Tənəzzül haqqında yeni və
unudulmuş elm
(II yazı)
YAXUD BİLDİYİMİZ QAYNAQLARIN SONU
"...Keçmişdə yox olmuş
sivilizasiyaların iki ortaq xüsusiyyəti olduğu
haqqında alimlər arasında fikir birliyi var: hamısı
ölçüyəgəlməz təkəbbürün və
özünə həddindən artıq güvənmənin
qurbanlarıydı. Qarşılarına hansı maneə
çıxırsa çıxsın, öhdəsindən gələ
biləcək gücə sahib olduqlarına inanırdılar və
hər gün artan zəifliyi bədbinliyə düşməmək
üçün gözardı edə biləcəklərini
düşünürdülər..."
Kollapsologiya haqqında danışanda diqqət etməli
olduğumuz vacib bir məqam var: hər şeyin həddindən
artıq böyüməsi və ifrata varması.
İqtisadiyyatın, brendləşmənin, siyasi rəqabətin,
ideoloji çaxnaşmanın, dəyərləri görməzliyə
vurmanın, 3-cü Dünya ölkələrinə
qloballaşmanı məcburi şəkildə qəbul etdirmənin
və bu kimi praktikası vacib, amma vaxt tələb edən
anlayışların böyüməsini nəzərdə
tuturam. Zirvə yarışı bütün sahələrdə
işıq sürəti ilə davam edir. Bəs zirvədə
nə var? Divarlar, məhdudiyyətlər. Onların
arxasında isə dərin uçurumlar. Bütün
anlayışlar kulminasiya nöqtəsindən sonra
aşağı doğru hətəkət edib dibə
çırpılmaq məcburiyyətindədir. Bu
insanların yox, təbiətin və riyaziyyatın qanunudur. Nələrisə
kulminasiyada saxlamaq isə, həm də indiki zamanda,
qeyri-mümkündür. Bu, təxminən, ideal cəmiyyətin
və üstinsanın yaranması deməkdir. Siz
inanırsınız buna? Mən yox!
Zirvədəki məhdudiyyətlər, hüdudlar
hansılardır bəs? Məsələn, texnologiyadan istifadənin
ifrata varması və plastik tullantıların nəzarətdən
çıxması qlobal istiləşməyə zəmin
yaratdı. Sürətlə inkişaf edən industriyanın
qarşısını ala bilmədik. Böyüdükcə
böyüyən zavodlar, fabriklər, şəbəkələri
artan holdinqlər, sərmayəsi bol şirkətlər, neft və
təbii qaz yataqları üçün mübarizə aparan
siyasilər, platin və almaz axtarışları,
kömür istehsalı və sair. İnsan və onun
yaratdıqlarının fəaliyyətlərindən
dolayı zərərli qazların emissiyaları artıq
normanın çox üstündədir. Bu da iqlimlərin
süni şəkildə istiləşməsinə yol
açır. Dünyada orta temperatur sənaye inqilabından
sonra, yəni 1880-dən sonra 0,85 dərəcə Selsi
artdı və növbəti altmış ildə sürətlənməyə
başladı. İkinci Dünya müharibəsindən sonra təqdiqatçılar
bu mövzuya daha həssas yanaşmağa başladılar,
çünki rəqəmlər onlar üçün vahiməli
görünürdü. Ekspertlər qlobal istiləşmənin
2050-ci ildə 2 dərəcə, 2100-cü ildə isə 4,8
dərəcə Selsi artacağını
proqnozlaşdırırlar. Bəli, sürətlə
inkişaf edən texnologiyanı görünməz bir əl
dayandıracaq: iqlim!
Təbii fəlakətlər öz mesajını, illərdir,
verir onsuz da. Bu mövzu nəinki gələcək nəsilləri,
elə bizi də maraqlandırır. Çünki hər
beş ildən bir bunun ağır fəsadlarının
şahidi oluruq. 2003-cü ildə istiləşmə
ucbatından bütün Avropaya yayılan yanğınlar nəticəsində
on beş min insan həyatını itirmişdi. Ümumiyyətlə,
mövzudan kənar da olsa bir qeyd atım yazının bu hissəsinə,
2003-cü ildə baş verən İraq müharibəsi, Fələstin-İsrail
müharibəsi, Balkanlardakı mafiya qiyamları, Avropa və
Amerikadakı mitinqlər, Skandinav ölkələrindəki
intihar səbəbi ilə yetmiş min insan öldü. 2024-dəki
ölüm sayına qədər bu rəqəm çox ciddi
bir staistikanın başlanğıcı sayılırdı.
Qayıdaq istiləşməyə. 2003-cü ildə baş
verən yanğınlardan sonra iqtisadiyyata on üç milyard
avro ziyan dəydi. 2010-cu ildə Rusiyada başlayan quraqlıq kənd
təsərrüfatına iyirmi beş faiz ziyan vurmuşdu, bu
isə on üç milyard dollar demək idi.
