Erməni vandalizmi davam edir - İrəvandakı
Təpəbaşı məscidi təhqir olunur
Ermənistan Azərbaycanın tarixi, mədəni-dini
irsinə qarşı vandal hərəkətlərindən əl
çəkmək istəmir. İllərlə işğal
altında olan torpaqlarımızda görünməmiş vəhşiliklər
törədən, bütün tarixi-mədəni abidələrimizi,
dini məkanlarımızı dağıdan ermənilər
eyni zamanda, Ermənistanda da Azərbaycan irsinə qarşı
eyni cür davranıblar. Həmin vandal əməllər bu
gün də davam edir. Bir neçə gün əvvəl
sosial şəbəkələrdə yayılan
görüntülərdən məlum oldu ki, İrəvandakı
Təpəbaşı məhəlləsində yerləşən
Azərbaycan məscidi spirtli içkilərin istehlak edildiyi məkana
çevrilib. Bu, əlbəttə ki, Azərbaycan
xalqının dini və mədəni heysiyyətinə toxunan
açıq provokasiyadır. Həmin görüntülərdə
məscidin ciddi dağıntılara məruz
qaldığı, interyerinin tamamilə dəyişdirildiyi
görünür.
Qeyd edək ki, Azərbaycanın İrandakı səfiri
Əli Əlizadə sosial şəbəkə hesabında
İrəvandakı məscidin təhqir olunmasına görə
beynəlxalq ictimaiyyətə çağırış edib:
"İşğal illərində Qarabağda bütün məscidlərimizi
təhqir edən və tamamilə dağıdan Ermənistan
hazırda İrəvandakı Azərbaycan məscidini təhqir
edir. Təpəbaşı məscidində turistlərə
spirtli içkilər təklif edilir. Beynəlxalq ictimaiyyət
və təşkilatlar tədbirlər görməlidir, bu
vandalizmin qarşısı alınmalıdır".
Təpəbaşı məscidi İrəvandakı
tarixi Təpəbaşı məhəlləsində yerləşir.
Məscid Abbasqulu xan İrəvanskinin göstərişi ilə
tikilib. Tamamilə kərpicdən olan abidənin
divarlarının qalınlığı 1,5 metrdir. Bu məscid
19-cu əsrin sonlarında inşa edilib və azərbaycanlı
əhalinin əsas ibadət yerlərindən biri olub. Bəzi
mənbələrdə məscidin daha erkən tikildiyinə
dair məlumatlar var. Məsciddə,
eləcə də imam otağında erməni ailələri
məskunlaşıb.
Ümumiyyətlə, Ermənistan
soydaşlarımızın izini itirmək məqsədilə
Təpəbaşı məscidinin də yerləşdiyi Təpəbaşı
məhəlləsini sökməklə bağlı planlar
qurur. Təpəbaşı məhəlləsi demək olar
ki, tamamilə məhv olmaq təhlükəsi ilə
üz-üzədir. Vaxtilə azərbaycanlılardan ibarət
olan bu məhəllənin etnik tərkibi tarixin üç mərhələsində
(1918-1920-ci, 1948-1953-ci, 1988-ci il illər) süni şəkildə
dəyişdirilib və bu gün ermənilərdən ibarət
monoetnik məhəlləyə çevrilib.
Qərbi Azərbaycan İcmasının Təpəbaşı
məscidi ilə bağlı bəyanatında deyilir ki, Ermənistan
tərəfinin Azərbaycan mədəniyyət abidələrini
qəsdən məhv etməsi və Azərbaycan
xalqının indiki Ermənistan ərazisindəki mədəni
izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən
1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının
kobud şəkildə pozulmasıdır: "Ermənistanın
bu addımları bölgədə sülh və
barışığın əldə olunmasına ciddi maneə
törədir. Mədəni irs obyekti sayılan Təpəbaşı
məscidinin dağıdılmasına, qalıqlarının
isə bu cür təhqiramiz şəkildə istifadəsinə
qətiyyətlə etiraz edərək, UNESCO-nu və digər
beynəlxalq təşkilatları təxirəsalınmaz
addımlar atmağa, o cümlədən, məscidin və digər
dağıdılmış Azərbaycan abidələrinin bərpası
və qorunması üçün Ermənistana təzyiq etməyə
çağırırıq. Biz Ermənistan hökumətindən,
Azərbaycan xalqına məxsus bütün
dağıdılmış və ya
saxtalaşdırılmış mədəniyyət abidələrinin
bərpası və qorunması istiqamətində öhdəliklərini
dərhal yerinə yetirməyi tələb edirik".
Azərbaycan Ermənistanın mədəni-dini irsimizə
qarşı bu cür davranışı ilə bağlı
UNESCO rəhbərliyinə müraciət edərək Ermənistana
faktaraşdırıcı missiya göndərməsinə
çağırış edib. Amma təəssüf ki, Azərbaycan
vətəndaş cəmiyyəti, tanınmış
ziyalılar, alimlər, mədəniyyət xadimləri və
digər səviyyələrdə edilmiş bu müraciətlərə
adekvat reaksiya verilməyib.
Həmin müraciətlərdən birində deyilir
ki, Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində
Qərbi Zəngəzur, Qafan, İrəvan, Göyçə,
Nüvədi, Vedi və digər bölgələrdə Azərbaycan
xalqının mədəni irsi məhv edilib, mənimsənilib.
