Azərbaycanda rəqəmsal
manat yaradılır
Xəbər verdiyimiz kimi, artıq Azərbaycanda rəqəmsal
manatın yaradılması istiqamətində işlərə
başlanılıb. Rəqəmsal manatın geniş ictimaiyyət
üçün əlçatan olması nəzərdə
tutulur. Bununla yanaşı, beynəlxalq təcrübəyə
uyğun olaraq, tətbiq prosesi mərhələli şəkildə
həyata keçiriləcək.
Mərkəzi Bankdan bildirilib ki, ilkin mərhələdə
rəqəmsal manatın məqsədləri və
konsepsiyası müəyyən olunacaq. Pilot layihənin həyata
keçirilməsi üçün seçilmiş maliyyə
institutları və iri şirkətlərlə əməkdaşlıq
qurulacaq. Məhdud dövriyyə və əməliyyat limiti tətbiq
edilə bilər. Texniki infrastrukturun stabil işləməsi və
təhlükəsizlik tədbirlərinin effektivliyi sınaqdan
keçiriləcək. Sonkarı mərhələdə rəqəmsal
manat geniş ictimaiyyətin istifadəsinə açıq
olacaq. Fiziki və hüquqi şəxslər gündəlik əməliyyatlarında
rəqəmsal manatdan istifadə edə biləcəklər.
Maliyyə inklüzivliyinin artırılması və
nağdsız iqtisadiyyatın təşviq edilməsi məqsədilə
rəqəmsal manatın ödəniş sistemlərinə
tam inteqrasiyası həyata keçiriləcək. Regional və
beynəlxalq ticarət əməliyyatlarında istifadəsi ilə
bağlı perspektivlər dəyərləndiriləcək.
Bütün bu proseslər maliyyə bazarının
iştirakçıları ilə sıx əməkdaşlıq
çərçivəsində və beynəlxalq tənzimləmə
standartlarına uyğun həyata keçiriləcək.
Rəqəmsal manatın texnoloji bazasının
formalaşdırılmasında bir neçə yanaşma nəzərdən
keçirilir. Dünyada mərkəzi bankların rəqəmsal
valyutalarının (CBDC - Central Bank Digital Currency) tətbiqi
istiqamətində geniş tədqiqatlar və pilot layihələr
həyata keçirilir. Bu prosesdə əsas məqsəd
maliyyə sisteminin səmərəliliyini artırmaq, nağdsız
dövriyyəni genişləndirmək və rəqəmsal
transformasiyanı dəstəkləməkdir. Mərkəzi
Bankı da bu sahədə aparılan qlobal təcrübələri
nəzərə alaraq, rəqəmsal manatın tətbiq
imkanlarını qiymətləndirir. Beynəlxalq Valyuta
Fondunun texniki yardımı çərçivəsində CBDC-nin
iqtisadi təsirləri, hüquqi çərçivəsi və
texnoloji infrastrukturu ilə bağlı geniş təhlillər
aparılıb: "Rəqəmsal manatın texnoloji
bazasının formalaşdırılması zamanı bir
neçə əsas yanaşma - blokçeyn və
paylanmış reyestr texnologiyaları (DLT - Distributed Ledger
Technology) və mərkəzləşdirilmiş verilənlər
bazası üzərində qurulmuş təhlükəsiz
ödəmə platformaları nəzərdən
keçirilir. Beynəlxalq təcrübədə fərqli
yanaşmalara rast gəlinir. Məsələn, Çin Xalq
Bankı rəqəmsal yuan üçün mərkəzləşdirilmiş
idarəetmə modelindən istifadə edir, Avropa Mərkəzi
Bankı isə rəqəmsal avronun texnoloji dizaynı
üçün paylanmış reyestr texnologiyalarını
test edir. Azərbaycan Mərkəzi Bankı beynəlxalq təcrübəni
öyrənərək və yerli maliyyə sektorunun
xüsusiyyətlərini nəzərə alaraq, rəqəmsal
manatın texnoloji həllini müəyyən edəcək".
Rəqəmsal manat dövriyyəyə buraxılarkən
görülməli olan işlər var. İnsanları
psixoloji olaraq bu prosesə hazırlamaq, maarifləndirmə
aparmaq lazımdır. Ölkədə bank kartlarının
sayı 10 milyonu keçib. O bank sahiblərinin əksəriyyəti
marketlərin qarşısındakı bankomatdan
pullarını çıxarırlar, sonra
alış-veriş edib, ödənişləri nağd şəkildə
həyata keçirirlər. Maaş, pensiya, digər ödənişlər
köçən kimi kartdan çəkib evdə saxlayır.
