Azərbaycan dili dərsliyində
"ilan-yarpız" məsələsi
V SİNİF AZƏRBAYCAN DİLİ
DƏRSLİYİNDƏKİ BİR MƏTNƏ DAİR
QEYDLƏR
V sinfin Azərbaycan dili (I hissə, Bakı-2024) dərsliyindəki
bəzi mətnlərdə yanlışlıqlara yol verilib.
Belə mətnlərdən biri də "Oxuyub-anlama" məzmun
xətti üzrə IV bölmənin dördüncü fəslində
ikinci dərsin mövzusu kimi təqdim olunan "İlanın
yarpızdan zəhləsi gedir?" (səh:73) adlı mətndir.
Dərsin məqsədi şagirdlərin müəyyən
fikirlərlə bağlı öz mövqelərini bildirmək
və onu əsaslandırmaq, nitqin ekspressivliyində məcaz və
leksik fiqurların rolunu izah etmək bacarıqlarının
formalaşdırılmasıdır.
Şagirdlər mətni səssiz oxumalı, oradaki
çətin sözlərin mənasını
araşdırmalı, mövzunu müxtəlif situasiyalarda
danışmalı, iş dəftərlərindəki
tapşırıqları icra etməlidirlər.
Fəqət təlim məqsədlərini
reallaşdırmaq üçün təqdim olunan mətndə
bir sıra yanlışlıqlara rast gəlinir.
Məsələn, mətndə "...ilan quru, susuz
(?) yerlərdə yaşayır" və yaxud "...qədimdə
"yarbuz" sözü heyvan adı bildirirdi..." kimi əsli
olmayan məlumatların verilməsi nə dərəcədə
doğrudur?!
Birincisi, ilan heç də həmişə "quru,
susuz yerlərdə" yaşamır. Zooloqlar qeyd edirlər
ki, ilanlar hər yerdə - meşələrdə,
çöllərdə, dənizlərdə və
dağlarda, hətta Himalay dağlarının 4900 metr yüksəkliyində
də yaşayırlar. Digər canlılar kimi onların da
suya (o cümlədən yarpızın yetişdiyi məkanlardakı
su mənbələrinə) həyati ehtiyacları var. Əlbəttə,
biz başa düşürük ki, belə yazılmaqla
"suyun az olduğu yerlər" nəzərdə tutulub. Bəs
azyaşlı V sinif şagirdləri də burdakı mənanı
başa düşmək bacarığına,
düşüncə potensialına malikdirlərmi?!
Müşahidə etdiyimiz dərsdə şagirdlərdən
birinin müəllimə "Bəs ilanlar su içmirlər?"
sualını verməsi də onların bir qrupunun "quru,
susuz yerlərdə" ifadəsini düz
anlamadıqlarını göstərir.
İkincisi, mətndə "yarbuz"
sözünün qədimdə heyvan adı bildirməsi barədə
məlumat nəyə əsaslanır? Konkret tarixi mənbələrdə,
demək olar ki, belə məlumatlar yoxdur. Bu barədə
söylənilənlərin hamısı mülahizələrdir.
O cümlədən dilci alim M.Adilovun söylədikləri də.
Heç XI əsrdə yaşamış Mahmud
Kaşğarinin məşhur
"Divani-lüğat-it-türk" əsərinin
özündə də belə söz yoxdur. Amma mətndə
yazılıb ki, "M.Kaşğarinin
"Divani-lüğat-it-türk" əsərində (XI əsr)
belə ifadə işlənib: "İlan yarbuzdan qaçar,
hara getsə, yarbuz qarşısına çıxar". Xeyr,
elə yazılmayıb. İfadənin əsli belədir:
"Yılan yarpuzdan kaçar, kança barsa, yarpuz utru kəlür".
(Bax: M.Kaşğari: "Divani-lüğat-it-türk", III
cild. Bakı-"Ozan"-2006, səh: 41)
Gördüyünüz kimi,
"Divani-lüğat-it-türk"də "yarbuz"
sözü yoxdur, "yarpuz" sözü var. Bu baxımdan mətndəki
"Kaşğari də öz lüğətində
"yarbuz" sözünü məhz "manqust" kimi
işlətmişdir" ifadəsi də səhvdir.
Çünki M.Kaşğari "yarbuz" yox,
"yarpuz" sözünü həmin mənada işlədib.
