"Bütün fikrimizi gəlirə
fokuslasaq, sənətimizi sevə bilmərik"
ƏMƏKDAR ARTİST ELŞƏN RÜSTƏMOV:
"NORMAL AKTYOR ÜÇÜN HƏMİŞƏ
İŞ VAR"
Əməkdar artist Elşən Rüstəmov Akademik
Milli Dram Teatrının və Dövlət Gənc
Tamaşaçılar Teatrının aktyorudur. O, "Leyli və
Məcnun", "Yarımçıq qalmış",
"Hacı Qara", "Hamlet", "Ölülər",
"Cəhənnəm sakinləri", "Manqurt",
"Yaşar" kimi tamaşalarda, "Fəryad",
"İtkin gəlin", "Günaydın, mələyim!",
"Qaranlıqlar çiçəyi", "Qaranlıqlar
çiçəyi", "Bir ailəm var", "Əqrəb
mövsümü" kimi ekran işlərində rol alıb.
Elşən Rüstəmovla söhbəti təqdim
edirik.
- Elşən bəy, bir müsahibənizdə
çox tamaşalarda rol almağınıza rəğmən,
maddi və mənəvi çətinliklərlə
qarşılaşdığınızı, sənətə
dəyər verilmədiyini bildirmişdiniz.
- Ola bilər, cavan vaxtlarımda o fikirdə olmuşam.
İndi isə vəziyyət tamamilə dəyişib.
Şükür Allaha, gileylənməyə bir səbəb
yoxdur. Hər şey öz qaydasında gedir, teatrda rollarım
var, mən də digər aktyorlar kimi pis-yaxşı
yaşayıram. Əlbəttə, hamı istəyir ki, daha yaxşısı
olsun. Təkcə bizim sahədə yox, digər sahələrdə
də bu belədir. Əsas odur ki, bu illər ərzində
bütün çətinliklərə baxmayaraq, öz peşəmdən
ayrılmadım. Bundan sonra da sənətdən getmək
fikrim yoxdur. Çünki həm yaş, həm həyat, həm
də sənət təcrübəsi buna icazə vermir. Geriyə
qayıtmağa yol yoxdur. Nə qədər irəli gedə
bilirəmsə, gedəcəyəm.
- Qonşu ölkələrlə müqayisədə
Azərbaycanda kino və teatr sahəsində aktyorların
qazancı kifayət qədər olmur. Bildiyim qədərilə
bir vaxtlar siz də rollarınızın çox olmasına baxmayaraq,
uzun müddət kirayədə yaşamışınız.
Amma siz hələ də bu sahədə fəaliyyətinizi
davam etdirirsiniz. Hətta eşitdiyimə görə, yeri gələndə
gənc rejissorlara da dəstək olub çəkilişlərə
pulsuz gedirsiniz. Sizə bunu vadar edən nədir?
- Daha çox tələbələr film çəkməklə
bağlı mənə yaxınlaşanda onlara kömək məqsədilə
bir neçə dəfə pulsuz çəkilməyə
razılaşmışam. Bunu təkcə mən yox, bir
çox aktyor dostlarım da edir. Özümü qəhrəman
kimi qələmə vermək istəmirəm. Mənim həmkarlarım
da bu addımı atırlar. Əgər tələbədirsə,
vaxt varsa, imkan varsa, hə, kömək etmək olar. Bizdə bəzən
məşqlər çox olur, vaxt olmur deyə, kömək
etmək istəsək belə, alınmır. Çətinliklər
isə hamının həyatında olur. Amm bu çətinlikləri
faş etmək doğru deyil. Digər sahələrdə vəziyyət
necədirsə, teatrda da, mətbuat, televiziya sahəsində də
onun kimidir. Əsas odur, iş var və hələ ki
sağ-salamatıq. Nəyisə bar-bar bağırıb etiraz
etmək lazım deyil.
