Gənc nəslin mənəvi
inkişafı: şəxsi ləyaqət və milli mənlik
anlayışları
Şəxsi ləyaqət insandakı mənəvi
keyfiyyətlərin, onun daxili aləmi ilə bağlı
xüsusiyyətlərin cəmi kimi izah edilir. Həmin
xüsusiyyətlərin qiymətini insan özü birinci
növbədə dərketmə
yolu ilə dəyərləndirir. Bəşər
övladında insani ləyaqət yalnız onun iti ağılı, saf və
optimist düşüncəsi, məqsədə çatmaq
bacarığı, iş görmə qabiliyyəti, fitri
istedadı, şəxsi istəyi və sair nəticəsində
formalaşa bilər. Ləyaqətli o şəxslər
sayılır ki, həmin insanlar, o cümlədən gənclər
əxlaqı baxımdan həmişə özünü
layiqli aparır, qarşısına çıxan hər
çətinliyə sinə gərərək iş, əməl
və hərəkətlərində etik normalara, əxlaqi
qayda-qanunlara riayət edir. Çətin situasiyalarda daim səbr
və dözümlülük göstərir. O, əxlaqının
təmizliyini və gözəlliyini təmin etməkdən
ötrü sonadək mübarizə aparır. Həmişə
öyrənmək və öyrədilmək yolu ilə
özünü layiqli insan kimi formalaşdırmağa
çalışır. Nəhayət, çəkdiyi əziyyət
və zəhmət hədər getmir, nəticədə o,
layiqli insan adını qazanmağa nail olur. Bu baxımdan,
şəxsi ləyaqət insanda onun həyatının elə
ilk dövrlərindən, xüsusən gənclik
çağından əsaslı şəkildə
formalaşmalıdır. Şəxsi ləyaqətə sahib
olan və onu qoruyub inkişaf etdirən gənclər ölkənin,
xalqın gələcəyi üçün olduqca vacib
qüvvədir.
Azərbaycan 25-29 yaş arası gənclərin
sayına görə Avropada birinci yerdədir. Respublika əhalisinin
9,4 faizi bu yaş qrupuna aid edilir və hazırda dövlətimizin
xüsusi diqqəti və qayğısı sayəsində
sağlam düşüncəli, milli-mənəvi dəyərlər
ruhunda formalaşmış onminlərlə gənclərimiz
vardır. Gənclər Azərbaycan cəmiyyətində
xalqın və respublikamızın gələcək taleyinin
həll edilməsində aparıcı qüvvə rolu
oynayırlar. Çünki ölkəmizin iqtisadi
inkişafı, əhalinin sosial rifahı, bir sözlə, gələcəyimiz
bilikli, bacarıqlı əməksevər, vətənpərvər,
çevik və fəal gənclərimizdən çox
asılıdır. Dünyada texniki tərəqqinin inkişaf
sürəti artdıqca gənclərimiz də öz bilik və
bacarıqlarını dünya səviyyəsinə yüksəltməyə
çalışırlar. Ona görə də gənclərimizin
şəxsi ləyaqət, milli mənlik anlayışları
barədə ətraflı məlumatlandırılması,
bununla əlaqədar ölkə və beynəlxalq səviyyəli
sənədlərdən xəbərdar olmaları vacibdir.
BMT-nin 10 dekabr 1948-ci il tarixli "Ümumdünya
İnsan Hüquqları Bəyannaməsi" və 16 dekabr
1966-cı il tarixli "Mülki və siyasi hüquqlar
haqqında" Beynəlxalq Paktda, "İnsan
hüquqları və Əsas Azadlıqların Müdafiəsi
haqqında" Avropa Konvensiyasında və digər uyğun sənədlərdə
qeyd edilir ki, hər bir şəxsin öz şərəf və
ləyaqətini müdafiə etmək hüququ vardır.