Qeyd edək ki, lüğətdə eyni nitq hissəsinə
aid olan omonim "yarpuz" sözünün birinci mənası
"gözəl rayihəli bir ot, qır nanəsi", ikinci
mənası isə "bir heyvan, fıron siçanı,
manqust" kimi şərh olunur (Onu da qeyd edək ki, bizim indi
"yarpız" kimi istifadə etdiyimiz söz bu gün də
bir çox türk xalqlarının dillərində, o
cümlədən bizim bir sıra dialektlərdə elə
lüğətdəki kimi "yarpuz" şəklində
işlənməkdədir).
Dərslikdəki mətndə belə bir cümlə
də var: "Qədim "yarbuz" (heyvan adı)
sözünün "yarpız" (bitki adı) sözü
ilə oxşarlığı məsələnin təhrif
olunmasına gətirib çıxarmışdır". Biz
isə əksini düşünürük. Deyirik ki,
"yarbuz" sözü "yarpuz" (yarpız)
sözünün təhrif
olunmuş formasıdır. Bəzi türk xalqlarında
hazırda "yarbuz" sözünün "yarpuz" mənasında
soyad kimi işlədilməsi də fikrimizi təsdiq edir. Kim və
hansı ağıllı manqust (quş, ilan və xırda gəmiricilərlə
qidalanan yırtıcı) mənasını verən
sözü soyad kimi götürər ki?!
"Yarbuz" sözünə tarixi mənbələrdə
və başqa ifadələrin tərkibində təsadüf
olunmaması, onun köhnəlmiş sözlər cərgəsində,
dialektoloji lüğətlərdə də gözə dəyməməsi
bu ehtimalı gücləndirir. Əsli-nəsli, kökü
naməlum olan və faktiki dildə olmamış və olmayan
bir söz barədə mətndə "Zaman keçdikcə
bu söz köhnələrək leksikamızdan
çıxmışdır" ifadəsinin işlədilməsi
isə tamamilə yersizdir. Dildə olmayan söz necə dildən
çıxa bilər?
"Yarpuz" (yarpız) sözünün tarixi isə
çox qədimlərə gedib çıxır. Bu söz qədimdən
bəri bitki və heyvan adı kimi (əsasən bitki adı
kimi) müxtəlif çoxsaylı türk xalqlarının
(uyğur, karluq, qıpçaq, oğuz, osmanlı, özbək,
qazax, qırğız, türkmən, Azərbaycan türkcəsində
və s.) dilində işlənmişdir. XVII əsrdə
türkcə yazılmış "Lügat-i Müskilat-i
Ecza" tibb terminləri kitabında da adı çəkilən
şəfalı 417 bitkidən biri kimi onun adı
"yarpuz" şəklindədir. İndi də dillərin
çoxunun aktiv lüğət fonduna daxildir.
O düzdür ki,
"Divani-lüğat-it-türk"də nümunə
göstərilən atalar sözündəki "yarpuz"
manqust mənasında işlədilmişdir. Lüğətin
2006-cı il nəşrinin tərcüməçisi və nəşrə
hazırlayanı R.Əskərin də yazdığı kimi,
burada "yarpuz" "...əslində bitki deyil, firon
siçanı imiş... İlanın zəhləsi
yuvasının ağzında "bitən", yəni dikəlib
duran və onu gözləyən firon siçanından, manqustdan
(quş, ilan və xırda gəmiricilərlə qidalanan
yırtıcıdan - İ.V.) gedirmiş..." (Bax:
yuxarıda göstərilən mənbə). Bu fikir digər
çoxsaylı mənbələrdə də təsdiq olunur.
Zənnimizcə,
"İlanla yarpızın nə əlaqəsi
var?" və ya "İlan hara, yarpız hara?" sualları
ilə müəlliflər
ilan-yarpız əlaqəsinin olmadığına işarə
ediblər. Ancaq unudurlar ki, belə bir əlaqə mövcuddur.
Mütəxəssislər göstərirlər ki, mükəmməl
iybilmə qabiliyyətinə malik olan ilan yarpızın
qoxusuna da yaxşı bələddir. Onlar qeyd edirlər ki, ilanlar
daha çox mexaniki titrəmə təsirlərinə və kəskin
iyə qarşı həssasdır. Ona görə də ilan
süründüyü marşrutda kəskin iyə rast gəldikdə
kənara gedir. Türkəçarə kimi ilandan qorunmaq
üçün onun ola biləcəyi yerlərə
yarpız, nanə, sarımsaq və s., sonralar isə daha kəskin
iyli digər maddələrin (kükürd, naftalin, kerosin,
mazut, keçi tükü, kül və s.) qoyulması da bunu
sübut edir. İlan onların spesifik iyindən çəkinir.