- Oynayacağınız rolları seçərkən
daha çox nəyə diqqət yetirirsiniz? Gələn gəlirə,
yoxsa?..
- Bilirsiniz, gəlir məsələsi bizdən
asılı deyil. Xarici ölkələrdə sistem
başqadır, bizdə isə başqa. Buna görə də
öz işimizə fokuslanmalıyıq. Gəlir ya gələcək,
ya gəlməyəcək. Bütün fikrimizi ona fokuslasaq,
işimizlə məşğul ola, sənətimizi sevə
bilməyəcəyik. Biz bu sənətə niyə gəlmişik?
Ona görə ki, bu işi sevirik. Əgər sevib gəlmişiksə,
bununla məşğul olmalıyıq. Digər məsələlər
artıq məndən asılı deyil. Bu, başqa səviyyədə
həll olunan bir şeydir. Ona görə çalışmaq
lazımdır ki, işləyib işindən zövq alasan. Gəliri
fikirləşsəm, gərək nə teatr sahəsində
işləyəm, nə kino sahəsində. Çünki
bizdə bunların heç biri gəlirli sahə deyil.
- Əksər qadın aktrisalarımızda 40
yaşdan sonra baş rola çəkilməmək kimi problem
yaşanır. Kişilərdə də bu hal varmı?
- Ümumiyyətlə, baş rol məsələsini
problem hesab etmək doğrudurmu? Mənə elə gəlir
ki, normal aktyor üçün həmişə iş var.
İkinci dərəcəli rolu da yadda qalacaq şəkildə
oynamaq olar. Məsələn, təklif etsələr ki, sənə
baş rol veririk, amma yadda qalmayacaqsan, bir də epizodik rol
veririk, onunla yadda qalacaqsan, mən epizodik rolu seçərəm.
Məsələyə bu müstəvidən yanaşmaq
lazımdır. Hər yaşın öz rolları var. 60
yaşda sən kəskin hərəkətlər edə bilmərsən
təbii ki. Bu məsələ şəxsən mənim
üçün problem deyil.
- İllərlə kino sahəsində olan bəzi
peşəkar aktyorlar çəkiliş zamanı daha
çox rejissora müdaxilə edir və ya rejissorun müdaxiləsinə
qarşı çıxır. Siz də vəziyyət
hansı yerdədir?
- Hər kəsin öz işi var. Əgər mən
dünya şöhrətli aktyor olsaydım, yəqin mənim
də tələblərim olardı, müəyyən kaprizlərim
olardı. Amma mən elə deyiləm. Bunu qoyaq bir
qırağa. Mən xoşlayıram ki, rejissora lider kimi
münasibət göstərim. Ona oyunu quran, çox
savadlı, ağıllı insan kimi baxıram. Hətta tələbə
rejissorlara belə acgözlüklə qulaq asmaq istəyirəm,
onun işində heç nəyi dəyişmək istəmirəm.
Çünki bu onun işidir. İmkan verək ki, o, şəxsiyyət
kimi, sənətkar kimi püxtələşsin. Səhv
tapmaq, özünü ağıllı göstərmək
üçün rejissora irad bildirmək başqa bir şeydir.
- Tərəf müqabilləriniz zəif oynayanda vəziyyətdən
necə çıxırsınız?
- Mən tərəf müqabillərimə heç
vaxt istedadsız kimi baxmıram. İstedadsız insan, aktyor
olmur. Heç vaxt "əgər mən pis oynadımsa, bunun
günahı tərəf müqabilimdədir" deyib onu
alçaltmaram. Günahı özümdə axtararam. Əlbəttə,
hamının müəyyən istedadları var. Birinin
azdır, birinin çoxdur, digərinin isə lap çoxdur.
Amma birinə "o, istedadsızdır, mən onla
oynamıram" münasibətini bəsləmək doğru
deyil. Sən işləyəndə tərəf müqabillərini
sevməlisən, ətrafdakıları sevməlisən, hər
şeyi sevməlisən. Çünki sevgi olmasa, bütün
neqativlər zala, tamaşaçıya ötürüləcək.
