"Feminizm günəşi"
qürub edir
Ötən parlament seçkiləri ərəfəsində,
uzun illərdir görmədiyim, tanış bir xanımla təsadüfi
görüşümüz oldu. İkimiz də məktəbdən
uşaqları götürürdük. Söhbət əsnasında
bildim ki, əvvəlki həyat yoldaşından
ayrılmış bu xanım ikinci dəfə ailə həyatı
qurub. Birinci həyat yoldaşından ayrılma səbəbi
aşırı qısqanclıq və ən əsası isə
işləməyə icazə verməməsi imiş.
Ayrılıblar. Ayrıldıqdan sonra "karyera yolunda
inamlı addımlarla irəliləyib". Sonra görüb,
yox, "qabırğasız" alınmır. İkinci dəfə
birinci həyat yoldaşı ilə tam əks xarakterdə olan
bir bəylə ailə qurub. Amma gördüm, yenə narazıdır.
Səbəb? "Çox yoruluram", "Hər yerə tək
gedirəm", "Məni heç qısqanmır",
"Hər şeylə razılaşır". "Kişi
olan kəs bir dəfə zəng vurub deməzmi, ay arvadım
hardasan?!" Axırda da dedi:
"Mən bilirsən nə istəyirəm?"
Açığı, bilmək istəmədim. Və nədənsə
mənə elə gəldi ki, heç özü də nə
istədiyini bilmir. Bu cansıxıcı söhbətin
mövzusunu dəyişmək üçün, onun səsvermədə
iştirak edib-etməyəcəyini soruşdum. Dedi, mən bu
yaşıma qədər (44 yaşı var) bir dəfə də
seçkidə, səsvermədə iştirak etməmişəm.
Dedim, yaxşı bəs təhsilin yarımçıq
qalmışdı, davam etdirdinmi? Cavabından öyrəndim
ki, "azad" olduqdan sonra təhsilinin də ardınca
düşməyib. Bəs nə işlə məşğuldur?
Dırnaq qaynağı ilə...
Sosial platformalarda tez-tez
qarşılaşdığımız müzakirələrdən
biri də gender bərabərliyi mövzusudur. Qlobal miqyasda
gender bərabərliyinə nail olmaq həm də qadınlara
və qızlara qarşı cinsi alver, qadın cinayəti,
müharibə zamanı cinsi zorakılıq, gender əmək
haqqı fərqi və digər təzyiq taktikaları daxil
olmaqla, zərərli təcrübələrin aradan
qaldırılmasını tələb edir. Lakin müasir
dövr feministlər gender bərabərliyinin müdafiəsi
altında əks cinsin nümayəndələrinə
qarşı düşmən mövqe səgiləyirlər.
Bu mövzuda radikal feministlərin düşüncələri
və təbliğatı olduqca zərərlidir. Feminizm
qadınların kişiləri tamamilə yox sayması,
kişilərə qarşı düşmən mövqedə
dayanmağı tələb etmir. Feminizm seksistliklə, yəni
cinsi ayrı-seçkiliklə, cinsi istismar və qadına
qarşı təzyiqlərlə mübarizə hərəkatıdır.
İstər qadın olaq, istərsə də kişi,
hər birimiz doğulduğumuz andan etibarən
sosiallaşdıqca zaman-zaman seksist düşüncələri
qəbul etməyə yönləndirilirik və bu bir həqiqətdir
ki, qadınlar da kişilər qədər seksist ola bilir.
Feminizm inkişaf etdikcə cəmiyyətimizdə yalnız
kişilərin deyil, qadınların da ən az kişilər
qədər seksist olduğu həqiqətini qəbul etməliyik.
Odur ki, artıq kişilərə qarşı çıxan
feminizm anlayışı ictimai gender ədalətinin
yaradılması ilə əvəz olunmalıdır.
Çünki biz qadınlar əvvəlcə öz seksist
düşüncələrimizlə üzləşməliyik.
