Vətən və doğma torpaq
sevdalısı
2020-ci il sentyabrın 27-də başlayan və 44
gün davam edən Vətən müharibəsi Azərbaycanın
parlaq Zəfəri ilə nəticələndi. Azərbaycan
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi altında həyata keçirilən
uğurlu əməliyyatlar nəticəsində Silahlı
Qüvvələrimiz 30 ilə yaxın işğalda
qalmış torpaqlarımızı faşist ermənilərdən
azad etdilər. Şanlı Qələbənin əldə
edilməsində üç minə yaxın vətən
övladı şəhidlik zirvəsinə ucaldı, minlərlə
igidimiz qazi adını qazandı. Bu 44 günün hər bir
günü qəhrəmanlıq dastanına çevrildi.
Böyük Zəfəri bizə yaşadanlar heç bir zaman
unudulmur. Onların ömür yolu gənclərimizə əsl
nümunədir. Bütün vətəndaşlarımız
şəhidlərimizi böyük ehtiramla anır, onların
fədakarlığını örnək sanırlar.
Çünki "qəhrəmanlıqla ölmək insana əbədi
həyat qazandırır" (C.Bruno).
Binəqədi rayonunun 314 saylı tam orta məktəbində
Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbirdə
birinci sinif şagirdləri də iştirak edirdi. Şagirdlər
əllərində şəhidlərimizin şəkillərini
tutmuşdular. Sinif müəllimi Qumru müəllimə cəsur
igidlərimizin qəhrəmanlığı haqqında
uşaqlara dedi ki, şəhidlərimiz bizim qürur mənbəyimizdir.
Şəhidlik Vətənə olan sonsuz sevginin təcəssümüdür.
Onları heç bir zaman unutmamalıyıq. Birincilərin
arasında nəvəm İlhamın əlində qürurla
tutduğu şəkil şəhid Munis Abbaslının şəkli
idi...
Şəhid Munis Abbaslının həyatı və
döyüş yolu ilə əhatəli tanış olmaq
üçün Beyləqan rayonuna getdim və valideynlərilə
görüşdüm. Öyrəndim ki, Munis Həbibullah
oğlu Abbaslı 18 mart 2000-ci ildə Beyləqan rayonunda
dünyaya göz açıb. 2005-2017-ci illərdə Beyləqan
şəhər F.Hacıyev adına 2 saylı tam orta məktəbdə
təhsil alıb. Səmimi və xoş xasiyyəti ilə
seçilən Munis uşaqlıqdan fiziki
hazırlığı ilə seçilib, sərbəst
güləşlə məşğul olub. O, 2010-cu ildə
Xocavənd şəhidlərinə həsr edilmiş sərbəst
güləş yarışında birinci yeri tutub. Munis 2018-ci
ilin aprel ayında Beyləqan rayon hərbi
komissarlığı tərəfindən ordu sıralarına
çağırılıb. O, hərbi xidmətinə sərhəd
qoşunlarının Qəbələ rayonunda yerləşən
"N" saylı hərbi hissəsində başlayıb. Uşaqlıqdan
hərbiyə marağı olan Munis yüksək əsgərlik
keyfiyyətinə malik idi.
Verilən
tapşırıqları dəqiq və vaxtında yerinə
yetirib, qüsursuz xidməti ilə seçilib. 2019-cu ilin
oktyabrın 2-də xidmətini başa vuran Munis qısa
müddətdən sonra Beyləqan pambıq emalı zavodunda
yanğından mühafizə xidmətində işə
düzəlir. O həm işləyir, həm də ali təhsil
almaq üçün hazırlaşırdı. Vətən
müharibəsi başlayanda o könüllü olaraq hərbi
komissarlığa müraciət etmiş və qeydiyyata
alınmışdı. M.Abbaslı 2020-ci ilin avqustunda qəbul
imtahanlarında da iştirak edir. Sonra Munis müddətdən
artıq xidmət etmək üçün kurs təşkil
olunduğunu eşidərək sənədlərini hərbi
qulluqçuların hazırlıq kursuna verir. Kursu keçərək
avqustun 25-də silahlı qüvvələrin Beyləqan
rayonunda yerləşən "N" saylı motoatıcı
hərbi hissəsinin piyadanın döyüş
maşını taborunda baş atıcı vəzifəsində
xidmətə başlayır. Hərbi qulluğunun ilk iki həftəsini
təlimlərdə keçirmiş, orada verilən
tapşırıqların öhdəsindən uğurla gəlmişdi.
