Nizami Cəfərov: “Tələbələrin
elmin fəlsəfəsini anlaması üçün elmi
biliklərin kütləvi təbliği vacibdir”
“Məlum olduğu kimi, elmin
populyarlaşdırılmasının və təbliğinin
vacibliyini nəzərə alaraq Azərbaycan Dövlət
İqtisad Universitetində rektor, professor Ədalət Muradovun
rəhbərliyi altında "Elmin
populyarlaşdırılması" təşəbbüsü
və "Elm gözəldir: məktəbdən elmə"
adlı layihəyə start verilib. Mən UNEC-in irəli
sürdüyü bu təşəbbüsü, həyata
keçirdiyi layihəni alqışlayıram. Həm orta məktəblərdə,
həm də universitetlərdə bu kimi layihələrin həyata
keçirilməsi çox əhəmiyyətlidir”.
Bu fikirləri “525”ə Azərbaycan Atatürk Mərkəzinin
direktoru, akademik Nizami Cəfərov deyib.
Akademik bildirib ki, bu gün orta məktəblərdə
şagirdlər çox zaman elmə yox, ixtisasa meyl edirlər.
Onlar elmə ixtisas kimi baxırlar. Elmə şəxsiyyəti,
intellekti formalaşdıran vasitə kimi
baxılmalıdır. Orta məktəblərdə bu, təbliğ
olunmalı, şagirdlərə bu aşılanmalıdır.
UNEC bu vacib missiyanı öz üzərinə
götürüb və layiqincə də bu işin öhdəsindən
gəlir:
“Bildiyim qədərilə "Elm gözəldir: məktəbdən
elmə” layihəsi çərçivəsində UNEC-in
müəllimləri, ziyalılar ölkə üzrə məktəblərə
və liseylərə səfər edərək, məktəblilərin
intellektual potensialının,
dünyagörüşünün inkişafına təkan
vermək məqsədilə elmi biliklərin kütləvi təbliğini
həyata keçirir, elmi təbliğ edirlər. Doğrudan
da, bu gün üçün bu, çox vacib və əhəmiyyətlidir.
Şagirdlər elmin əhəmiyyətini, elmin insanı bir
şəxsiyyət kimi formalaşdırdığını hələ
məktəbli ikən anlamalı və dərk etməlidirlər”.
Nizami Cəfərovun sözlərinə görə,
ali məktəblərdə təhsil alan tələbələr
ayrı-ayrı fənlər, ixtisaslar üzrə
ixtisaslaşdıqları üçün elmin intellektual dəyəri,
şəxsiyyətin mədəni səviyyəsinə təsiri
barədə yetərincə məlumatlı olmurlar. Tələbələrin
elmin fəlsəfəsini anlaması üçün onlar
arasında da elmi biliklərin kütləvi təbliği
vacibdir. Gənc nəslə elmə şəxsiyyəti və
intellekti formalaşdıran bir vasitə kimi
yanaşmalıdır:
“Azərbaycan Dövlət İqtisad Universitetinin gənc
nəslin elmə marağını artırmaq
üçün başlatdığı bu iş çox əhəmiyyətlidir.
Əminəm ki, bu işin yaxşı nəticələri də
olacaq”.
Sevinc Qarayeva
525-ci qəzet .-2025- 14 fevral(¹28).- S.9.