Günümüzdə rəhbəri qadın olan böyük
şirkətlər var. Təhsil ocaqlarında rəhbər vəzifədə
olanların əksəriyyətini qadınlar təşkil
edir. Mən özüm uzun illər rəhbəri qadın olan
3 şirkətdə çalışmışam. Məncə,
rəhbəri kişi olan iş yerlərində
çalışan qadınlar daha az istismara, mobinqə,
psixoloji təzyiqə uğrayır, nəinki qadınların
rəhbərliyi altında çalışan qadınlar. Daha
bir misal: zaman-zaman efirdə, sosial şəbəkələrdə
səsləndirilən seksist fikirlərin, yanaşmaların əksəriyyəti
həmcinslərimiz tərəfindən müdafiə olunur. Təəssüf
ki, xeyli vaxtdır efir-efir gəzib qadınların kişinin
köləsi olduğu fikrini müdafiə edən müğənni
də qadındır. "Ərim mənim
Allahımdır", "Ərimin ayağını yuyaram, hələ
suyunu da içərəm", "Qoy vursun məni, təki
səsi evdən əskik olmasın", "Qadın kimdir ki,
kişi olan yerdə", "Qadın nədir, telefon işlətmək
nədir" kimi fikirləri səsləndirənin bir
qadın olduğu cəmiyyətdə sanki bir az kişilərin
günahına giririk. Qəribədir ki, "feministəm"
deyib özünü həlak edən
bacılarımızın əksəriyyəti başqa bir
qadının quyusunu qazarkən hər hansı bir zəif
nöqtəsindən həmin qadına qarşı silah kimi
istifadə etməkdən zərrə qədər çəkinmir. İctimaiyyət
qarşısında "güclü qadın" imici
yaradaraq başqa qadınlara özünü örnək
göstərməyə və bununla da evdar qadınları əzməyə
çalışarkən feminist ruhları nədənsə
narahat olmur. Əvvəlcə onu qeyd edim ki, evdar qadın olmaq,
övladının qayğısına qalmaq qadının
uğursuzluğu deyil. Uşağa baxmağı, yemək
bişirməyi, ev təmizləməyi alçaldıcı
bir iş olaraq görmək insanlıq tarixinə
ayıbdır. Müasir dünyada qadınlar cəmiyyətdə
rol ala bilir və bu, mükəmməl bir irəliləyişdir.
Amma "feministəm" deyib ortalıqda hay-küy salanlar
bilməlidir ki, qadınlar hətta fəal
olmadıqlarını düşündüyümüz
dövrlərdə belə, həyata təsir etmək
gücündə olublar.
Radikal feministlər tez-tez qadın istismarının əsasən
İslam dinindən irəli gəldiyini iddia edirlər. Halbuki
İslam dini qadını heç vaxt sosial həyatdan
qoparmayıb, onu həyatın bir parçası olaraq qəbul
etdiyini də göstərən örnəklər var. Rəvayətə
görə, xəlifə Ömər öz hakimiyyəti
zamanında bir gün minbərə çıxıb
qadınlara gərəyindən artıq mehr verilməməsini
istəyib. Bu zaman əhali arasından bir qadın irəli
duraraq ayələrdən örnək verir və bu fikrə
qarşı çıxır. Bundan sonra xəlifə Ömər
söylədiyi fikrin yanlış olduğunu qəbul edib
mövqeyindən daşınır. Bu epizod səhabələr
dövründə belə qadınların məscidlərə
gedib rahatlıqla fikirlərini söyləyib müdafiə
etdiklərini göstərir və İslamın ilk illərində
qadının cəmiyyətdəki mövqeyinin müəyyənləşdirilməsi,
idarəçilərin onların fikir və qərarlarına
nə dərəcədə hörmətlə
yanaşması ilə bağlı mühüm ipucları
verir. Bir gün İmam Malikdən soruşurlar ki, bir qadın
naməhrəm bir kişi ilə və yaxud da bir köləsi
ilə eyni süfrə arxasına əyləşib yemək
yeyə bilərmi? İmam bu suala: "Əgər həmin əyalətdə
qadınların kişilərlə yemək yeməsi ənənədirsə,
bunda qəbahət yoxdur" - deyə cavab verib. Yəni
hansısa bir davranışın ənənəyə
çevirilməsi artıq cəmiyyət tərəfindən
qəribə qarşılanmayacaq.
Göründüyü kimi, sosial həyatda
qadınlarla kişilərin bərabərhüquqlu olmasına
dində heç bir qadağa yoxdur. İslam dini sadəcə
olaraq qadın və kişi arasındakı sosial münasibətlərin
balanslaşdırılmış səviyyəsini ortaya qoyur.
Bu səviyyə nə qadını sosial həyatdan qoparıb
evə həbs edən, nə də
sərhədsiz bir sərbəstliklə onun dəyərsizləşdirilib
kommersiya əmtəəsinə çevirilməsinə səbəb
olan bir səviyyədir. Feminizm hərəkatının Qərbdə
başlaması da bir daha sübut edir ki, Şərqdə
qadınlar hər zaman azad olub, yüksək dəyər
görüb.
