"Hamı Bakıya qaçır,
bəs rayonlarda kim işləsin?"
AYTƏKİN ALXASLI: "Dünənə
qədər mənə müsahibə vermək
üçün sinov gedən adamlar telefonuma cavab vermirdilər"
Aytəkin Alxaslı imzası yəqin ki,
çoxlarının yadındadır. Uzun illər ANS-in
şimal xəbərlərini məhz onun dilindən
eşitmişik. Hadisələrə fərqli yanaşma tərzi,
operativliyi və biri-birindən maraqlı süjetləri ilə
seçilən Aytəkin xanım dövrün ən məşhur
bölgə müxbirlərindən olub.
ANS fəaliyyətini dayandırandan sonra bir müddət
mediadan uzaq qalan Aytəkin Alxaslı yenidən aktiv jurnalistikaya
qayıdıb.
Bu söhbətimizdə də onunla jurnalistikadan,
mediadan uzaqlaşdığı dövrdə
yaşadıqlarından və indiki fəaliyyətindən
danışmışıq.
Beləliklə, müsahibimiz tanınmış
telejurnalist Aytəkin Alxaslıdır.
- Aytəkin xanım, beş illik fasilədən sonra
yenidən aktiv jurnalistikaya qayıtdınız. Ancaq bu dəfə
bir qədər fərqli sahəyə. Yeni istiqamətə
adaptasiya çətin olmadı ki?
- ANS-dən sonra özümü heç yerdə
görə bilmirdim. Düzdür, bir müddət müxtəlif
internet portalları üçün materiallar
hazırıladım, lakin müəyyən məsələlər
məni qane etmədi. Ona görə beş il mediadan uzaq
qaldım. 2021-ci ildə Bizim.media saytından dəvət gələndə
qəbul etdim. Burada sanki ANS-in yazılı nüsxəsini
gördüm. O vaxtdan bu yana sözügedən saytın
şimal müxbiriyəm. Adaptasiya məsələsinə gəldikdə
isə ilk bir il çətin oldu, ancaq sonra öyrəşdim.
- Yəqin bu prosesdə televiziyadan öncə
yazılı mətbuatda
çalışmağınızın da rolu var.
- Əlbəttə. ANS-dən əvvəl 11 il
"Qusar" qəzetində işləmişəm.
- Niyə məhz Qusar?
- 1987-ci ildə jurnalistika fakültəsini bitirəndən
sonra çox istəyirdim ki, Bakıda qalıb işləyim.
Tələbə vaxtı "Bakı" və digər mərkəzi
qəzetlərdə çap olunurdum. O dövrdə universiteti
bitirən kimi avtomatik şəhər qeydiyyatından da
çıxırdıq. Beləcə məlum səbəblərdən
dolayı ailəmin də məsləhəti ilə Qusara təyinat
aldım. Bu qərarı verməyimdə jurnalistika fakültəsinin
dekanı, istedadlı tələbələrin həmişə
arxasında dayanan, əslən Qubadan olan rəhmətlik Tofiq
Rüstəmovun da rolu olub. Bir sözlə, 1987-ci ildən
Qusar şəhər sakiniyəm.
- Ləzgi dilini də Qusara köçəndən
sonra öyrənmisiniz?
- Bəli. Deməli, "Qusar" qəzetində
işlədiyim vaxtlarda məsul növbətçi olurdum. Qəzet
də üç dildə - Azərbaycan, rus və ləzgi
dillərində çıxırdı. Azərbaycan səhifəsini
oxuyandan sonra digər dillərdə olan materialları oxumaqda
növbətçilər mənə kömək edirdilər.
Ancaq özüm də ləzgicə öyrənməyə cəhd
edirdim ki, növbətçi olduğum vaxt qəzetdə nəsə
səhv getməsin. Beləcə yavaş-yavaş öyrəndim.
Düzdür, ləhcə hiss olunduğu üçün ləzgi
dilində çox danışmıram, ancaq bilirəm.
- Qusarda tək, sıfırdan həyat qurmaq sizə
çətin olmadı ki? Bildiyim qədərilə şəkilisiniz.
- Məişət problemləri hər yerdə olur.
İlk illər kirayədə qaldım, sonra dövlət xətti
ilə ev aldım. Çətinliklər həmişə var
və onlar həyatın bir parçasıdır.
