Çətin dövrün mərd
insanı
VƏ SİLİNMƏZ, AYDIN İZLƏR
Mahiyyətinə, şəraitinə görə kəskin
fərqlənən dövrlər və həmin dövrlərin
insanları barədə geniş yayılmış, təxminən,
bu cür ifadə olunan bir fikir var: “Çətin dövrlər
güclü insanlar yetişdirir, o güclü insanlar isə
firavan dövrün gəlişinə yol açırlar və
əksinə... Bu əvəzlənmələr silsiləsi beləcə
davam edir...” Aydın məsələdir ki, çətin
dövrün insanı kimi sonrakı dövrün xoş
keçməsinə, rifah içində yaşanmasına
çalışmaq, bu yolda önəmli işlər görmək
heç də hamıya nəsib olmur. Bunun üçün
istedad və qabiliyyət kimi fitri keyfiyyətlər,
düzgün, məqsədəuyğun təhsil, yüksək
peşə bacarıqları, əlverişli iş mühiti, əlbəttə,
çox vacibdir. Fəqət güclü xarakter –
prinsipiallıq, mərdlik, zəhmətsevərlik, ümumi
iş naminə fədakarlıqla, cılız maraq-təmənna
güdmədən çalışa bilmək də bu
baxımdan zəruri keyfiyyətlərdir. Bu mənəvi-əxlaqi
xüsusiyyətlərsiz çətin dövrün layiqli
insanı olmaq, həyatın üzləşdirdiyi
sınaqlardan yalnız hansısa bilik və bacarıqlar
hesabına üzüağ çıxmaq mümkün deyil. Məhz
belə yüksək keyfiyyətlərə malik insanlardan biri
olan Saməddin Babayevin vədəsiz vəfatından artıq
20 il keçir və qarşıdan 10 fevral – onun növbəti
doğum günü gəlir.
Özü də xeyli çətin dövrdə
dünyaya göz açmış, uşaqlıq
çağı İkinci Dünya Müharibəsindən
sonrakı ağır illərə düşmüş Saməddin
Babayev, təməlləri və mənəvi mühiti
sağlam bir ailənin 6 övladından ilki olub. Çətinliklə,
lakin öz qabiliyyəti və halal zəhməti hesabına
yetkinləşərək yüksəlib, insanlara yalnız
xoş duyğular bəsləyib, yaxşılığı həyat
tərzinə çevirib. Saf, möhkəm xarakteri, alicənab
təbiəti, səmimiyyət və mehribanlığı ilə
dərin ehtiram qazanıb.
Onu yenicə tanıyanlar Saməddin müəllimin
çox ciddi, hətta sərt
görünüşünün, zəhmli simasının
arxasında mərhəmət dolu, kövrək bir qəlbin
varlığına qısa zamanda əmin olublar. Qətiyyən
təsadüfi deyil ki, təkcə doğmaları,
yaxınları, birgə çalışdığı həmkarları
deyil, onunla nə vaxtsa az-çox ünsiyyət qurmuş hər
kəs Saməddin Babayevi bax beləcə də
xatırlayır: nəcib, aydın insani cizgiləri, nurlu
düşüncələri, unudulmaz söhbətləri,
xeyirxah əməlləri ilə!
Rəsmi-siyasi cəhətdən hansısa çox
yüksək vəzifə, parıltılı mövqe
tutmayıb, diqqət mərkəzində, göz önündə
olmaq qayğısı ilə də yaşamayıb Saməddin
müəllim. Sadəliyi, təvazökarlığı,
ictimai mənafe naminə şəxsi maraqdan tərəddüdsüz
geri durub imtina etməsi ilə tanınıb, sevilib.
Vəzifə kürsüsünə, rəsmən
üstün mövqe tutmağa can atmayıb, süni
özünütəsdiqlə arası heç olmayıb.
Daşıdığı vəzifələrə,
çalışdığı işlərə yalnız
xalqa fayda vermək, adamlara yaxşılıq etmək
imkanı kimi baxıb. Odur ki, bu dünyada yaşadığı
cəmi 57 ilə sığdırdığı nailiyyətlər,
imza atdığı çox gərəkli işlər onu
öz dövrünün seçkin insanlarından biri kimi
xarakterizə etməyə əsas yaradıb.
Ölkəmiz və xalqımız üçün
xüsusilə çətin, gərgin dövr olan 1980-ci illərin
sonları və 90-cı illər boyu ayrı-ayrı istehsal
sahələrində vicdanla, həqiqi peşəkar kimi ləyaqətlə
çalışması, ümumi inkişafa töhfələr
verməsi buna danılmaz sübutdur. Onun barəsində bu
fikirləri inamla söyləmək üçün S.Babayevin
zəngin bioqrafiyasına, qısa, fəqət dolğun
ömürlüyünə ötəri bir nəzər salmaq
da kifayətdir.
