Azərbaycanlı bəstəkarın
Fransada ilk albomu buraxılıb
Azərbaycanlı və rusiyalı
pianoçu, bəstəkar Riad Məmmədov Fransanın
“Evidence” leyblində “East of Eden” adlı iki albom buraxır.
AZƏRTAC xəbər
verir ki, tanınmış pianoçu və bəstəkar
Riad Məmmədovun yeni layihəsi “East of Eden” və “East of
Eden II” adlı iki orijinal bəstəni ehtiva edən albomdan
ibarətdir. Albomlar müasir akademik və orijinal musiqi üzrə
ixtisaslaşan fransız leybl “Evidence”də buraxılır.
Buraxılışa dəstək olaraq fevral ayında Moskva və
Sankt-Peterburqda konsertlər keçiriləcək.
“East of Eden” layihəsi
Riad Məmmədovun Şərq intibahının irsi və
onun Qərb musiqi ənənəsi ilə üst-üstə
düşməsi üzərində uzun illər davam edən
düşüncəsinin nəticəsidir. Albomlara klassik,
Şərq, xalq və caz musiqisinin elementlərini incə
şəkildə birləşdirən orijinal kompozisiyalar
daxildir. Səsyazmada həm akademik, həm də ənənəvi
alətlərdə ifa edən musiqiçilər iştirak
edirdi: fortepiano, kontrabas, nağara və tar.
Vokal partiyaları
“Questa Musica” ansamblı (Qərbi Avropa xor ənənəsi) və
Şərq oxuma üslubunu təmsil edən solist-xanəndə
tərəfindən ifa edilib.
Riad Məmmədovun
sözlərinə görə, “East of Eden” sadəcə bir
musiqi albomu deyil, həm də zaman və mədəniyyətlər
arasındakı əlaqənin dərindən öyrənilməsidir:
“Şərq və Qərb dialoqunu təkcə musiqi ilə
deyil, həm də mətn vasitəsilə - albomlarda orta əsrlər
və müasir şairlərin şeirləri, mütəfəkkirlərin
və filosofların fikirləri ilə çatdırmaq mənim
üçün vacib idi. Burada çoxqatlı səs fonu
yaradaraq rus fortepiano məktəbinin təsiri də
mühüm rol oynayır”.
Alboma müasir rəssamlar
Aydan Salahova və Yevgeni Dedovun əsərləri daxildir. Onlar
musiqili hekayəni qadın və kişi, Şərq və Qərb,
maddi və efemer mövzularının vizual təqdimatı ilə
tamamlayır.
Layihə “Little
Tribeca” ailəsinin bir hissəsi olan fransız “Evidence” leyblində
buraxılır. Bu ticarət brendi klassik və orijinal musiqi sahələrində
albom buraxılışları ilə tanınır və onun
son layihələrinə Stinqin “Thélème” barokko
ansamblı ilə əməkdaşlığı da daxildir.
“East of Eden” layihəsi
Şərq və Qərb ənənələrini unikal müəllif
təfsirində birləşdirərək müasir akademik
musiqi dünyasında mühüm hadisəyə çevriləcək.
525-ci qəzet .- 2025- 4
fevral(¹20).- S.11.