- Bu illər ərzində heç Bakıya
köçməyi düşünməmisiniz?
- Hamı Bakıya qaçır. Bəs rayonlarda kim
işləsin? Bəzən mənə sual verirlər ki, uzun
illər Qusarda necə qalmısan? Deyirəm çox
yaxşı. Qusarın gözəl insanları var. Bu gün mənə
hansısa media qurumunda məsul vəzifə də versələr,
Bakıya gəlmərəm. Gənclik vaxtı mənim də
paytaxtda yaşamaq arzum olub, ancaq indi istəmirəm. Vaxt olduqca
qohumlarımgilə gəlirəm, dostlarımı
görürəm. Mart ayında tələbə
yoldaşlarımla görüşəcəyəm. Tələbəlikdən
söz düşmüşkən, bir şeyi mütləq
qeyd etmək istəyirəm ki, bizim çox gözəl
qrupumuz olub - 1012-ci qrup. Onların içərisində bu
gün işinin peşəkarı kimi tanınanlar
çoxdur. Məsələn, mənim parta yoldaşım
vardı - Faizə Mehdiyeva. Yevlaxın Şilyan kəndindən,
sadə bir ailənin qızı idi. Ancaq bu gün dövlət
televiziyasında çalışır, bir-birindən
maraqlı verilişlər hazırlayır.
- Bəs televiziyaya necə gəldiniz?
- On bir il "Qusar" qəzetində işləyəndən
sonra 1998-ci ildə Mirşahin Ağayev məni ANS-ə dəvət
elədi. Mirşahinlə birinci kursda qrup yoldaşı
olmuşduq, sonra o, əsgər getmişdi. Elə o vaxtdan da
bir-birimizi tanıyırdıq. Beləcə ANS-də
çalışmağa başladım, ta ki, 2016-ci ildə
kanal bağlanana kimi. ANS-in bağlanmasına heç vaxt
münasibət bildirməmişəm. İndi də bu haqda
danışmaq istəmirəm.
- ANS bağlandıqdan sonra gözdən uzaq
keçirdiyiniz beş il... Həmin dövrü necə
xatırlayırsınız?
- Çox çətin günlər idi, ciddi depressiya
yaşadım. İnsanların üzünün bir anda necə
döndüyünü görürdüm. Məsələn,
bir nümunə deyim, işlədiyim bölgələrin rayon
rəhbərliyindəki şəxslər mətbuat
günü ilə bağlı təşkil olunan tədbirlərə
ürək edib məni çağırmırdılar.
Dünənə qədər mənə müsahibə vermək
üçün sinov gedən adamlar telefonuma cavab vermirdilər.
Düzdür, heç kimə bu çətinliyi
arzulamıram, ancaq məhz belə məqamlarda insanın
gözü dörd açılır. Dar gün adamları
tanımaq üçün yaxşı fürsətdir. Həmin
vaxt telefonumu açmayan, məndən üz döndərənlər
bu gün yenə işlək fəaliyyətimi görürlər.
Ancaq mənim onlara qarşı heç bir kinim yoxdur.
- Necə çıxdınız o vəziyyətdən?
- Öz iradəm və yaxşı dostların sayəsində.
Ən əsası 2020-ci ildə cənab Prezidentin sərəncamı
ilə "Tərəqqi" medalı ilə təltif edilməyim
mənə böyük stimul oldu.
- 2020-ci ildə sizin işğaldan azad olunan bölgələrdən
hazırladığınız silsilə reportajları
görürdük.
- Qeyd edim ki, mən işğaldan azad olunmuş ərazilərə
ilk dəfə gedən qadın jurnalistəm. 2020-ci ildə
Xudafərinə getmişəm. Həmin vaxt rəsmi olaraq
heç yerdə işləmirdim.
- Sizin bioqrafiyanızda bir nüans xüsusi diqqətimi
çəkir. Yeddi il dalbadal jurnalistika fakültəsinə qəbul
olunmaq üçün sənəd vermisiniz. Nə idi bu
peşəni sizə belə sevdirən?
