Niyə
üzgüçülük ilə məşğul
olmalıyıq?
Azərbaycan xalqı coğrafi və tarixi baxımdan
quru xalqıdır. Dəniz və ya okeandan
uzaqlığımız düşüncə formamızda, ətraf
aləmi necə dərk etməyimizdə özünü
göstərir. Məsələn, çinlilərdə
olduğu kimi, bizim dastan və miflərimizdə su əjdahasına
rast gəlinmir. Dastanlarımızda bəhs olunan axar suyun
qarşısını kəsən əjdaha quru
canlısıdır. Sudan uzaqlığımız
özünü böyük coğrafi kəşflərdən
kənarda qalmağımızda, eləcə də gəmi
donanmamızın Avropa xalqlarına nəzərən olduqca
gec yaranmasında da təsirli olmuşdur. Sosial tərəfdən
baxdıqda isə üzgüçülüyün Azərbaycanda
cüdo, güləş, futbol kimi idman növləri ilə
müqayisədə daha az populyar olduğu görünür.
Bu səbəbdən də Azərbaycan
idmançılarının su idman növlərində nəticələri
ürəkaçan deyil.
Üzgüçülük bütün dünyada
populyarlığına görə seçilən idman
növü olmaqla yanaşı, faydalılığna görə
də bir çox idman növündən fərqlənir.
Üzgüçülük əhalinin az qala
bütün qruplarına xitab edir. Yaşlılar, fiziki problemləri
olan fərdlər, riskli hamiləlik vəziyyəti istisna
olmaqla hətta hamilə qadınlar belə
üzgüçülük ilə məşğul ola bilərlər.
Vurğulamaq lazımdır ki, əksər idman növlərindən
fərqli olaraq üzgüçülükdə ciddi zədələnmək
ehtimalı çox azdır.
Üzgüçülüyün sağlamlığa
faydaları çoxdur. Üzgüçülük qan-damar
sistemini gücləndirir, əzələləri möhkəmləndirir,
bədənin elastikliyini artırır və bədəndə
stress səviyyəsini aşağı salır. Daimi formada
üzgüçülük ilə məşğul olduqda
insanlarda yuxu rejiminin yaxşılaşması və yüksək
əhval-ruhiyyənin uzun müddət davam etməsi
müşahidə olunur. Bununla yanaşı, bütün əsas
əzələ qruplarının işlədildiyi
üzgüçülük fəaliyyəti sağlam formada
arıqlamağa və qazanılmış bədən
formasını saxlamağa kömək edir.
Müasir dövrdə üzgüçülük bəzi
fiziki və psixoloji travmaların müalicəsində effektiv
müalicə üsulu kimi istifadə olunur.
Üzgüçülük, xüsusilə hidroterapiya, zədələnmiş
əzələlərin və oynaqların sağalması
üçün mükəmməl bir vasitədir. Suyun
yüngülləşdirici xüsusiyyəti hərəkət
zamanı təzyiqi azaldır və ağrısız
reabilitasiyanı təmin edir. İsti suda üzmək qan
dövranını yaxşılaşdıraraq oynaq
ağrılarını azaldır və hərəkət
qabiliyyətini artırır. Skolioz və digər onurğa
deformasiya problemlərinin müalicəsində
üzgüçülük əzələ balansını bərpa
edir və duruşu düzəldir.
Üzgüçülük fəaliyyətinin bədən
quruluşuna və yuxu rejiminə müsbət təsiri davam
etdikcə onun sosial və psixoloji faydaları da üzə
çıxır. Belə ki, məşqdən sonra bədəndə
yaranan rahatlıq hissi psixoloji vəziyyətin
yaxşılaşmasına, insanların xoşbəxt hiss etməsinə
səbəb olur. Üzgüçülük qamətin
düzəlməsinə, ağciyərlərin hava tutumunun
artmasına və hətta diksiyanın yaxşılaşmasına
kömək edir. Yuxarıda sadalanan bütün faktorlar
insanın özünəinamını artırır və əzmkar
xarakter formalaşdırır.
Üzgüçülük sadəcə idman deyil, həm
də bədənimizi və ruhumuzu gücləndirən bir həyat
tərzidir. Hər yaşda və vəziyyətdə olan
insanın bu fəaliyyətdən faydalana biləcəyi məlumdur.
Üzgüçülüyü həyatımıza daxil etmək
bizə daha sağlam və xoşbəxt bir həyatın
qapılarını açacaq.
Sabir ETİBARLI
525-ci qəzet .-2025.- 11 fevral(№25).- S.13.