- Son zamanlarda artıq təhsili olmayan insanlar belə
film ərsəyə gətirirlər. Necə
düşünürsünüz, film ərsəyə gətirmək
üçün komanda mütləq təhsili olan şəxslərdən
təşkil olunmalıdır?
- Təhsil mütləqdir. Kino böyük sahədir,
burda böyük bir sənaye olmalıdır və bu sənayedə
işləyən mütəxəssislər olmalıdır,
özdə çox yüksək səviyyəli mütəxəssislər.
Kino həm milyonlar tələb edən işdir, həm də
məsuliyyətdir. Rejissor çox savadlı olmalıdır,
nə etdiyini bilməlidir, azad, müstəqil olmalıdır,
aktyorları sevməlidir. O həm də lider olmalıdır.
Bu keyfiyyətlər olduğu halda rejissor olmaq olar. O da var ki, bəzilərinin
təhsili yoxdur, təcrübəsi var, o şəkildə ərsəyə
gətirdiyi filmin keyfiyyəti də göz
qabağındadır. Baxıb deyirsən, bu nə filmdir?!
Bizim sahə elədir ki, sən burda heç nəyi gizlədə
bilmərsən, məhsul pisdirsə, bu, aydın şəkildə
görsənəcək. Ona görə də təhsil və
peşəkarlıq birinci növbədə gəlməlidir.
- Mərhum sənət yoldaşlarınız
üçün darıxırsınızmı?
- Təbii ki, ara-sıra aktyor yoldaşlarımızla
oturanda, söhbət edəndə bizim görkəmli
aktyorlarımızı da yad edirik. Onların rol
aldığı tamaşaları, şəxsi həyatda
yaşanılanları yada salırıq, ya da məzəli bir
əhvalat yada düşür. O aktyorlar ki, teatrımızda,
kinomuzda iz qoyublar, sizlər də onları sevirsiniz, biz də
həmkar kimi onlarla işləmişik, işləyəndə
zövq almışıq, ona görə onlar həmişə
bizim xatirələrimizdədir... Gənc Tamaşaçılar
Teatrının aktyoru, "Bizim Cəbiş müəllim"
filminin Cəbiş müəllimi, mərhum sənət
yoldaşım Xalq artisti Süleyman Ələsgərovla
bağlı bir xatirəmi danışmaq istəyirəm.
1993-cü ildə Gənc Tamaşaçılar Teatrına gələndə
tale elə gətirdi ki, mən Süleyman müəllimlə
eyni qrim otağını bölüşəsi oldum. Həmin
otaqda başqa aktyorlar da var idi. 1992-ci ildə də Süleyman
müəllimlə bir filmə çəkilmişdim və
ikimiz də əsas rolları oynayırdıq.
Tanışlığımız ordan
başlamışdı. Teatrda da yenidən həmkar olduq, bir
otaqda qalası olduq. Orda hər bir aktyorun qrim stolu var idi.
Süleyman müəllim gördü ki, mənim stolum yoxdur. O
öz qrim stolunu mənə verdi və dedi: "Mən
artıq yaşlanmışam, bu stol sənə
lazımdır, bütün əşyalarını bura
yığa bilərsən, bu artıq oldu sənin". Otaq
yoldaşlarıma deyəndə ki, Süleyman müəllim
öz stolunu mənə verdi, onlar heyrətləndilər.
Dedilər ki, çox qəribədir, çünki
Süleyman müəllim stolunun üstünə kimsə əşyasını
qoyanda bütün əşyaları ordan götürüb
tullayır yerə. Mən onda çox sevindim və qürur
duydum ki, belə sənətkardan bu cür münasibət
gördüm.