Üstəlik, yarpızdan ayrılan uçucu efir
yağları da çox kəskin olduğundan ilana toksiki təsir
göstərir. Deməli, insandan fərqli olaraq gözəl və
ətirli, min bir dərdin dərmanı olan yarpızın iyi
ilanlar üçün son dərəcə rahatsızedicidir.
Təsadüfi deyildir ki, xalq arasında əsrlərin
sınağından çıxmış belə inançlar da mövcuddur:
"Yarpız olan həyətdə ilan olmaz",
"Yarpız bitən bostana ilan dolanmaz" və s. Hələ
yumorla deyilmiş belə bir ifadə də var: "Dərisi
avtomatik olur vız-vız, İlan hər dəfə görəndə
yarpız". "Keçəlin
nağılı"nda isə keçəl şah
qızının boynuna dolanmış ilanı yarpızın
gücü ilə uzaqlaşdırır. (Bax: "Azərbaycan
nağılları" I cild, Bakı-Turan-2002, səh:148) Qeyd
etdiyimiz səbəblərə istinadən deyə bilərik
ki, "İlanın zəhləsi yarpızdan gedər, o da
yuvasının ağzında bitər" atalar sözü
tam məntiqi əsasda formalaşıb. Heç bir atalar
sözünün təhrif olunmuş forması deyil.
Özünüz düşünün, bu cür məlumatlardan
xəbərsiz olan V sinif şagirdləri mətndəki
"Sizcə, doğrudanmı ilanın yarpızdan xoşu gəlmir?"
və başlıqdakı ("İlanın yarpızdan zəhləsi
gedir?" suallarına (oradaki "nə
üçün"lərə) cavab vermək iqtidarında ola
bilərlərmi? Gördüyünüz kimi, hər iki
cümlə sual cümləsidir. Sual cümlələri isə
bir şeyi öyrənmək, dəqiqləşdirmək və
ya yeni məlumat əldə etmək üçüm cavab
almaq və tapmaq məqsədi ilə işlədilən
cümlələrə deyilir. Suallara mətnə əsasən
cavab tapmaq müşkül məsələdir. Digər tərəfdən
cavab ciddi tədqiqat və araşdırma tələb edir ki,
bu da V sinif şagirdinin işi, həm də 45 dəqiqəlik
iş deyil.
Dərslik müəllifləri materialın dilci alim
M.Adilovun "Niyə belə deyirik" kitabından
götürüldüyünü söyləyərək
yaxalarını kənara çəkməyə cəhd edə
bilərlər. Amma istifadə ediləsi materialların
doğruluğununun yeni tədqiqatlar işığında
yoxlanması onların borcu deyildimi?!
O da faktdır ki, artıq
"Divani-lüğat-it-türk"dəki atalar
sözünün dairəsi çox daralmışdır, demək
olar ki, istifadə edilmir. Onun əvəzinə yarpız (bitki)
- ilan münasibətlərini əks etdirən variant -
"İlanın zəhləsi yarpızdan gedər, o da
yuvasının ağzında bitər" atalar sözü
daha işlək hala gəlmişdir. Bizcə, dərslikdə
sonrakı variantın nəzərə (müqayisəli də
etmək olar) alınması doğru və maraqlı
olardı.
Təklif edərdik ki, gələcəkdə dərslikdə
elmi mübahisə doğuran, qeyri-dəqiq və fikir
dolaşıqlarına səbəb ola biləcək məsələlərə
yer verilməsin, şagirdlərin tədqiqat imkanları və
dərketmə səviyyələri, onların yaş
xüsusiyyətləri, istifadə olunan mənbələrdəki
materialların dəqiqliyi və doğruluğu ciddi şəkildə
nəzərə alınsın, müasir dil materiallarına
daha çox istinad olunsun. Bu yolda dərslik müəlliflərinə
uğurlar arzulayırıq.
Qeydlərimizin dərsliyin təkrar nəşrində
nəzərə alınması diləyi ilə.
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 15 fevral(¹29).- S.13.