Heç bir halda şəxsiyyətin
şərəf və ləyaqətinin
alçaldılmasına, xüsusilə təhqir etmək,
böhtan söyləmək, nüfuzdan salmaq, kollektiv, ailə
və ya cəmiyyət arasında
şərəf və ləyaqətinin aşağı
düşməsinə yol vermək olmaz. İş yerində,
kollektiv arasında, yaşayış yerində, ictimai yerlərdə,
kütlə içərisində, ümumiyyətlə cəmiyyətdə
hansısa şəxs barədə bilərəkdən mənfi
rəy yaradılarsa, bu hal həmin şəxsin şərəf
və ləyaqətinin ləkələnməsi kimi qəbul
olunur. Bəzən də elə
olur ki, insanların qəzet, jurnal, sosial media vasitəsilə
alçaldılması baş verir. Unutmaq olmaz ki, belə
hallarda insanların şəxsi ləyaqət, nüfuz və
hüquqlarının qorunması vacibdir. Onların şərəf
və ləyaqətinə toxunmaq qanuni cəhətdən qəbuledilməzdir.
Şərəf və ləyaqətin ləkələnməsi,
işgüzar nüfuzun aşağı salınması, şəxsi
və ailə həyatının təhlükədə
olması, şəxsi toxunulmazlığın
pozulmasının qorunması və sair məsələlər
Azərbaycan qanunvericiliyində, xüsusən Mülki Məcəllədə
geniş əks olunub. Şərəf və ləyaqət
toxunulmazlığının ciddi pozulması halları mətbuat,
radio, televiziya, sosial media vasitəsilə, eləcə də ərizə,
şikayət və məktubda qeyd edilməklə yayıla
bilər. Əgər yazılanlar yalandırsa, onda zərərçəkən
şəxsin məhkəmə orqanlarına şikayət
haqqı var. Həmin yalan məlumatları yayan şəxsin hərəkətlərində
cinayət əlamətləri aşkar edilərsə,
hüquqi qaydada böhtançı kimi cəzasını
almalıdır.
Vicdan, insaf, namus, həya kimi şərəf və ləyaqət etikanın əsas
kateqoriyalarıdır. Həmin kateqoriyalar insanın şəxsi
davranış və hərəkətlərini eləcə də
başqa insanların ona olan münasibətini nizamlayır.
Şərəf və ləyaqət kateqoriyalarını təkcə
hüquqi-fəlsəfi anlayışlar kimi qəbul etmək
olmaz. Şərəf və ləyaqət həm də etik, mənəvi-sosioloji
və başqa cəhətlər üzrə də qiymətləndirmə
tələb edir. Müvafiq sənəd və mənbələrdə
qeyd edilir ki, əgər ləyaqət kateqoriyasında
insanların nümunəvi əxlaqca bərabər olması tələb
olunursa, şərəf kateqoriyasında buna ehtiyac duyulmur.
Çünki şərəfin ləyaqətdən fərqli
cəhəti ondadır ki, şərəf insanların əxlaqi
bərabərliyi ilə deyil, onların milli, sinfi, sosial,
ixtisas vəziyyəti, işlədiyi müəssisədə əldə
etdiyi əmək nailiyyətləri ilə yanaşı,
kollektiv üzvlərindən qazanılan hörmət və
nüfuz göstəriciləri də əsas
götürülür.
Hər bir şəxsiyyətin şərəf və
ləyaqəti onun ən ali hüququdur. Bu hüququ pozmaq,
insanların şərəf və ləyaqətinə qəsd
edilməsi, onların şərəfsiz və ləyaqətsiz
edilməsi yolverilməz hal hesab edilir. Dünyaya gələn
bütün insanlar azad, şərəf, ləyaqət və
digər hüquqlara görə bərabər doğulurlar. Bu
insanların şəxsi toxunulmazlıq hüququ, vicdan
azadlığı, fikir və söz azadlığı
vardır. Bu azadlıqların hamısı ölkəmizdə
dövlət tərəfindən möhkəm şəkildə
qorunur.