Məsələn, İrəvanda yerləşən Dəmirbulaq
məscidi 1990-cı illərin əvvəllərində
buldozerlə dağıdılıb, XVI əsrə aid Sərdar
məscidi isə bir neçə mərhələdə məhv
edilib. Qala məscidi, Şah Abbas məscidi, Təpəbaşı
məscidi, Zal Xan məscidi, Sərtib Xan məscidi, Hacı
Novruzəli bəy məscidi, Hacı Cəfər bəy məscidi,
Rəcəb Paşa məscidi, Məhəmməd Sərtib Xan
məscidi, Hacı İnam məscidi və Ermənistan ərazisində
yerləşən 300-dən artıq digər dini və mədəni
abidələri eyni aqibətlə üzləşib. Bundan əlavə,
Ermənistan ərazisində Aşağı Şorca,
Qullubulaq, Saral və Ağadada kimi 500-dən artıq Azərbaycan
qəbiristanlığı təhqir edilərək
dağıdılıb.
Bu geniş miqyaslı kampaniya yalnız fiziki
dağıntılarla məhdudlaşmayaraq, Azərbaycan kəndlərinin
tarixi adlarının da tamamilə dəyişdirilməsi və
erməni adları ilə əvəzlənməsi ilə
müşayiət edilib. Ermənistan ərazisində qalan
yeganə məscid - İrəvandakı Göy Məscid
saxtalaşdırılaraq "fars məscidi" kimi təqdim
edilir.
UNESCO-dan Ermənistan ərazisinə
faktaraşdırıcı missiya göndərməsi, Azərbaycan
xalqına məxsus mədəni irsin vəziyyətini
monitorinq etməsi və sənədləşdirməsi, Ermənistandan
UNESCO sənədləri də daxil olmaqla, beynəlxalq
konvensiyalar çərçivəsində mədəni irsin
qorunması üzrə öhdəliklərinə əməl
etməsinin tələb olunması xahiş edilsə də,
müraciətlərə cavab verilməyib.
Ermənistanın məscidlərə, ümumiyyətlə
maddi-mədəni irsimizə qarşı vandal münasibəti
onu göstərir ki, ermənilər üçün müqəddəs
heç nə yoxdur. Onlar həm işğal müddətində
Qarabağda, həm də Ermənistanda Azərbaycan abidələrini,
məscidləri dağıdıblar. Qarabağda 67 məsciddən
63-ü dağıdılıb, qalan bir neçə ibadət
evində donuz saxlayıb, onları tövləyə
çeviriblər. Bununla onlar təkcə Azərbaycan
xalqının deyil, bütün müsəlman
dünyasının heysiyyətını təhqir ediblər.
Məscid müqəddəs məkandır, Allahın evidir. Bu
cür əməllər isə Allah qatında böyük
günah sayılır. Azərbaycan heç vaxt bu cür
addım atmayıb, erməni kilsəsi Bakının mərkəzində
olduğu kimi qalır.
Azərbaycan Prezidenti İlham Əliyev ermənilərin
vandal əməllərinə toxunaraq deyib: "Ağdamda
cümə məscidinin qalıqlarından başqa, bir dənə
də salamat bina yoxdur. Bunu hansısa yad planetli, necə deyərlər,
ünsürlər törətməyiblər. Bunu bizim
qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim
torpağımızda özünə yuva salan, ancaq bizə
qarşı daim nifrət hissi ilə yaşayan ermənilər
törədiblər. Bu dağıntılar Birinci Qarabağ
müharibəsindən sonra törədildi. Bu, ikinci
müharibə dövründə törədilən
dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz
məqsədyönlü şəkildə
dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz
söküldü. Bunun da bir neçə məqsədi var
idi. Birincisi, bizə olan nifrət. İkincisi, Azərbaycan
xalqının mədəni irsini bu torpaqlardan silmək məqsədi
və əlbəttə ki, gələcəkdə elə bir vəziyyət
yaratmaq ki, Azərbaycan əhalisi bu torpaqlara qayıda bilməsin.
Çünki bu dağıntıları törədən vəhşidir.
Bunun başqa adı yoxdur. Təkcə bura deyil, azad edilmiş
bütün torpaqlarda mənzərə eynidir. Mən
maşınla yüz kilometrlərlə torpaqları gəzərkən
gördüm ki, sağda-solda hər şey
dağıdılıb, talan edilib. Sanki bu torpaqlardan vəhşi
qəbilə keçib".
Bu gün azad olunmuş ərazilərdə yeni məscidlər
inşa olunub və tikinti işləri davam edir. Ermənilər
isə faşist ideologiyadan əl çəkməyərək
Azərbaycan izini silməklə məşğuldurlar. Amma
tarixdən bu izləri silmək mümkün deyil. İrəvan
Azərbaycan şəhəridir və Təpəbaşı məhəlləsi
tarixən azərbaycanlıların yaşadığı məkan
olub.
Təəssüf ki, 30 il erməni
vandallığına göz yuman aidiyyəti qurumlar bu gün
də susurlar. Ermənilərin beynəlxalq hüququ, konvensiyaları pozan addımlarını
görmək istəmirlər. Təkcə UNESCO deyil, İslam
Əməkdaşlıq Təşkilatı, müsəlman
dövlətləri məsələyə həssas
yanaşmalıdırlar. Axı söhbət müsəlmanlar
üçün müqəddəs olan məscidlərin
dağıdılmasından, spirtli içkilərin istehlak
edildiyi məkana çevrilməsindən gedir. Bir məscidin təhqiri
bütün müsəlman dünyası üçün qəbuledilməz
olmalıdır.
Pərvanə
525-ci qəzet .- 2025- 13 fevral(№27).- S.6.