Hazırda ən radikal fikirlərin
daşıyıcıları lezbiyan feministlərdir. Əslində
lezbiyan feminizmi 1970-80-ci illərdə meydana
çıxmış olsa da, hərəkat əsasən
1990-cı illərdən dünyada sürətlə
yayılmağa başladı. Təxminən 2000-ci illərdən
Azərbaycanda lezbiyan feministlər boy göstərməyə
başladı. Bu hərəkatda lezbiyanlığı
homofoblara qarşı müdafiə etmək və lezbiyan
"mədəniyyətinin" inkişafında bir
başlanğıc yaratmaq hədəflənir. Ancaq bu gün
lezbiyan feminizminin dünyaya Qərbdə "doğan günəş"i
elə Qərbdə də batmaq üzrədir. Növbəti dəfə
ABŞ prezidenti seçilən Donald Trampın LGBT haqlarına
dair verdiyi bir sıra qərarlar dünyanın bir çox
ölkəsində təşkilatlanan LGBT müdafiəçilərinin
yuxusunu ərşə çəkib. Trampın
imzaladığı "Qadınları gender ekstremizmindən
qorumaq və federal hökumətdə bioloji
reallığı bərpa etmək" başlıqlı sərəncamında
bildirilir ki, ABŞ yalnız iki cinsi tanıyır: kişi və
qadın.
Bir əsrdir ki, dünyada, eləcə də ölkəmizdə
ictimai-siyasi mühitdə qadınlar ən az kişilər qədər
azad və bərabər hüquqlara malikdir. 20-30 il bundan əvvəl
qızlarını qonşu kəndə məktəbə
göndərmək istəməyən dindarlar belə bu
gün qızlarını təkbaşına oxumaq
üçün Qərb universitetlərinə göndərirlər.
İranda bir vaxtlar qadınların kinoteatrlara getməsi
xoş qarşılanmırdı, ancaq bu gün İranda
qadınlar üçün kinoaktrisalıq və rejissorluq
hörmətli sənətlərdən sayılır. Bu
cür sosial dəyişikliklər yaşanarkən feministlərin
qadının hansı azadlığı uğrunda mübarizə
aparırlar?
Qadın qətillərinin sayının hər gün
bir az da artması, qadın bədəninin alver predemtinə
çevrilməsinin cəmiyyətdə artıq şok effekti
yaratmaması bir az da ifrat sərbəstlikdən irəli gəlir,
bəlkə də. "Mənim həyatım mənim bədənim"
şüarının acı nəticəsi ola bilər bu. Bir
də axı dünyada öldürülən, təcavüzə,
istismara, haqsızlığa uğrayan təkcə qadınlar
deyil. Feministlərə görə, öldürülən
qadındırsa, cinayətdir, kişidirsə, qadının
mütləq bir səbəbi var. Bu nə məntiqdir, necə
yanaşmadır belə? İndi qadınlar Kosmosa
uçurlarsa, parlamentlərin yarısını qadınlar təşkil
edirsə, dövlətlərin idarəsində
qadınların da mühüm yeri varsa, demək, feminizm hərəkatı
artıq dünyada missiyasını çoxdan başa vurub.
İndi bəşəriyyətin mübarizə aparmalı
olduğu problem insanlar arasındakı təbəqələşmədir.
Bu gün dəyərsizləşdirilən varlıq cinsindən
asılı olmayaraq insandır.
Yazının girişindəki əhvalatı qeyd etməyimin
xüsusi bir səbəbi vardı, əlbəttə. Bəzi
qadınlar seçkidə iştirak etmək, təhsil almaq,
daha yaxşı karyera qurmaq haqlarına sahib olublarsa da, öz
haqlarından istifadə etmirlər. Azərbaycanda qadın
azadlığının hansı həddə olduğunu
görmək üçün, hər şeyi bir kənara
qoyuram, elə Tik-Toka qısaca nəzər salmaq kifayətdir.
Məşhur mahnıda deyildiyi kimi: "Daha nə istəyirsən?"
Yazıma məşhur kinorejissor Andrey Tarkovskinin
sözləri ilə nöqtə qoymaq istəyirəm.
Tarkovski deyirdi: "Feministlərin məqsədinin nə
olduğunu anlayıram. Onlar artıq məsuliyyət
daşımaq istəmirlər. Hər zaman əzildiklərini
və bərabər haqlar qazanaraq bu vəziyyətdən xilas
olacaqlarını zənn edirlər. Qavraya bilmədikləri
isə budur: insan, qadın və ya kişi olmasından
asılı olmayaraq ürəkdən azad olmaq istəyirsə,
sözsüz ki, azaddır. Azadlığı özü
seçdiyi üçün azaddır, azadlıq tərəfdarı
olan bir ölkədə yaşadığı
üçün deyil".
Günel MUSA
525-ci qəzet .-2025- 15 fevral(№29).- S.18.