USAID-in fəaliyyəti şok effekti
yaradır
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID)
qanunsuz əməlləri, korrupsiyaya qurşanması, öz fəaliyyət
dairəsinə zidd olan layihələrə külli miqdarda
maliyyə ayırmasına dair hər gün yeni faktlar ortaya
çıxmaqdadır. Bu barədə Birləşmiş
Ştatların yeni hökuməti tərəfindən kifayət
qədər açıqlamalar verilib, eyni zamanda mediada məlumatlar
dərc edilir. Yeni faktlar həm də onu göstərir ki, ABŞ-ın
büdcəsi havaya sovrulub. Elə USAID-ə müvəqqəti
rəhbər təyin edilmiş dövlət katibi Marko Rubionun
fikirləri də bunu göstərir: “O, özünü
“qlobal xeyriyyə təşkilatı” hesab edir və ölkənin
maraqlarına və ya Amerika vergi ödəyicilərinin
pullarına əhəmiyyət vermir. Biz USAID-in auditini
apardıqdan və onun “Öncə Amerika” gündəliyinə
və Dövlət Departamentinin səylərinə uyğun
olmasını təmin etdikdən sonra Amerika xalqının
maraqlarını qorumağa və onların vergi vəsaitlərinin
israf edilməməsinə əmin olmağa davam edəcəyik”.
Bu günlərdə Ağ Evi USAID-in dünya üzrə
maliyyələşdirdiyi bəzi layihələr haqqında
yaydığı məlumat şok effekti yaratdı və vəsaitin
necə sui-istifadəyə yol verməklə xərcləndiyini
göstərdi. Həmin faktlardan bəzilərini təqdim
edirik:
- 1,5 milyon dollar - “Serbiyanın işçi və
biznes icmalarında bərabərliyi və inklüzivliyi təşviq
etmək”;
- 70000 ABŞ dolları - İrlandiyada "DEI
musiqili"nin istehsalına görə;
- 2,5 milyon dollar - Vyetnam üçün elektromobillər
üçün;
- 47000 dollar - Kolumbiyada "transgender operası"
üçün;
- 32000 dollar - Peruda "transgender komiksi"
üçün;
- 2 milyon dollar - Qvatemalada cinsiyyətin dəyişdirilməsi
və “LGBT fəallığı” üçün;
- 6 milyon dollar - Misirdə turizmin maliyyələşdirilməsinə;
Eyni zamanda, Əfqanıstanda irriqasiya
kanallarının yaradılması və gübrələrin
alınması layihəsinə də vəsait ayrılıb
ki, bu sistemin narkotik istehsalında daha çox istifadə
edildiyi bildirilir. USAID-in kənd təsərrüfatı sahəsində
apardığı inkişaf layihələrinin qeyri-leqal
iqtisadiyyata xidmət etməsi ehtimalı ciddi narahatlıq
doğurur.
“Əl-Qaidə” təşkilatı üçün
10 min porsiya yemək alınması layihəsi isə onu
göstərir ki, USAID terror qruplaşmalarını da “diqqətdən”
kənarda qoymayıb.
Qeyd etmək yerinə düşər ki, 2023-cü ildə
USAID öz layihələrinə təqribən 38,1 milyard
dollar xərcləyib. Agentliyin məlumatına görə,
2024-cü maliyyə ilində USAID proqramları vasitəsilə
35,44 milyard dollar ayrılıb və ən çox yardım
alanlar Ukrayna, Konqo Demokratik Respublikası, İordaniya, Sudan və
Yəmən olub. Göstərilən
humanitar yardımın həcminə görə ABŞ
dünyada birinci yerdədir. Yardım ya geri qaytarılmayan
qrantlar şəklində, ya da texniki avadanlıq, mal və
xidmətlər şəklində verilir. Agentliyin 100-ə
yaxın regional nümayəndəlikdən ibarət şəbəkəsi
var və təxminən 10 min əməkdaşının
üçdə ikisi xaricdə işləyir.
Son məlumatlara görə, USAID dünya üzrə
707 media orqanı, 6200 jurnalist və 279 jurnalistika sahəsində
çalışan QHT-ni maliyyələşdirib. Deməli, bu
təşkilat həm də böyük media alətinə
malik olub və bundan da ölkələrə qarşı təzyiq,
onların daxili işlərinə müdaxilədə istifadə
edib.
USAID Azərbaycanla bağlı da hər zaman qərəzli
olub. Xüsusilə, 2012-ci ildə “Eurovision” mahnı
müsabiqəsindən başlayaraq bu agentlik beynəlxalq
mediada ölkəmiz əleyhinə iş aparıb, maliyyələşdirdiyi
QHT-lərdən də bu məqsədlə istifadə edib.