- Ötən gün aktyorlardan biri bildirir ki, toyu idarə
etmək özü bir istedad tələb edir, səhnəni
idarə etmək daha asandır, nəinki toyu aparmaq. Bəzi
aktyorlar isə toyda masabəyi olmağı, oxumağı
özlərinə yaraşdırmırlar. Siz bu barədə
nə düşünürsünüz?
- Hə, bəzi aktyorlarımız var ki, toy
aparırlar, bu da maddi çətinlikdən irəli gəlir.
Məcbur olur, hansısa bir məclisi aparır, ordan pul
qazanır. Amma kimisi bunu edə bilmir, başqa sahəyə
üz tutur. Məsələn, mən heç vaxt bunu etməmişəm,
çünki tamadalığı bacara bilmərəm. Nə
də ki, gedənlərə pis baxıram. Qoy getsinlər. Amma
səhnəylə toyu müqayisə etmək də doğru
deyil.
- Elşən bəy, qiraətlə də məşğulsunuz,
bir çox tədbirlərdə şeirlər ifa edirsiniz. Amma
bir çoxlarının fikrincə, Azərbaycanda Həsən
Əbluc, Şahmar Ələkbərov kimi ustad qiraətçi
yoxdur. Siz nə düşünürsünüz?
- Sırf qiraətlə məşğul deyiləm.
Sadəcə bu da bizim sənətin bir qoludur deyə, hərdən
hansısa tədbirdə şeir səsləndirirəm. Həmişə
keçmişlə indi müqayisə olunur. 20 ildən sonra,
bəlkə, bizi də tərifləyəcəklər ki, o
vaxtlar filankəs gözəl ustad idi. Bu mübahisə,
mübarizə həmişə olub. Amma dediyiniz sənətkarlar
böyük ustad olublar, qiraətləri yüksək səviyyədə
olub, amma bu o demək deyil ki, indi ustad qiraətçi yoxdur.
Sadəcə indi ab-hava, qiraətə münasibət
başqadır.
- Ötən ilə qədər eyni zamanda həm Gənc
Tamaşaçılar Teatrında, həm də Akademik Milli
Dram Teatrında işləyirdiniz. Amma indi təkcə Dram
Teatrının aktyorusunuz. Niyə məhz Dram Teatrını
seçdiniz?
- Mən seçim etmirəm, çayın
axını hara aparırsa, ora gedirəm. 1993-cü ildə Gənc
Tamaşaçılar Teatrında fəaliyyətə
başlamışam. Ora da mənim üçün doğma
teatrdı. Ona görə ki, mən orda ayaq tutub yerimişəm,
sənəti öyrənə-öyrənə aktyor kimi qədəmlərimi
orda açmışam, orda püxtələşməyə
başlamışam. Sonra da tale elə gətirdi ki, Dram
Teatrına gəldim və hər iki kollektiv mənim
üçün çox doğmadır. İndi Gənc
Tamaşaçılar Teatrında işləməsəm də,
yenə ora mənim üçün doğmadır. Aktyor
taleyidir, orda da oluruq, burda da, əsas odur ki, öz işini
layiqincə görəsən. Mənim bura gəlməyim də
birdən-birə olmadı. Sadəcə olaraq, orda qalmağa
vicdanım yol vermədi. Çünki Gənc
Tamaşaçılar Teatrında işlədiyim müddətdə
Dram Teatrından da dəvət alırdım, burda da məşqlərə
çox vaxt gedirdi deyə, Gənc Tamaşaçılar
Teatrındakı tamaşalara, məşqlərə
çatdırıb gedə bilmirdim. Buna görə çox
narahat olurdum. İldə bir-iki tamaşada oynayırdım və
yarım ştat da olsa, maaş alırdım, bu da məni
incidirdi. Gənc Tamaşaçılar Teatrının direktoru
Naidə xanımla çox səmimi söhbətimiz oldu, dedi,
sən yenə də bu teatrın aktyorusan.
Ləman İLKİN
525-ci qəzet .-2025- 15 fevral(№29).- S.15.