Vətən müharibəsi başlayanda Munis də
xidmət etdiyi hərbi hissənin tərkibində Füzuli
rayonunun Alxanlı kəndi istiqamətində gedən
döyüşlərə qatılır. İlk gündən
döyüş yoldaşları ilə birlikdə düşmənin
möhkəmləndiyi müdafiə sədlərini keçənlərdən
olur. Ağır döyüşlər zamanı Munis imkan
tapdıqca ondan nigaran qalan valideynləri ilə telefon
bağlantısı yaradır, onları narahat qoymamağa
çalışır. Növbəti zənglərin birində
isə Munis Ağdam Dövlət Kollecinə daxil olduğunu
öyrənir. Bu xəbərə çox sevinən qəhrəmanımız
müharibədən sonra təhsilini davam etdirmək niyyətində
idi.
Füzuli, Cəbrayıl, Xocavənd rayonları ərazilərində
gedən ağır döyüşlərdə fəal
iştirak edərək qəhrəmanlıq göstərən
Munis həm də yaralı yoldaşlarını
döyüş meydanından xilas edərək
çıxarır. Oktyabrın 23-də sonuncu dəfə ailəsi
ilə əlaqə saxlayan Munis sanki şəhadətini hiss
edirmiş kimi anasından halallıq istəyir. Səhəri
gün Füzuli istiqamətində gedən ağır
döyüşlər zamanı Munis şəhidlik zirvəsinə
ucalır. Onunla birlikdə 5 hərbçimiz də şəhid
olur. Valideynlərinin sözlərinə görə, şəhid
olmaq sanki ona hələ orta məktəb illərindən agah
olubmuş. O, məzun olanda bir dostu onun köynəyinə
yazıb: "Ən böyük arzun şəhid olmaqdır,
səni o zirvəyə yüksələsən". Munis də
həmin cümlənin sonunda yazıb:
"İnşallah!" Munis oktyabrın 15-də Beyləqan
rayonunda Şəhidlər xiyabanında uğrunda
canını fəda etdiyi vətən torpağına
tapşırılıb. Şəhidimiz subay idi. Ailədə
iki bacı, bir qardaş olublar. Cəsarəti və qəhrəmanlığı
ilə adını vətən tariximizin şanlı səhifəsinə
yazan Abbaslı Munis ölümündən sonra "Vətən
uğrunda", "Füzulinin azad olunmasına görə",
"İgidliyə görə" medalları, III dərəcəli
"Vətənə xidmətə görə" ordeni ilə
təltif olunub.
Fədakar şəhidimizin dünyaya göz
açandan qismətinə düşmüş əsl
adına gəlincə bu da dostluqla, ülfətlə ilgili bir
isimdir. Munis adına layiq oğul olub. Munis - adama yovuşan,
mehriban, istiqanlı, sirdaş, ürək dostu, istəkli,
ürəyəyatan mənasını ifadə edir. Cəsurluğu,
igidliyi, xoş rəftarlığı ilə çox
insanları munisləşdirdi Munis. Munisin qəhrəmanlığından
sonra dünyaya gələn neçə-neçə
uşağa Munis adı qoyulub. Munisin xislətində, mənəvi
varlığında əxlaqi məziyyətlər irsən,
ata-babadan qismət olub. Sağlam ailə tərbiyəsi
görmüşdü Munis. Gözü-könlü tox, həssas,
duyğulu gənc idi.
Atası, Birinci Qarabağ müharibəsinin
iştirakçısı Həbibullah Abbasovun dediklərindən:
"Mən özüm də Qarabağ müharibəsi
iştirakçısıyam. İşğal altında qalan
yurd yerlərimiz, köçkünlük həyatı
yaşayan yurddaşlarımızın torpaq həsrəti
heç zaman onu tərk etmirdi. Munis cəbhəyə də
könüllü getdi. Qürur hissi keçirirəm ki,
oğlum Munis də torpaqlarımızın azad edilməsində
şəhid olub. Cəbhəyə yola düşəndə də
sevincli idi, özünü qürurlu aparırdı.
Döyüşlərdə də xüsusi şücaət
göstərib, yaralı yoldaşlarını xilas edib. Onlarla
düşməni məhv edib. Vətən, torpaq sevgisi onda məktəb
illərindən ən ülvi istəyi olub. O ümid eləyirdi
ki, biz hökmən qələbə çalacağıq.