Ölkə əhalisinin böyük əksəriyyəti nağdsız
ödənişlərə inanmır, bu və ya digər
formada müəyyən etibarsızlıq nümayiş
etdirirlər. Belə bir dönəmdə rəqəmsal
manatın yaradılması müxtəlif prosedurları zəruri
edir ki, onlardan birincisi maarifəndirmədir.
Mütəxəssislərin fikrincə, rəqəmsal
valyutanın çox böyük faydaları olacaq.
Nağdsız ödənişlərin təşviq edilməsi
və insanların bu sahədə fəaliyyətinin
artırılması istiqamətində dövlət bir
sıra layihələr həyata keçirir. "ƏDV
gerial" layihəsi də bu prinsiplə həyata
keçirilir. Nağdsız ödənişlər dövlətə
nəzarət imkanı verir. Rəqəmsal valyutanın tətbiqinin
iqtisadiyyatın "ağardılması"nda, kölgə
iqtisadiyyatının həcminin azaldılmasında müstəsna
əhəmiyyəti olacaq. Rəqəmsal manatın dövriyyəyə
buraxılmasının ən böyük müsbət tərəfi
pulların dövriyyəsinə nəzarət mexanizminin
gücləndirilməsidir. Hara, nə qədər, kim tərəfindən
nə cür ödənişlər olunur? Vergidən
yayınmanın qarşısı alınır, kölgə
iqtisadiyyatı aradan qaldırılır. Rəqəmsal manat
pula daha yaxşı nəzarət etmək üçün
dövlətə gözəl üstünlük verir.
İqtisadçı ekspert Rəşad Həsənov
deyir ki, hökumət uzunmüddətli dövrdə rəqəmsallaşmanı
iqtisadi hədəf olaraq qarşıya qoyubsa, elektron
manatın yaradılması ortamüddətli dövrün əsas
məsələlərindən biri kimi qarşıya qoyula bilər:
"Çünki dünya bu istiqamətdə gedir. Yəqin ki,
2035-2040-cı illərdə tədavüldə kifayət qədər
rəqəmsal valyutalar olacaq. Azərbaycan bu prosesdən geri
qalmaqla müəyyən itkilərlə üzləşə
bilər. Ona görə, Azərbaycan da bu prosesin
iştirakçısı olmalı, rəqəmsal manat
yaradılmalıdır. İndiki halda rəqəmsal valyuta
yaradılması ilə bağlı dünyada geniş təcrübələr
yoxdur. Müəyyən araşdırmalar, təhlillər
aparılır. Azərbaycanda da dünya təcrübəsi -
yaradılan mexanizmlər, qanunvericilik çərçivəsi,
nəzarət imkanları, təhlükəsizlik tədbirləri
və s. dərindən təhlil olunmalıdır. Ona uyğun
olaraq da digər istiqamətlərdə mövqe ortaya
qoyulmalıdır".
R.Həsənov bildirib ki, bu, eyni zamanda cəmiyyətin
rəqəmsal bacarıqlarından asılı olaraq effekt verən
mexanizmdir: "İndiki halda bunun üçün kifayət qədər
əlverişli mühit var" desək, doğru olmaz.
Çünki cəmiyyət Azərbaycanda kifayət qədər
rəqəmsal bacarıqlara yiyələnməyib. 10 milyondan
artıq kart var. Onun ən yaxşı halda 1-1,5 milyonu
nağdsız əməliyyatlardan istifadə edir. 90 faizi
kartdakı pulu nağdlaşdırıb istifadə edir. Ancaq bu
o demək deyil ki, Azərbaycan bu prosesə
başlamamalıdır. Bu, bir
çağırışdır, bu
çağırışa indiki halda adekvat mövqe ortaya
qoyulmazsa, uzunmüddətli dövrdə prosesdən geridə
qala bilərik".