Qeyd etməliyik ki, Azərbaycan dövləti həyatımızın
bütün sahələri kimi, vətəndaşların,
eyni zamanda gənclərin şəxsi ləyaqət, milli mənlik
hissinin qorunması naminə də mühüm addımlar
atmışdır. Ümummilli lider Heydər Əliyev 1997-ci
il 25 dekabr tarixli "Bütün dünya azərbaycanlılarına"
müraciətində azərbaycançılıq və milli
ləyaqət məsələsinə də toxunaraq
bunların hər ikisinin böyük əhəmiyyətini
vurğulamışdı. Ulu öndər azərbaycançılığın
vətən, dövlətçilik, suverenlik, müstəqillik,
eləcə də şərəf və ləyaqət
anlayışları ilə bir vəhdət təşkil
etdiyini bildirərək demişdi: "Qoy Azərbaycanın
müstəqilliyinə qəsd
etmək niyyətində olanlar bütün xarici və daxili
qüvvələr bilsinlər ki, öz suverenliyi və ərazi
bütövlüyü uğrunda minlərlə qurban
vermiş Azərbaycan xalqı hər bir təcavüzkara, hər
bir qara qüvvəyə, hər bir təxribatçıya və
onların əlində alətə çevirilən şəxslərə
layiqincə cavab verəcəkdir".
Göründüyü kimi, dahi siyasətçinin
uzaqgörən nəzərində Azərbaycan xalqının
milli ləyaqəti və hər bir vətəndaşın
şərəfi, mənlik hissi
dövlətçilik və dövlət suverenliyi, vətənpərvərlik
və milli ləyaqət duyğusu ilə vəhdətdədir.
Vətənin müdafiəsi, müqəddəs
torpaqlarımızın hər qarışının
qorunması elə dövlətimizin və
xalqımızın şərəf və ləyaqətinin
qorunması deməkdir. Ulu
öndər ləyaqət anlayışına diqqət
yönəldərkən Azərbaycan xalqının milli mədəniyyəti, elmi, incəsənəti,
ədəbiyyatı, adət-ənənələri və digər
cəhətlərini millətimizin, hər bir azərbaycanlının,
eləcə də gənclərin qürur və ləyaqətinin
qaynağı, özəyi kimi qiymətləndirirdi. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə
azərbaycançılıq ideyaları ilə yanaşı,
xalqımızın milli ləyaqətinin və şərəfinin
qorunması kimi vacib məsələlərə olduqca
böyük əhəmiyyət verir. Onun rəhbərlik fəaliyyətində
bu istiqamət müstəsna yer tutur. Uzun zaman davam edən
işğala son qoyularaq vətənimizin ərazi
bütövlüyünün tam təmin olunması Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyevin
xalqımızın milli ləyaqət hissinin bərpa edilməsi
və güclənməsi uğrunda misilsiz tarixi xidmətidir.
Məhz onun prezidentliyi dövründə yüksək şəxsi
ləyaqət və milli mənlik hissi ilə tərbiyə
olunaraq yetişmiş gənc nəsillər Vətən
müharibəsindəki parlaq Zəfərimizin
qazanılması naminə böyük qəhrəmanlıqlar
göstərdi. Bu mənada, 8 Noyabr - Zəfər günü həm
də xalqımızın, vətəndaşlarımızın,
eyni zamanda ləyaqətli gəncliyin milli mənliyinin təntənə
günüdür. İnanırıq ki, bu yol yeni uğurlar əldə
edilməklə əbədi davam edəcək, yüksək
şəxsi ləyaqət və milli mənlik hisslərilə
tərbiyə olunan gənc nəsillər Azərbaycanı
daha da parlaq gələcəyə aparacaqlar.
Zakir BAYRAMLI
Şair-publisist,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin
üzvü
525-ci qəzet .-2025.- 12 fevral(¹26).- S.13.