Ölümdən qətiyyən qorxmurdu. Sonuncu dəfə
telefonla danışanda dedi ki, nigaran qalmayın, qismət olsa
gələcəm, qismət olmasa, vətən bayrağına
bükülüb gələcəm".
Anası Kəmalə xanımın dediklərindən:
"Munis olduqca istiqanlı, ünsiyyətcil, xoşxasiyyətli
idi. Məktəbdə həm müəllimlər, həm də
sinif yoldaşları onun xətrini çox istəyirdilər.
Cəbhəyə yola düşəndə mənə dedi ki,
axı, torpaqlarımız düşmən əlindədir.
Torpaqlarımızı azad etmək hamımızın
borcudur. Bütün yaşıdlarım cəbhəyə
gedir. Güclü ordumuz var, inşallah qələbə
çalacağıq. Məndən nigaran qalma. Cəbhə
yoldaşları ilə çəkdirdiyi şəkilləri
evə göndərərdi. Bu şəkillərdə Munisin
ruhu var. Onun xatirəsini də elə bu şəkillər
yaşadır. Fəxr edirəm ki, belə igidin
anasıyam".
Bacıları Billurə və Nuranənin dediklərindən:
"Qardaşımız torpaqlarımızın düşmən
tapdağında qalmasını mənliyinə
sığışdıra bilmirdi. Ona görə də
könüllü olaraq cəbhəyə getdi. Son damla
qanına qədər də vuruşdu. Həm
qohumlarımız, həm də qonşularımız onun xətrini
çox istəyirdilər. Qorxu nə olduğunu bilməzdi
Munis. Şəhidlik igidlik, cəsurluq, qorxmazlıq,
şücaət, yenilməzlik əlamətidir. Ölümləri
ilə ölməzlik qazanan şəhidlərimiz bizə
qalibiyyət müjdəsi bəxş etdilər. Şanlı
qələbəmizi bizə bəxş edən şəhidlərimizin
ruhları şaddır. Tarixi qələbədə minlərlə
şəhidimiz kimi Munisin də rolu var".
Munis haqqında yaxın qohumları, qonşuları da
onun vətən və torpaq sevgisindən, igidliyindən,
mehribanlığından ürək dolusu
danışdılar. Munis Abbaslı mənim yaxın qohumum
Tamara xanımın nəvəsi idi. Tamara xalam mənim
doğulduğum Füzuli rayonunun Kürdmahmudlu kəndində
anadan olub və Beyləqanda ailə qurub.
Qarabağ müharibəsi ordumuzun gücünü
bütün dünyaya göstərdi. Rəşadətli
ordumuzun sayəsində torpaqlarımız işğaldan azad
olundu, ərazi bütövlüyümüz təmin edildi.
Munis kimi minlərlə şəhidlərimizin və qazilərimizin
sayəsində üçrəngli bayrağımız
işğaldan azad olunmuş doğma
Qarabağımızın aydın səmalı hər bir zirvəsində
qürurla dalğalanır. Bu gün bütün şəhidlərimizin
və Qarabağ həsrəti ilə dünyasını dəyişmiş
insanların ruhları şaddır. Xalq şairi Musa Yaqubun
şeirindən nümunə göstərdiyim
aşağıdakı misralar torpaqlarımızın azad
edilməsində canlarından keçən şəhidlərimizə
ünvanlanıb:
Bəlkə də borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil, bir də qayıtsın.
Ölsəm də qoynunda qoy ölüm ki, mən,
Çürüyüm, bir ovuc torpağın
artsın.
Bəli, "Altında yatarkən də bizimdir yerin
üstü" (Cəmal Mithəd Kuntay).
Vətən və torpaq sevdalısı Munis Abbaslı
qəhrəmanlığı ilə xalqına layiq igid
olduğunu döyüş sınağında sübut etdi.
Beyləqan, Füzuli və Cəbrayıl camaatı igid
oğlunu həmişə dərin ehtiramla xatırlayır.
Beyləqandakı doğulduğu evin yerləşdiyi
küçə Munis Abbaslının adını
daşıyır. Minlərlə şəhidlərimiz kimi
Qarabağ müharibəsinin 20 yaşlı könüllü
şəhidi Munis Abbaslının şərəfli
döyüş yolu yeni nəsil üçün bir örnəkdir.
Vəfa XANOĞLAN
Azərbaycan Universitetinin müəllimi, sənətşünaslıq
elmləri doktoru
525-ci qəzet .- 2025.- 12 fevral(№26).- S.15.