Onların bu çirkli kampaniyası 44 günlük Vətən
müharibəsinin gedişində, Laçın yolundakı
ekoloji aksiyalarda, 2023-cü il antiterror əməliyyatları,
COP29 ərəfəsində də davam edib. USAID beynəlxalq
mediada Azərbaycan əleyhinə aparılan kampaniyalara rəhbərlik
edib. Agentliyin başçısı olmuş Samanta Pauer
qatı ermənipərəstdir və onun fəaliyyəti
birbaşa Azərbaycanın əleyhinə yönəlmişdi.
Bütün bunlar nəzərə alınaraq rəsmi Bakı
USAID-in Azərbaycanda fəaliyyətinin
dayandırılması barədə müraciət edib. Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov bir müddət əvvəl
2024-cü ilin iyun ayından etibarən USAID-in Azərbaycandakı
fəaliyyətinin de-yure dayandırıldığını
bildirib. Nazirin sözlərinə görə, USAID-in
yardımları əsasən ABŞ-ın maraqlarına xidmət
etdiyindən, rəsmi Bakı bu təşkilatla əməkdaşlığın
dayandırılması qərarına gəlib.
Tramp administrasiyasının Hökumət Səmərəliliyi
Departamentinin rəhbəri İlon Mask hətta USAID-i cinayətkar
təşkilat adlandırıb və onun "peşəkar
xarici fırıldaqçılıq şəbəkələrinin"
böyük məbləğdə vəsaiti
oğurladığını, saxta rəqəmsal ABŞ vətəndaşları
yaradıb hökuməti aldadaraq vəsait
qazandığını deyib. O, agentliyi bioloji silah tədqiqatlarını
maliyyələşdirməkdə ittiham edib və “ölməyə
ehtiyacı olan cinayətkar təşkilat” adlandırıb.
USAID-in kəşfiyyatla əlaqəsi olduğu da dəfələrlə
ifşa olunub. Hətta agentliyin keçmiş rəhbəri
C.Gilligan bəyan edib ki, təşkilatın bütün
bölmələrində və istiqamətlərində
MKİ-nin agentləri fəaliyyət göstərirlər.
Bir çox politoloqlara görə, Mərkəzi Kəşfiyyat
İdarəsi və Beynəlxalq İnkişaf Agentliyinin əməkdaşları
son onilliklər ərzində Latın Amerikasında
bütün çevrilişlərdə və ya onlara edilən
cəhdlərdə iştirak edib, müxalifət liderlərinin
müvafiq təlimini, onların maliyyələşdirilməsini,
siyasi, ideoloji və texniki dəstəyini təmin ediblər.
Məsələn, Kubada agentlik humanitar yardım
göstərmək adı altında hökumətə
qarşı genişmiqyaslı təxribat kampaniyası həyata
keçirib. Bu məqsədlə ZunZuneo adlı sosial şəbəkə
yaradıb. Əslində isə bu, hökumət əleyhinə
bir şəbəkə idi, məqsəd
etirazçıların koordinasiyasını təşkil etmək
idi. Eyni zamanda, QİÇS-in profilaktikası adı
altında keçirlən seminarlar əslində hökumət
əleyhinə hərəkatların təşkilatlanması məqsədini
daşıyırdı.
Boliviyada USAID ölkə sakinlərini üsyana təhrik
etmək üçün Evo Moralesin əleyhdarlarını
maliyyələşdirib. 2013-cü ildə Boliviya USAID-in
ölkənin daxili işlərinə
qarışmasını əsas gətirərək agentliklə
əməkdaşlığı dayandırıb. Braziliyada
agentlik sağçı amerikapərəst qüvvələrə
üstünlüklər verəcək siyasi islahatlar
üçün lobbiçilik edib.
USAID bir sıra ölkələrdə hakimiyyət
çevrilişlərində, hökumətlərə
qarşı etiraz aksiyalarının, iğtişaşların
təşkilində aktiv iştirak edib. Ümumiyyətlə,
bu təşkilat illərlə dünyanın müxtəlif
bölgələrində müstəqil xarici siyasət
yürüdən dövlətlərin daxili işlərinə
müdailə edib, inqilabların sponsoru olub. Həmçinin,
Soros Fondu tərəfindən maliyyələşdirilən prokurorlara
27 milyon dollar ayırıb ki, onlar siyasi sifarişlər əsasında
həbslər həyata keçirsinlər.