İqtisadçı ekspert Xalid Kərimli hesab edir ki,
hazırda əksər ölkələrin maliyyə-bank sistemlərində
müxtəlif blokçeyn texnologiyalara geniş yer verilməkdədir
və bu sırada rəqəmsal valyutanın da
aktuallığı artır: "Dünyada rəqəmsal
texnologiyaların geniş tətbiqi maliyyə xidmətləri
sahəsində də ən innovativ modellərin tətbiqini zəruri
edir. Çin və bəzi Asiya ölkələri buna
keçib, Avropa Mərkəzi Bankı da öz rəqəmsal
avrosunu yaratmaq niyyətindədir. Azərbaycan hökuməti də
bu istiqamətdə müxtəlif maliyyə tədqiqləri aparır,
ən nüfuzlu xarici rəqəmsal şirkətlərlə
layihələr həyata keçirir, yəni iradə var. Ancaq rəqəmsal pula keçid
üçün möhkəm arxitektura lazımdır, Azərbaycanda bu yöndə
infrastrukturun tam formalaşmasına ehtiyac var. Digər tərəfdən,
rəqəmsal valyutaya keçidin ən mühüm tələbi
nağdsız cəmiyyətin olmasıdır. Doğrudur,
ölkəmizdə nağd ödənişlər sahəsində
bir çox proqramlar icra olunur, "Azərbaycanda rəqəmsal
ödənişlərin genişləndirilməsi üzrə
dövlət proqramı" var, eyni zamanda, "Nağdsız
ödənişlər haqqında" qanun daha da təkmilləşdirilir,
kart bazarı üçün kifayət qədər texniki
imkanlar və rəqəmsal bankçılıq qurulub, digər
tərəfdən, rəqəmsal hökumət
quruculuğunun ana hədəflərindən biri nağdsız
və təmassız cəmiyyətin tam
formalaşdırılmasından ibarətdir".
Mütəxəssislər deyirlər ki, qloballaşan
dünyada innovativ texnologiyalar yeni inkişaf mərhələsinə
qədəm qoyduqca müxtəlif ölkələrdə
müxtəlif tip innovativ və rəqəmsal məhsulların
sayı durmadan artmaqdadır. Son dövrlərdə üzərində
çalışılan mövzulardan biri də fiziki
valyutaların rəqəmsal valyutalarla əvəz
olunmasıdır. Hətta bir çox ölkələrdə
rəqəmsal valyutaların istehsalı və eyni zamanda, tətbiqi
üzərində həm elmi, həm də praktiki
çalışmalar ortaya qoyulmaqdadır. Avropa Mərkəzi
Bankının rəqəmsal valyutaların tətbiqi ilə
bağlı bir sıra tədqiqatları, təhlilləri və
çalışmaları mövcuddur. Lakin rəqəmsal
valyutaların tətbiqi mövzunun yeniliyi ilə əlaqədar
bir sıra sualları özündə ehtiva edir:
"Hazırda rəqəmsal valyutalar yüksək texnoloji
infrastruktura malik ölkələrdə tətbiq
olunmaqdadır. Azərbaycanda isə hələlik bu tip
valyutanın, xüsusən də rəqəmsal manatın
dövriyyəyə buraxılması üçün
fundamental infrastruktur yoxdur. Bundan başqa, rəqəmsal manata
keçməzdən öncə əhali bu mövzular
haqqında maarifləndirilməlidir və insanlara "rəqəmsal
manat"ın əhəmiyyəti, istifadə qaydaları və
eləcə də müsbət və mənfi tərəfləri
haqqında təşviqat aksiyaları həyata keçirilməlidir".
İqtisadçı ekspert Elşad Məmmədov
bildirib ki, rəqəmsal valyutanın Azərbaycanda
yaradılmasına ehtiyac var. Bu, kifayət qədər məqsədəuyğun
addım kimi dəyərləndirilməlidir. Ümumiyyətlə
gələcəkdə pul-kredit siyasəti nöqteyi-nəzərdən
rəqəmsal valyutanın tətbiqinə bütün ölkələr
bu və ya digər həcmdə getməli olacaq. Bu, müasir
iqtisadi və texnoloji çağırışlarla
bağlıdır: "Bu gün artıq müəyyən rəqəmsal
valyutalar dünyada tətbiq edilir. Amma bu istiqamətdə
bütövlükdə dünyada bir xaotik vəziyyət var.
Yəni anonim mənbələrə istinad edilən
kriptovalyutalar dövriyyəyə buraxılır. Bu da
çox ciddi mənfi fəsadlara səbəb olur.
Düşünürəm ki, bu fəsadlar daha da dərinləşəcək.
Amma bu o demək deyil ki, biz rəqəmsal valyuta tətbiqinə
soyuq yanaşmalıyıq".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 15 fevral(№29).- S.9.