Amerika Silahlı Qüvvələrində iqlim problemləri
üzrə araşdırmalara rəhbərlik etmiş,
"İqlim müharibələri" kitabının müəllifi
Civni Dier 2021-ci ildə yazıb: "Qlobal istiləşmə
beş dəfəyə qədər artanda və orta temperatur
bütün iqlimlər üzrə doqquz dərəcəni
keçəndə, bu gün xəyalını qurduğunuz hər
şeyin üstündən xətt çəkmək məcburiyyətində
qalacaqsınız..."
Dier daha dəhşətli bir proqnozun da müəllifidir.
O iddia edir ki, 2036-cı ildə və ya o tarixə yaxın bir
zamanda Hindistan və Pakistan arasında nüvə
silahının da istifadə olunacağı müharibə
baş verəcək. Bilmirəm, bu yəqinlər hansı məlumatların
nəticəsidir, amma vəziyyət bu qədər pisdirsə,
nikbin olmaq üçün heç bir böyük səbəb
qalmır. Əgər bu gündən etibarən zavodların zəhərli
tüstü buraxmağının önünü kəssək,
istiləşmə və ozon qatındakı seyrəlmə hələ
on il də davam edəcək.
Təbiət sadəcə istiləşmə ilə
qisas almayacaq bizdən. Həm də suyun
hökmranlığı başlayacaq. Bir tərəfdən
şirin su hövzələri quruyub yoxa çıxdıqca,
digər tərəfdən də buzlaqların əriməsi nəticəsində
su səviyyəsi planetin bütün nöqtələrində
artmağa başlayacaq. Suyun bizə qarşı başqa bir təhdidini
də qeyd edim. Su səviyyəsinin dəyişməsi okean
axınlarının sirkulyasiyasını sürətləndirəcək.
Bu da okeanın dərinliklərində anoksi (oksigen
çatışmazlığı) yaradacaq. Anoksi təbəqəsi
artdıqca və okeanın səthinə doğru hərəkət
etdikcə ozon qatını dəlməsi ilə məşhur
olan hidrogen-sulfid yaradan bakteriyaların sayı sürətlə
artacaq. Okeandakı və qurudakı canlıların bir
çoxu məhv olmağa başlayacaq. Elmi-fantastik film
ssenarisinə bənzəyir, hə? Bilirəm, amma buna bəşəriyyət
tarixində misal çəkə biləcəyimiz və elmə
"Kənfild Okeanları" adı ilə düşən
hadisələr var. NASA növbəti belə okeanların
2100-cü ildən qabaq yenidən ortaya
çıxacağını iddia edir.
Bir məsələni də yazıb,
kollapsologiyanın təməl səbəblərindən biri
olan istiləşmə haqqında yazını
yekunlaşdırım. Qlobal istiləşmə özü ilə
yanğınlar gətirdi, oksigen
çatışmazlığı gətirdi, ən əsası
isə növlərin sonunu yaxınlaşdırdı. Nə
vaxt ki, industriya termini insan həyatına daxil oldu, Adəmin
övladları cənnətdən sonrakı
sığınacaqlarına nankor oldular. Bir anda təbiətdən
ayrı düşən insan milyon illər birgə
yaşadığı təbiəti istismar etməyə
başladı. On altıncı əsrdən bu yana üç
yüz otuz iki növ canlı tamamilə məhv olub,
kökü kəsilib. Yüzlərlə növün adı
isə "Qırmızı kitab"dadır. Sənayeləşmənin
gətirdiyi rahat həyat tərzi insanın eqosunu və
küdurətini artırdı. Bir başqa misal, bütün
dünyada neft industriyasının yarandığı gündən
bu günə balıq biokütləsinin doxsan faizi məhv
olub. Doxsan faiz! Necə dəhşətli rəqəmdir, hə?
Və ya belə düşünək, hazırda bizi təəccübləndirən
rəngarəng təbiət gör indi maşınların
ixtirasından qabaq necə olub?!
Kollapsologiya haqqında oxuduğum beş kitabın
hamısında (birinci yazıda qeyd etmişəm
adlarını) qlobal istiləşmə ilə bağlı
müxtəlif iddialar var. Lakin hər birinin ortaq məxrəcə
gəldiyi bir nüans var: Tez, ən tez, nə qədər tez
bacarırıqsa, o qədər tez qlobal istiləşmənin
qarşısını almaq üçün
zavodlarımızın, maşın istehsal edən yerlərimizin
bacalarına baxıb düşünməliyik. Bizə
lazım olan nədir? Sürətli inkişafa davam, yoxsa
dünyanın sonu?
Rəvan CAVİD
525-ci qəzet .-2025- 15 fevral(№29).- S.21.