Saməddin Abbas oğlu Babayev 1947-ci ildə
Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun
Aşağı Əndəmic kəndində fəhlə ailəsində
anadan olub. 8-ci sinfə qədər doğma kənddə
oxuyub, 1960-cı ildə Ordubad şəhərindəki 2
nömrəli orta məktəbə keçib və 4 il sonra
orta təhsilini gümüş medalla tamamlayıb. 1969-cu ildə
keçmiş Azərbaycan Neft və Kimya İnstitutunun (indiki
ADNSU) “İstehsalat proseslərinin
avtomatlaşdırılması” fakültəsini, iki il zabit
kimi orduda xidmətin ardından isə 1980-ci ildə Moskva
Ümumittifaq Yeyinti Sənayesi İnstitutunu şərabçılıq
ixtisası üzrə bitirib.
Göründüyü kimi, S.Babayev çox önəmli
istiqamətlərdə iki ali təhsil alıb və kifayət
qədər yetkin mütəxəssis, bilikli,
hazırlıqlı kadr kimi əmək fəaliyyətinə
başlayıb.
1981-86-cı illərdə Xırdalan Pivə Zavodunda
usta, sex rəisi, direktor müavini, direktor əvəzi vəzifələrində
çalışıb. 1990-cı ilin sentyabr ayınadək
ovaxtkı Aqrosənaye Komitəsində mühəndis, 1991-ci
ildə bir müddət Sumqayıt “Yeyinti Məhsulları Kombinatında”
baş mühəndis, 1992-ci ilin sentyabr ayınadək Bakı
Pivə Birliyi İTŞ-nin rəisi, direktor əvəzi vəzifələrində
işləyib.
O illərdə S.Babayevə qısa zamanda ən
müxtəlif vəzifələr tapşırılması həmin
dövrün mürəkkəb mahiyyətindən, keşməkeşlərindən
irəli gəlib. İşlərin axsadığı fərqli
sahələrdə onun kimi təcrübəli,
bacarıqlı və fədakar kadra ciddi ehtiyac duyulması ilə
bağlı olub. Bunun nəticəsi idi ki, 1992-ci ilin sentyabr
ayından 1993-cü ilin iyun ayınadək Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı və
Ərzaq Nazirliyinin İxtisaslaşdırılmış Avtonəqliyyat
Trestində baş direktorun müavini və dərhal sonra da
“Azəravtoyol” Dövlət Şirkətinin ümumi işlər
üzrə vitse-prezidenti vəzifələrini layiqincə
daşıyıb.
1994-cü ilin iyul ayından 1995-ci ilin mart ayınadək
isə “Material Texniki Təchizat və Komplektləşdirmə”
Baş İdarəsinin rəisi vəzifəsində
çalışıb.
Ölkədə taxıl-çörək
qıtlığının hələ də tam aradan
qaldırılmadığı 1995-ci ilin aprelindən S.Babayev
“Bakı Çörək Ticarəti” İdarəsində təşkilat
şöbəsinin rəisi olub. 1996-1997-ci illərdə
“Bakı-Pivə” İstehsal Birliyinin baş direktor müavini,
2000-2001-ci illərdə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi
İdarəsində baş müfəttiş kimi fəaliyyət
göstərib. S.Babayev 2002-2004-cü illərdə “Azərsun
Holdinq”də çalışıb. Onun ölkəmizdə
qida sənayesinin inkişafına bir mühüm xidməti də
2003-cü ildə Xaçmazda inşasına başlanan Qafqaz
Konserv Zavodu kimi vacib müəssisənin layihə rəhbəri
olması və müəyyən müddət tikinti işlərinə
uğurla başçılıq etməsidir.
Çox heyif ki, amansız ölüm onun şərəfli,
mənalı ömür və fəaliyyət yolunu yarıda
qırdı. Yaxınları bildirirlər ki,
ömrünün son aylarını əlacsız xəstəliklə
mübarizədə keçirən S.Babayev onda da mənəvi
müvazinətini itirməyib, təmkinli, dəyanətli
davranıb. Ən ağır hallarında da ailəsinin üzərinə
xəstəlik və ölümün qatı kölgəsinin
çökməsinə qıymayıb. Əzablara,
ağrılara mərdliklə qatlaşıb ki, ömür-gün həmdəmi
Afaq xanım sarsılıb-sınmasın,
övladlarının qəlbində qorxu və dəhşət
ömürlük yuva qurmasın. Yəqin ki, onun həmin məşəqqətli
aylarda xüsusən Afaq xanıma dözüm, mətanət
aşılamaq cəhdlərinin mənasını mərhum
şair Zəlimxan Yaqubun bir vaxt öz xanımına xitabən
yazdığı misralarla daha aydın ifadə etmək olar:
Ağlama, dözmürəm ağlamağına,
Ağlama, gözünün yaşını saxla!
Sən mənim üzüyüm, mən sənin
qaşın –
Sındırma, üzüyün qaşını
saxla!
Mənim ki başımı ağrılar qatıb,
Qorxuya düşməsin balalarımız,
Mərd ol, sağ-salamat başını saxla!
Vətənə, xalqa, ailəsinə sonsuz məhəbbətlə
döyünən ürəyi 2004-cü ilin 20 noyabrında əbədi
sussa da, Saməddin Babayevin dünyamızda əziz, nurlu xatirəsi,
silinməz xoş izləri, unudulmaz parlaq əməlləri
qalıb. Ruhu şad olsun!
Sevinc CƏFƏR
525-ci qəzet .- 2025.- 6 fevral(¹22).- S.14.