, 40
yaşdan yuxarı insanlara silah əldə etmək
hüququnun verilməsi daha yaxşı olar. 21 yaşlı gənclərin
ovçuluq etməkdən başqa əlindəki mülki
silahla hər an, hətta ailədə cinayət törətmək
təhlükəsi daha böyükdür".
A.Quliyevin sözlərinə görə, Azərbaycanın
özünün mülki silah istehsalı üçün
bazar lazımdırsa, o bazarı başqa ölkələrdə
axtarmaq daha doğru olardı: "21 yaşlılara silah
hüququnun verilməsinin ölkədə silah biznesi ilə məşqul
olanların bazarını qızışdırmaqdan başqa
"faydası" yoxdur".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025- 1 fevral(№19).- S.8.