USAID Nyu-Yorkun meri və prezident Trampın kibertəhlükəsizlik
üzrə keçmiş müşaviri R.Culianiyə
qarşı kompromatın tapılması üçün
OCCRP-yə 20 mln dollar qonorar verib. Bu ifşa, həmçinin
OCCRP-nin araşdırmalarının nə dərəcədə
“ciddi” və “müstəqil” jurnalist araşdırmaları
olduğunuı nümayiş etdirir.
USAID-in Gürcüstandakı fəaliyyəti isə
göz önündədir. Bu qurum 2023-cü ildə ölkədə
hakimiyyət çevrilişinə cəhd göstərdi,
ardınca eyni fəaliyyəti davam etdirərək seçkilər
ərəfəsində və ondan sonra insanları etirazlara,
iğtişaşlara təşviq etdi.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze
etiraf edib ki, son dörd il ərzində Gürcüstanda 4 dəfə
inqilaba cəhd olunub. Bu dörd cəhddə xarici agentliklər
və xaricdən maliyyələşən QHT-lər
iştirak edib: “Biz xarici agentliklərə QHT-lər vasitəsilə
inqilablar təşkil etmək cəhdlərinə
qarşı durmalıyıq. Bu, bizim gürcü xalqı
qarşısında məsuliyyətimizdir. “Şəffaflıq
haqqında” qanun Gürcüstanda hər kəsin QHT-lər və
xarici maliyyə vasitəsilə növbəti inqilab təşkil
etmək cəhdinin qarşısını almağa
hesablanıb”.
USAID-lə bağlı araşdırmalar davam edir, daha
yeni şok effekti verən faktların üzə
çıxacağı istisna deyil. Tramp
administarsiyasının hansı yekun qərarı verəcəyini
də yaxın zaman göstərəcək. İstənilən
halda, bu agentlik daha əvvəlki tək olmayacaq. Çünki
USAID dövlət içində dövlət olub və hətta
ABŞ-ın maraqlarına zidd fəaliyyət göstərib.
Bayden administrasiyası bütün bunlara göz yumub və
Samanta Pauer dövlət büdcəsindən öz
maraqlarını reallaşdırmaq üçün istədiyi
kimi istifadə edib. Zaman göstərdi ki, Azərbaycan Prezidenti
bu məsələdə necə uzaqgörən olub. Dövlət
başçısı hələ ötən ilin
dekabrında “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya
Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində
Trampın onu qadağan edə biləcəyini deyib.
Prezident bildirib ki, yardım asılılıq
yaratmamalıdır: “Ona görə də Bayden
administrasiyası tarixdə, o cümlədən nə ilə
yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən
bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə
kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun,
ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID
adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə
bizə lazım olan məsələdə deyil... Zənnimcə,
Tramp onu qadağan edə bilər. Mən
düşündüyümü deyirəm, o, ümumiyyətlə,
sıradan çıxa bilər. Bax, onlar təkidlə kömək
etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin
insanlarıq, hər şeyi başa düşürük. Ona
görə də bütün bunları qaydaya saldıq”.
Dövlət başçısı vurğulayıb
ki, Azərbaycan mediası heç bir xarici mənbədən
hətta bir faiz belə maliyyələşə bilməz:
“Bunu edə bilməz. Nə üçün? Axı biz
ABŞ mediasını maliyyələşdirmirik.
Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin?
Belə ki, onlar “Amerikanın səsi” və “Azadlıq radiosu”
kimi əlaltı resursları vasitəsilə gecə-gündüz
xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan
üzərində qələbəmizə kölgə
salırlar”.
Yeri gəlmişkən, amerikalı milyarder İlon
Mask dövlət tərəfindən maliyyələşdirilən
“Amerikanın Səsi” (Voice of America) və “Azadlıq Radiosu”
(Radio Free Europe/Radio Liberty) media layihələrinin
bağlanmasını dəstəkləyib. O, ABŞ-nin keçmiş
Milli Kəşfiyyat direktoru Rik Qrenellin bu mətbu orqanları
“keçmişin qalığı” və “ultrasol aktivistlərlə
dolu” adlandırdığı postu paylaşaraq yazıb: “Bəli,
onları bağlayın. Avropa artıq azaddır, bu KİV-i
heç kim dinləmir və onlar “amerikalı vergiödəyicilərinin
cibindən ildə 1 milyard dollar yeyirlər”.
Pərvanə
525-ci qəzet .- 2025.- 11 fevral(¹25).- S.6.