- İndi jurnalistika fakültəsinə qəbul
olunmaq asandır, bizim vaxtımızda belə deyildi. Üstəlik,
ali məktəbə stajla girirdilər. Qəbul imtahanından
kəsiləndən sonra bir il fermada "lapet"ə peyin
atmaqdan əllərim döyənək olub. Yeddi il bu fakültəyə
girmək üçün çalışmışam, sonra
kənddən gəlib Bakıda beş il oxumuşam. Məqsədimə
çatmaq üçün çox çətinliklərdən
keçmişəm, çox...
- Bəs sonrakı dönəmdə necə? Nə
vaxtsa seçiminizdən peşman olmusunuzmu? Lap elə
depressiyada keçən o beş ildə.
- Başqa peşə əlimdən gəlməzdi
axı. Məsələn, məndən müəllim olar? Yox,
məncə. Bilirsiniz, insan gərək gördüyü
işi sevsin. Mən peşəmi çox sevirəm. Sizə
bir nümunə deyim. Hazırda bir material üzərində
çalışıram. Yazıların, şəkillərin
tərtibatında bacımın nəvəsi Ayla mənə
kömək edir. Çox istedadlı gəncdir və mən
indidən onu gələcəyin peşəkar dizayneri kimi
görürəm. Baxmayaraq ki, hələ tələbədir.
Sözümün canı odur ki, peşəyə olan istək,
sevgi özünü hələ erkən yaşda göstərir.
Mən də jurnalistika peşəsinə məktəbdə
oxuduğum vaxtdan valeh olmuşdum.
- Jurnalistikanın gözəl tərəfləri ilə
yanaşı, çətinlikləri də var. Məsələn,
hər an ekstremal vəziyyətlə üzləşmək
ehtimalı kimi. Bilirik ki, belə hallar sizin karyeranızda da
olub. Məsələn, skuterdən yıxılan vaxt çəkilən
görüntüləriniz hələ də sosial şəbəkələrdə
zarafat başlıqları ilə paylaşılır. Bu, sizin
xətrinizə dəymir ki?
- Əlbəttə ki, görəndə əsəbləşirəm.
Orada gülməli nəsə yoxdur. Həmin
görüntüləri kim zarafata salırsa, özü
zarafatlıqdır. Oldu qurtardı, vəssalam. Təsadüf nəticəsində
baş verən hadisələrdir. Bir dəfə də
çayı keçəndə atdan yıxılmışam.
Allah qoruyub məni. Həmin görüntülər də var.
Skuter sürəndə isə əyləc əvəzinə
qazı basdığım üçün qəza olub. O video
ilə zarafat edənlər düşünmür ki, skuter
üstümə aşsaydı, nələr ola bilərdi.
- Aytəkin xanım, sizcə, jurnalistdə hansı
xüsusiyyətlər mütləq olmalıdır?
- Operativlik, vicdanlılıq, prinsipiallıq. Əgər
sən hər hansı bir tənqidi material
hazırlayırsansa, digər tərəfi də mütləq
nəzərə almalısan. Bəzən araşdıranda məlum
olur ki, qarşı tərəf şikayətçidən də
üstün mövqeyə malikdir. İmam üçün
ağlayanda, Yezid üçün də ağlamaq
lazımdır. Düzü, mən "qarşı tərəf"
sözünü o qədər də xoşlamıram. Bəzi
məsələləri araşdırarkən məlum olur ki,
həmin qarşı tərəf şikayətçidən
daha çox şikayətçidir. Bir material hazırlayanda
jurnalist hər iki tərəfi dinləməli, ədalət
prinsipini heç vaxt unutmamalıdır. Öz baxış
bucağımdan çıxış edərək deyə bilərəm
ki, operativlik mənim üçün çox önəmlidir.
İnformasiya mövzusunda bir az paxılam. Bölgədəki
jurnalistlər əlimdən dad eləyirlər. Çünki
xəbəri birinci, özəl verməyi xoşlayıram. Bu,
məni xoşbəxt edir.
- Kameradan ötrü darıxırsınız?
- O qədər... Ara-sıra saytımıza
videomateriallar da hazırlayıram. Televiziya üçün
necə darıxdığımı onda daha çox hiss edirəm.
Hətta həmin çəkilişlərin birinin sonunda
özümdən asılı olmadan demişdim ki, Aytəkin
Alxaslı, Əli Orucov, ANS, Qusar...
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 15 fevral(№29).- S.12.